Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səni satardım, amma alan olacaqmı?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Səni satardım, amma alan olacaqmı?

Səni satardım, amma alan olacaqmı?


Əli Kərimli və başının başıpozuq dəstəsi yatır-durur, nə sirdirsə ikidə bir mənə sataşır. Məni satqın adlandırır. İddia edir ki, təşkilatımı satmışam. Söhbətin hansı təşkilatdan getdiyini isə demirlər. Mənsə təxmin edirəm: Xalq Cəbhəsi Partiyasını nəzərdə tuturlar. Hansı ki, mən heç bir zaman bu partiyanın üzvü olmamışam. Heç olmağı ağlımdan da keçirməmişəm. (Yalnız bir istisnayla. – A.H.) Hələ onu da deyim ki, bu partiyadan başqa Kərimlinin çetesi kimi bilinən Yurdun da üzvü olmamışam. Yəni anlaşılan odur ki, bunların satdığımı dedikləri heç bir təşkilatın üzvü olmamışam. Amma yatıb-durub iddia edirlər ki, üzvü olmadığım təşkilat(lar)ı satmışam. Kimə satdığımı da deyirlər: hakimiyyətə.

Əslində isə bu adamlar öz adlarını mənə qoyurlar. Həm də təkcə mənə deyil. Onları ən adi şəkildə belə tənqid edənlərə.

…2005-ci ilin fevralında Qənimət Zahid və Azər Əhmədovun məlum görüntüləri TV-də yayımlananda onları ən kəskin şəkildə müdafiə edən mən olmuşdum. O günlərdə hətta AXCP fəalları belə bu adamların müdafiəsində həvəssiz görünürdülər. Jurnalist qurumlarının rəhbərləri isə özəl söhbətlərdə müdafiə üçün heç bir imkanın olmadığını deyirdilər. Mənsə onları müdafiə edirdim…

2000-ci ilin avqustunda AXCP sədri Əbülfəz Elçibəy dünyasını dəyişdikdən sonra Əli Kərimli sağdan-soldan hücumlara məruz qalırdı. AXCP 2-yə parçalanmışdı. Bir tərəfdən hakimiyyət, digər tərəfdən də əsas müxalifət roluna iddialı Müsavat Partiyası və çevrəsi Kərimlini əməlli-başlı küncə sıxmışdı. O günlərdə birmənalı şəkildə dəstəyimi ifadə edirdim Kərimliyə. Özü də durmadan. Partiya üzvü olmasam da mən onun arxasındaydım.

Bütün olanlar Əli Kərimlinin hakimiyyətə loyallığı fonunda baş verirdi. Hakimiyyət də onun mahiyyətini bizdən yaxşı bildiyi üçün hücumlarına ara vermirdi. Beləcə 2002-ci ilin avqustunda ölkədə referendum keçirildi. Həmin günlərdə küncə sıxılmış Əli Kərimlinin müdafiəyə daha çox ehtiyacı vardı. Və mən də o ehtiyacı kişi kimi dəyərləndirənlərdən oldum.

Qeyd olunan günlərdə hakimiyyət mediası AXCP fəallarının Əli Kərimlidən imtinası barədə reportajlar verirdi. Bu isə onun demoralizə olunmasına, heydən düşməsinə gətirib çıxarırdı. Elə o məqamda hakimiyyətə üsyan edərcəsinə “Azadlıq” qəzetində bir köşə yazıb Kərimlini müdafiə etdim. Sonuncu cümləm də bu oldu ki, “hakimiyyətin acığına bu gündən mən də AXCP-yə üzv oluram”.

Yazını oxuyan Əli Kərimli məni kabinetinə dəvət etdi, təşəkkürünü bildirdi. Partiyada istənilən səviyyədə təmsilçiliyimə şad olacağını dedi. Mənsə qeyd etdim ki, jurnalist fəaliyyətini partiya fəaliyyətinə qarışdırmaq istəmirəm. Sadəcə olaraq ona olan hücumlara bu cür təpki verirəm. Qarşılıqlı anlaşmamız da oldu ki, bəyanatımın həqiqiliyi üçün formal şəkildə AXCP-yə üzv olum.

