Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Himnin müəllifinin kim olması o qədər də önəmli deyil”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > “Himnin müəllifinin kim olması o qədər də önəmli deyil”

“Himnin müəllifinin kim olması o qədər də önəmli deyil”


Cümhuriyyət dövrü jurnalistikasının tədqiqatçısı Nəsiman Yaqublu

“Bu məsələ çox ciddi araşdırılmalıdır, yalnız bundan sonra hansısa fikir səsləndirilə bilər. İndidən hökm verilməsini doğru saymıram ”. Bu fikirləri tarixçi alim Nəsiman Yaqublu deyib.

Nəsiman Yaqublu deyib ki, obyektivlik naminə himnin sözlərinin kimə məxsus olması məsələsi dəqiqləşdirilməlidir, ancaq bu, müəyyən problemlər yaradacaq: “Mehmet Akif Ərsoy Türkiyə Cümhuriyyəti himninin sözlərini heç bir kitabına daxil etməyib. Ondan bunun səbəbini soruşduqda isə deyib ki, himn mənim yox, bütün xalqındır. Mənə elə gəlir ki, biz də məsələlərə məhz bu prizmadan yanaşmalıyıq. Himnin mətn müəllifinin kim olması o qədər də önəmli deyil, əsas olan odur ki, himn bütün xalqındır.

Başqa bir maraqlı məqam da var: 1988-ci ildən himnin mətninin müəllifi kimi Əhməd Cavadın adı çəkilib. 20 ildir ki, bütün dünya bunu belə qəbul edib. İndi desək ki, himnin müəllifi Əhməd Cavad yox, bir başqasıdır, dünya bunu necə qəbul edər? Bu barədə də düşünmək lazımdır”.

“Himnin mətninin Əhməd Cavada məxsus olmasını təsdiqləyən yazılı mənbələr varmı?” sualına cavab verən Nəsiman Yaqublu bildirib ki, Türkiyədə çap olunan kitablarda buna rast gəlib. Ancaq tarixçi alim konkret ad çəkməyib.

Nəsiman Yaqublu sonda onu da vurğulayıb ki, Əhməd Cavadın bəzi əsərləri it-bata salınıb: “Məsələn, Əhməd Cavadın “Sədəf” romanı çap olunmayıb. Əhməd Cavad “Pələng dərisi geymiş pəhləvan”ı tərcümə edib, ancaq bu tərcüməni başqasının adına çıxıblar. O vaxt Əhməd Cavadın əsərlərini kitab halına salmaq üçün Ruhulla Axundova vermişdilər, sonradan o da repressiyaya məruz qaldı. Allah bilir, o zaman nə qədər əsər it-bata düşüb. Ola bilsin ki, himnin sözləri də itib-batmış əsərlər sırasındadır.

Ümumiyyətlə isə himnin müəllifini yox, himndə xalqın özünü axtarmaq lazımdır”.

Yada salaq ki, ədəbiyyatşünas alim, tənqidçi, “Xalq qəzeti”nin şöbə müdiri İlham Abbasov Kulis.az-a verdiyi müsahibədə Azərbaycan Respublikası dövlət himninin sözlərinin Əhməd Cavada yox, Camo bəy Cəbrayılbəyliyə məxsus olduğunu iddia edib və bəzi dəlillər gətirib.

Ağa CƏFƏRLİ

Geri dön