Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə > Azərbaycanın Qarsdakı baş konsulu: Bölgə əhalisi Azərbaycan həqiqətləri haqda kifayət qədər məlumatlıdır - MÜSAHİBƏ
Azərbaycanın Qarsdakı baş konsulu: Bölgə əhalisi Azərbaycan həqiqətləri haqda kifayət qədər məlumatlıdır - MÜSAHİBƏ |
Qars. Fərid Mirzəyev – APA. Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulu Ayxan Süleymanovun APA-ya müsahibəsi
- Azərbaycan və Türkiyə arasındakı əlaqələrin mövcud durumunu necə qiymətləndirirsiniz? - Azərbaycan və Türkiyə arasındakı əlaqələr hazırda ən yüksək səviyyədədir. Bu, istər siyasi, istər iqtisadi, istərsə də başqa sahələr üzrə özünü göstərir. Buna çoxlu nümunələr göstərə bilərik. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri fəaliyyət göstərir, Bakı-Tbilisi-Qars dəmir yolu tikilməkdədir. Siyahını uzatmaq olar. Sadaladığım misallar hamısı onu göstərir ki, Azərbaycan və Türkiyə arasında əlaqələr çox yüksək səviyyədədir və yüksələn xətlə inkişaf edir. Hər iki ölkə istənilən məsələdə daim bir-birini dəstəkləyir. - İki gün əvvəl Türkiyənin baş naziri Əhməd Davudoğlu seçki kampaniyası çərçivəsində Qarsdakı mitinq zamanı çıxışında bildirdi ki, Bakı-Tbilisi-Qars dəmiryolu xətti Naxçıvana birləşdiriləcək. Dəmiryolu xəttinin Naxçıvana qədər uzadılması nə dərəcədə realdır? - Bəli, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin Naxçıvan Muxtar Respublikasına birləşdirilməsi planı var. Ancaq hələlik bu barədə yekun bir qərar verilməyib. Düşünürəm ki, qərar müsbət olacaq. Qarsdan Naxçıvana 200 kilometrlik dəmir yolu xətti çəkilməlidir. Bu məsələnin üzərində işlər gedir. İnanıram ki, qısa müddətdə bu işlərə başlanacaq. - Ötən ay ermənilər uydurma “soyqırım”ın 100 illiyi ilə bağlı kütləvi tədbirlər keçirib, müxtəlif dövlətlər vasitəsilə Türkiyəyə müəyyən təzyiqlər göstərməyə cəhdlər etdilər. Bu gün Azərbaycanın 20 faizdən torpağı işğal olunub, Xocalı soyqırımı törədilib. Konsulluq olaraq düşmənin Azərbaycana qarşı törətdikləri, Qarabağ, ümumilikdə Azərbaycan həqiqətlərinin Qarsda və ətraf vilayətlərdə bölgə ictimaiyyətinə çatdırılması istiqamətində hansı işləri aparırsınız? - Hamı çox gözəl bilir ki, ermənilərə qarşı soyqırımı siyasəti aparılmayıb. 1915-ci il hadisələrini ermənilər və onların havadarları dünya ictimaiyyətinə soyqırımı kimi tanıtmağa çalışır. Burada soyqırımından söhbət belə gedə bilməz. Osmanlı İmperiyası 1915-ci ildə müharibə şəraitində olub və ermənilər Osmanlıya xəyanət edib. Düşünürəm ki, bölgə əhalisi Azərbaycan həqiqətləri, habelə Xocalı soyqırımı ilə bağlı kifayət qədər məlumatlıdır. Buna baxmayaraq, Baş Konsulluq olaraq biz mütəmadi olaraq Xocalı və digər ölkə əhəmiyyətli məsələlərlə bağlı tədbirlər təşkil edirik. Sabah (müsahibə dünən baş tutub - red.) Şuşanın işğal günüdür, bəyanatımız olacaq. Gördüyümüz işləri daha geniş kütləyə çatdırmaq üçün yerli mətbuatla sıx çalışırıq. Apardığım müşahidələr onu göstərir ki, bölgə əhalisi Azərbaycan həqiqətləri, konkret olaraq ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərlə haqda kifayət qədər məlumatlıdır. Buna baxmayaraq, biz yenə də əlimizdən gələni edirik ki, ölkəmiz haqdakı məlumatları yerli əhaliyə daha geniş şəkildə çatdıraq. Həmçinin Azərbaycanda gedən inkişaf da yerli mətbuat orqanlarında işıqlandırılır. Biz istəyirik ki, ölkəmiz daim güclü olsun. Həqiqətən bu gün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasətimizin