Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > ERMƏNİ ƏSİRİN AZƏRBAYCANA QARŞI İDDİASI AVROPA MƏHKƏMƏSİNDƏ
ERMƏNİ ƏSİRİN AZƏRBAYCANA QARŞI İDDİASI AVROPA MƏHKƏMƏSİNDƏ |
Ermənistanda cəhənnəmi yaşayan azərbaycanlı əsirlərdən bu ölkəni məhkəməyə verən niyə tapılmır?!
Ötən həftə 22 ay Azərbaycanda əsirlikdə olan və işgəncələrlə məruz qaldığını iddia edən erməni əsirin ölkəmizə qarşı Avropa Məhkəməsində iddia qaldırdığı məlum oldu. BBC-in xəbərinə görə, Ermənistan vətəndaşı, 33 yaşlı Artur Badalyanın vəkilləri Azərbaycan Respublikasına qarşı Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərməyə hazırlaşırlar. A.Badalyanın dediyinə görə, o 2009-cu ilin may ayında meşədə göbələk axtaranda azıb və Azərbaycanın sərhədyanı Tovuz rayonunda əsir alınıb. Onu 2011-ci ilin mart ayınadək əsirlikdə saxlayıblar. Ermənistan vətəndaşı əsirlikdə onunla “insafsız” rəftar edildiyindən və nəticədə səhhətinə ciddi zərər vurulduğundan şikayətlənir. Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) ərizə hazırlamaq işində Artur Badalyana Ermənistanın Vanadzor şəhərində fəaliyyət göstərən “Populex” Strateji Məhkəmə Prosesləri Mərkəzinin vəkilləri kömək edir. Qarabağ münaqişəsi zamanı hər iki tərəfdən çoxlu sayda mülki və hərbi şəxslərin əsir düşməsinə baxmayaraq ilk dəfədir ki, erməni əsirlərdən biri Azərbaycana qarşı beynəlxalq məhkəmə instansiyasında işgəncə ittihamıyla iddia qaldırır. Əsirlərin ümumi sayı... 4046 nəfərdir Bu xəbər bizə atəşkəs dövründən sonra Ermənistanda əsirlikdə olan Azərbaycanın mülki və hərbi şəxsləri mövzusuna bir daha baxmağa məcbur etdi. Onların sayı nə qədərdir? Erməni tərəfindən işgəncələrə, təzyiqlərə məruz qalıblarmı? Qalıblarsa, niyə bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməyiblər? Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, 1 dekabr 2011-ci ilin tarixinə əsir, itkin düşmüş, girov götürülmüş şəxslərin sayı 4046 nəfər təşkil edib. Onlardan 3267 nəfər hərbçi, 776 nəfər mülki şəxslərdir. 3 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil. Söhbət Qarabağ müharibəsi dövründə əsir və itkin düşmüş şəxslərdən gedir. Dövlət Komissiyasına daxil olmuş materialların təhlili zamanı 553 nəfərin əsir və girovluqda qətlə yetirildiyi və ya müxtəlif səbəblərdən vəfat etdiyi müəyyən edilib. Onlardan 104 nəfər qadın, 448 nəfəri kişidir. 137 nəfərin yalnız adı məlumdur, 74 nəfər isə naməlum şəxslərdir. Maraqlıdır ki, Azərbaycanda saxlanılan erməni əsirlərinə hər zaman diqqət göstərilib. Hətta dəfələrlə yerli televiziyalar onlar haqqında süjet hazırlayıb. Bu zaman özləri də təsdiqləyiblər ki, vəziyyətləri yaxşıdır və heç bir kobud münasibətlə qarşılaşmayıblar. Ancaq Ermənistan Qarabağ müharibəsi zamanı əsir düşmüş və girov götürülmüş azərbaycanlılara qarşı vəhşi münasibəti ört-basdır etməyə yönələn taktikasını bu gün də davam etdirir. Rəsmi sənədlərdə bildirilir ki, əsir götürülənlərin və girovların bir çoxu Ermənistanda amansız işgəncələrə, qeyri-insani rəftara məruz qalıb, qətlə yetirilib, daxili orqanları çıxarılaraq xarici ölkələrə satılıb, bir çox hallarda isə tibbi eksperimentlər üçün istifadə edilib. Ermənistanda azərbaycanlı əsir və girovlar