Oldum da. Partiyanın Xətai rayon təşkilatına ərizə verdim. Amma orda da izah etdim ki, bunu sadəcə kimsə yoxlamaq istəyəcəyi təqdirdə dəlil göstərə bilmək üçün edirəm, məqsədim partiyaya qoşulmaq deyil.

Yəni bunu Əli Kərimlini qorumaq üçün edirdim. Elə o da hərəkətimi düzgün anlayırdı. Ona görə də görüşümüzdə mənə demişdi ki, “sən ən pis zamanımda mənim arxamda olmaqla bir kişilik edirsən”.

Bu hadisədən bir müddət sonra da Kərimli mənim fədakarlığımın altını cızmışdı. 2005-ci ilin parlament seçkilərində namizədlik məsələmlə bağlı.

“Azadlıq” seçki blokunun namizədi olaraq seçkiyə qatılmaq istəyirdim. Arzumu Kərimliyə dedim. Cavabı bu oldu ki, bizim tərəfimizdən heç bir problem olan deyil. Amma Müsavat Pariyasıyla da müzakirə etmək lazımdır.

Etdilər. Bildirdi ki, mənim iddia etdiyim 34 saylı dairədən Müsavatın öz namizədi var. Buna görə çətinlik yaranır. Təklif etdim ki, o zaman 56 saylı Xaçmaz kənd seçki dairəsini mənə güzəştə getsinlər. Əli Kərimlidən xahiş etdim ki, “Azadlıq” blokunun rəhbərliyində məni həmin dairədə dəstəkləmək haqqında razılaşma əldə etsin. Əgər bu da alınmazsa, müstəqil şəkildə seçkiyə qatılacaqdım. Bu zaman isə Əli Kərimli blok rəhbərliyinə mənə görə məsuliyyət daşımadığını deyəcəkdi. Yəni mən Əli Kərimlini zərbə altında qoymamaq üçün belə təklif etmişdim.

Bu təklifim qarşısında Kərimli bildirdi ki, “sən hər zamankı kimi bizə görə fədakarlıq edirsən, sənə təşəkkür edirəm”.

2003-cü ilin Prezident seçkisində də belə bir fədakarlıq etmişdim. Əli Kərimlinin tərəfdarı olsam da reallıqdan çıxış edərək İsa Qəmbərin namizədliyini dəstəkləmişdim. Bu dəstəyimi ifadə edərkən Kərimliylə məsləhətləşməmişdim. Yalnız seçkidən bir müddət sonra onunla görüşüb məsələyə aydınlıq gətirmişdim. Demişdim ki, məsləhətləşsəydim, sizi çətin duruma salmış olardım. Ona görə də özüm qərar verdim, icra etdim və indi də münasibətinizi bilmək istərdim. Kərimli bunu da ən doğru hərəkət kimi dəyərləndirib yenə də fədakarlıq etdiyimi dedi.

Bunlarla bərabər “Azadlıq” qəzetində işlədiyim 1998-2005-ci illər ərzində həm AXCP və onun sədrini, həm də “Azadlıq” qəzetini bütün varlığımla müdafiə etdim. Bütün imkanlarımı, xarici əlaqələrimi onların faydası üçün çalışdırdım. Çünki bu adamların demokratiya uğrunda həqiqi mübariz olduqlarına inanırdım. Elə bilirdim ki, bunlar doğrudan da Azərbaycanı “aqressiv Əliyevlər rejimi”ndən xilas edib demokratiyaya qovuşdurmaq istəyirlər. Yəni bu qədər saf və sadəlövh bir düşüncəm vardı…

Amma mənim bu sədaqətim və saflığımın arxasında, sən demə, bunlar başqa və məkrli planlar cızırmış. Hətta o dərəcədə ki, mənə ən pis günümdə arxadan zərbə vursunlar.

