Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət, DAVAMın yazıları > Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə

Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə


Həsən bəy Məlikzadənin (H.Zərdabinin) azərbaycanlı rus akademik tələbəsi,
Bakı Real Məktəbinin yetirməsi M.A.Pavlov (1863-1958)


Azərbaycan milli mətbuatının  yaranmasının 140 illiyi münasibətilə


Bakı Real Məktəbində Moskva Universitetinin məzunu H.Məlikzadənin (Zərdabinin ) ən sevimli tələbələrindən biri sonralar dünya elmində özünə şərəfli yer tutan akademik metallurq Mixail Aleksandroviç Pavlovdur.
M.A.Pavlov 22 dekabr 1862-ci ildə ( təzə stillə-9 yanvar 1863-cü də ) Bakı Quberniyasının Lənkəran uyezdində anadan olmuşdur. O,1874-cü ildə Lənkəranda ikisinifli şəhər məktəbini bitirərək , Bakıya gəlmiş, qəbul imtahanında verilən suallara yaxşı cavab verdiyinə görə yaxşı qiymət alaraq, savadlı və dərrakəli müəllimləri ilə məşhur olan Bakı Real Məktəbinə daxil olmuşdur.
M.A.Pavlov 1885-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirərək , çar Rusiyasında metallurgiya sənayesinin aparıcı mütəxəssislərindən biri kimi tanınmış, istehsalatla elmi əlaqələndirərək metallurgiya sənayesinin akademiki kimi tarixin yaddaşında qalmışdır.
Bugünkü sözümüz-söhbətimiz Bakı Real Məktəbinin əlaçı məzunlarından olan M.A.Pavlov özünü Azərbaycan vətəndaşı hesab edən, ömrünün ahıl çağlarında belə Azərbaycanı və Azərbaycan dilini unutmayan, SSRİ Elmlər Akademiyasının akademiki, 2 dəfə Stalin mükafarı laureatı adına, 5 dəfə Lenin ordeninə layiq görülmüş həmyerlimiz Sosialist Əməyi Qəhrəmanı Mixail Aleksandroviç Pavlov haqqındadır.

Azərbaycan milli mətbuatının  yaranmasının 140 illiyi münasibətilə


Lənkəranlı Pavlovların Azərbaycana gəlişi 1855-ci ilə - Pusiya-Türkiyə müharibəsi dövrünə təsadüf edir. Mixailin babası Don kazaklarından idi. O, Ust-Bıstryanski , arvadı (Mixailin nənəsi ) isə Kunduryuçey stanitsasından idi. Mixailin babası Rusiya -İran sərhədlərində hərbi xidmət edən Rusiya vətəndaşı olsa da, sonralar Azərbaycan torpağını özünə vətən bilmiş, dünyasını burada dəyişmiş, burada da dəfn olunmuşdur.
Mixailin sonralar yazdığı xatirələrindən məlum olur ki, o, atasını xatırlamır, anası isə oğlunu 7 yaşında yetim qoymuşdur. Mixail uşaqlıq illərində küçə uşağı kimi böyüdüyünü yazsa da, incə yumorla qeyd edir ki, əslində Astarada küçə yox idi.
Aydınlıq üçün deyək ki, Pavlovlar əvvələr Astarada yaşamışlar. Sonralar , Mixailin 9 yaşında məktəbə getmək məsələsi ortaya çıxanda, ailə üzvləri onu yaxınlıqda məktəb olmadığı üçün , Lənkərandakı İkisinifli məktəbə göndərməyi qərara alırlar. Belə ki, Mixailin xalasının (anasının kiçik bacısının) ailəsi artıq bir neçə ay idi ki, Astaradan Lənkərana köçmüşdü. Xala özü oxumaq və yazmaq bilməsə də , bacısı oğlunun yaxşı təhsil almasına çalışırdı. O, "МИШУ НАДО УЧИТЬ" fikrində israrlı idi.
Mixailin xalasını əri A.V.Znamenski əvvəllər Astara Gömrük İdarəsində kiçik məmur vəzifəsində işləyirdi.1872-ci ildə o, Lənkəran Gömrük İdarəsinə üzv vəzifəsinə təyin edilir.
Ailənin Lənkərana köçməsi də məhz bununla əlaqədar idi. Xala, A.V.Znamenski kimi ləyaqətli bir kişiyə ərə getdiyinə görə özünü xoşbəxt sayırdı. O, Mixaili də belə bir vəzifə sahibi kimi görmək istəyirdi.


