Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar > Güney Azərbaycan bu həftə
Güney Azərbaycan bu həftə |
Güney Azərbaycanda və 40 milyon Türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası və qısa icmalı
-Bu həftə Güney Azərbaycanın əsas xəbəri “Traxtur”-“İstiqlal” qarşılaşmasından sonra baş verən hadisələr oldu. Belə ki, Tehranın Azadi Stadionunda bu şəhərin “İstiqlal” Futbol Komandası ilə Təbrizin “Traxtur” Futbol Komandası arasında keçirilən müsabiqə “Traxtur”-un kəskin qələbəsi ilə sona çatdıqdan sonra, fars şovinistləri yenə türklərin qələbəsini həzm edə bilməyib, təhqirə əl atdılar. Azərbaycanlıların birlik rəmzinə çevrilmiş “Traxtur”-un, farsların “qürur” hesab etdikləri “İstiqlal” Komandasını öz şəhərində 4-1 hesabı ilə əzməsini fars şovinistləri öz qürurlarının əzilməsi hesab etdilər və elə stadiondaca türkləri açıq şəkildə düşmən adlandıraraq, “Traxtur” azarkeşlərinə hücum etdilər. Onlar “Təbriz şəhəri -düşmən”, “bəd zat, “div”, “İran düşməni” və s. kimi alçaldıcı və nifrət dolu şüarlar səsləndiriblər. Buna cavab olaraq “Traxtur” tərəfdarları da milli şüarlar səsləndiriblər. Oyundan sonra isə, soydaşlarımız Tehranın küçələrində milli ab-hava yaradıb və küçələrdə də bir çox şüar səsləndiriblər. Onlar gur səslə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Təbriz Bakı Ankara – Biz hara farslar hara?!” və s. kimi şüarlar səsləndirib. Bütün bu baş verənlər Güney Azərbaycanda sosial şəbəkələrin ən çox müzakirə olunan mövzusuna çevrildi. Müzakirələr vaxtı yayılan daha bir videoda “İstiqlal”-ın baş məşqçisinin “Traxtur”-u və türkləri təhqir edən videosunun yayılması isə, farsların bir daha Azərbaycana və azərbaycanlılara olan münasibətini göstərməklə bərabər, onların nə qədər açiz olduqlarını da ortaya qoymuş oldu. Həftənin sonunda isə İran üzrə futbol klublarının super liqa oyununda “Traxtur” Tehranın daha bir komandası olan “Neft”-lə olan oyunu bərabər hesabla başa vurdu- 3:3. İran üzrə futbol klublarının super liqasında “Traxtur” de-fakto qalib olsa da, bəzi komandalar arasında aparılan danışılmış oyunlar səbəbindən, xal hesabı ilə “Traxtur” liqanın ikincisi oldu. -Ötən fəftə 1il müddətinə azadlıqdan məhrum edilən milli-mədəni fəal Mehdi Deyhəminin evindən tapılan kitabları məhkəmənin qərarı ilə bu həftə məhv edilib. İran məhkəməsi Azərbaycan və Türk tarixi, dili və mədəniyyətinə aid kitabları "pantürkist ədəbiyyat" elan edərək məhvinə qərar verib. -Digər milli-mədəni fəallardan Əli Rzayi mülki vəsiqə qarşılığında müvəqqəti azadlığa buraxılıb, Lətif Həsəninin isə həyat yoldaşı təhdid edilərək, əmək haqqısını ala bilmədiyi üçün verdiyi şikayətin geri götürülməsi istənilib. -Bu həftə Güney Azərbaycanın Xoy şəhərinin Şəhər Şurası, şəhər əhalisinin alqışına layiq addım atıb. Belə ki, Şura tərəfindən şəhərin girişinə üzərində “Xoy şəhərinə xoş gəldiniz” cümləsi yazılmış tablo asılıb. Həmin cümlə türk