Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Müsahibə > “Dönə-dönə soruşdu ki, qolum haradadır...” – DÖYÜŞ HEKAYƏTİ
“Dönə-dönə soruşdu ki, qolum haradadır...” – DÖYÜŞ HEKAYƏTİ |
Qanlı Qarabağ döyüşlərinin “Tutu” ləqəbli tibb bacısı tükürpədici hekayələr danışır
Zaqatalada dünyaya göz açıb, tələbəlik illərində Bakıda Meydan Hərəkatında aktiv iştirak edib, 1989-cu il ilin dekabrında rus qoşunlarının dəyənəklərinə o da məruz qalıb. Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuduğu halda Qarabağda yaralılarımıza şəfa vermək məqsədilə sonradan Tibb Texnikumunun hazırlıq kursunu bitirib, bir müddət Bakıda Hərbi Hospitalda çalışdıqdan sonra cəbhə bölgəsinə yollanıb. Haqqında söhbət gedən “Tutu” ləqəbli Ruxsarə Cumayeva Lent.az-ın “Döyüş Tariximiz” rubrikasının qonağıdır... “Qol kəsiləndə bir anlığa əlimdən fırlanıb yerə dəydi” Bakıda Hərbi Hospitalda kiçik tibb bacısı işləyir, Qarabağdan gələn yaralı insanlara qulluq edirdim. 1990-cı ildə tibbi yardım aparılarkən Qarabağ getmişdim. Qarabağa 1991-ci ildə yanvarın 24-də də getdim, çünki tibb bacısı çatışmırdı. Tibb məntəqəsi Nəbilər kəndində bir fermada yerləşirdi. Dedilər ki, hələ döyüş olmayacaq. Yanvarın 25-dən 26-a keçən gecə Fəhmin Hacıyev, Tacəddin Mehdiyev gəldilər. Bizə əmr verildi ki, buradan çıxın. Mən Daşaltı əməliyyatı zamanı əslində nələr baş verdiyini danışa bilmirəm, heç nə indiyə qədər deyildiyi kimi deyil. Daşaltıdan gələn yaralılara Nəbilərdə tibbi xidmət göstərdik. Sonra Bakıya hospitala qayıtdım. Hospitalda bir müddət işlədim. Bir gün hospitala Milli Ordunun Elçin adlı bir gənc əsgərini gətirmişdilər. Oğlanın 17 yaşı da yox idi, qolunda bir damar işləyirdi, qalanları işləmirdi, göyərmişdi, qolu kəsilməli idi. Həkimlərin biri mənə dedi ki, Ruxsarə xanım, imkanınız varmı ki, bu gecə bizə kömək edəsiniz? Razılaşdım. Qol kəsiləndə bir anlığa əlimdən fırlanıb yerə dəydi. Səhər Elçin özünə gələndə dönə-dönə soruşdu ki, qolu hardadır?! Biz heç nə deyə bilmədik. Artıq dözə bilmədim. Hospitalın rəisinə müraciət etdim ki, Ağdama getmək istəyirəm. Səbəbini soruşdular. Dedim ki, mən əliləm, əlillik nə olduğunu yaxşı bilirəm, o insanlar sağ gedir, əl-ayaqlarını itirirlər, onların əl-ayaqlarını itirməmələrinə yardımçı olmaq üçün gedirəm. Əmrim veriləndə komandirim Qələndər İsmayılov idi. Amma əmrim verilənə qədər bir sıra döyüşlərdə oldum. Qazançıya qədər Ərənzəmin, Pircamalda əməliyyatda olmuşuq. May ayında Qiyasbəyli kəndindən olan 18 əsgər Qazançıda gedən döyüşlərdə həlak oldu. Onların müəmmalı ölümünün səbəbi hələ də bilinmir. Mən o əməliyyat zamanı da yaralılara bacardığım qədər kömək etdim. O zaman gördüm ki, əgər döyüşçülərə güllə dəyib, onların əl-ayaqlarını sındırıbsa, hospitala