Lənkəranin 20 kilometrliyində yerləşən 10 kazak ailəsinin yaşadığı Qaladaqiyə yaşayış məntəqəsindən (indi belə yaşayış məntəqəsinin varlığını müəyyənləşdirə bilmədik-N.N.) Lənkərana oxumağa gələn Mixail burada yaşayan milliyyətcə gürcü olan bir ruhaninin evində-onun uşaqları ilə bir otaqda kirayədə yaşayır. Üç kiçik uşaq anası olan xala bacısı oğlunu öz kiçik mənzilində saxlaya bilməsə də, ondan öz xalalıq qayğısını əsirgəmir.


Lənkəran şəhər məktəbinin birinci sinfi üç bölməli idi. Dərrakəli olduğuna görə Mixaili 2-ci bölməyə qəbul edirlər.Mixail 2-ci sinfi qurtaran il A.V.Znamenskinin iş yerini dəyişirlər. O, ailəsi ilə bərabər Bakıya köçür. 1874-cü ilin payızında Mixail də Bakıya köçür və Bakı Real Məktəbinin 2-ci sinfinə qəbul olunur.
.
Mixail düz üç il xalasıgildə , onun uşaqları ilə bir otaqda yaşayır.
Bakıya köçən A.V.Znamenskinin xasiyyəti burada tanınmaz dərəcədə dəyişmişdi. O, Mixailin babasından-öz qaynatasından Mixailin onlarda qalması üçün kirayə pulu almaq istəyir. Baba kirayə pulu əvəzinə, ona Lənkərandan müntəzəm olaraq ərzaq məhsullarl-qaz,öpdək, balıq göndərir. IV sinfə keçəndə Mixail bu ailəni yaxşı tanıyan Monamaxovgilə köçür. Artıq Mixail Pavlov özü pul qazanmağın çəmini tapır; repetitorluq edir, həm A.V.Znamenskinin idialı borcunu qaytarır , həm də ali məktəbdə oxumaq üçün pul toplayır. Bu işdə Mixailə BRM-nin müəllimləri vasitəçilik edir,onu varlı ailələrə tanıdırlar.

BRM-də oxuyarkən M.Pavlov heç vaxt pansionda (yataqxanada) yaşamayıb, son siniflərdə oxuyarkən ayrıca mənzil kirayələyib və Bakı Real Məktəbini qurtararkən attestatında əla qiymətlərin içində təkcə bir "3"ü var idi. O da rəsm və rəsmxətdən. Lakin bu "3"ə baxmayaraq, ona fərqlənmə attestatı vermişlər. Mixail sonralar yazırdı ki, o, rəsm və rəsmxətti heç də heç kəsdən pis çəkmirmiş. Rəsm müəllimi öz fənni ilə yanaşı, məktəbin kitabxanasına da rəhbərlik edirmiş.Mixaıl Bakı Real Məktəbinin kitabxanasına tez-tez müraciəti rəsm müəlliminin xoşuna gəlmirmiş. O, bunu narahatçılıqla qarşılayırdı. Mixail xatirələrində başqa müəllimlərin adını yazsa da, rəsm müəlliminin adını çəkmir, onu tutduğu vəzifəsinə uyğun olaraq oxucuara təqdim edir.

Mixail Pavlov və onun sinif yoldaşları ali məktəbə girmək üçün mütləq VII sinfi qurtarmalı idilər .VII sinifdə oxumayanlar iki illik yunker məktəblərinə daxil olub zabit ola bilərdilər. Mixailin babası da bunu istəyirdi. Qeyd edək ki, Mixail Bakı Real Məktəbində oxuyanda nənəsi həyatdan köçmüşdü, babası özündən xeyli cavan bir qadınla evlənmişdi. O artıq, nəvəsinə əvvəlki qayğılarını göstərə bilmirdi:Mixailin tez-tez yaşayış yerıni dəyişməsi də bununla ilgili idi. Mixailin babası nəvəsinin tezliklə bir işə düzəlməsini istəyirdi. Mixail babasını inandırıb, daha bir il oxuyur, sinfin digər şagirdləri ilə bərabər - 8 nəfər bakılı gənc Şimala üz tutur : onların çoxu Peterburq Dağ-Mədən İnstitutuna daxil olmaq istəyirdi. Bu da təbii idi. Bakı neft təlatümündə idi. Hamı neft haqqında düşünürdü, Bakı hələ Nobelləri tanımırdı.
O vaxtlar Bakıda tanışlar bir-birin ilə salamlaşmaq məqamında soruşurlarmış:

"Бургун атыр , бросает ли ,т.е. фонтанирует ли скважина? (neft buruğun fantan vurur?).

Bakı Real Məktəbi tələbələrinin dağ-mədən ixtisasna meyil göstərmələrinin bir səbəbi də neft sənayesində işləyən mühəndislərin yaxşı maaş almaları, cəmiyyətdə yaxşı mövqe qazanmaları idi.
M.Pavlov xatirələrində onlardan biri haqqında söz açır :" Bakıda Kokarev famıliyalı sahibkarın mühəndisi Aleksey Semyonoviç Doroşenkonun kiçik qardaşı Aleksandr bizimlə bir yerdə oxuyurdu. Bir dəfə Suraxanıya - Aleksandrın qardaşı Alekseyin yanına getmişdik. Doroşenkolar o qədər də varlı ailədən deyildi, lakin neft mühəndisi Aleksey Suraxanıda yaxşı ad-san qazanmışdı. Bu görüşdən sonra biz Peterburqa oxumağa getməyi qətiyyətlə qərarlaşdırdıq".
1880-ci ilin mayında Mixailgil bakılı zəngin gənclərin geydikləri ağ kostyumda 7 yoldaş olub Şimala yola düşür. Gəmi ilə Həştərxana ,oradan çay gəmisi ilə Tsaritsinə, oradan da dəmir yolu ilə yollarına davam edirlər. Səhhəti Peteburqun iqliminə uygun gəlmədiyinə görə Mixailin dostlarından biri VERMİŞEV Moskvada sinif yoldaşlarından ayrılır. O, Moskvadakı Kənd Təsərrüfatı Akademiyasına daxil olmağı qərara alır. Mixailin ən yaxın dostlarından biri azərbaycanlı Cəbrayıl bəy isə onunla bir yerdə yoluna davam edir.
****

Danışdıqlarımın çoxu M.A Pavlovun "Metallurqun xatirələri " kitabındandır. Akademik M.A.Pavlovun "Metallurqun xatirələri" memuarı birnəfəsə oxunan kitablardandır. Burada müəllim-şagird münasibətləri, Bakı Real Məktəbi və onun müəllim kadrları haqqında arxiv sənədləri ilə üst-üstə düşən maraqlı paralelləri vardır.
M.A.Pavlov yazır ki, BRM-nin direktoru milliyyətcə çex olan K.L.Çermakdır. Rus qadını ilə evlənib.O, Moskva Universitetinin məzunudur, bir neçə dili sərbəst bilir. İşi məktəbin müəllim və şagirdləri tərəfindən bəyənilir. Real məktəbdə İ.V.Çernsov, B.O.Novitski, Azlevski kimi öz peşə ustalığı ilə fərqlənən müəllimlər var idi.
M.A.Pavlovun xatirələrində ən çox diqqəti cəlb edən müəllim - Həsən bəy Məlikovdur.
Müəllif onun familiyasını açıq yazmır, cümləsini mötrizədə yazdığı " düşünürəm ki, Zərdabi idi " qeydləri ilə bitirir.
Xatirələrdən məlum olur ki, Həsən bəy aşağı siniflərdə hesabdan, VI sinifdə isə uşaqlara təbiət tarixindən dərs deyirmiş. Təbiət tarixinə aid dərslik olmadığına görə, Həsən bəy tələbələrinə( şagirdlərinə) mövzunu yazdırar, növbəti dərsdə dərsi konspekdəki yazılara əsasən soruşarmış.
Tələbələr 7-ci sinfə keçəndə öyrənirlər ki, Həsən bəy Bakı Real Məktəbini tərk etmək məcburiyyətində qalmışdır. Onlar öz sevimli müəlimləri ilə vidalaşmaq, yaxşı dərslərinə görə təşəkkür etmək məqsədilə Həsən bəyin evinə gedirlər . Buradakı bir cümlədən , 1943-cü ildə yazımlmış kitabın bir cümləsindən bu gün belə həyəcanlı görünən bir cümlənin sətiraltı mənası ortaya çıxır.Sitatı orijinalda olduğu kimi səsləndirirəm:

" Впоследствии оказалось,что он националист и даже предводитель партии азербайджанских националистов.За это ли его уволили,или за учение Дарвина-не знаю"

Azərbaycan milli mətbuatının  yaranmasının 140 illiyi münasibətilə


M.A.Pavlovun "Metallurqun xatirələri" əsəri ilk dəfə 1943-cü ildə Moskvada çap olunmuşdur."Xatirələrin ədəbi emalı ( ədəbi əsər kimi formalaşdırılması ,sənaye həyatına və memuar üslubuna bələd olan görkəmli yazıçı Bek Aleksandr Alfredoviçə (21.12.1902 (03..011903)-02.11.1972) məxsusdur.
"Xatirələr"də M.A.Pavlovun Azərbaycanla bağlı 17 illik həyatı ilk iki fəslin on altı bölməsində işıqlandırılmışdır. Əsərin bu hissəsi bakılı gənclərin Peterburqa gəlişi ilə başa çatır. Həmyerlimiz akademik M.A.Pavlovun daim qurub yaratmağa meyilli olan mənalı həyatının sonrakı səhifələrini əsərin sonrakı fəsillərindən və digər mənbələrdən öyrənirik.
M.A.Pavlov 1885-ci ildə Peterburq Dağ-Mədən İnstitutunu bitirib, VYATSK metallurgiya savodunda mühəndis işləyir. İstehsalatda işləyə-işləyə elmlə də məşğul olur: ilk elmi məqaləsini 1894-cü ildə çap etdirir. 1896-1900-cu illərdə Sulinski metallurgiya zavodunda işləyir. O,1904-cü ildə artıq, pofessor idi, müxtəlif ali məktəblərdə dərs deyirdi. Onun elmi əsərləri çoxdur. Şah elmi əsəri isə 1949-cu ildə Moskvada çap etdirdiyi 628 səhifəlik "Çuqunun metallurgiyası"dır.
M.A.Pavlov 1958-ci il yanvarın 10-da Moskvada dünyasını dəyişir. O, Moskvadakı Vveden qəbirstanlığının 5-ci sahəsində dəfn olunur. Qəbiristanlığın planına baxanda 5-ci sahə "M" hərfini xatırldır. Bəlkə də bu Metallurq" sözünün baş hərfinə işarədir. Hər halda buradakı M"- metro deyil!
Başqa bir maraqlı fakt. 1963- cü ildə M.A.Pavlovun anadan olmasının 100 illiyi münasibətilə SSRİ-də buraxılmış poçt markasında akademikin yaxasında Sosialist Əməyi Qəhrəmanı ulduzu bir yox , iki göstərilmişdir.
Rəssam ,yəqin ki, o vaxtkı rəhbərliyin səhvini düzəltmək , Lənkərandan olan akademiki iki ulduzlu görmək istəyirmiş.
M.A.Pavlovun elmi əsərlərini - külliyyatını çap edib elmi ictimaiyyətə çatdırmaq, bütün dünyada məşhur olan akademikin -metallurqun 150 illik yubileyini təntənəli şəkildə keçirmək, Azərbaycana doğmalıq hissi ilə yazılmış "Metallurqun xatirələri" memuarını tərcümə edib oxucuların istifadəsinə vermək hamımızı düşündürməlidir.



Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin müəllimi,
Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının Azərbaycan dili və ədəbiyyatı bölməsinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,
TQDK-nın Azərbaycan dili fənni üzrə eksperti.

10.06.2015-ci il.





Ədəbiyyat siyahısı

1. Павлов. M.A. Boспoминания металлурга. M., 1943.

2. ARDTA. Fond 315. оп.1, ед.хр. 2,64,127,55,47,208,134,135,97

3. İzzət Rüstəmov. Həsən bəy Zərdabi, Bakı,2012-ci il.

Geri dön