…2005-ci ilin parlament seçkilərində “Azadlıq” blokunun vahid namizədi kimi 56 saylı Xaçmaz kənd seçki dairəsində dillərə dastan olacaq çox uğurlu bir kampaniya apardım. Bu işdə Əli Kərimlinin və partiyadaşlarının demək olar ki, heç bir yardımını görmədim. Hətta onun yerli təşkilat sədri 50 imzalıq vərəqi belə tam doldurmadan 10 gün sonra mənə qaytarmışdı. Amma buna o qədər də əhəmiyyət vermirdim. Ondan fərqli olaraq Ramazan Əliyevin başçılıq etdiyi yerli müsavatçılar bütün kampaniya boyu məni müşayiət etdi. Elə uğurumun da böyük bir qismini onlara borclu olduğumu bu gün belə sevə-sevə dilə gətirirəm. Siyasi baxışlarımızda bəzən kəskin fərqlər yaransa da onları heç vaxt unutmur, rayona gedəndə görüşüb dərdləşir, çaylarını içirəm.

Həmin uzun və uğurlu kampaniya həm də mənim müflis olmağımla nəticələnmişdi.

Seçkidə qələbəyə köklənən birisi kimi hər şeyimi bu yolda qurban verməyə hazır idim. Başımı balta altına qoymuşdum. Hər günüm təhlükəylə üz-üzəydi. Nəyim varsa xərcləmişdim. Qohum-qardaş, dost-tanışın hamısını səfərbər etmişdim. Yerli bələdiyyə, icra, polislə işim olmazdı. Kampaniya çıxışlarımın hamısında Azərbaycan hakimiyyətinin zirvəsini hədəf alırdım. Buna görə mənə ehtiyatlı olmağı tövsiyə edənlər də vardı. Mənsə, “ölmək ölməkdir, xırıldamaq nə deməkdir” deyib daha da radikallaşırdım…

Bütün bunlardan sonra gərək idi ki, “repressiv hakimiyyət” məni hansısa formada cəzalandıraydı. Amma təəccübümə rəğmən nə mənə, nə də dostlarıma qarşı hər hansı ciddi addımlar atılmadı. Düzdür, bizim kampaniyada iştirak etmiş müsavatçılara müəyyən basqılar oldu, ancaq bir müddət sonra onlardan da əl çəkdilər. Yəni hakimiyyət mənə qarşı qisasçılıq etmədi…

Əli Kərimli isə…

Əli Kərimli isə bugünədək bilmədiyim bir səbəbdən mənə ən ağır zərbəni vurdu!

…Artıq seçki eyforiyası arxada qalmışdı. 2005-ci il dekabrın sonları idi. Cibimdə 5 quruş pulum da yox idi. Lakin özümü o yerə qoymurdum, sındırmırdım. Belə bir durumda təbii ki, dost dediklərimin dəstəyinə çox ehtiyacım vardı. Elə həmin o ehtiyaclı günlərin birində Əli Kərimlinin çetesi məni düzdə qoydu.

Bir gün “Azadlıq”ın redaksiyasına gələndə Azər Əhmədov mənə yanaşıb təcili otağımı boşaltmağın lazım olduğunu dedi. Özü də bir az utanarcasına. “Adaş, nə baş verir, səbəb nədir” deyə soruşduğumda, “biz redaksiyada toplantı keçirdik və bu qərara gəldik” cavabını eşitdim. Heç nə deyə bilmədim. Sadəcə, “olsun”, dedim. Amma otağı da boşaltmadım. Çünki o qədər avadanlığımı yığmağa yerim yox idi.

Bu söhbətdən iki gün sonra evdəykən Azər mənə zəng etdi. Dedi ki, otağı saat 2-dək boşaltmaq lazımdır. Saat isə 11 idi. Artıq anladım ki, bunlar zarafat etmir. Özüm ora getmədim, dostları göndərdim ki, gedin, avadanlığı bir yerə toplayın, görək nə edirik…

Beləcə, “Azadlıq” qəzetiylə yollarımız ayrıldı. Əslində, qovulmuşdum ordan. Heç bir səbəbsiz, heç bir izah olmadan.