ağır işlərdə qul kimi işlədilir, onların harada saxlandığı Beynəlxalq Qızıl Xaçdan gizli saxlanılır. Əvvəllər dəfələrlə Azərbaycan tərəfi əsir və girovların Ermənistanda saxlanma yerləri barədə konkret dəlillərə malik olub, lakin rəsmi İrəvan bu faktlar üzrə araşdırma aparılmasına imkan verməyib. Azərbaycanlı əsirlərin orqanlarının ticarət məqsədilə istifadəsi ilə bağlı iddialar isə daha çox səslənib. Hətta Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Komitəsinin strateji proqramlar və xüsusi layihələr üzrə direktoru Agis Tsouros bunun yolverilməz olduğunu deyərək, insan hüquqlarına zidliyi barədə mühazirə ilə çıxış edib. Bütün hallarda A.Tsorus bu iddiaların araşdırılacağını da istisna etməyib. Esmira Orucova: “Ermənilər öz uşaqlarının əlinə məşəl verirmiş ki, bizim əsirlərin saç-saqqalını yandırsın...” “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova isə açıqlamasında bildirdi ki, bu günə qədər ermənilər azərbaycanlı əsirlərə qarşı qəddar, insanlıq əleyhinə əməllər törədiblər. Psixoloji, mənəvi, fiziki və seksual təzyiqlərə məruz qalan əsirlərin cəmiyyətə inteqrasiya olunmadığını vurğulayan E.Orucova onlara qarşı vəhşi davranışların tarixə keçdiyini dedi: “Bizim komitəyə müraciət edən əsirlər olub ki, onlar ermənilərdən insanlığa sığmayan işgəncələr görüblər. Qulağı kəsilən, barmaqları sınan, qızıl dişləri çəngəllə çıxarılan əsirlər olub. Bəzi kişiləri it damında saxlayıblar. Hətta azyaşlı uşaqları döyə-döyə öldürüb, xaç formasında taxtaya mıxlayıblar. Üzünə su dəyməyən, əynindəki paltar cındıra dönən əsirlərimizi isə öz azyaşlı uşaqlarına göstəriblər. Xocalıda mülki əhalidən olan biri danışır ki, ermənilər öz azyaşlı uşaqlarına üzü-gözü qırxılmamış əsirləri göstərərək onların əlinə məşəl verirmişlər ki, onların üzündəki tükləri yandırsın. Uşaq da bunu edir və həzz alırmış. Hətta əsir qorunmaq üçün başını arxaya və yana əyəndə erməni hərbi çəkmələrlə huşu itənə qədər onu döyürmüş ki, uşağının əyləncəsinə mane olmasın”. E.Orucova hesab edir ki, bu faktlarla bağlı bu günədək əsirlərin beynəlxalq məhkəməyə müraciət halı olmayıb. Müsahibimizin sözlərinə görə, bu, bir nəfərin işi deyil. Bunun üçün təşkilatlanma, planlı iş qurmaq lazımdır: “Bu işlə məşğul olan yeganə QHT bizimkidir, amma maddi problemlər üzündən hər tərəfdən əl-qolum bağlıdır. QHT-lərə Dövlət Dəstəyi Şurası bu işdə bizim kimi QHT-lərə lazımi dəstəyi göstərmir. Bu əsirlər kurortdan gəlməyib. Arasında xəstəsi də var, artıq dünyasını dəyişəni də. Sağ qalanların müraciətlərindən istifadə edib, Avropa Məhkəməsinə müraciət etmək lazımdır”. Komitə narahat deyil: “Bizim əsirlər beynəlxalq qurumların nəzarətindədir” Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov isə hesab edir ki, hazırda Ermənistan ərazisində saxlanılan və son illər əsir götürülən azərbaycanlı əsirlər beynəlxalq qurumların nəzarəti altındadır. Vaxtaşırı onlara baş çəkilir, saxlanma şəraiti ilə maraqlanır və onlara məlumat verirlər. F.Sadıqov dedi ki, onların hər hansı işgəncəyə məruz qalması və pis şəraitdə saxlanması halları olmamalıdır: “Çünki beynəlxalq təşkilatların birbaşa vəzifəsi onların saxlanması şəraitinin yaxşılaşdırılması ilə