çatanda kəsib atırlar. Mən orada müraciət etdim. Mənə kiçik bir balta verdilər. Mən o balta ilə kiçik ağac parçaları kəsirdim. Döyüşdə yaralananların qol-qıçlarını bağlayırdım ki, qan işləsin və hospitala gələndə kəsilib atılmasın. “Bir ay kürəyim üstə yata bilmədim” Qazançıdan sonra bizi Yeddi Xırmana göndərdilər. Yeddi Xırmanda mən 1974-cü il təvəllüdlü uşaqların olduğu bölükdə idim. Bir bölüyümüzdə 93 uşaq vardı. Canyatağa qədər bizim bölükdə bir uşaq nə ölməmiş, nə də yaralanmamışdı. Posta necə gedirdiksə, qismətdən elə də qayıdırdıq. Yeddi Xırmana gedəndə yağış yağırdı. Ətraf taxıl zəmisi idi. Zəmidə mən və ətrafımda uşaqlar oturmuşdular. Komandir uşaqları bir-bir posta yerləşdirirdi. Üç saatdan bir postdakılar dəyişirdilər. Səhər qayıtdıq və Canyatağına çıxdıq. Canyataqda 2 əsgərimiz minomyot qəlpəsindən yaralandı. Onları göndərmək istədim, getmək istəmədilər, dedilər ki, yüngül yara almışıq, siz də buradasınız. Getmədilər. Biz ikinci dəfə əmr alıb, Mehmaniyyəyə qalxanda yolda azdıq. Bir məqamı qeyd etmək istəyirəm. Təsadüfən xalam və dayım oğlu da bizim bölüyümüzə düşmüşdülər. Biz yolla gedəndə meşənin içərisində azdıq. Komandir qayıdıb dedi ki, Cavanşir, xalaoğlu, nə fikirləşirsən, atacaqsan, yoxsa sən Ruxsarəni diri verəcəksən? Cavanşir əlindən avtomatı atdı ki, mən ona ata bilmərəm. Dayım oğlu avtomatı yerdən qaldırdı, dedi ki, əgər əsir düşəsi olsaq, onun düz alnından atacam. Mehmaniyyəyə çatdıq, gözümüzü açmağa imkan vermədilər. Dəhşətli atışma gedirdi. Bizim orada 8 taborumuz var idi. Mehmaniyyəni aldıq. Yaralıların sayı-hesabı yox idi. Orada bir yaralını sarıyırdım, tabor komandirimiz Ədalət müəllim orada idi, bölük komandirim isə Mehmaniyyəyənin içində idi. Mənim olduğum yer döyüş gedən yerdən 1 kilometr kənarda, meşənin içərisində idi. Ermənilər “Qrad”larla meşəyə atırdılar. Tanklarımız da kəndin içərisinə girmişdi. Qışqırdım ki, tankları kənara çəkin, “Qrad”larla vururlar. Sözümü deməyə imkan tapmadım, tabor komandiri qışqırdı ki, Tutu kənara çəkil, ağac üzərinə gəlir, yaralını qoy, qaç. Mən yaralını qoyub qaçmadım, üzərinə uzandım. O yıxılan ağac ağaclara çırpıla-çırpıla mənim kürəyimə düşdü. Bir ay kürəyim üstə yata bilmədim. “Soruşdu ki, bu üzük də, bu saat da tanış gəlmir?..” Mehmaniyə döyüşlərində, 1992-ci ilin avqustunda Zaqataladan bir oğlan gətirdilər. Baxdım ki, hərəkətsizdir. Sən demə, çoxlu qan itirib, danışmağa halı yoxdur. Məndə də bir piramidol qalmışdı, dava-dərmanım qurtarmışdı. Dedim ki, piramidol vurmaq mənasız olar. Onu aparmağa maşın da yox idi. Onu “tiqaj”a qoyduq, “tiqaj”dan yumurlanıb yerə dəydi. Qəribə bir səs də çıxardı. Fikirləşdim ki, son nəfəsidir... Sentyabr ayında Qazançıda bir əməliyyat