Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güneyli azərbaycanlılar: -Bizdə papaq atma adəti yoxdur. (foto)
Güneyli azərbaycanlılar: -Bizdə papaq atma adəti yoxdur. (foto) |
Paytaxt Bakıda Novruz şənlikləri davam edir. İçərişəhərdə təşkil edilən II Beynəlxalq Novruz Festivalına təkcə həmvətənlilərimiz deyil, dünyanın müxtəlif ölkələrindən də insanlar qatılır. Qoşa Qala Qapısı meydanında “Meydan Bazarı” təşkil olunub ki, burda da həm yerli, həm də xarici ölkələrin nümayəndələri öz adət-ənənəsi, mədəniyyətini əks etdirən videofilmlər, milli-tətbiqi sənət məhsulları, suvenirlər, açıqcalar, broşürlər, milli mətbəx nümunələrini özünəməxsus şəkildə təqdim edirlər.
Keçirilən bayram tədbirlərini izləmək və Novruzu Bakıda qarşılamaq istəyən xarici qonaqların içərisində Güney Azərbaycanlılar çoxluq təşkil edir. Tədbir boyu, hər addım başı Tehran, Təbriz, Həmədan, Zəncan, Ərdəbil şəhərlərindən gələn qonaqlarla qarşılaşırıq. Qəlblərində Azərbaycan, Bakı sevdası olan güneylilər Novruz tədbirlərinə böyük həvəslə qatılırlar. Onlardan biri də İsa Günəşlinin ailəsi idi. Güneyli ailəyə yaxınlaşıb bayram təəssüratlarını soruşduq. İsa Günəşli Bakıda dəfələrlə olduğunu lakin, ailəsi ilə birgə ilk dəfə olaraq Novruz bayramına qatıldığını dedi: “Biz də azərbaycanlı kimi tarixi qədimə söykənən Novruz bayramına xüsusi hazırlaşırıq. Bayramla əlaqədar olan, dədə-babalarımızdan bizə örnək qalan adət-ənənənləri qoruyub saxlamağa, övladlarımız da bu ruhda böyütməyə çalışırıq.Bu gözəl bayramı Bakıda qeyd etmək isə bizim üçün ayrıca bir zövqdür. Bizim dilimiz, dinimiz, adət-ənənəmiz eynidir, biz bir millətik. Bakı həm də bizim paytaxtımızdır”. Tehranda yaşayan İsa Günəşli özlərinə məxsus bayram adətlərindən də danışdı: “Bayram günlərində Tehranda küçə və xiyabanlar xüsusi bəzədilir. Novruzun müxtəlif atributlarını əks etdirən kompozisiyalar, qədim milli geyimlər, sənət nümunələri təqdim edilir. Novruz həm də ilin təzələnməsidir. Buna görə ailələrdə həm uşaqlar, həm də böyüklər üçün yeni geyimlər alınır. Novruzu yeni geyimlərdə qarşılayırıq. Bayramdan bir neçə gün öncə xanımlar evlərdə təmizlik işi aparır, xalçalar , geyimlər yuyulur və təmizlənir. Sizdə olduğu kimi Novruz atributlarından olan səməni göyərdilir”. İsa Günəşli Tehranda papaqatma kimi adətin olmadığını bildirdi: “Papaqatma adəti bizdə yoxdur. Adətən qapılara şal atırıq. Ev sahibi şala bayram süfrəsindən olan şirniyyatlardan bağlayır”. Novruzu ilk dəfə Bakıda qarşılayan İsa Günəşlinin həyat yoldaşı Zəhra xanım bayramla bağlı musavat.com-un əməkdaşlarına öz təəssüratlarını danışıb: “Qızım Ayda ilə ilk dəfədir ki, Bakıdayıq. İnsanlarınız xoş, gülərüzlü, qonaqpərvərdir. Bu Novruzu Bakıda qarşılamağıma çox şadam. Novruz şirnniyyatlarından olan şəkərbura, paxlavanı ilk dəfə daddım. Çox ləziz şirniyyatlarınız var. Burdakı demək olar ki, bütün adətlər eynilə bizdə də qeyd edilir. Kosa, Keçəl və digər bayrama məxsus simalar bizim adətlərdə də yer alır”. Digər güneylilərlə söhbətdən məlum oldu ki, Novruz bayramında İranda həft-sin süfrəsi açılır. Həft farsca 7 deməkdir ki, bu da bayram süfrəsində “S” hərfilə başlayan 7 nemət - alma, göyərti, səməni, sarımsaq, sumaq, sirkə və sikkə qoyulur. Deyilənə görə süfrədə Quran da olmalıdır. Əslən Təbrizdən olan Elşən Zarenin sözlərinə görə, güneydə Novruz bayramı 13 gün davam edir: “Bayram günləri qohum-əqrəba, ailə üzvləri ilə görüşlər keçirir, bayramlaşmağa gedirlər. Bizlərdə adətdir ki, Novruz günü ilk olaraq, böyüklərin və elmi və ictimai şəxsiyyətlərin görüşünə gedilir. Bu görüşlərdə demək olar ki, ailə üzvllərini hər biri iştirak edir. İlaxır şərşənbə bizdə də xüsusi qeyd olunur. Adətən həmin gün hər kəs ailəsinə bankanın içərisində kiçik qırmızı diri balıq alır. Balığı suda ehtiyatla saxlayarlar. İnanca görə Novruz axşamı dilək tutular, əgər balıq il təhvil olan zaman sudan sıçrayıb kənara düşməzsə dilək yerinə yetər. Cavanlar ağ paltarda küçələrə çıxır, qaşıqla qab-qacaq döyəcləyərlər. Bu adət bizdə «qaşoq zani» adlanır”. Qeyd edək ki, İçərişəhərdə təşkil edilən II Beynəlxalq Novruz Festivalı martın 23-dək davam edəcək. Xalidə Gəray/musavat.com Geri dön |