Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət > ARAŞDIRMA: Con Kerrinin Konqresdəki ofisindən anti-Azərbaycan kampaniyası idarə olunur
ARAŞDIRMA: Con Kerrinin Konqresdəki ofisindən anti-Azərbaycan kampaniyası idarə olunur |
I Avropa Oyunlarının başlanmasına bir ay yarımdan da az vaxt qalır. Azərbaycan ümumavropa ailəsinin tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm idman bayramına ciddi hazırlaşır. Qısa dövr ərzində ölkənin idman infrastrukturu təkmilləşdirilərək ən müasir standartlara uyğunlaşdırılıb, yeni idman obyektləri, kompleksləri yaradılıb, Azərbaycana səfər edəcək idmançıların, qonaqların yerləşdirilməsi, təhlükəsizlik, nəqliyyat, təchizat və digər məsələlər uğurla həll edilib. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki Avropa Oyunları məşəlinin yandırılması mərasimində bildirib ki, ”belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”. Bu ilin yanvarında Davosda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı mərasimində çıxışı zamanı isə cənab Hikki demişdi ki, “Bakı-2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur. Bu, həmçinin Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisədir və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi ola bilər”.
Patrik Hikkinin də fikrindən görünür ki, Azərbaycan həm qısa müddət ərzində böyük idman tədbirinə hazırlıq dövrünü başa çatdırmaqla rekorda imza atıb, həm də Avropa olimpiya hərəkatının standartlarının formalaşdırıldığı məkan kimi öz adını tarixə yazmağı bacarıb. Ən azından buna görə l Avropa Oyunlarını qəbul etməyə, oyunların yüksək səviyyədə keçirilməsi üçün genişmiqyaslı tədbirlər görməyə, bütün səyləri bu işə səfərbər etməyə dəyərdi. Bu, ümumilikdə, Azərbaycan dövlətinin və xalqının böyük uğuru, həm də siyasi, iqtisadi və humanitar mərkəzə çevrilmiş müasir Azərbaycanı dünya ictimaiyyətinə olduğu kimi tanıtmaq, müstəqillik illərində əldə edilmiş nailiyyətləri və təcrübəni bölüşmək, ümummilli problemlərimizi Avropanın diqqətinə daha yaxından çatdırmaq üçün əlverişli fürsətdir. Apardığı araşdırmaya görə, çox təəssüf ki, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı olduğu kimi, xarici anti-Azərbaycan şəbəkə və erməni lobbisi səylərini birləşdirərək, mütəşəkkil qaydada, məqsədyönlü şəkildə fəaliyyətə keçərək, növbəti dəfə bu fürsəti Azərbaycanın əlindən almaq niyyətini açıq şəkildə ortaya qoyublar. Təsadüfi deyil ki, hazırda insan hüquqları, media azadlığı, korrupsiya və digər məsələlər süni və qərəzli şəkildə şişirdilir, l Avropa Oyunlarını “boykot” çağırışları edilir, möhtəşəm idman yarışlarının “əhəmiyyətsizliyi”, Avropanın diqqətindən “kənarda qaldığı” rəyinin formalaşdırılmasına cəhdlər olunur. Belə demək mümkündürsə, l Avropa Oyunlarını siyasiləşdirmək, onun ətrafında birtərəfli informasiya vakkuumu yaratmaq, beynəlxalq ictimaiyyətin diqqətini təhrif olunmuş şəkildə Azərbaycanın daxili məsələlərinə yönəltmək və son nəticədə artıq bəzi dövlətlərə qarşı istifadə olunmuş və effekt vermiş təzyiq və təhdid metodları ilə Azərbaycanı öz müstəqil siyasi kursundan geri çəkilməyə məcbur etmək planı həyata keçirilir. Bu çirkin fəaliyyətin necə, hansı resurslarla, kimlər tərəfindən gerçəkləşdirildiyi yaxşı