Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İki Azərbaycan
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > İki Azərbaycan

İki Azərbaycan


İki Azərbaycan var. Bunlar bir-birinə daban-dabana ziddir. Bu iki Azərbaycan bir-birinə qarşı ölümünə mübarizə aparır.

İlk və mənim də içində olduğum Azərbaycan iddialıdır. Dünyada özünə layiq yer tutmaq, mövqelərini bəşəri dəyərlər üzərindən möhkəmləndirmək istəyir bu Azərbaycan.

İlk Azərbaycan dünyada bugünədək əldə edilmiş ən mütərəqqi dəyərləri özündə ehtiva edir.

Bu Azərbaycan çoxmədəniyyətli, xoşgörülü, fərqli din və millətdən olan insanların rahat və arxayın yaşaması üçün ən uyğun ölkədir.

Bu Azərbaycanda insan özünü çox rahat hiss edir. Qanunlar işləyir, insan ləyaqətinə sayğı var, dialoq mühiti mövcuddur.

Burada insanların öz aralarında, həm də dövlət rəsmilərilə münasibətləri də ən iddialı dövlətlərdəkindən heç də aşağı səviyyədə deyil.

Tənqidə, fərqli fikrə ən yüksək səviyyədə dözümlü yanaşma var mənim Azərbaycanımda.

Təhqirə yer olmayan, amma tənqidin təmkinlə qəbul edildiyi bu Azərbaycanda hər kəs azaddır, sərbəstdir, qorxudan sığortalanıb.

Bu Azərbaycanın başında Prezident İlham Əliyev dayanır. Şübhə edən varsa, onun davranışlarını, çıxışlarını, nümayiş etdirdiyi təmkin və səbri nəzərdən keçirsin.

Eyni zamanda məhz onun əsəri olan ASAN xidməti göz önünə gətirin. Milyonlarla insana xidmət qarşılığında bir dəfə də olsun şikayət edilməyən bu xidmət İlham Əliyevin əsəridir.

Prezident İ.Əliyev məhz bu cür Azərbaycan arzu edirdi və onu məhz bu təməllər üzərində möhkəmləndirdi.

Əyər-əskiyimiz də var bu Azərbaycanda. Amma Prezidentin özü şəxsən onların aradan qaldırılması üçün gecəli-gündüzlü çalışır.

Onun bu xəttini doğru-dürüst anlayanlar da Prezidentin arxasındadırlar.

Prezident İ.Əliyevin başçılıq etdiyi bu Azərbaycanın ayaqda qala bilməsi üçün onun ən yaxın ətrafındakı gerçəkdən sadiq komanda üzvlərindən tutmuş komandaya daxil olmadan çalışanlar var. Bir-birindən çox zaman xəbərsiz olan bu insanları birləşdirən amal ilk Azərbaycanın ayaqda durmasından başqa bir şey deyil.

İkinci Azərbaycan isə bir fəlakətdir!

Bu Azərbaycan tam-tamına birincinin ziddinədir, onun ayaqlarının altını qazır.

İkinci Azərbaycanda cənab Prezidentin özünə qarşı durmadan fəaliyyət göstərənlər toplaşıb. Onların bəziləri hətta Prezidentə yaxın məsafədə yerləşir.

Bunlar Prezidentə yalan məlumatlar verir, onun qarşısında özlərini məsum, quzu kimi göstərir, hətta bəzən timsah göz yaşları da axıdırlar.

Bu adamların yalanları ona gətirib çıxarır ki, günün birində, dünyada ilk dəfə keçiriləcək 1-ci Avropa Oyunlarına az müddət qalmış Bakıda 16 qatlı bir bina şam kimi alışıb yanır!

Bina yanır, 15 günahsız insan evinin içindəcə məhv olur!

Körpələr, köməksiz insanlar heç bir şeydən xəbərsiz birinci Azərbaycana xəyanət edənlərin üzündən həyatla vidalaşmalı olurlar!

Bu binanın yanmasına səbəb olmuş xainlər və onların havadarları yenə də Prezidentə yalan satmağa çalışır!

Amma Prezident də Prezidentdir axı! Onlara qətiyyət göstərir və vəzifəsindən, sosial durumundan asılı olmayaraq günahı olan hər kəsin cəzalandırılacağını əminliklə deyir!

Deyir və dərhal da bu yöndə ilk addımlar atılır!

İkinci Azərbaycanı inadla “ayaqda tutmaq” istəyənlər də gecə-gündüz çalışırlar ki, bizi dünyaya rəzil etsinlər!

Bu şərəfsizlər Bakının sağında-solunda torpaqları qarış-qarış satırlar! Ən adi bir məsələdə belə vətəndaşı get-gələ salır, yazıq insanların göz yaşlarına baxmadan rüşvət alırlar!

Bunlar ən əxlaqsız bir zümrədir ki, Azərbaycanın bütün uğurlarına kölgə salacaq əməllərə imza atırlar!

Bunların harın balaları sağda-solda bahalı maşınlarıyla insanları rahatsız edir, gecələri barlarda keçirib gündüzləri yatmaqla ömür sürürlər!

Bunlar insanlıqdan uzaq, Vətən, Dövlət, Millət anlayışı olmayan sürüdən başqa bir şey deyillər!

Canları cəhənnəmə deyib keçərdik, amma keçə bilmirik!

Çünki onların üzündən evimizin içində belə canımızın güvənliyi təhdid altındadırsa, bunlar insan deyil ki!

Biz bu Azərbaycana qarşıyıq! Biz bu Azərbaycanın birdəfəlik yox edilməsi, birinci Azərbaycanın əbədi yaşaması üçün Prezidentin arxasındayıq! Həm də sonadək!

Sözardı: Bugünlərdə mediada baş nazirin müavini Abid Şərifovun jurnalistin sualına çox kobud bir cavab verməsini gördük. Çox üzüldük! Olmaz belə, Abid müəllim, olmaz! Bu əməlinizlə siz ikinci Azərbaycançı olduğunuzu göstərirsiniz! Sanki iki gün öncə cənab Prezidentin qabağında quzu kimi farağat durub yazıq görkəm alan siz deyildiniz! Sizdiniz, biz bunu gördük! Lütfən, zəhmət çəkin, vətəndaşa, jurnalistə münasibətdə də sayğılı olun! Necə ki, cənab Prezident sayğılıdır, siz də sayğılı olun! Ondan artıq birisi olmadığınızı hər halda bilməmiş deyilsiniz sanırıq…

Geri dön