Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Güney Azərbaycan bu həftə
Güney Azərbaycan bu həftə |
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası
-Bu həftə İran adlanan dövlətlə bağlı ən sensasiyon xəbər BMT (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının bu ölkəylə bağlı yeni hesabatı oldu. BMT-nin mütəxəssisləri tərəfindən hazırlanaraq Təhlükəsizlik Şurasına təqdim olunan gizli hesabatda İranla bağlı şok faktlar açıqlanıb. Belə ki, 2013-cü ildə Yəmən hökuməti İrana aid silah yüklü bir gəmini saxlamış, məsələni araşdırması üçün BMT TŞ-na müraciət etmişdi. Müraciətdən sonra məsələni araşdırmağa başlayan mütəxəssislərin hazırladığı gizli hesabatda İran hökumətinin 2009-cu ildən bu yana Yəməndəki husi terrorçularına silah yardımı etdiyi bildirilir. Keçən həftə TŞ-na təqdim olunan hesabat müzakirə üçün şuranın İrana qarşı tətbiq olunan sanksiyalara nəzarət edən komissiyaya həvalə olunub. Hesabatda Yəməndəki terrorçuların silahlanmasının yeganə mənbəyi kimi İran göstərilir. Amma İranın göndərdiyi silahların Yəməndə qalması və ya qonşu ölkələrdəki üsyançılara da keçməsi məsələsinin sual altında olduğu bildirilir. -İranla bağlı ikinci qalmaqallı məsələ isə, İranın Suriyada ildə 35 milyard dollar xərcləməsiylə bağlı yayılan xəbər oldu. Belə ki, Christian Science Monitor Suriya savaşı və İranın bu savaşdakı rolu ilə əlaqədar “İran nədən zəifləmiş və bahalı müttəfiqini dəstəkləyir” başlıqlı bir analiz yazıb. Onun sözlərinə görə BMT-nin Suriyadakı nümayəndəsi İranın Suriyada ildə 35 milyard dollar xərclədiyini iddia edib. İran Suriyada ildə 35 milyard dollar xərcləyir və bu ölkənin rəhbərliyi iddia edir ki, Suriya onlar üçün stratejik əhəmiyyətə malikdir. Yazıda Əsəd ordusunun son aylarda gerilədiyi və bir çox ərazinin müxaliflərin əlinə keçdiyi qeyd olunub: “Əsəd rejimi əraziləri itirir. Onun 35 illik müttəfiqi (İran nəzərdə tutulur) isə ona yaraqlı qüvvələr çatdırmaqda çətinlik çəkir. Ama sual bundan ibarətdir ki, ağır sanksiyalar nəticəsində özünü zəiflədən İran nə vaxta qədər Əsədə yardımlarını davam etdirə biləcək?!” ABŞ-ın keçmiş səfiri və yaxın şərq araşdırmaları institutunun üyəsi Robert Ford deyir: “Ehtimal olunur ki, iranlılar bir müddət xarixi qüvvələrdən Əsədə yardım etməkdə istifadə etsinlər, lakin onların sayı getdikcə azalır və Əsədin də vəziyyəti getdikcə pisləşir.” 2010-2014-cü illərdə Suriya ordusu 80 mindən 100 min nəfərə qədər itki verib. İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) Livan Hizbullahı və Əfqanıstandan olan döyüşçüləri Suriyaya göndərərək Əsəd yardım edib. Həmçinin Əsəd üçün savaşmağa 80 min nəfər Suriya ələvisindən ibarət döyüşçü qrupu yaradılıb. Başqa tərəfdən baxanda isə, İordaniya və Qətər dövlətləri strateji əməkdaşlıq edir və Səudiyyə Ərəbistanı ilə Türkiyə Suriyada sünnü qüvvələrini dəstəkləyir. Yazıda həmçinin qeyd olunub ki, “Suriya İrana görə Livan və Hizbullaha çatmaq üçün bir körpü rolunu oynayır. İran rejimi Dəməşq və Beyrutu bölgədə İsrail və Qərb dünyasına qarşı “Dirəniş mehvəri” kimi təqdim edir.” Yazıda İranın yüksək rütbəli şəxslərinə istinadən qeyd olunub ki, “İran üçün Suriyanı qorumaq Xuzistanı qorumaqdan daha da vacibdir. ABŞ qəzeti Beyrutdakı diplomatik qaynaqlara işarə edərək yazıb ki, “İran rejimi hər ay Suriyada 1-2 milyard dollar xərcləyir. BMT-nin Suriya işləri üzrə xüsusi nümayəndəsi Staffan Mistura Vaşinqtonda gizli