məlumdur. Çünki yaxın keçmişdə MDB məkanında digər ölkələr də Qərb dairələri tərəfindən təşkil olunmuş belə kampaniyalara məruz qalıblar. Bu fəaliyyətin əsl motivləri bəlli olsa da, həmin dairələr onu ciddi-cəhdlə gizlətməyə, qondarma iddialarla öz niyyətlərini ört-basdır etməyə çalışırlar. Konkret olaraq Azərbaycana gəldikdə, əsas motiv kimi uzun illərdir Qərb və erməni mənbələrindən maliyyələşdirilərək və təlimatlandırılaraq Azərbaycana qarşı aparılan qərəzli qarayaxma kampaniyasında fəal iştirak edən, ölkə qanunlarını kobud şəkildə pozan, konkret cinayət halları törətdiklərinə baxmayaraq, öz himayədarlarının dəstəyi sayəsində cavabdehlikdən yayınan, lakin sonda məsuliyyətə cəlb olunmuş “5-ci kolonu”n üzvlərini müdafiə etmək məqsədi dayanır. Bir neçə gün əvvəl etibarlı mənbədən əldə etdiyimiz sənədlər planlı, məqsədyönlü şəkildə həyata keçirilən həmin fəaliyyətin əsas hədəflərini, miqyasını, konturlarını, iştirakçılarını, istifadə olunan metod və resurslarını müəyyənləşdirməyə imkan vermişdir. Azərbaycan ictimaiyyətinin də böyük marağına səbəb olacağını nəzərə alaraq, həmin sənədlərin təfsilatını açıqlamağı məqsədəuyğun hesab etdik. ABŞ-da bu kampaniyanın təşkil olunması National Endowment for Democracy təşkilatına həvalə edilib. Məlumdur ki, əsasən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və deməli, dövlət büdcəsindən maliyyələşdirilən NED uzun illərdir Azərbaycanda “5-ci kolon”un formalaşdırılması, hakimiyyət çevrilişi planlarının fəal iştirakçılarından biri rolunda çıxış edir. Bu təşkilat vasitəsilə Azərbaycandakı “tərəfdaş” QHT və media vasitələrinə ABŞ və Qərb mənbələrindən milyonlarla dollar vəsait ötürülüb. Bir müddət bundan öncə mərkəzi fiqur NED olmaqla Azərbaycanla bağlı xüsusi layihə hazırlanıb. Hazırda layihə təsdiq mərhələsindədir və yaxın günlərdə onun açıqlanması nəzərdə tutulur. 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli-miqdarda vəsait ayrılıb. Sənədin preambula hissəsində açıq şəkildə bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”. Bu ayın əvvəlində Freedom House təşkilatının sabiq rəhbəri Devid Kramer, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç, “5-ci kolon”un parlaq nümayəndələrindən olan və hazırda Amerikada yaşayan Elmar Şahtaxtinski də daxil olmaqla bir qrup şəxsin ABŞ Dövlət katibi Con Kerriyə müraciət ünvanlaması ilə layihənin ilkin konturları ictimaiyyətə açıqlanıb. Onun qapalı hissəsinə gəldikdə, konqresmen və senatorlar da daxil olmaqla 100 nəfər tanınmış ictimai-siyasi xadimdən imzalar alınması, Konqresdə dinləmələr təşkil edilməsi ilə yanaşı, Azərbaycana qarşı sanksiyaların tətbiqi, vətəndaşlarımızın səyahət imkanlarının məhdudlaşdırılması, bank hesablarının dondurulması və digər istiqamətlərdə tədbirlərin reallaşdırılması təşəbbüsü irəli sürülür. Sənədə əsasən, Azərbaycanda bu məqsədlərə dəstək verən təşkilat qismində “milli şura” adlandırılan qurumun cəlb olunması planlaşdırılıb. Lakin məsələ ilə bağlı ən maraqlı məqam ondan ibarətdir ki, kampaniyanın əsas fəaliyyət mərkəzi rolunu ABŞ-ın Dövlət katibi Con Kerrinin Konqresdəki ofisi oynayır. Con Kerrinin islamofob, ermənilərə xüsusi yaxınlığı ilə seçilən, ABŞ-dakı bütün ermənipərəst təşəbbüsləri