Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan > Saşa Əliyiv-Şəhid olmağa gəldim- kitabına nəzəri yanaşma.
Saşa Əliyiv-Şəhid olmağa gəldim- kitabına nəzəri yanaşma. |
Şair-yazıçı, əməkdar jurnalist Eldar İsmayılın son vaxtlar 43-cü kitabı olan “Şəhid olmağa gəldim” şeirlər toplusu işıq üzü görmüşdür.
Kitaba akademik Teymur Bünyadov “Türk sevdalı şair” adlı ön söz yazmışdır. O, Eldar İsmayılla ilk tanışlığını, yaradıcılığına ilk vaxtlar heyran olduğunu, onun Türk dünyasına – millətinə olan sevgisini, rəğbətini, inamını yəqinləşdirdikdən sonra yüksək səviyyədə dəyərləndirmişdi. Kitabda şairin son dövrlərdə yazdığı şeirləri və poemaları öz əksini tapmışdır. O, həmişəki kimi bu şeirlərində yenə vətənə, millətinə sevgisini, sədaqətini, həmçinin Türk dünyasında gedən ictimai-siyasi proseslərə münasibətini, qəddar, naqis düşmənlərə isə nifrətini bildirir. Kitab “Dünya mənim dünyam deyil” şeiri ilə başlayır. O, bu dünyada hər cür fırıldaq adamlara rast gəldiyini, onların insanlarla münasibətdə olarkən nə cür yaltaqlandığını, dedikləri ilə əməllərinin düz gəlməməsindən sanki təngə gəlib, bu dünyadan bezdiyini bildirir. Dünya vallah səninkidi, Atını çap, dağıt, tala. Arı-piri tapdala keç, Qazan qaynat, çömçə yala. Gədə, dünya səninkidir... Dünya mənim dünyam deyil! “Mən olan yerdə” şeirindədə Vətən, yurd torpağına, ər insanlara dərin məhəbbətini, sədaqətini söyləyir: Qanımı çilərəm yurd torpağına, Qoymaram xal düşə gül yarpağına. Uca xan çinarın şah budağına Qarğa qona bilməz mən olan yerdə. Şeytan şərlə qurar öz həyatını, Yeyər öz içini, içalatını, Bir ərən kişinin köhlən atını Yaltaq minə bilməz mən olan yerdə. Eldar İsmayıl övladının simasında Azərbaycan övladlarını – Göyçə, Zəngəzur, Qarabağ və digər işğal olunmuş ərazilərimizi unutmamağa çağırır: Ey övladım, Qarabağın sinəsinə Düşmən çəkən o dağları, Şuşa kimi inciləri... Qəsb edilən torpaqları Sən unutsan Sənə lənət! Ömürboyu haqqın, ədalətin, düzgünlüyün tərəfdarı olan Eldar İsmayıl həmişə insanları – görüb tanıdığı dostlarını, tanışlarını düz olmağa, həqiqəti söyləməyə çağırır. Bu sanki onun ən başlıca insani, əxlaqi fikirləridi. Məhz buna görə də o, həmişə yaxşı, təmiz dostları ilə olmağı, gününün çoxunu onlarla keçirməyi üstün tutur: Heç kəsə quyu qazıb, Heç kəsə daş atmadım. Kiməsə yalan deyib, Kimisə aldatmadım. Bacardım kömək etdim, Bacarmadım dinmədim. Saflığa könül verdim, Düzlüyümdən dönmədim. Doğrudan da Eldar İsmayıl belə insandı. Onu mən 44 ildi tanıyıram. 1971-ci ildən olan münasibətimiz illər ötdükcə daha da yaxşılaşıb. Eldar İsmayıl neçə illərdi ki, Türk xalqına -Türk dünyasına olan məhəbbətini neçə-neçə kitablarında əks etdirib, yenə də bunu davam etdirir. Türk xalqı da onun istəyini yüksək səviyyədə dəyərləndirir. Eldar İsmayılın iki kitabını Ərzurum Universitetində Anadolu türkcəsində işlənib orta məktəblər üçün dərslik kimi hazırlanmışdır. 2007-ci ildə martın 12-də Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyası tərəfindən Türk Ədəbiyyatının inkişafında xidmətlərinə görə “Türk Ədəbiyyatına xidmət” mükafatına layiq görülüb. 