Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > Gəlin, elə edək ki, bir daha yanmayaq
Gəlin, elə edək ki, bir daha yanmayaq |
16 qatlı binanın yanması yadıma bir olayı saldı. 3 il öncə bir ofisimiz vardı. Dostlardan biri qarşılıqsız vermişdi, işlədirdik. Yeni, 16 qatlı yaşayış binasının 1-ci qatında yerləşirdi. Heydər Əliyev prospekti, 101 ünvanındakı bu bina bizim üçün çox əlverişli idi.
Günün birində bir dəstə işçi gəlib binada “abadlıq” işlərinə başladı. Qapımızın ağzına qədər qurğular quruldu, səs-küy aləmi götürdü. Öyrəndik ki, binaya üzlük çəkəcək, bütün pəncərələrini dəyişəcəklər. Üzlük işi başlayanda bunun nə olduğunu soruşduq. Plastik kütlədən ibarət olduğu deyildi. Bir parçasını götürüb baxdıq və yanğın sınağından keçirdik. Qov kimi yandı. Kənd uşaqları bilər, qov dediyimiz bir quru göbələkdir ki, uşaqlıqda meşədə, çöldə od yandırmaq üçün ondan istifadə edərdik. Adi bir qığılcım bəs edir ki, qov alışsın. Elə bu plastiklər də həmin o qov örnəyi adi bir qığılcımla yanır. Biz adamlara bunun təhlükəli olduğunu da dedik əlbəttə. Təbii ki, oradakı işçilərin cavabı bu oldu ki, bizlik bir şey yoxdur. Haqlıydılar. Onlarlıq bir şey yox idi. Onda dostlara dedim ki, bu bina bir gün şam kimi alışıb yanacaq. Adi bir qığılcım bəs edəcək ki, bina yansın. Qığılcımın yerini də dedim: bizim bəzi bivec insanlarımızın çəkdiyi siqareti balkondan, pəncərədən aşağı tullaması bu yanğın üçün mənbə ola bilərdi. Hələ küləkli günlərdə bu, əməlli-başlı yanğın törədə bilər. Allah göstərməsin, bu il aprelin 10-da Nobel prospektində bir binanın bu üzlüklər üzündən yanması baş verərkən, o məsələni xatırladım. Həmin gün küləkli idi və yanğının əl-ayağını yığışdırmaq asan olmadı. Böyük bir faciə yaşandı. Amma biz dərs almadıq… İndi də bu 16 qatlı binanın yanması. Eyni səbəbdən. Daha şiddətli bir faciə. 15 nəfərin ölməsi. Bir ailənin büsbütün yox olması. Böyük bir binanın şam kimi yanması. Özü də küləyin müşayiətilə… İstər-istəməz sual etməli olursan ki, bu qov kimi yanar maddəni üzlük adına divara hörənlər doğrudanmı bu qədər düşüncəsizdir? Və istər-istəməz sual edirsən ki, bu üzlüyün istifadəsinə icazə vermiş yanğın təhlükəsizliyi məsulları doğrudanmı onun güvənli olduğunu təsbit edə biliblər? Hər halda bu suallara hadisədən dərhal sonra Prezidentin sərəncamıyla qurulmuş komissiya cavab tapacaq. Özü də ən qısa müddətdə! Bu yanğın bir də onu üzə çıxardı ki, marığa yatmış bəzi fürsətçilər hətta bu faciədən də istifadə edəcək qədər aşağıya endilər! Baxırıq. Sosial şəbəkələrdə, onlayn mediada “rejimin insanları diri-diri yandırdığı”ndan söz edirlər. Azərbaycanı gözdən salmaq üçün hər cür təxribata hazır olanlar üçün göydəndüşmə bir bəhanə oldu bu. Bu bir faciədir. Günahkarları var və artıq şübhəlilərdən biri tutulub. Yerdə qalanların tutulacağı an uzaqda deyil. 15 günahsız insanın həlak olmasına, böyük bir binanın faktiki məhv edilməsinə, insanların yuvasız qalmasına görə mütləq cavab verilməlidir! Özü də ən sərt şəkildə. Amma bunu da siyasət ayağına yazmaq doğru deyil axı. Gəlin özümüzə bir sual verək: bu yanğına görə narahat olanların nə qədəri çəkdiyi siqaretin külünü, kötüyünü küçəyə atmır? Axı bu təfəkkürdə olan insanların varlığı şəraitində dövlət nə edə bilər? Elə özümdən deyim. Şıxlinski 19 ünvanında, 9 mərtəbəli binanın 7-ci qatında yaşayıram. Bizdən yuxarıda cəmi 2 mərtəbə var. Aylardır bir (bəlkə də bir neçə) danabaş yuxarıda çəkdiyi siqaretin külünü-kötüyünü aşağı atır. Siqaretdən zəhləsi gedən birisi kimi buna çox əsəbləşirəm. Yuxarıdakı bütün qonşulardan soruşmuşam. Hamısı deyir ki, mənlik deyil. Elə isə kimdir orda siqaret çəkən və onu aşağı atan? Cəmi 2 mərtəbə var axı bizdən yuxarıda! Bax, bizim təfəkkürümüz budur! Çıxın küçəyə, onca dəqiqə müşahidə aparın. Görəcəksiniz ki, üz-gözündən ziyalıya bənzəyənlər belə siqareti hara gəldi atır! Elə istənilən binanın altında da dayanıb müşahidə apara bilərsiniz. Başınıza siqaret kötüyü düşməsə mən yalançıyam. Sözümün canı odur ki, dünənki faciənin səbəbləri arasında bu ehtimal da araşdırılmalıdır. Siqaret çəkib onu hara gəldi atanlar isə düşünməlidir ki, ətrafı çirkləndirmək bir yana, böyük faciəyə də səbəb ola bilərlər! Bunu düşünmədikcə bizim hələ çox və çox yanğınlarımız, itkilərimiz olacaq. İnsanımız bu adi gerçəyi anlamadıqca hakimiyyət nə edir etsin, belə faciələrin qarşısını ala bilməyəcək. Ölkədə insanların can və mal güvənliyi üçün, təbii ki, dövlət məsuliyyət daşıyır. Amma vətəndaşın özü də məsuliyyətdən kənar deyil axı. Dünənki faciə bir də bu ilin fevralında Dubayda 79 qatlı yaşayış binasında baş vermiş yanğını yadıma saldı. Göydələnin yuxarı qatlarının alışması, şam kimi yanması indi də gözlərimin önündədir. Amma maraqlıdır ki, həmin yanğında bir nəfərin belə burnu qanamamışdı. Demək istədiyim odur ki, binaları tikərkən təhlükəsizlik məsələlərini də tam həll etmək lazımdır. Əgər binanın çölündə baş verən yanğın zamanı sakinlər sadəcə evdən çıxa bilmirsə, burda bir çatışmazlıq var yəqin ki. Sözümün sonunda özünü odun içinə ataraq həyatını təhlükə altında qoyub sakinləri xilas edən qəhrəman polislərimizə, fövqəladə halların işçilərinə, öz su maşınıyla ora su daşıyan sadə vətəndaşımıza ürəkdən təşəkkür etmək istərdim. Bu faciə bizi nə qədər göynətdisə, öz həyatını düşünmədən qəhrəmancasına mücadilə edənlərimizin dünyanın hər tərəfində təqdirlə qarşılanan şəkillərini görmək məni bir o qədər qürurlandırdı! Mənim dövlətim, mənim vətəndaşım bu qədər duyarlı, bu qədər fədakardır həm də! Və lap sonda: gəlin, elə edək ki, bir daha yanmayaq. Geri dön |