ciddi-cəhdlə dəstəkləyən şəxs kimi tanındığını və bir çox belə təşəbbüslərin müəllifi olduğunu nəzərə alaraq, bu məlumat heç də təəccüblü görünməməlidir. Bu fakt, sadəcə olaraq ABŞ-ın müstəqil dövlətlərin daxili işlərinə qarışmadığı və hakimiyyət çevrilişi planları hazırlamadığı barədə ən yüksək səviyyələrdə söylənilən fikirlərin üzərindən birmənalı xətt çəkir. “İnsan hüquqları naminə idman” kampaniyası adlandırılan ikinci sənədə əsasən, Avropada hərəkətverici qüvvə rolunda beynəlxalq hüquq-müdafiə təşkilatları çıxış etməklə, habelə rəsmi dairələr, Avropa İttifaqı, Avropa Şurası, ATƏT və digər böyük beynəlxalq təşkilatlar cəlb olunmaqla Azərbaycana qarşı yeni “qara piar” layihəsinin icrasına başlanmışdır. Sənəddə açıq şəkildə bildirilir ki, bu il və qarşıdan gələn illərdə Azərbaycanda l Avropa Oyunlarının, parlament seçkilərinin, “Formula 1” yarışmasının, İslam Həmrəylik Oyunlarının və digər mühüm beynəlxalq tədbirlər keçiriləcəyinə görə, dünya ictimaiyyətinin diqqəti ölkəmizə yönələcəkdir və bu fürtsətdən istifadə edilməklə Azərbaycana qarşı məcburetmə tədbirləri həyata keçirilməlidir. Qeyd edilməlidir ki, bu il yanvarın 15-16-da Polşanın paytaxtı Varşavada beynəlxalq QHT-lərin görüşü keçirilib. Həmin görüşdə ermənipərəst mövqeyi ilə tanınan və Gürcüstanda keçirdiyi qalmaqallı tədbirlə yadda qalan Çexiyanın People in Need, həmçinin Azərbaycana qarşı aqressiv mövqeyi ilə tanınan Human Rights Watch, vaxtilə Azərbaycanda uğursuz fəaliyyət göstərmiş Danimarkanın İnternational Media Support, həmçinin Platform London, Netherlands Helsinki Committee, İndex on Gensorship, Article XlX, İnternational Partnership for Human Rights, YouAid Foundation və digər təşkilatların nümayəndələri iştirak ediblər. Layihənin icrasına Sərhədsiz Reportyorlar, Avropada Stabillik Təşəbbüsü, İnsan Hüquqları və Biznes üçün Polşa Təşkilatı, Belarus Məlumat Ofisi və başqa qurumların cəlb olunmasının zəruriliyi rəyi ifadə edilib. Görüşdə Azərbaycana qarşı təşkil olunacaq kampaniyanın ilkin konturları müzakirə olunub. Bildirilib ki, bu ilin iyununda Bakıda l Avropa Oyunlarının keçirilməsi beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycana yönəltmək və Xədicə İsmayılova, İntiqam Əliyev, Leyla və Arif Yunuslar, Anar Məmmədli və digərlərinin azad edilməsinə nail olmaq üçün əlverişli məqam yaradıb. Müzakirənin nəticəsi olaraq tərtib olunmuş ilkin layihədə kampaniyanın əsas məqsədi, çağırışı, kommunikasiya, Azərbaycanda, beynəlxalq miqyasda və internetdə fəaliyyətin əsas istiqamətləri, lazım olan resurslar öz əksini tapıb, habelə işçi qruplar müəyyənləşdirilib. Sənəddə qeyd olunub ki, kampaniyanın məqsədi – “hakimiyyət tərəfindən Azərbaycanın müsbət imicini yaratmaq üçün həyata keçirilən piar cəhdlərini məhv etməkdir”. Təkliflərə əsasən, sənəddə “siyasi məhbus” kimi təqdim olunan şəxslərin həyat hekayələrinin təbliği, Azərbaycanın mənfi imicinin yaradılması, hakimiyyətdə təmsil olunan şəxslər haqqında qarayaxma kampaniyasının təşkili, Azərbaycanın müasir mənzərəsinin təhrif olunması, insan hüquq və azadlıqlarının vəziyyətinə dair qərəzli və qeyri-obyektiv məlumatların dövriyyəyə buraxılması, ölkəmizdə iqtisadi, regional inkişafının təkzib