2009-cu ildə avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mahmud Kaşğari adına Beynəlxalq Fond tərəfindən “Soyqırım və erməni təcavüzü” müsabiqəsinin “Xüsusi mükafatı” ilə təltif olunub. Eldar İsmayıl bunlardan başqa öz əsərlərinin dünya xalqları tərəfindən yaxşı qəbul edildiyinə görə, dünya xalqları haqqında düzgün fikirlər yazdığına görə də Birləşmiş Millətlərin Təltiflər Şurasının Moskvadakı nümayəndəliyi tərəfindən 2011-ci ildə “Şərəf” ordeni ilə mükafatlandırılmışdır. Eldar İsmayıl dünya ölkələrində də gedən ictimai-siyasi hadisəlıri nəzərdən keçirir, ölkələr daxilində baş verən hadisələrə öz münasibətini bildirir. Ölkə başçısının xalqa qarşı hərəkətini olduğu kimi qələmə almışdır. Misirdə yeni hökümətin and içməsini (28.07.2011) aşağıdakı (“Yalan çıxdı”) şeiri ilə vəsf etmişdi: Basıb əlini Qurana Hər hökümət bir and içdi. O and sonra yalan çıxdı. “Qarantiyəm hər insanın”, Deyən kəsin qoltuğundan Rəiyyəti, Yükləməkdən palan çıxdı. Eldar İsmayıl doğma Vətənimiz Azərbaycanın ayrı-ayrı bölgələrini gəzib dolaşarkən Gəncədə, Şamaxıda, Lerikdə və s. rayonlarda təbiət gözəlliklərini də qələmə almışdı. Çən çöksüyən göy meşəni dinşədim, Ətir səpən çiçək gördüm Lerikdə. Yalın daşın sərt qayanın üstündə Əlvan, əlvan çiçək gördüm Lerikdə. Gah qıvrılan, gah açılan dağ yolu, Çay nəğməsi, quş səsiylə dopdolu... Hər puçuru, hər yarpağı, hər kolu Bir-birindən qəşəng gördüm Lerikdə. Şair yolunu azan, yaltaq, hər fitnə-fəsadlar törədən, yalanlarla, insasnları aldada-aldada yaşayan adamlara şeirlər həsr etdiyi kimi, təbiətdə gözəl xasiyyəti, savadı, şairlik qabiliyyəti, təmizliyi düzlüyü olan insanlara da şeirlər yazmışdı. Əziz xatirəsinə “Əbədilik qurtardı”, sevimli şairəmiz Fərqanə Mehdiyevaya “Fərqanə”, professor Zakir Qarayevin 70 illiyi müanasibəti ilə “Bizdən xəbərsiz”, doğma bacıları Yasəmən, Mehparə, Nərgiz, Leyli və Cəvahirə həsr olunan “Nə əl çatır, nəün yetir”, böyük türk oğlu Osman Kayana, 1988-ci il Ermənistan türklərinin deportasiyası zamanı yüzlərlə qaçqınlara əl tutan, kömək edən Ziyad Abbasəliyevə (poema) və şair dəyərli insanları şeirlə qiymətləndirmişdi. “Sənin şəhidliyin qələbəm oldu” şeirini müəllif Bakı-Şamaxı yolunun üstündəki naməlum türk əsgərinin məzarını ziyarət edərkən yazmışdır. Bu məzarı şairin yazdığına görə hər gün yüzlərlə “Azərbaycan türkü” ziyarət edir. Mənim dar günümdə Anadoludan, Sən köməyə gəldin Azərbaycana. Qardaşın qardaşa arxa olması, Ağır zərbə oldu yağı düşmana. Müəllif Azərbaycanın müdafiəsində qardaş türk xalqının qeyrətinə, namusuna yüksək dəyər verir: Naməlum qəhrəman, ey türk əsgəri, Dedin Azərbaycan qoy azad olsun! Sənin şəhidliyin qələbəm oldu, Qəbrin nurla dolsun, ruhun şad olsun! “Şəhid olmağa gəldim” şeirinin də xüsusi bədii, ciddi, vətənpərvərlik, qeyrət, ruhunda yazılması təsadüfi deyildir. Qanında, canında, ruhunda, dilində əsl türk qeyrəti olan Eldar İsmayıl “bir millət iki dövlət” deyimi ilə Türkiyə və Azərbaycanı həmişə bir qoşa görmək fikrində olduğunu bildirir. Türkiyə, onun xalqı uğrunda canını verməyə hazır olduğunu “Şəhid olmağa gəldim” şeiri ilə öz ürəyini oxuculara oxutdurur. Zülməti boğub atan, Çanaqqala elində, Özümü qurban dedim, Çanaqqala çölündə Şəhidlərin yanında Şəhid olmağa gəldim. Təsadüfi deyildir ki, müəllif bu kitaba “Şəhid olmağa gəldim” adını vermişdir. “Birləşməyə koymadınız” şeiri ilə də Sayın Kılıçdaroğluna ve Devlet Bahçeliye xitabən Türkiyə Dövlətinə qarşı elədikləri əməlləri, hərəkətləri qələmə almışdır: ...Böyük hünerler sahibi bu milləti partilere böldünüz siz?! Birleşmeye, güc almağa koymadınız Türkiyeyi, bu şanslı milleti! Bu şeir Eldar İsmayılın qardaş Türkiye xalqına olan isti, səmimi münasibətindən yazılmışdır. Bundan