Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qəzənfər Məsimoğlu – Təcnis qoşmalar
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > Qəzənfər Məsimoğlu – Təcnis qoşmalar

Qəzənfər Məsimoğlu – Təcnis qoşmalar


İstedadlı Türk şairlərimizdən biri də Qəzənfər Məsimoğludur. Şairin “Kimin yoxsa məhəbbəti”, “Mən gözəllik aşiqiyəm” adlı şeir kitabları işıq üzü görmüş və özünəməxsus orijinallığı ilə seçilən bəddi təqdimatlarla olan şeirlər bu kitablarda oxucuların marağını cəlb edir. Qəzənfər Məsimoğlu təbli, el içindən formalaşıb poeziyaya gələn şair olduğu üçün onun şeirləri sanki folklor deyimlər kimi meydana çıxır. Bu baxımdan şairin təcnis janrında dediyi maraqlı iki qoşmasını oxucuların nəzərinə çatdırmaqla şeirdəki söz yeniliyini də vurğulamaq istəyirəm: “Ay para para” qoşma təcnisində gözəlin sifət görünüşünü iki yarım ay şəkilində bədii formaya salmaq gözəllik çalarlarına bir əlavə etmək kimi səslənmişdir və bu da şairin gözəllik anlayışları qabiliyyətinin fərqliliyidir.

AY PARA PARA

Ömür yüklənibdi qayğılar ilə,
Ötüşər beləcə a para-para.
Arxalan sınanmış yaxınlarına,
Yad eylər bağrını ay para-para.

Kamilsənsə, yükün incidən olar,
Halal əkinçiyə inci dən olar.
Unutma, dostunu incidən olar,
Borc kimi verdiyin ay para-para.

Qəzənfər, məhəbbət təbiblə yarı,
Bir könül sevindir, bir cana yarı.
Vəsf eylə ürəkdən sevdiyin yarı,
Bölünüb üzündə aypara para.

BİRAZDAN

Ay eyvandan yar yolunu gözləyən,
Səbrin olsun, yarın gələr birazdan.
Əgər tezcə qayıdarsa qürbətə,
Vüsaldırsa, dadmalısan bir azdan.

Fərhadın da hər cəfası şir indi,
Xəyalında yaşatdığı Şirindi.
Şikar onsuz axtarana şirindi,
Bacarırsan, həsrətini bi az dan.

Olum-ölüm arası bir qarışdır,
Sevincini sevincinə qarışdır...
Vüsal varsa, istəyinə qarışdır,
Arzulasan: “Gec gələydi bir az dan!”

Məsimoğlu gördüyünə nə dinə,
Aşiq olan qulluq edər nə dinə?
Duaçıyam, o müqəddəs Mədinə
Qəlbinizə pay ayıra bir az dan.
Bu təcnislərdə oxucuları düşünməyə vadar edən əsas cəhət ondan ibarətdir ki, sözlər ayrı-ayrı misralarda fərqli mənalar verir. Eyni zamanda hümanizm, gözəlliyi qiymətləndirmə, həm də sevməkdə bu növ şeirlərin müstəsna rolu vardır... Təbli və istedadlı şair Qəzənfər Məsimoğluna can sağlığı, ailə xoşbəxtliyi və yaradıcılıq uğurları arzulayıram.

Niftalı GÖYÇƏLİ - Milli Dirçəliş Hərəkatı
partiyası sədrinin Mədəniyyət məsələləri üzrə müşaviri.


Geri dön