Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İslam dini > Mingəçevirdə -Ənənəvi İslam dəyərləri və müasirlik- mövzusunda regional konfrans keçirilir
Mingəçevirdə -Ənənəvi İslam dəyərləri və müasirlik- mövzusunda regional konfrans keçirilir |
Bu gün Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə bölgədə fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar iştirak edirlər. Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül-çiçək dəstələri düzüblər. Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov maarifləndirmə məqsədilə keçirilən konfransın əhəmiyyətindən danışıb, şəhərdə qeydiyyatdan keçən dini icmaların hamısına fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini qeyd edən N.Bayramov dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, dini etiqad azadlığının təmin olunması, şəhərdə dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib. M.Qurbanlı ölkəmizdə tarixən tolerantlıq mühitinin, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü, dövlət-din münasibətlərinin zəngin milli tarixi ənənəyə əsaslandığını və beynəlxalq hüquqi normalarla tənzimləndiyini qeyd edib: “Milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli mənəvi dəyərlərimizi də qoruyuruq. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar insanların düşüncələrində mənfi fikir yaradır. Buna görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir". Dövlət Komitəsinin hüquq-mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan M.Qurbanlı radikalizmin qarşısının alınmasında bu tədbirlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkəmizdə dini radikalizmin sosial bazası yoxdur: "Həyata keçirilən tədbirlər nəticəsində radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün strukturları, o cümlədən qeyri-hökumət təşkilatları və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir. Komitə sədri qeyd edib ki, biz milli mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və yaşatmalıyıq". Konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının dekanı Nizami Zeynalov ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edərək, dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar. Konfransın açılış nitqlərindən sonra DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarovun moderatorluğu ilə "Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği" mövzusunda ilk panel keçirilib. Paneldə DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov “Milli-mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzusunda məruzəsi dinlənilib. Sonra məruzə ətrafında müzakirələr aparılıb. Konfrans sabah işini plenar iclasla davam etdirəcək. İclasda “Ənənəvi İslamın təbliği – dini radikalizmlə mübarizə vasitəsi kimi” və “Zərərli dini cərəyanlar və onların təbliğat metodları” mövzusunda məruzələr dinləniləcək. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı konfransdan sonra şəhərdəki Heydər məscidində dindarlar və icma üzvləri ilə görüşüb. Geri dön |