Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Azərbaycanın uğurlarından qorxuya düşənlər
Azərbaycanın uğurlarından qorxuya düşənlər |
Fərəc Quliyev: “Azərbaycan da daxil olmaqla zəngin dövlətlərin güclənməsini istəməmək kimi klassik yanaşma davam edəcək”
Aydın Mirzəzadə: “Biz yenə də ölkəmizlə bağlı antiazərbaycan meyllərinə rast gəlirik” Aydın Ağayev: "Azərbaycan güclü, özünə güvənən və özünün təhlükəsizlik, daxili stabilliyini qorumağa tamamilə qadir olan dövlətdir” Aparılan çoxsaylı təhlillər, müşahidə olunan hallar birmənalı şəkildə onu göstərir ki, Azərbaycan gücləndikcə, ölkəmizə təzyiq etmək istəyən xarici qüvvələrin sayı da artır. Görünən odur ki, Azərbaycanın müstəqil siyasəti heç də hamıya xoş gəlmir. Buna görədir ki, ölkəmizə qarşı təzyiqlər göstərilir və təzyiq mexanizmləri işə salınır. Bu gün bəzi xarici dairələr Azərbaycana qarşı açıq kampaniya aparırlar. Lakin bütün bunlar Azərbaycanı öz yolundan döndərə bilməyib və bundan sonra da döndərməsi mümkün sayılmır. Amma bədxahların da əməllərindən əl çəkdiyini söyləmək olmaz. Məsələ ilə bağlı millət vəkili Fərəc Quliyev qeyd etdi ki, dövlətin güclənməsi siyasətin anotomiyasıdır: "Hər bir dövlət istər ki, daha güclü olsun və başqaları onlardan güclü olmasın. Azərbaycan hazırda inkişaf etməkdə olan dövlətdir. Belə olan halda həmin xarici dairələrin Azərbaycana münasibətdə qısqanclığının başqa bir səbəbi daha qabarıq şəkildə ortaya çıxır ki, ölkəmiz karbohidrogen ehtiyatlarla zəngin, strateji yolların kəsişdiyi məkanda yerləşən, etnosların, mədəniyyətlərin qovuşduğu ərazidə olan ciddi geosiyasi əhəmiyyəti olan bir dövlətdir. Belə bir ərazidə öz mənafelərini müdafiə etmək, dominant vəziyyətə gətirmək üçün dövlətlər mütləq bir pressinq axtarmalıdırlar. Bunu da güclü dövlətə tətbiq etmək mümkün deyil, ancaq dövləti zəif salmaqla onu etmək mümkündür. Dağlıq Qarabağ məsələsinin uzun müddət həll olunmamasının səbəblərindən ən əsası da budur. Əslində, xaricdə heç kim Dağlıq Qarabağ məsələsinin çözülməsini istəmir. Rusiya belə prosesin bitməsi, onun hətta Ermənistana verilməsi tərəfdarı deyil. Onlar prosesin yarımçıq qalması, dondurulmasının tərəfdarıdır. Düşünürəm ki, ehtiyatlı davranmaqla, güclənməyə davam etməklə, dostların sayını artırmaqla vəziyyəti dəyişməyə cəhd etmək lazımdır. Azərbaycan da daxil olmaqla zəngin dövlətlərin güclənməsini istəməmək kimi klassik yanaşma davam edəcək. Bu, dayanan proses deyil. Yolumuz isə güclənməyimizdən və müttəfiqlərimizin sayını artırmaqdan keçir. Hələ 1998-ci ildə yazdığım "Yeni dünya düzəni siyasətində Azərbaycanın yeri və rolu” kitabında transkontinental Avrasiya türk bloku modelini ümumiləşdirmişdim. Türk dövlətlərin birliyi və sonra ora Gürcüstanın və başqa dövlətlərin daxil edilməsinin mümkünlüyünü düşünmüşdüm. Belə bir blokla daha da güclü olmaq və kəmər boyu iqtisadi inteqrasiya, təhlükəsizlik təminatı ilə bağlı tədbirlər görmək lazımdır. Bu başqa bloklara alternativ də sayılmamalıdır. Zənnimcə yolu budur. Çünki, bir sıra dövlətlər Azərbaycanın güclü olmasında heç zaman maraqlı olmayacaqlar”. Millət vəkili Aydın Mirzəzadə isə bu qənaətdədir ki, bəzi xarici dairələrin Azərbaycanın güclənməsindən qorxması ölkəmizin getdikcə daha geniş nüfuz qazanması ilə bağlıdır: "Vaxtaşırı Azərbaycana təzyiq göstərmək istəyən müəyyən ölkələr və xaricdəki müəyyən dairələr olub və olur. Bu, heç də Azərbaycanın hansısa bir səhv hərəkəti ilə bağlı olmayıb. Əksinə, Azərbaycanın güclənməsi, nüfuz qazanması ilə bağlıdır. Həmin ölkələr Azərbaycana xammal mənbəyi, öz məhsullarının satış bazarı kimi baxmaq istərdilər. Həmçinin, Azərbaycanın xarici siyasətini müəyyənləşdirən bir mərkəz rolunu oynamaq istərdilər. Azərbaycan isə müstəqillik qazanan ərəfədən bu yanaşma və siyasətin əleyhinədir. Azərbaycan müstəqil dövlətdir və bütün problemlərimizi də müstəqil şəkildə həll edəcəyik. Müstəqillik beynəlxalq hüquq normalarına, dünya və bəşəriyyətin inkişafının ana xəttinə uyğundur. Bu baxımdan xaricdəki bəzi dairələrin istəyi elə istək olaraq qalacaq. Ancaq təəssüf ki, biz yenə də ölkəmizlə bağlı antiazərbaycan meyllərinə rast gəlirik”. Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev qeyd etdi ki, Azərbaycan daxili işlərinə kiminsə xaricdən müdaxilə etməsinə imkan verməyəcək: "Azərbaycan haqqında yanlış təsəvvür yaratmaq oynunda əsas iştirakçı qüvvələr bir neçə məlum beynəlxalq qeyri-hökumət təşkilatıdır. Onların bir-birini təkrar edən hesabatları bəzi maraqlı KİV-lər tərəfindən tirajlanır və Azərbaycanın mənfi obrazını yaratmaq ideyasını onlar bir kampaniyaya çevirmək istəyirlər. Təbii ki, bu, öz-özünə baş vermir. Burada sifarişçilər məsələsinə toxunmaq lazımdır. Sifarişçi varsa, deməli, məqsəd də var. Məqsəd varsa, deməli, onun mahiyyətini bilmək lazımdır. Mahiyyətində duran əsas ideya və xətt isə Azərbaycana təzyiq göstərməkdir. Bunun başqa adı diqtə ilə Azərbaycana nəyisə qəbul etdirmək cəhdindən ibarətdir. Burada isə çətinliyə düşüblər. Ona görə də hər dəfə eyni hesabatlarda eyni faktları təkrar verməli olurlar. Çünki, Azərbaycan hakimiyyəti sərt və birmənalı şəkildə bildirib ki, xaricdən heç bir diqtəni qəbul etməyəcək. Bunu ölkəmizə təzyiq etmək istəyən qüvvələr özləri də yaxşı bilir. Sifarişçilərdən danışanda isə, bilməliyik ki, dünyada rəqiblərimiz, bədxahlarımız və düşmənlərimiz kimlərdir. Onlar regionda da, buradan kənarda da var. Niyə bu qədər qarayaxma və şantajla Azərbaycanın üzərinə gəlirlər? Çünki, Azərbaycanın siyasətində elə məqamlar var ki, onlar bunu dəyişmək istəyirlər. Bu isə alınan məsələ deyil. Onlar bunu dərk etdikcə, daha da iyrənc formalara əl atırlar. Bu formalardan biri idmanı siyasiləşdirməkdən ibarətdir. Necə olur ki, indiki şəraitdə Azərbaycan idman sahəsində belə bir böyük tədbirin keçirilməsini bacara bilir, ölkəmiz öz imicini göstərmək üçün belə bir fürsət qazanır. Bunu istəməyən qüvvələr, erməni dünyası var ki, onların da müəyyən yerlərə girişləri var. Onların qarşısında isə Azərbaycan elan etdiyi hədəflər üzrə siyasətini davam etdirir və tam əminliklə dünyaya göstərmək istəyir ki, təzyiqlərə baxmayaraq, diqtə qəbul olunmayacaq, təzyiq nəticəsində heç bir qərar verilməyəcək. Hər hansı tədbirlər nəticəsində təzyiqlər güclənir, onların hansısa gözləntiləri olur. Sonra da məlum olur ki, onların gözləntiləri əbəsdir. Azərbaycan hakimiyyəti nəyi doğru bilirsə, onu edir. Xarici qüvvələr bu amildən nəticə çıxarmalıdır. Təzyiq yolu ilə Azərbaycan hakimiyyəti ilə danışmağın mənası yoxdur. Təzyiqlərin mənasızlığını şantaj və qarayaxmadan ibarət materialları dərc edən bəzi Qərb KİV-ləri başa düşməlidir. Qətiyyən şübhə yoxdur ki, ölkəmizdə Avropa Oyunları da yüksək səviyyədə təşkil olunacaq. Bu oyunlar Azərbaycanın böyük uğuru və töhfəsi olacaq. Məlum QHT-lərin qarayaxmalarını dərc edən bəzi Avropa qəzetləri özlərini yormasınlar. Onlar heç zaman Azərbaycan ətrafında beynəlxalq ictimai rəyi korlaya bilməyəcək. Bu təzyiqlərə kampaniya xarakteri vermək istəyənlərin nəzərinə o da çatdırılmalıdır ki, belə yollarla Azərbaycanın daxili işlərinə qarışmağa hakimiyyət birmənalı şəkildə imkan verməyəcək. Azərbaycana qarşı olan şantaj və qarayaxmalar nə qədər güclənsə də, hakimiyyət ona lazımi münasibəti bildirib və bu münasibət də prinsipialdır. Bu təzyiqlərdə məqsəd var. Bu məqsədi həyata keçirmək üçün də açıq-aşkar Azərbaycanın daxili işlərinə qarışırlar. İstənilən özünə hörmət edən dövlət kənardan daxili işlərinə qarışmağa qətiyyən imkan verməməlidir. Baxın görün, kənardan daxili işlərə qarışmaq fonunda, sonda həmin dövlətin varlığı şübhə altına düşür. Azərbaycanda bunu yaxşı bilirlər. Ona görə də xaricdən edilən təzyiq fəaliyyətinin qarşısı başlanğıcdan alınır. Azərbaycan hakimiyyəti belə məsələlərə qarşı olduqca amansız münasibət göstərir. Azərbaycan güclü, özünə güvənən və özünün təhlükəsizlik, daxili stabilliyini qorumağa tamamilə qadir olan dövlətdir. Kənardan onun daxili işlərinə heç bir xarici qüvvə qarışa bilməz. Azərbaycan heç zaman buna imkan verməyib və verməyəcək. Bunu qulaqlarına sırğa etsinlər”. Rüfət NADİROĞLU Geri dön |