bağlıdır”. F.Sadıqov dedi ki, ermənilər bəzən əllərindəki əsirlərlə bağlı məlumatı da təkzib edirlər. Müsahibimiz hesab edir ki, Avropa Məhkəməsinə müraciət hər bir əsirin fərdi hüququdur və azərbaycanlı keçmiş əsirlər bu hüquqlarından özləri fərdi qaydada istifadə etməlidir. F.Sadıqov erməni əsirliyindən qayıdan şəxslərin həbs olunması, bu səbəbdən də çoxunun Avropa Məhkəməsinə müraciətlə bağlı təşəbbüs göstərməməsi ilə bağlı sualı da cavablandırdı. Dedi ki, həmin şəxslər əsirliyə görə həbs olunmayıb: “Bu həbslərin motivi fərqlidir. Biri gedir silahla erməni tərəfə keçir, bir başqası hərbi sirri yayır. Buna görə cinayət məsuliyyətinə cəlb olunurlar”. İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov da dəfələrlə erməni əsirliyindən qayıdan şəxslərlə söhbət etdiyini dedi. Onun sözlərinə görə, həmin şəxslər ermənilərin onlara işgəncələr verdiyini, şərəf və ləyaqətlərini alçaltdığını danışıblar: “Beynəlxalq konfranslardan birində olarkən bir hüquq müdafiəçisi mənə bildirdi ki, Şuşa türməsinin zirzəmisində azərbaycanlı əsirlər saxlanıb. Şuşa türməsində vaxtilə işləyənlər də belə bir zirzəminin olduğunu təsdiqləyir. Bizim uşaqların, qadınların başlarına nə oyunlar açıblar. Onlar öz əməllərinə bu cür bəraət qazandıra bilməzlər”. E.Behbudov dedi ki, Azərbaycan əsirliyində saxlanan erməni əsirlərlə dəfələrlə görüşüb. Müsahibimiz onların hər zaman saxlanma şəraitindən razı olduqlarını deyib: “Hətta deyiblər ki, biz ermənilərin azərbaycanlı əsirlərə münasibətindən xəcalət çəkirik. Görün siz bizə necə münasibət göstərirsiz, amma ermənilər sizin əsirlərə qarşı bunun əksini edirlər”. E.Behbudov azərbaycanlı əsirlərin beynəlxalq məhkəməyə müraciətinin vacibliyinə toxundu. Dedi ki, bunun üçün onları maarifləndirmək, bu sahəyə maliyyə ayırmaq lazımdır: “Çox təəssüf edirəm ki, Ermənistanda işgəncələrə məruz qalan Azərbaycan vətəndaşları əsirlikdən gələndən sonra beynəlxalq məhkəmələrə müraciət etmirlər. Lakin ermənilər fakt olmasa belə, yalandan şikayət edirlər. Artıq həmin şəxsin şikayəti İnsan Haqları üzrə Avropa Məhkəməsində qəbul edilib”. İşgəncə, əzab və Ermənistanın yerli kanallarına zorla müsahibə... Xırda bir detalı yada salaq. Tovuz rayonunun Əlibəyli kənd sakini Eldar Tağıyev Ermənistanda 1 ilə yaxın girovluqda saxlanılmış və 2010-cu ilin noyabrın 4-də Azərbaycan tərəfinə təhvil verilmişdi. E.Tağıyev yerli mətbuata açıqlamasında bildirmişdi ki, onu əvvəlcə 2 gün İcevanda saxlayıblar, sonra isə İrəvana aparıblar. Daha sonra təzyiqlər yolu ilə Ermənistan telekanallarında yalan ifadələr verməyə məcbur edilib. Girova əvvəlcə güclü təzyiqlər göstərilsə də, Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşları ilə görüşündən sonra vəziyyəti normallaşıbmış. Yəni bu, həmin faktlardan, canlı şahidlərdən sadəcə biridir. Tarix belə əsirlərimizə o qədər şahidlik edib ki. “Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, polkovnik Üzeyir Cəfərov isə hesab edir ki, əsirlikdən qayıdan gənclərin ağır maddələrlə ittiham edilməsi yolverilməzdir. Onun fikrincə, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi və Hərbi Prokurorluq bu məsələ barədə fərqli taktika yürütməlidir. Geri dön |