edilməsi və alternativ mənfi xarakterli məlumatların ictimailəşdirilməsi, idman obyektlərinin müasir standartlara cavab verməməsi, l Avropa Oyunlarına çəkilən xərcin fantastik dərəcədə şişirdilərək dünya ictimaiyyətinə çatdırılması ilə bağlı qərəzli məlumatların yayılması və digər tədbirlər daxil edilib. Məsələn, hazırda Praqada olan “Azad İqtisadiyyata Yardım” İB-nin sədri Zöhrab İsmayıla iqtisadiyyat və idman qurğularının tikintisində guya korrupsiya hallarının olduğuna dair materialların hazırlanması həvalə olunub. İnternetdə isə kampaniyanın veb-səhifəsinin yaradılması, sosial şəbəkələrdə ciddi təbliğat qurulması, hakimiyyətə petisiyalar təşkil olunması, mobil telefonlar üçün xüsusi ifşaedici proqramların tətbiq edilməsi, məşhur səyahət portallarında siyasi məzmunlu materialların yerləşdirilməsi və turistlərə Bakıya gəlməmək çağırışlarının əks olunması, jurnalistlərin informasiyalarla təminatı üçün xüsusi qrupun yaradılması, nüfuzlu beynəlxalq QHT-lərin səhifələrində kampaniyanın linklərinin yerləşdirilməsi, habelə Azərbaycan haqqında satirik materialların hazırlanması və sosial şəbəkələrdə yerləşdirilməsi təmin edilməlidir. Məsələn, karikaturaların hazırlanması Emin adlı şəxsə tapşırılır, Atilla adlı digər şəxs isə məhbusların həyat hekayəsini yazmalıdır. İnfoqrafikanı Zöhrab İsmayıl, Anar, Melodi və Emin adlı şəxslər həyata keçirir, layihə əlaqələndiricisi Domi Gulya isə işə cəlb olunacaq jurnalistlərin siyahısının hazırlanmasına rəhbərlik edir. Beynəlxalq səviyyədə aparıcı idman təşkilatlarına müraciətlərin göndərilməsi, beynəlxalq medianın diqqətini idman yarışlarından ayıraraq başqa istiqamətə yönəldilməsi, Avropa Oyunlarında iştirak edən ölkələrdə aksiyalar təşkil edilməsi, xüsusi sənədli filmlərin hazırlanması, onların BBC və Al-Jazeera telekanalları vasitəsilə yayılması, Avropa siyasətçilərinə təzyiq məqsədilə mesajlar göndərilməsi, tanınmış idmançıların Azərbaycana qarşı fəaliyyətə cəlb edilməsi planlaşdırılır. Həmçinin bu işləri həyata keçirəcək məsul şəxslərin siyahısı tərtib olunur. İlkin müzakirələrdən bir ay sonra, yəni fevralın 15-də “İnsan hüquqları naminə idman” kampaniyası layihəsi tam hazırlanaraq maliyyələşmə üçün aidiyyəti qurumlara təqdim edilib. Məlumata görə, bəzi təkmilləşdirmələrdən sonra, martın 31-də layihə təsdiq olunub və onun icrasına külli-miqdarda vəsait ayrılıb. Kampaniya 10 ay ərzində - martın 1-dən dekabrın 31-nə kimi icra olunacaq. Bununla yanaşı, sənəddə qeyd olunur ki, 2016 və 2017-ci illərdə Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçiriləcəyi nəzərə alınaraq layihə daha da təkmilləşdirilərək və tamamlanaraq davam etdirilə bilər. Kampaniyaya İnternational Media Support (İMS) və Polşada yerləşən Helsinki İnsan Haqları Fondu rəhbərlik edəcəklər. Layihənin icrası məqsədilə yaradılmış katibliyin bu iki qurum və Açıq Cəmiyyət İnstitutu ilə birgə fəaliyyət göstərəcəyi qeyd olunub. Kampaniyanın maliyyələşdirilməsini NED, Soros Fondu və İMS həyata keçirirlər. Onu da qeyd edək ki, layihənin əlaqələndiricisi qismində Rebekka Vinsent təyin olunub. R.Vinsent vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb, sonra isə Article XlX təşkilatının koordinatoru olub. Bu