dilindən başqa fars və ingilis dillərində də yazılıb. Burada iki məsələ xüsusi diqqət çəkir. Birincisi cümlənin türk dili və Anadolu ləhcəsində yazılmasıdır, ikincisi isə tabloda latın əlifbasının əks olunmasıdır. Hansıki İran coğrafiyasında belə hallara çox az rast gəlinir. Şərhçilərin fikrinə görə, bu kimi hadisələr ilk baxışda kiçik görünsə də, Azərbaycan Milli Hərəkatı fəaliyyətlərinin məntiqi nəticəsi kimi başa düşülməlidir. -Türkiyə Cümhuriyyətinin İrandakı səfiri isə, ölkəsinin İran və Şərqi Azərbaycanla əməkdaşlıq əlaqələrinin genişlənməsində maraqlı olduğunu bildirib. Rza Hakan Tekin 4-cü gün Şərqi Azərbaycan valisi ilə görüşü zamanı jurnalistlərlə də söhbəti olub. Şərqi Azərbaycanın yüksək potensialından danışan səfir bildirib ki, “Təbriz və Şərqi Azərbaycan İran-Türkiyə əlaqələrinin inkişafında mühüm rol oynaya bilər.” R.H.Tekin əlavə edib ki, “Türkiyə prezidentinin İrana son səfəri iqtisadi və ticarət əlaqələrinin inkişafına zəmin olduğunu göstərir.” Şərqi Azərbaycan Vilayəti ilə yüksək əlaqələrinin olduğunu diqqətə çatdıran səfir İranla Türkiyənin tarixi əlaqələrə malik olduğunu bildirib və iki ölkə arasında ortaq dini, mədəni və dil bağlılığından söz açıb. -Dünya türklərinin Güney Azərbaycana münasibəti baxımından daha bir önəmli hadisə isə, İstanbulda güneyli məhbusların azadlığa buraxılması üçün imza toplama kampanıyasının keçirilməsi. İstanbul Beşiktaş meydanda keçirilen Türk Dünyası Gənclik şölənində Güney Azərbaycan ıstandında, İran həbsxanalarında olan Güney Azərbaycan milli fəallarının özgür qalmaları için İmza kampanıyası keçirildi.Keçirilən imza kampanıyasında yüzlərlə insan iştirak etdi. Bu imza kampanıyası GAMOH təşkilatı yönətim qurulu və səmpadları tərəfindən keçirildi. Keçirilən imza kampanıyasında Türkiyəli vətəndaşlarımız və başqa ziyarətçilərimizə həbsdə olan Güney Azərbaycan Milli fəalalrımızın və iran adlanan ərazidə yaşıyan məzlüm millətimizin durumların anlatmağa çalıştıq. İstanbul Beşiktaş meydanında keçirilən Türk Dünyası Gənclik Şölənində Güney Azərbaycan ıstandından bənzərsiz ziyarətlər olundu. Türk dünyası gənclik şöləni 2 gündə 9 ve 10 mayıs 2015də İstanbul beşiktaş meydanda Ülkü Ocakları başkanlığında keçirildi. İstanbul boğaz sahilinin gözəllik eşliğində keçirilən şöləndə Ahmet Yıldızdoğan və Ali Kınık bəyin könserləridə keçirildi bu programlar bənzərsiz gənclərin bəyənmələrilə dəvam etdi.Türk Dünyası Gənclik Şölənində dünyada yaşayan tüm türk soylarına (Güney Azərbaycan türkləri, Kırım Türkləri ,İrak türkmənləri, süriyə türkmənləri, doğu türkistan türkləri, kazak türkləri və..) ıstandlar verilmiştir və hər kəs kəndi dərgilərin və kültürəl ürətilərin ıstandlarında göstərirdilər. Güney Azərbaycan Türklərin bu programda GAMOH təşkilati təmsil edirdi. GAMOH yönetim kurulu üyələri və gamoh səmpatları bu ıstanda güney azərbaycan millətinin öncüll insanları , həpistə olan milli