nəticəsində Azərbaycan regionda söz sahibinə çevrilib. Bu gün prezidentimiz cənab İlham Əliyev həmin siyasəti layiqincə davam etdirir. Azərbaycan inkişaf edir. Təbii ki, mən bir diplomat kimi dövlətimizin daha da güclü olmasını arzu edirəm. - Bölgə mətbuatı ilə sıx əməkdaşlıq etdiyinizi söylədiniz. Ümumilikdə götürsək, Türkiyə mediası Azərbaycanla bağlı xəbərlərə nə dərəcədə həssaslıq göstərir? - Azərbaycanın Qarsdakı Baş Konsulluğu Türkiyənin 17 vilayətində Azərbaycanı təmsil edir. Mən yalnız təmsil olunduğumuz bölgələrdəki mətbu orqanlardan danışa bilərəm. Sözün düzü, həmin mətbu orqanlarda indiyə kimi Azərbaycana qarşı hər hansı qərəzli xəbərə rast gəlməmişəm. - Bu ilin mayında Qarsda konsul kimi fəaliyyətinizin 5 ili tamam olur. Fəaliyyətinizi necə dəyərləndirirsiniz? - Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən daim daha yaxşı nəticələr əldə etməyə çalışıram. Mənə verilən səlahiyyətlər çərçivəsində hər zaman çalışmışam ki, dövlətimizi layiqincə təmsil edim. Amma buna nə dərəcədə nail oluram, yaxşı və ya pis, bu haqda bir söz deyə bilmərəm. Mən çalışıram ki, ölkəmizi vicdanla, ləyaqətlə təmsil edim. Özüm öz fəaliyyətimə qiymət verə bilmərəm axı... (Gülür.) - Azərbaycan vətəndaşları daha çox hansı problemlərlə əlaqədar konsulluğa müraciət edirlər? - Konsulluq hökuməti, dövləti təmsil etməklə bərabər, həm də konsulluq xidmətləri göstərir. Konsulluqda hətta notarial xidmətlər də göstəririk. Azərbaycan vətəndaşları bizə daha çox pasport məsələləri ilə bağlı müraciət edir. Tələbələrin qeydiyyat məsələləri olur. Hüquqlarımız, səlahiyyətlərimiz çərçivəsində əlimizdən gələni etməyə çalışırıq. Elə bilirəm ki, buna nail oluruq. Artıq beş ildir burdayam. Hələlik həlli mümkün olmayan bir problemlə rastlaşmamışam. - Bu bölgədə yaşayan azərbaycanlılar necə, Azərbaycanın təbliği istiqamətində sizinlə əməkdaşlıq qurmağa təşəbbüs göstərir? - Bəli, müəyyən təşəbbüslər olur. Qarsda, eləcə də digər vilayətlərdə Azərbaycanın mədəniyyət evləri, dərnəkləri fəaliyyət göstərir. Onlar tədbirlər keçirmək, onlara dəstək verməyimizi istəyirlər. Belə müraciətlər çox olur. Biz də çalışırıq ki, onlara yardım göstərək. Burada yerli əhali arasında da Azərbaycan əsilli insanlar var. Azərbaycandan bura çalışmağa gələnlərlə, burada təhsil alan azərbaycanlılarla daim maraqlanırıq. Van, Ərzurum və digər vilayətlərdəki azərbaycanlıların hamısı ilə əlaqəmiz var. Onları bir Azərbaycan vətəndaşı kimi özlərini tək hiss etməmələri üçün əlimizdən gələni edirik. Biz istəyirik ki, azərbaycanlı tələbələr ictimai həyatda ölkəmizi layiqincə təmsil etsinlər. Konsulluğun dəstəyi ilə Qarsdakı Qafqaz Universitetində azərbaycanlı tələbə təşkilatı aradılıb. Onlarla da çox sıx işləyirik. Çalışırıq ki, onlar özlərini burda müsbət mənada göstərə bilsinlər. - Qarsdakı Qafqaz Universitetinin rektoru Sami Özcan azərbaycanlı tələbələrin yataqxana problemi olduğunu bildirib. Hətta azərbaycanlı iş adamlarını burada onlar üçün yataqxana inşa etməyə çağırıb... - Yataqxana problemini universitet rəhbərliyi özü həll etməlidir. Bizdə olan məlumata görə, yataqxanada da, şəxsi evlərdə kirayə qalan azərbaycanlı tələbələr var. Bizə yataqxana ilə bağlı müraciətlər olur. İmkan daxilində köməklik edirik. Amma yenə deyirəm ki, universitet xaricdən tələbə cəlb edirsə, onların yataqxana problemini də həll etməyə borcludur. Geri dön |