Gərək idi ki, bu halımda daim arxasında olduğum Əli Kərimli məni dəvət edib duruma aydınlıq gətirəydi. Amma olmadı. Aylar keçdi, səs çıxmadı ondan. Anladım ki, hər məsələdə qərarı onun verməsi barədə deyilənlər yalan deyilmiş. Yəni mənim kimi geniş xarici əlaqələri olan, sədaqətində heç bir qüsura yol verməyən birisilə yollarını nə üçün ayırdığını anlamırdım. Lakin zaman keçəcək, bu adamın əsl mahiyyəti haqqında öyrəndiklərim o məsələyə də aydınlıq gətirəcəkdi.

Onu da qeyd edim ki, özümün təmir etdirdiyim otaq sonra aylarla boş qaldı. Halbuki mənə deyilmişdi ki, guya o otağa çox ehtiyacları varmış. Bir də onu deyim ki, artıq seçkidə siyasətə əməlli-başlı bulaşdığım üçün AXCP üzvlüyümü rəsmiləşdirib partiyada vəzifə tutmaq fikrim də vardı. Hərçənd bunu heç kimə deməmişdim və bu gün ilk dəfədir ki, açıqlayıram. Anlaşıldığı kimi, bunlar məni kəsib atdılar. Bir parça çörəyə belə ehiyacım olan bir zamanda. Ən çətin günümdə barəmdə hökm çıxarıb dərhal icra etdilər. Məni dinləmədilər, dinləməyə cəhd də göstərmədilər.

İllər sonra Razi Nurullayev AXCP-yə üzv olanda ondan bir xahiş etdim. Dedim, Əli Kərimliylə görüşəndə ondan bir soruş ki, məndən niyə imtina etdilər? Əgər bir qəbahətim olubsa, bunu demək lazım idi. Görsəm ki, haqlıdırlar, üzr istəməyə, etiraf etməyə də hazıram. (Elə bu gün də buna hazıram. Buyursunlar, qəbahətimi, səhvimi ictimailəşdirsinlər. – A.H.)

Razi bəy Kərimliylə görüşdən sonra mənə çox gülməli bir cavabla gəldi. Sən demə mən “Azadlıq” qəzetinin redaksiyasına icarə haqqı verə bilmədiyim üçün ordan çıxarılmışammış! Razinin üzünə baxdım, dedim, bunu nə qədər ciddi bir açıqlama sayırsan? Cavabı bu oldu ki, “sən Allah, gəl bu məsələni qapadaq”.

Bax, belə. İllər sonra ən çətin günümdə küçəyə atılmağımın “səbəbini” beləcə öyrənmiş olmuşdum. Halbuki hər kəs deyirdi ki, mənim o binaya elə təkcə gedib-gəlməyim həm AXCP, həm də “Azadlıq” üçün bir müdafiə idi. Bu adamlar həmin müdafiədən könüllü imtina etdikdən az sonra, 2006-cı ildə artıq Xaqani 33 ünvanı onların əlindən alınmışdı. Onlar məndən bir otağı aldılar, gözünə döndüyüm “şura hökuməti” də onlardan ümumiyyətlə binanı aldı…

İndi bütün bunları ona görə yazıram ki, mənim “satdığımı” iddia etdikləri təşkilatla əlaqələrim tam aydın olsun. Ümid edirəm ki, aydın oldu da.

İş ondadır ki, bu adamlar təkcə mənə satqın desəydilər, bəlkə də ictimai rəyi aldada bilərdilər. Amma azacıq düşünmək imkanı olanlar elə Əli Kərimli və çetesinin necə satqın olduğunu yaxşı bilir. Mənim də onları dəstəklədiyim günlərdə bunların hakimiyyətlə bağlı qapılar arxasında mandat alveri etməsi, mal-mülk sahibi olması artıq heç kimə sirr deyil. Biz bu adamın yolunda canımızı fəda etməyə hazırkən o, gizli otaqlarda hakimiyyətlə alver edirdi. Üzdə müxalif görünür, əslində isə hakimiyyətin əlinə oynayırdı. Bizsə bunun fərqində deyildik. Fərqində olanlar yavaş-yavaş Kərimlidən aralanmağa başlayanda onları qınayırdıq ki, düz etmirsiniz. Bu minvalla Mirmahmud Mirəlioğlu, Qüdrət Həsənquliyev, Asim Mollazadə, Fərəc Quliyev, Əliməmməd Nuriyev (Əli Kərimlinin bacanağıdır), Fazil Qəzənfəroğlu, Əli Məsimli, Qulamhüseyn Əlibəyli, Fuad Mustafayev, Novella Cəfəroğlu, Kamil Vəli Nərimanoğlu çapında onlarla deyil, yüzlərlə siyasət və elm adamı Kərimlinin gəmisini tərk etməli oldu. Və hər gedənə də “satqın” damğası vuruldu…