başqa Eldar İsmayıl Türk xalqının qəhrəman oğullarını təmsil edən “Engin Alan”a, “Haydı Silivriye”, “Osman Kayan”a və Türkiyə torpaqalarına, ərazilərinə Antalya, Kəmər kimi bölgələrinə şeirlər də həsr etmişdir. Bu kitabda maraqlı şeirlərdən biri də “Azəri deyiləm oğuz qanlı türkəm mən” şeirində o, yazır: Azərbaycan türklərini dünya türklərindən, Anadolu türklərindən ayırmaq üçün bizə zaman-zaman yeni adlar vermişlər. “Müsəlman”, “Tatar”, “Azərbaycanlı” indi isə “Azəri”. “Azəri” ha “azəri” nə tutubsan yaxamdan Bunda sənsən hiyləgər, burda mənəmmi nadan? Mən “azəri” deyiləm, bil ey qapalı şeytan, Altaylardan başlayan çox ünvanlı türkəm mən... Atillanın şəxsində bu cahana görkəm mən! Kitabın “Şirin-şəkər balalar” adlı bölməsində öz nəvələrinə, dostlarından İmdad müəllimin Sona adlı nəvəsinə, Ziyad müəllimin dili ilə “Nəvəm Elviraya” həsr olunmuş şeirlər də maraqlıdı. Növbəti bölümdə doğru-dürüstlükdən, təmizlikdən, Vətən sevgisindən, haqqa-ədalətə inamdan bəhs edən “Dördlüklər” qeydə alınmışdir. Sonuncu bölümdə isə “Aşıq Nəcəf”, “Qaf dağında doğulan qız”, “Türk dünyası yas içində”, “Gəl gedək bu şəhərdən” adlı poemaları verilmişdi. “Aşıq Nəcəf” poeması 1919-cu ildə erməni daşnaqlar Göyçəyə hücum çəkib bu ərənlər yurdunu dağıtdılar. Zod kəndinin qeyrətli oğulları daşnaqların sərkərdəsi polkovnik Sulikovu qətlə yetirdilər. Onun ölümündən sonra ermənilər Məşədi İsanı, Səməd ağanı, Kor Tanrıverdini və Aşıq Nəcəfi öldürməyi planlaşdırdılar. Aşıq Ələsgərdən dərs alan Aşıq Nəcəfi Eldar İsmayıl aşıq saz-söz sənətinin vurğunu, el arasında xüsusi hörmət-izzət qazanmış insanı öz dəyərləri ilə oxuculara təqdim edir. Onun ölüm ayağında da düşmənlərə baş əymədiyini, mərdliyini, igidliyini, poetik duyğularla təsvir edir. Kəvər qalasında onun belinə yanar samavar qoymaqla, pis vəziyyətdə onun aman diləməsini, baş əyib öldürməyə qoymamasını əmr edir. Aşıq Nəcəf ermənilərə nifrət edə-edə, saralıb-solur, ağrıdan yıxılıb canını tapşırır. Eldar İsmayıl Aşıq Nəcəfin o günlərdən könüllərdə yaşayacağını bildirir: Oxucum, tarixin hökmü qətidir, “Hər kəs qazancını daşıyacaqdır”. Nə qədər türklük var, çalınan saz var Nəcəf ölməyəcək, yaşıyacaqdır. “Qaf dağında doğulan qız” poemasında isə Tahirə Məsimzadənin Qarabağ savaşı uğrunda düşmənə qarşı igidliklə vuruşmasından, Türkiyə və Azərbaycanın şərəfini qeyrətlə namusla qorumasından, “bir millət iki dövlət” deyimin ləyaqətlə, məğrurcasına yaşatmasını bədii deyimlərlə təsvir edir. “Türk dünyası yas içində” poeması ilə İraq türkmənlərinin məhv edilməsinə görə Türkiyəyə və türk cümhuriyyətinə müraciətini, bu qırğının qarşısının alınmasına kömək etməsini istəyir. “Gəl gedək bu şəhərdən” poemasında şəhərdəki səs-küydən, tıxaclardan, təmiz hava almamasından, hiyləli, yalan danışan, böhtan atan adamlardan uzaq olmaq istədiyini bəyan edir. “Harama gül güləndə” poemasında bəzi qadınların isə Azərbaycan qadınına xas olmayan hərəkətlər etməsini, nalayiq baxışını, gülüşünü bədii şəkildə təsvir edir. Türk dünyasının tanınmış şair-yazıçısı Eldar İsmayılın hər bir kitabı türk xalqına, vətəninə - Türkiyə və Azərbaycana həsr olunub. Həm də “bir millət, iki dövlət”-in dəyərli insanlarını oxuculara tanıtdırır. SAŞA ƏLİYEV Azərbaycan Tibb Universiteti Əsaslı Kitabxanası direktorunun elmi işlər üzrə müavini, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Qızıl Qələm” mükafatı laureatı. Geri dön |