keçirilən iclasların birində bildirib ki, “İran Əsədi ayaqda saxlamaq üçün ildə 35 milyard dollar xərcləyir.” ABŞ-ın Suriyadakı sabiq səfiri Ford sonda bunları əlavə edib: “Mənim fikrimcə İranın əməli Almaniya ordusunun 1917-ci ildəki əməlinə oxşayır, hansıki tədricən məğlub oldu. Düşünürəm ki, Əsədin ordusu tədricən zəifləyir və müxaliflər qalib gələcək. Lakin bunun tərsi baş verərsə, mənim üçün sürpriz olacaq.” -Bu həftə iki hüquq müdafiəçisi təşkilatının Xuzistan əyalətində aparılan geniş həbslər barədə birgə bəyanatı da dünya mediasında əks olundu. Dünyanın ən nüfuzlu iki hüquq təşkilatı aprelin 28-də birgə bəyanat yayaraq İranın Xuzistan əyalətində yerli ərəb fəallarına qarşı gerçəkləşdirilən geniş həbslərdən narahatlığını bildirib. “Beynəlxalq Əfv Təşkilatı” və “Hyuman Rights Watch” təşkilatlarının aprelin 28-də yaydığı birgə bəyanatında deyilir ki, onların əldə etdiyi məlumatlara görə, bu il martın ortalarından bu yana Əhvaz şəhərində və əyalətin digər yerlərində ən azı 78 nəfər ərəb fəalı tutulub. Dinc etiraz və fəaliyyətlərinə görə maskalı təhlükəsizlik qüvvələri tərəfindən tutulub bilinməz istiqamətə aparılan ərəb fəallarının hazırda harada saxlandığını hətta onların ailə üzvləri də bilmir. Beynəlxalq Əfv Təşkilatının Orta Şərq bölməsinin rəhbəri Hüseybə Səhravi məsələ ilə bağlı jurnalistlərə açıqlama verərək deyib ki, Xuzistan əyalətində dinc ərəb fəallarına qarşı aparılan repressiyalar dayandırılmalıdır: “İrandakı ərəb hüquq müdafiəçilərinin verdiyi məlumatlara görə, son həftələrdə Xuzistanda aparılan həbslərin geniş vüsət alması bizi ciddi nigaran edir. Hesab edirik ki, İran rəsmiləri dinc etirazlarına və şəxsi əqidələrinə görə tutulan ərəb fəallarına qarşı aparılan özbaşına həbslərə son qoymalı, tutulanları dərhal azadlığa buraxmalıdır. İran rəsmiləri ya həmin şəxsləri sərbəst buraxmalı, ya da onlara qarşı irəli sürülən ittihamlara baxmaq üçün həbs edilənlərə şəffaf və ədalətli məhkəmə keçirməlidir”. Qeyd edək ki, Xuzistan əyalətində İranın sünni məzhəbli yerli ərəbləri yaşayır. Son illərdə yerli ərəblərin milli və dini hüquqları uğrunda mübarizə aparan yüzlərlə fəal həbs edilib, separatçılıqda günahlandırılan onlarla nəfər isə edam edilib. -Bu həftə ən Güney Azərbaycanda məktəblərin bərbad vəziyyətdə olması yenidən gündəmə gəldi. Azərbaycanlı millət vəkili Məhəmməd Baqiri Binab şəhərinin təhsil ocaqlarının bərbad vəziyyətdə olmasını qaldırıb. Məhəmməd Baqiri bildirib ki, “Binab şəhəri qeyri-neft məhsullarının ixracatı, öyrənci sayı və bir çox sahədə birincilər sırasında yer alır, lakin təhsil ocaqları məsələsində vəziyyət belə deyil.” Millət vəkili bildirib ki, bu zəmində aparılan işlər yetərli deyil və problemi həll etmək üçün milli iradə və ciddi tədbirlər tələb olunur. Binabın Təhsil Şöbəsinə vaxt qoyulmadığından şikayətlənən millət vəkili əlavə edib ki, “keçən illərdə ən azı 5 məktəb yenidən qurulub və Binabın Təhsil Şöbəsinə təhvil verilsəydi, indi vəziyyət belə acınacaqlı olmazdı.” M.Baqiri Binabi sözlərinin sonunda Binabın təhsil ocaqları probleminin çözülməsini dövlətin gücündən xaric olduğunu bildirib: “Bu zəmində xeyriyyəçi insanlara böyük iş düşür. Onlar Binabı təhsil ocaqları problemindən azad etməlidirlər. Artıq bu vəziyyəti görmək bizi çox narahat edir.” -Zəncan vilayətindəki məktəb binalarının da bərbad durumda olması ölkə mətbuatında gündəmə gəlib. Son məlumata görə, Zəncan vilayətində