fəalları ,güney azərbaycan uğrunda şəhid olan fəalarının və güney azərbaycanın məzlüm millətinn səsin şölən ziyaretçilərinə duydurmağa çalıştılar. -Bu həftə Azərbaycannın “Öyrənci Günü” münasibəti ilə “Öyrənci Hərəkatı” adlı məqalə Təbriz universitetində geniş miqyasda yayılıb. Mayın 9-da türk və fars dillərində nəşr edilən Ərk dərgisi, Təbriz universitetində 1000 tirajda yayılmanıb və bu şəkildə sözü gedən məqalə türk öyrəncilərinə çatdırılıb. Məqalədə Öyrənci Hərəkatlərı, xüsusi ilə də Azərbaycan coğrafiyasında baş verən Hərəkatdan bəhs edilir. Qeyd edək ki, mayın 9-u Güney Azərbaycanda əlamətdar bir gündür və türk öyrəncilərinin böyük fədakarlıqlarının ildönümüdür. 1995-ci il Təbriz və digər Azərbaycan universitetlərinin türk öyrənciləri, öyrənci mübarizəsində yeni tarixin təməlini qoyublar. Bu gün hər il türk öyrənciləri tərəfindən “Öyrənci Günü” kimi qeyd olunur. -Qəzvin, Miyana və Ərdəbil şəhərlərində işçi etirazları keçirilib. Bu həftə Azərbaycan vilayətlərində ölkənin digər bölgələri ilə bərabər davam edən müəllim etirazlarından əlavə Qəzvin, Ərdəbil və Şərqi Azərbaycan vilayətlərində işçi mitinqləri də təşkil olunub. Yayılan məlumata istinadən, Təbriz, Ərdəbil, Urmiyə, Zəncan, Həmədan və Qəzvin şəhərlərində yüzlər müəllim təhsil nazirliyi binaları önünə toplanaraq müəllimlərin ümumölkə “səssiz mitinqlərinə” qatılıblar. Təbriz mitinqlərində açılan plakatlar üzərindəki yazılarda ayrı-seçkilik siyasətlərinə qarşı bütün müəllimləri ayağa qalxmağa çağırarkən, etirazlara qatılan müəllimlərin adlarının Şərqi Azərbaycan təhsil idarəsi tərəfindən polisə verilməsinə etiraz bildirilib. Təbriz mitinqləri ilə bağlı xəbərləri Dana və Anaj kimi xəbər saytları yayıb. Həmçinin İLNA xəbər agentliyi Qəzvin şəhərində iki aydır maaş almayan İran Elektrik Sayğac Qayırma zavodunun işçilərinin etiraz aksiyası keçirdiyini bildirib. Maaşını almayan 480 işçidən təqribən 60 nəfəri zavodun idarəetmə ofisinə toplanaraq həm gecikmiş maaşlarını, həm də sığorta problemlərinin çözülməsini tələb ediblər. Ərdəbil vilayətinin yerli internet qəzetlərinin yaydığı xəbərə görə, ötən günlərdə müxtəlif bölgələrdə çalışan işçilər Ərdəbil Sosial Müdafiə idarəsi önündə mitinq təşkil edərək məsulları əməkçilərin sığorta problemlərinə diqqət göstərməyə çağırıblar. Oyan News saytı isə Şərqi Azərbaycan vilayətinin Miyana şəhərində yerləşən “Azərbaycan Polad” zavodu işçilərinin etiraz aksiyası təşkil etdiyini yazıb. Yayılan məlumata görə, təqribən 5 aydır maaş almayan 200 işçi Miyana qubernatorluğu toplanaraq gecikmiş maaşlarını tələb ediblər. -Əhvazda İranın təhlükəsizlik qüvvələri ilə ərəb gəncləri arasında qarşıdurma yaşanıb. “Ələrəbiyyə” xəbər agetliyinin yaydığı məlumatda bildirilir ki, qarşıdurma bazar günü saat 21 radələrində Əhvazın Bazar-i Kiyan məhəlləsində baş tutub. Belə ki, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları 4 Pejo markalı maşınla