Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MSN: Azərbaycanda əsasən müdafiə və xüsusi təyinatlı məmulatlar istehsal olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hərb > MSN: Azərbaycanda əsasən müdafiə və xüsusi təyinatlı məmulatlar istehsal olunur

MSN: Azərbaycanda əsasən müdafiə və xüsusi təyinatlı məmulatlar istehsal olunur


Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeli müəssisələrində 2015-ci ilin birinci rübünün yekunlarına həsr edilmiş səyyar kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müdafiə sənayesi naziri Yavər Camalovun sədrliyi ilə keçirilən iclasda MSN-in birlik və müəssisələrinin istehsal, maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran məsələlər geniş müzakirə edilib.

Bildirilib ki, hesabat dövründə nazirliyin müəssisələrində 2015-ci il üçün nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturlarının sifarişləri əsasında bağlanmış müqavilələr üzrə müdafiə təyinatlı məmulatlar istehsal olunaraq sifarişçilərə təhvil verilib. Eləcə də mülki məmulatların istehsalının genişləndirilməsi üzrə işlər davam etdirilib.

Hesabat dövründə istehsal olunan məmulatların 78 faizini müdafiə və xüsusi təyinatlı, 22 faizini isə mülki təyinatlı məmulatlar təşkil edir.

Mülki məhsulların istehsalı üzrə proqnoza 112 faiz əməl edilib. 2015-ci ilin istehsal proqramına uyğun olaraq, birinci rübdə nazirliyin müəssisələrində yaradılma üzrə 81 mövzunu və 143 mərhələni əhatə edən elmi tədqiqat və təcrübi konstruktor işləri davam etdirilib. Müdafiə təyinatlı məmulatların yaradılması sahəsində nazirliyin elmi müəssisələrinin potensialından istifadə etməklə bir sıra elmi tədqiqat və təcrübi konstruktor işləri uğurla həyata keçirilir. Bu sahədə respublikanın elm ocaqlarından Milli Aviasiya Akademiyası və digərləri ilə sıx əməkdaşlıq edilir.

Nazirliyin Elmi Tədqiqat İnstitutunda cari ildə dövlət sifarişi xətti ilə 9 mövzu üzrə elmi tədqiqat və və təcrübi-konstruktor işləri davam etdirilir. Eləcə də, Milli Aerokosmik Agentliyinin (MAKA) 2015-ci ildə elmi tədqiqat işləri üzrə planında müdafiə təyinatlı məmulatların fəaliyyət prinsiplərinin işlənməsi, aerokosmik məlumatların emalının təkmilləşdirilməsi və ekoloji monitorinq məsələlərinin həllinə xüsusi yer verilib.

Kollegiyada qeyd olundu ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan məmulatlar sonuncu qatıldığı cari ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu-Dabidə keçirilən “İDEX-2015” beynəlxalq müdafiə sənayesi sərgisində uğurla nümayiş olunub.

İki ildən bir keçirilən “İDEX” sərgisində Müdafiə Sənayesi Nazirliyi ikinci dəfə idi ki, iştirak edirdi. Dünyanın 55 ölkəsindən 1162 şirkətin qatıldığı sərgidə Müdafiə Sənayesi Nazirliyi 170-dən artıq müdafiə təyinatlı məmulat nümayiş etdirib.

Beynəlxalq sərgidə nümayiş olunan məmulatlarımız Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb.

“İDEX-2015” sərgisi çərçivəsindnə bir sıra ölkələrin qabaqcıl şirkətlərini təmsil edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlər keçirilib, mövcud və yeni əməkdaşlıqlara dair danışıqlar aparılıb. Sərgi zamanı 2016-cı ildə Azərbaycanda keçiriləcək “ADEX-2016” ikinci beynəlxalq müdafiə sənayesi sərgisi ilə bağlı məlumatlar verilib və dəvətlər çatdırılıb.

Kollegiya iclaslarında nazirliyin birlik və müəssisələrinin rəhbərlərinin hasabatları dinlənilib və müəssisələrin fəaliyyətləri müzakirə edilib.

Y.Camalov hesabat dövründə tabeli birlik və müəssisələr tərəfindən görülmüş işləri müsbət qiymətləndirdiyini bildirib.

Nazir Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkənin müdafiə sənayesinin inkişafı ilə bağlı verilən tapşırıqların yerinə yetirilməsi istiqamətində struktur bölmə, birlik və müəssisə rəhbərlərinə göstərişlər verib.

Geri dön