Bu gün AXCP-nin vitrininə baxılarsa, orada ciddi bir siyasət adamını lupayla da tapmaq olmaz. Əli Kərimlinin özü də daxil olmaqla Allahın rus dilini belə düz-əməlli bilməyən 3-5 adamın və onların aldadaraq radikallaşdırdığı bəzi söyüşcül gənclərin toplaşdığı bu təşkilat və onun təbliğat vərəqi səviyyəsinə enmiş “Azadlıq” qəzeti özlərini ayaqda tutmaq üçün, hər şey bir yana, Azərbaycan dövlətini belə aşağılamaqdan çəkinmir. Bunlar iddia edirlər ki, demokratiya uğrunda mübarizə aparırlar. Guya ölkədə Quzey Koreyadakı kimi bir rejim varmış da, onlar da onun basqıları altında əzilirlərmiş. Hər addımda Azərbaycanı satan, ayaqlar altına atan bu çetenin bu əməllərini ictimailəşdirdiyimiz üçün bizə də “satqın” damğası vururlar. Necə deyərlər, öz adımı sənə qoyum, səni də yana-yana qoyum məsəli…

İndi ki, “satqın” olduq, o zaman, Əli Kərimli, səni satmağa hazır olduğumu bilməni istərdim. Amma bir problemdən də xəbərin olsun: səni satmaq çətin olmazdı, lakin alıcı tapmaq problemi var. Sənin kimi Əbülfəz Elçibəy qədər saf liderinə xəyanət etmiş, ətrafındakı aydan arı, sudan duru insanları bağlı qapılar arxasında satmış, sata bilmədiklərini ikidə bir qaralamış və bütün bu xisləti gün kimi aydın olan birisini kim alar ki? Alsa da nə işə yararsan ki, sən? Artıq o həddə qədər tükənmisən ki, heç dəxli olmadan, yeri gəldi-gəlmədi, sənə heç bir formada toxunmayan Azər Həsrətə belə sataşırsan ki, bəlkə gündəmdə qalasan. Sən bu hallara düşəcək adammıydın, Əli Kərimli? Axı bir zamanlar mən sənin yolunda başımı belə verməyə hazırdım. Nə oldu da indi mənə belə sataşar hala gəldin? Sənin hədəfin axı mənim kimi “xırda” adamlar olmamalıydı. Niyə bu qədər xırdalandın?

Sənin durumun heç qibtə ediləsi deyil, Əli Kərimli. Sən bir faciəsən, faciə. Özün heç, amma arxanca dartıb bataqlığa saldığın bir qrup siyasi kötüyə və 3-5 gəncə yazıq olur. Bilirəm, bu yazını oxuyandan sonra həmin o “söyüş taqımı”nı işə salacaqsan. Söyəcəklər. Fərqinə varmadan ki, həmin söyüşlərin on qatını, yüz qatını üz ünvanlarına qəbul edirlər…

P.S. Əli Kərimlinin xanımı 2006-cı ilədək Prezident Aparatinda işləyirdi. Bunu sadəcə o söyüş taqımının bilgisi üçün qeyd edirəm…
P.P.S. Əli Kərimlinin təbliğatçısı qismində çıxış edən “Azərbaycan saatı” verilişi bir vaxtlar kürdlərin PKK-ya “pe-ke-ke” deyən Denge TV-sində yayımlanırdı. Bunu isə AXCP-də olub özünü hələ də Türk milliyyətçisi sayanlar üçün yazdım…

Geri dön