Əhməd Səvari adlı bir ərəb gəncini yaxalamaq məqsədi ilə məhəlləyə gedib və gənci “Fulad-Əlhilal” müsabiqəsindən sonra keçirilən etiraz aksiyasına qatıldığına görə yaxalamaq istəyiblər. Lakin ETTELAAT məmurlarının bu əməli gənclər tərəfindən müqavimətlə qarşılanıb və nəticədə qarşıdurma yaşanıb. Qarşıdurma nəticəsində Əhməd Səvarinin 15 yaşlı qardaşı Məsud Səvari yaralanıb, özü isə saxlanılıb. Belə ki, Gənclər Əhməd Səvarini məmurların əlindən almağa çalışdıqları zaman, hökumət qüvvələri atəş açıb və Məsud Səvari yaralanıb. Mənbə bir neçə ərəb gəncinin yaxalandığını da bildirib. -Güney Azərbaycanın müxtəlif bölgələrini bürüyən işsizlik, bir çox ictimai problemlərə yol açır. Təcrübəyə görə, işsizlik səviyyəsinin artması narkomaniyanın (mötadlıq) yayılması, çayxanaların sayının artması, küçə davaları, boşanma hallarının artması və s. kimi ictimai problemlərlə müşayiət olunur. Şərqi Azərbaycan Vilayəti narkotik (müxəddir) maddələri ilə mübarizə mərkəzinin koordinasiya şurasının məsulu Şərqi Azərbaycanda çayxanaların artması ilə bağlı öz nigaranlığını bildirib. Məhəmmədəli Nüsrəti Məlikan şəhərində keçirilən tədbirdə bildirib ki, “Şərqi Azərbaycan Vilayətində çayxanaların sayının artması nigaranlıq doğurur, ona görə də bütün vasitələrdə istifadə edərək bu problemin genişlənməsinin qarşısı alınmalıdır.” O əlavə edib ki, “çayxanalarda meyvə dadlı tənbəkilərin istifadəsi gündən-günə artır və gənclər bu tənbəkilərin ziyanlarını bilmədən ona tərəf meyillənir.” M.Nüsrəti narkotik maddələri qaçaqmalçılarına da mesaj ünvanlayıb. O vurğulayıb ki, “bu il narkomanlar ciddi şəkildə toplanılacaq və qaçaqmalçılar üçün yaxşı il olmayacaq.” -Zəncanda isə, su qıtlığı təhlükəli duruma gəlib. İran xəbər agentlikləri Zəncan vilayətinin mərkəzi Zəncan şəhərində su böhranı ilə bağlı vəziyyətin təhlükəli, vilayətin bir neçə digər şəhərində isə durumun təhlükəliyə yaxın olduğunu bildirir. İSNA və Mehr agentlikləri Zəncandakı su qıtlığı ilə bağlı məlumatı vilayətin su idarəsinin sədr müavini Əli Məmməd Nadirxaniyə istinadən yayıblar. “Bu xəbərdarlıq ciddiyə alınmalıdır. Təəsüflə Zəncanda su qıtlığı qırmızı (təhlükəli) vəziyyətdədir. Durum vilayətin digər şəhərlərində də yaxşı deyil. Əbhər, Qeydar, Mahnişan və Sührəvərd şəhərlərində vəziyyət narıncıdır (təhlükəliyə yaxın)”-deyə Nadirxaninin sözləri mediada əks olunub. Xəbər agentlikləri 2014-cü ildə də Zəncanın 355 kəndinin sağlam içməli su qıtlığı ilə qarşı qarşıya olduğunu bildirmişdi. İran mediasına müsahibə verən yerli məsullar və ekspertlərin dediklərinə görə, su qıtlığının təhlükəli duruma çatdığı zamanlarda xüsusilə kəndlərdə kirli su vasitəsilə meydana gələn xəstəliklər yayılmağa başlayır. Veb səhifələri İran Azərbaycanının digər vilayətlərinin kəndlərində də içməli su ilə bağlı ciddi sıxıntıların mövcüd olduğu yazırlar. Urmiyə Gölü ətrafındakı ekoloji böhran Şərqi və Qərbi Azərbaycan