də oxşar vəziyyət yaşanır. Xudabəndə və Qeydar şəhərlərində bir çox məktəb binası yararsız vəziyyətdədir, onların yazrıdan çoxu yıxılmalı, təmir olunmalı vəya yenidən qurulmalıdır. Zəncan vilayəti məktəblərinin yenidənqurma mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsi bu barədə məlumat yayıb. Əlborz Hüseyni Xudabəndə şəhərinin məktəb tikdirən xeyriyyəçilərinin 9-cu festivalında təhsil ocaqlarının durumuna işarə edərək bildirib ki, “Xudabəndə şəhərində 56 təhsil ocağı (33 faiz) yenidən tikilməli, 48-i (29 faiz) isə təmir olunmalıdır.” O, Qeydar şəhərinin haqqında isə bunları deyib: “Bu şəhərdə 169 təhsil ocağından 65-i yəni 38 faizi sağlam durumdadır. Xudabəndənin Təhsil Şöbəsinin müdiri bildirib ki, bu şəhərdə hər sagird üçün 13 santimetr təhsil mühiti fəzası düşür, lakin bu rəqəm ölkə normasına görə 17 santimetr olmalıdır. Əli Əsədi bütün problemləri nəzərə alaraq məktəb sayısının artırılması və yarımçıq qalan məktəblərin sürətlə tamamlanmasını istəyib. -Bu həftə Güney Azərbaycanda arxeloji qazıntı nəticəsinə daha bir tarixi şəhər aşkarlanıb. Belə ki, Xalxalda 8000 illik yeraltı şəhər tapılıb. Xalxal şəhərinin Gərmxana kəndində “Yeddi dam” adlı 8000 illik yeraltı şəhər kəşf olunub. Bu barədə Xalxalın icra başçısı (fərmandar) məlumat verib. Mehdi Əhmədinin sözlərinə görə, “bu tarixi yeraltı şəhər İran coğrafiyasında daş dövrünə aid olan bir neçə şəhərdən biridir və bu barədə Ərdəbil vilayəti (ostan) və İranın mədəni irslər üzrə mütəxəssisləri araşdırma aparacaqlar.” O kəşf olunan yeraltı şəhərinin adı ilə bağlı deyib: ““Yeddi dam” yer altında iç-içə olan 7 mənzilə deyilir. Bu tarixi əsərdə də bir giriş yolu var, sonra isə karidorlar (Hansı ki, oraya daxil olmaq üçün güvənlik təchizatına ehtiyac var) vasitəsi ilə 7 mənzili görmək mümkündür. M.Əhmədi yeraltı tarixi şəhərin yaxınlığında Gərmxana kəndinin bulaqları və içməli suların cari olduğuna işarə edərək Xalxal kəndlərinin qədim olduğunu bildirib. Onun sözlərinə görə, gələn həftə mütəxəssislər bu tarixi yeraltı şəhərini araşdıracaqlar. -Bu həftə Güneydən gələn xoş xəbər isə ondan ibarət oldu ki, Urmiyə xiyabanları Azərbaycan məşhurlarının adı ilə bəzədiləcək. Şəhər küçələrinə Səfiəddin Urməvi, Dədə Katib və Hisaməddin Çələbi adları verilir. Belə ki, Azərbaycan türklərinin rejimin asimilasyon siyasətinə qarşı öz milli kimliklərinin dirçəlməsi uğrunda apardıqları mübarizə müəyyən sahələrdə nəticə verməyə başlayıb. Urmiyə şəhərinin xiyabanları Azərbaycan məşhurlarının adı ilə bəzədiləcək. Bu barədə Urmiyənin Şəhər Şurası qərar qəbul edib. Urmiyə şəhərinin Adlandırma Şurasının rəisi doktor Əlizadə bu istiqamətdə zəhmət çəkən bütün məsulları alqışlayaraq bildirib ki, “Şəhər Şurasının səyləri nəticəsində qədim adların qaytarılması, Urmiyə şəhərinin milli kimliyini tanıtdırmaq uğrunda ciddi addımdır. Və biz əhalinin xadimi olaraq şəhər əhalisinin istəklərini təmin etməkdən yorulmamalıyıq.” O əlavə edib ki, şəhər əhalisinin istəyi əsasında Urmiyənin mədəni və tarixi məşhurları, həmçinin milli və beynəlxalq qəhrəmanlarının adları şəhərin küçə və xiyabanlarında istifadə olunmalıdır. Urmiyə Şəhər Şurasının qərarına əsasən, şəhər xiyabanlarında Azərbaycan məşhurları o cümlədən Dədə Katib, Şeyx Səfiyyəddin Urməvi, Hisaməddin Çələbi və s. kimi adlardan istifadə olunacaq. Hazırladı: Milli Dirçəliş Hərəkatı Partiyasının İdeologiya Şöbəsi 03.05.2015 Geri dön |