vəzifədə, o, Azərbaycanla bağlı xüsusi yaradılmış və 10-dan artıq təşkilatın qoşulduğu Beynəlxalq Müşahidə Qrupunun fəaliyyətini əlaqələndirib. Həyat yoldaşı Azərbaycandakı xarici neft şirkətlərindən birində çalışdığına görə, R.Vinsent öz fəaliyyətini də ölkəmizə keçirib və Emin Hüseynov, Rəsul Cəfərovla birlikdə dövlətə qarşı müxtəlif kampaniyalar təşkil edib. Məsələn, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi zamanı bu trio “Demokratiya naminə oxu” kampaniyasını reallaşdırıb. Daha sonra isə “Demokratiya naminə incəsənət” kampaniyasına start verilib. Bundan başqa, R.Vinsent davamlı şəkildə xarici mediada Azərbaycan haqqında əsassız, qeyri-obyektiv və qərəzli materiallarla çıxış edib. Yəqin ki, bu “xidmətlərin” müqabilində R.Vinsent yeni anti-Azərbaycan kampaniyasının əsas fiqurlarından biri seçilib. Layihənin preambulasında bildirilir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin (ABŞ-ın və Avropanın bəzi dairələrinin) çağırışlarına biganə yanaşdığına görə “cəzalandırılmalıdır”, ona qarşı koordinasiya olunmuş və əsaslı surətdə düşünülmüş təbliğat kampaniyası keçirmək üçün böyük beynəlxalq tədbirlərdən istifadə edilməlidir. l Avropa Oyunları həmin kampaniyanın pik zirvəsi kimi müəyyən edilib. Yaxınmüddətli perspektivdə məqsəd Azərbaycanı insan hüquqlarının pozulması xəritəsində möhkəm yerləşdirilmək, konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunmuş və “siyasi məhbus” kimi təqdim edilən “5-ci kolon” nümayəndələrinin azadlığa çıxmasına nail olmaq, bunun üçün Azərbaycan QHT-lərini və mediasını fəallaşdırmaq və ictimai qınağı stimullaşdırmaq, Avropa institutlarını, siyasətçiləri, idmançıları Azərbaycana qarşı yönəltməkdir. Uzunmüddətli perspektivdə isə cəmiyyətdə “5-ci kolon” stereotipini dağıtmaq, Azərbaycan ictimaiyyətinin biganəliyini və passivliyini aradan qaldırmaq, vətəndaşlarda ölkədə baş verən müsbət dəyişikliklərin imitasiya xarakterli olduğu, əslində isə vəziyyətin dözülməzliyi barədə ümumi rəy formalaşdırmaq, QHT-lərin, medianın hökumət əleyhinə fəallığını təmin etmək və son nəticədə “cəmiyyəti dəyişiklik üçün istifadə etməyə ilhamlandırmaq və səfərbər etmək” məqsədi güdülür. Beləliklə, layihə sonda Azərbaycanda ictimai-siyasi proseslərə təsir imkanlarını bərpa etməklə ictimai-siyasi sabitliyin pozulmasına və hakimiyyət dəyişikliyi ssenarisini reallaşdırmasına hesablanıbdır. Göründüyü kimi sənəddə əks olunmuş Azərbaycanda, Avropada və internetdə həyata keçiriləcək tədbirlərin miqyası həqiqətən də heyrət doğurmaya bilməz: Hələ başlamamış Avropa Oyunları ilə bağlı korrupsiya və qanunsuzluqlara dair hesabatların hazırlanması; Azərbaycanda idmançılar və məşhur şəxslərlə əlaqə saxlamaqla kampaniya üçün səfirlər təyin edilməsi; Həbsdə olan şəxslərin hal anketlərinin, onların infoqrafika və şəkillərinin, media üçün informasiya paketlərinin hazırlanması ABŞ və Avropa rəsmiləri və siyasətçiləri ilə davamlı təbliğat işlərinin aparılması; İnternet səhifələrinin, bülletenlərin, bəyanatların, məktub və müraciətlərin hazırlanması; Əl-Cəzirə, BBC və Nordic Broadcastes mərkəz KİV-lər olmaqla kampaniyaya beynəlxalq media yardımının təşkil edilməsi; Azərbaycanda baş verən hər bir neqativ hadisədən öz məqsədləri