vilayətlərinin kəndlərində yeni su böhranının meydana çıxmasına səbəb olub. -Bu həftə Güney Azərbaycanda əhali Azərbaycan şəhərlərində yarımçıq qalmış projelərin tamamlanmasını tələb edib. Güney Azərbaycanın əksər bölgələrində çoxsaylı proje büdcə yetərsizliyi səbəbindən uzun illərdir tikilib təhvil verilmir. Mayın 20-də İran prezidentinin Şərqi Azərbaycana səfərinin gözlənildiyi bir vaxtda, mətbuat Binab şəhəri əhalisinin istəklərini dərc edib. Məlumatda bildirilir ki, “Binab şəhərində bir çox yarımçıq qalmış proje var və onların çoxu uzun illərdir tamamlanmadığı üçün artıq tarixi əsərə çevrilməkdədir. Binab əhalisinin əsas istəyi yeni projelərin başlanmasından daha çox, yarımçıq almış layihələrin tamamlanmasıdır”. Zəncan Şəhər Şurasının sözçüsü də bu şəhərdə işləri dayandırılmış və yarımçıq qalan projelərin tikilib təhvil verilməsini istəyib. Səid Ümidi Zəncan Bələdiyyəsinin bu məsələyə diqdət yetirməli olduğunu vurğulayaraq bildirib ki, yarımçıq qalmış projelər Zəncan şəhərinin görkəminə mənfi təsir edib. Şura sözçüsü sözü gedən layihələrin tamamlanmasını əhalinin əsas istədiyi olduğunu da xüsusi vurğulayıb. O bir neçə yarımçıq qalmış projenin adına işarə edib və onların 10 ildən çoxdur tikilib təhvil verilmədiyini bildirib. S.Ümidi əlavə edib ki, şəhərdə kifayət qədər problem yaradan projelərin tikilib təhvil verilməsində artıq gecikmək olmaz. -Bunlardan əlavə, bu həftə Iran adlanan ölkədə 700 universitet müəllimi ali təhsil ocaqlarına təzyiqlərin dayandırılmasını tələb edib, “Əl-Şəbab” yaraqlıları 14 İran matrosunu oğurlayıb, İran partrul gəmiləri Ərəb Körfəzində Sinqapur bayrağı ilə hərəkət edən yük gəmisinə atəş açıb, İranın islami irşad və mədəniyyət naziri Əli Cənnəti Ölkəyə informasiya axınının qarşısını almaq artıq mümkün olmadığını bildirərək hökümətin əhalinin xarici mətbuata çıxışını bloklamaq cəhdlərinin mənasız olduğunu etiraf edib. Nüvə danışıqları ilə bağlı isə İranda gündəmi tutan bir neçə bəyanat oldu. Onlardan biri Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amanonun “İranın hərbi məzkəzlərinə baxış keçirilməsi mümkün olmalıdır” ifadəsi, digəri isə Xamneyinin müşaviri Əli Əkbər Vilayətinin “Razılaşma olsa da İranla ABŞ münasibətlərinin adiləşməsi gözlənilmir” açıqlaması idi. Şərhçilər isə bu şəkildə davam edən diplomatiyanın uğurlu nəticə verəcəyinə ümidlə yanaşmadılar. Həftə sonu isə Konqres İranla sazişi pozmaq imkanı verən qanunu qəbul etdi. Bunun ardınca isə ABŞ prezidenti zirvə toplantısında ərəb liderlərini bir daha əmin etməyə çalışıb ki, İran ilə əldə olunacaq nüvə razılığı onların Vaşinqtonla əlaqələrinə təsir göstərməyəcək. B.Obama ABŞ-ın körfəz liderləri qarşısındakı təhlükəsizlik öhdəliklərinə sadiq qalacağını vurğulayaraq, “İran təhlükə yaratsa, hərbi müdaxilə nəzərdən keçiriləcək” bəyanatını verdi. Hazırladı: Milli Dirçəliş Hərəkatı Partiyasının İdeologiya Şöbəsi 16.05.2015 Geri dön |