Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla bağlı Ermənistan qarşısında tələb qoydu
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İslam dini > İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla bağlı Ermənistan qarşısında tələb qoydu

İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanla bağlı Ermənistan qarşısında tələb qoydu


Mayın 27-28-də Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı xarici işlər nazirləri Şurasının “Tolerantlığın gücləndirilməsi və terrorizmdən imtina edilməsinə ortaq baxış” başlıqlı 42-ci toplantısının Yekun Bəyannaməsi qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bəyannamənin preambulasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmətin vacibliyi bir daha vurğulanır.

Sessiyada “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” adı altında qəbul edilmiş qətnamədə Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü kəskin şəkildə pislənilir, Ermənistan silahlı qüvvələri tərəfindən mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşiliklər insanlığa qarşı cinayət kimi qiymətləndirilir və BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilməsi tələb edilir. Sənəddə eyni zamanda, Azərbaycana münaqişə zamanı dəymiş zərərin ödənilməsi üçün Ermənistandan təzminat tələb etmə hüququ tanınır və bu təzminatın ödənilməsi üzrə məsuliyyətin Ermənistan üzərinə düşdüyü qeyd olunur.

Həmçinin qətnamədə Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz və işğalın davam etdirilməsinin qarşısının alınması üçün İƏT-in üzv dövlətləri Ermənistana silah satmamağa və bu ölkəyə silah satışı qismində ərazilərindən tranzit dövlət kimi istifadəyə yol verməməyə çağırılır.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılması” adı altında qəbul edilmiş sənəddə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki tarixi, mədəni, arxeoloji, antropoloji və etnoqrafik abidələrin, maddi-mədəniyyət nümunələrinin İslam irsinin ayrılmaz tərkib hissəsi olduğu bildirilir və bu irsin dağıdılması kəskin tənqid edilir.

Bu kimi əməlləri ilə Ermənistan silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında konvensiya və onun əlavə protokollarını kobud şəkildə pozduğu qeyd olunur.

Ermənistan tərəfindən BMT Təhlükəsizlik Şurasının 822(1993), 853(1993), 874(1993) və 884(1993) saylı qətnamələrinin qəti şəkildə və qeyd-şərtsiz icra edilməsi tələb olunur.

Ermənistandan tələb olunur ki, beynəlxalq turizm sərgiləri və tədbirlərdə Azərbaycan tarixinə və mədəniyyətinə aid olan irsin özününkü kimi təqdim etməsi fəaliyyətinə son qoysun.

Küveytdə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 42-ci toplantısında Azərbaycanı xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Geri dön