üçün istifadə edilməsi; Avropa Oyunlarını boykot etmək üçün siyasətçilərdən, xüsusilə xarici işlər nazirlərindən xahiş edilməsi; İdmançıların bu kampaniyanın “xoşməramlı səfiri” olmağa cəlb edilməsi; Beynəlxalq Olimpiya Komitəsi, milli olimpiya komitələrinə müraciətlər hazırlanması və göndərilməsi; Xüsusi filmlərin hazırlanması və Avropa ölkələrində nümayiş etdirilməklə onların müzakirəsinin təşkili; Avropa Oyunlarında iştirak edən bütün ölkələrdə etiraz aksiyalarının keçirilməsi; Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq institutların bu qara kampaniyanın məqsəd və məramının həyata keçirilməsinə cəlb olunması; Jurnalistlər, yazıçılar və digər yaradıcı insanlarla işbirliyinin qurulması və s. Bütün bunların həyata keçirilməsi ilə paralel olaraq müxtəlif müraciətlər, bəyanatlar, on-line ərizələr, multi-media vasitələri və internetdə infoqrafika, parodiya xarakterli cizgi filmləri, satira və karikaturalar, dezinformasiya xarakterli məlumatlar yayılacaq, Twitter sosial şəbəkəsində gulaggames haştaqı ilə bağlı kampaniya aparılacaq, Trip Advisor da daxil olmaqla nüfuzlu turizm saytlarının imkanlarından istifadə ediləcək və s. Onu da əlavə etmək zəruridir ki, kampaniya çərçivəsində 2015-ci ilin sonuna kimi böyüklüyündən-kiçikliyindən asılı olmayaraq, Azərbaycanda keçiriləcək və ya Azərbaycanın iştirakı ilə xaricdə təşkil olunacaq bütün beynəlxalq tədbirlərin, Azərbaycana yüksək vəzifəli qonaqların səfərinin təqvimi hazırlanıb. Kampaniya müddətində hər bir tədbir və səfərdən Azərbaycanın əleyhinə istifadə etmək qarşıya məqsəd kimi qoyulub. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu kampaniyalar bir çətir altında birləşdirilir və mərkəzləşdirilmiş qaydada həyata keçirilir. ABŞ-da NED-in vasitəsilə reallaşdırılan kampaniya ilə Avropada start verilmiş layihənin koordinasiyasına dair razılaşmanın olduğu və ümumi nəzarətin Vaşinqton və Londondan həyata keçirildiyinə dair faktlar mövcuddur. Təsadüfi deyil ki, bu kampaniyaya məhz aprelin 20-də Londonda keçirilmiş tədbir zamanı start verilib. Daha sonra onun əsas hərəkətverici qüvvəsi olan İMS təşkilatının mərkəzi ofisinin yerləşdiyi Kopenhagendə geniş təqdimat nəzərdə tutulsa da, sonradan həmin tədbirin Article XlX-un təşkilatçılığı ilə bu gün - aprelin 28-də Londonda keçirilməsi qərara alınıb. Həmçinin, əlavə sənədlərə əsasən demək olar ki, Azərbaycanla bağlı tədbirlər əsasən Gürcüstan vasitəsilə reasllaşdırılacaq və Tbilisinin Azərbaycana qarşı qarayaxma kampaniyasında plasdarm rolu bir az da genişləndiriləcək. Bütün bunlar onu deməyə əsas verir ki, cəmiyyətimiz ABŞ və Avropanın bəzi dairələrinin, erməni lobbisinin təşəbbüsü və maliyyə dəstəyi ilə beynəlxalq QHT-lərin Azərbaycana və l Avropa Oyunlarına qarşı həyata keçirdiyi geniş kampaniya ilə üz-üzədir. Bu kampaniyanın uzunmüddətli xarakter daşıdığı, ölkəmizin dünyada mənfi imicinin formalaşdırılmasına və daxildə ictimai-siyasi sabitliyin pozulmasına yönəldiyi şübhəsizdir. Təbii ki, bu qüvvələr öz istəklərinə nail olmayacaqlar və layiqli cavablarını alacaqlar. Amma ən azından bu gündən sonra biz onların əsl simasını açıq şəkildə görə və ittihamlarımızı da konkret ünvanlara yönəldə biləcəyik. Geri dön |