Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz > Həmid Mənafi: Əlirza Fərşi Evin zindanındadır, vəkili ilə görüşə bilmir.
Həmid Mənafi: Əlirza Fərşi Evin zindanındadır, vəkili ilə görüşə bilmir. |
Həmid Mənafi Əlirza Fərşinin həbsi haqda danışıb
Davam.az xəbər verir ki, Tehranda yaşayan türk dil haqları fəalı Həmid Mənafi Nadarlı Amerikanın Səsi ilə söhbətdə keçən fevral ayı Dünya Ana Dili Günündə həbs edilən dil hüquqları müdafiəçisi Əlirza Fərşinin durumu haqda danışıb. O, Fərşinin məhkəmə prosesinə dair dəqiq məlumatın əldə olmadığı, hazırda Evin zindanında Ettelaata məxsus bölmədə saxlanıldığı və bu günə qədər vəkili ilə görüşməyə icazə verilmədiyini bildirib. Mənafi Nadarlı özü ötən il fevral ayında Tehranda keçirilən ana dili günü mərasimində həbs edilən fəalların arasında olub. O, müsahibədə həmin həbslərlə bağlı ətraflı məlumat verib. Onun sözlərinə görə, Əlirza Fərşi dil hüquqları ilə bağlı fəaliyyətləri üzündən bu günə qədər azı üç dəfə həbs edilib: “Əlirza Fərşi 2009 ilinin may ayında Təbrizin El Gölü parkında ana dili ilə bağlı şüar verdiyi üçün tutulmuşdu, 2014 fevralında ana dili mərasimində də tutulub Evin həbsxanasının 209 və 350-ci bölmələrində saxlanılmışdı.” “Görünür ki, Əlirza bəy nizamı əsəbləşdirib. Halbuki, o bu fəaliyyətlərini tam mədəni şəkildə aparır,” deyə söyləyən Həmid Mənafinin fikrincə, Əlirza Fərşinin dil haqları uğrunda açıq və qaydalı şəkildə fəaliyyət göstərməsi hakimiyyəti narahat edir. Güneyli fəal Fərşinin məhkəmə prosesi ilə bağlı dəqiq məlumatın əldə olmadığını qeyd edib: “Onun hazırda harada saxlanıldığı barədə məlumat yoxdur. Özü son zəngində Tehranın Evin zindanında Ettelaatın nəzarətində olan 209-cu bölmədə olduğunu deyib. Əlirza bəyin vəkili deyir ki, o ana dili günü üçün təşkil edilən imza kampaniyası üçün tutulub... Vəkil özü indiyə qədər onunla görüşə bilməyib.” Sabiq universitet müəllimi Əlirza Fərşi Tehranda ötən fevral ayında Dünya Ana Dili Gününü qeyd etməyə icazə almaq üçün İran rəsmilərinə müraciət edən və həmin istiqamətdə imza kampaniyası təşkil edən fəallardan biri idi. Əlirza Fərşi, Həmid Mənafi Nadarlı və bir neçə digər fəal 2014 fevralında ana dili günü üçün keçirilən mərasimə qatıldıqları üçün tutulmuşdular. Mənafi həmin həbslərlə bağlı Amerikanın Səsinə ətraflı məlumat verib: “Məmurlar məni dəyənəklə döyərək həbs edib, həyat yoldaşıma isə hücum etdilər... ilk 43 gündə evə telefon etməmişdim. Bu müddətdə ailəm ancaq tutulduğumu bilirdi, harada olduğumu ya hansı qurum tərəfindən tutulduğumdan xəbərsiz idi. 43 gün sonra evə zəng aça bildim və ailəmə harada olduğumu dedim... Təqribən 80 gün həbsdən sonra 150 milyon tümən zəmanət qarşılığında müvəqqəti şəkildə buraxıldım... Digər fəalların da vəziyyəti təqribən mənim kimi idi...” “Ötən il həbs edildiyimizdə, məmurlar bizi əsasən icazəsiz qeyd edilmiş mərasimə qatılmaqda ittiham edirdilər. Bizə deyirdilər ki, siz icazə almadan toplanıbsınız. Biz də buna görə, bu dəfə icazə almaq üçün imza kampaniyası başlatdıq ki bu da Əlirza bəyin tutulması ilə nəticələndi,” deyə Mənafi Nadarlı bəyan edib. Əlirza Fərşinin hazırda hansı ittihamlarla üzləşdiyi bəlli deyil. Ancaq, Həmid Mənafinin dediklərinə görə, onlar keçən il həbs edildikləri zaman “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə təşkilat qurmaqda” günahlandırılıblar. “Dil haqları üçün çalışanlar həbs edilir və özlərindən başqa ailələri də ağır vəziyyətdə olur... Görünür ki nizam dil məsələsi ilə bağlı öz düşündüyünü bizə təhmil etmək istəyir. Bizi Azəri kimi tanıtdırmaq və bu saxta kimliklə bizi digər türk toplumlarından ayırmağa çalışır,” deyə o əlavə edib. Geri dön |