da keçirildi. Həmin əməliyyatda komandirim Qələndər İsmayılov yaralandı. Onu götürüb Bakıya Hərbi Hospitala gəldim. Hospitalda mənə dedilər ki, bir oğlan var, sizi çağırır. Dedi ki, siz məni tanımadınız? Yox cavabı verdim. Soruşdu ki, bu üzük də, bu saat da tanış gəlmir? Mən Zaqataladan olan o oğlanı “tiqaj”la yola salanda saatını, üzüyünü götürüb, Zaqatala Rayon Hərbi Komissarlığına göndərmişdim. Mən o vaxt ona əlimdə qalan piramidolu vursaydım, çoxlu qan itirdiyi üçün yəqin ki, dərin şok düşərdi. Allahın bir qisməti idi ki, piramidolu vurmadım, o oğlan da həyatda qaldı. Mehmaniyə döyüşlərinə, avqust ayına qayıdaq. Mən Mehmaniyyədən yaralıları götürüb Ağdam hospitala gətirdim. Bizdə Tofiq adlı komandirin sürücüsü vardı. O, başına-gözünə döyə-döyə hospitalın qarşısında gəzirdi. Soruşdum ki, nə olub? Dedi ki, Nüsrət ağır yaralıdır, sən də davam-dərman etmirsən. Nüsrət Ağdamın Qiyaslı kəndindəndir. Baxmayaraq ki, ağır döyüş keçmişdim, ac, susuz idim, ona qanımı verdim. Nüsrət həyata qayıtdı. Mehmaniyyədən sonra Dranbon gəldi. Bu döyüşdə də çox itki verdik, 1 girovumuz da oldu. O da Baloğlan adlı tankçı idi. O vaxt dedilər ki, tankın içərisində olub, yanıb. Qardaşı da bölüyümüzə gəlib axtarırdı. Biz hər dəfə döyüşə gedəndə uşaqlar yanan tanklara baxırdılar ki, bəlkə oradan taparıq. İnanmırdıq ki, Baloğlan diri əsir düşə bilər. “Uşaqlarda belə rəy yaranmışdı ki, Şirin Mirzəyev heç vaxt ölə bilməz” Mən Ağdama gedəndə bəzən ağır yaralıları mənimlə birlikdə Bakıya göndərirdilər. Hidayəti də Bakıda Şəhidlər Xiyabanında basdırılması üçün əlimdən gələni etdim. O cümlədən rəhmətlik Şirin Mirzəyevin cənazəsinin Bakıya gətirilməsində iştirak etdim. O vaxt yayın istisində cənazəni Bakıya gətirmək çətin idi. Həm də Bakıya iki cənazə, Şirin Mirzəyev və onun qardaşı oğlu Araz Mirzəyev gətirilirdi. Onlar minaya düşmüşdülər, biz o vaxt Qazançıda idik. Eşitdik ki, Şirin Mirzəyev artıq yoxdur. Üçüncü taborun komandiri Əkbər müəllimə yaxınlaşdım. Mən Əkbər müəllimin də taborunda bir müddət əmrsiz tibb bacısı kimi çalışmışdım. Əkbər müəllimə dedim ki, mən Şirin Mirzəyevin cənazəsinin Bakıya aparılmasına kömək edə bilərəm. Soruşdu ki, necə? Dedim ki, rayonlardan keçdikcə xəstəxanalardan buz götürərəm və onun üzərinə buz qoya-qoya Bakıya çatdıra bilərik. Bu minvalla cənazəni Bakıya gətirdik. O vaxt Rəhim Qazıyev Şirin Mirzəyevi Şəhidlər Xiyabanında dəfn etməyə qoymurdu. Güc-bəla ilə Şirin Mirzəyev Şəhidlər Xiyabanında dəfn etdik... Hərbi hissə komandiri olmuş Şirin Mirzəyev haqqında nələr danışsaq, azdır. O, çox cəsur idi, əsgərlərlə çiyin-çiyinə döyüşlərdə iştirak edirdi. Şirin Mirzəyev əvvəlcə bölük yaradıb, sonra da hərbi hissə formalaşdırmışdı. O uşaqlara “Şirin Mirzəyevçilər” deyirdilər. O hərbi hissədə Qiyaslıdan, Şellidən və digər kəndlərdən vardı. Şirin Mirzəyevin hissəsində hər bir döyüşçü döyüşə getməyə hazır idi. Çünki komandir həmişə qabaqda olurdu. Uşaqlarda belə rəy yaranmışdı ki, Şirin Mirzəyev heç vaxt ölə bilməz. Mənim xidmətə götürülməyimlə bağlı əmri də Şirin Mirzəyev verib. O, birinci dəfə Fərrux dağı ətrafında gedən döyüşlərdə gördü ki, mən 40 kiloqram tibb ləvazimatı ilə yuxarıdayam. O döyüşdən sonra Şirin Mirzəyev mənim əmrimi may ayında verdi. Şirin Mirzəyev heç vaxt istəmirdim ki, tibb bacıları, həkimlər qabaqda olsunlar. Əmrimi verəndən sonra da Şirin Mirzəyev çox yaşamadı, iyun ayında həlak oldu. Bizim uşaqlar Şirin Mirzəyevin yoxluğu hiss etdirməmək üçün daha cəsurcasına döyüşdülər. Ondan sonra biz və Tərtər taboru Su Sərsənginə, Xankəndinin 9 kilometrliyinə qədər getdik. Biz Papravənd, Qalayçılar kəndlərindən keçdik. “Bədən bir yana, ayaq bir yana düşmüşdü...” Məni sarsıdan döyüşlərdən biri yenə 1992-ci ildə Fərrux dağı ətrafında gedən döyüşlər oldu. Orada Şabanovun briqadasının uşaqları vardı. Mən artıq öz bölüyümdən çıxmışdım, amma orada başqa tibb bacısı, kişi həkim yox idi. Uşaqlar artıq Fərrux dağına çıxmışdı. Gördük ki, 1 nəfər əlində qırmızı parça yelləyir. Onun bayraq yellədiyi istiqamətə ermənilər “Qrad”lardan atəş açdı və Şağanovun briqadasının uşaqları həlak oldular. Bir anda hər tərəf qan oldu. Bədən bir yana, ayaq bir yana düşmüşdü... Hətta bəzən gecələr gözümün önünə gəlir. Həmin şəxsi dağdan düşürüb gətirdilər, içkili idi. Mən avtomatın qundağı ilə o qədər vurdum ki, qana boyandı. Ancaq onu vura bilmədim. Həmin vaxt bizim bölükdən bir nəfər icazə alıb nişanlanmağa getmişdi, Ağdamın Üçoğlan kəndindən idi. Qutuda gətirdiyi nişan şokoladını yanımda qoydu, dağa qalxdı. Bir də uşaqlar qışqıra-qışqıra gəldilər ki, görün kimi itirdik! Snayperlə düz alnından vurmuşdular. Onu Üçoğlana göndərdik, üçünə getdik. ... Sutka yarım Fərrux ətrafında gedən döyüşlərdə qaldıq. Hazırda Veteranlar Birliyinin Binəqədi rayon şöbəsinin rəhbəri Şahin müəllim də yaralanmışdı, onun da yarasını sarıdım. Gecə yarıya qədər Fərrux dağı ətrafında qaldıq. Artıq yaralı yox idi, çörək yemək istəyən zaman “Qrad”lardan atəşə tutmağa başladılar. Yenə yaralılarımız oldu, onları yola salmağa başladıq. Sonra bölüyə qayıtdıq və sonradan Papravənd tərəfdə gedən döyüşlərdə iştirak etdik. Artıq Ağdərəni ermənilər almışdılar, Paprəvəndə hücum edirdilər. Şellidə olanda xəbər gəzirdi ki, Ağdam alınıb. 1993-cü ildə artıq Qarqar körpüsünün yanında bizə hücum etdilər. Ancaq Uzundərəyə gəlib çıxdıq. Orada artıq məlum oldu ki, Ağdam alındı. Yadda qalan döyüşlərin biri Tərnöyüt kəndində olub. Heç ağlıma gəlməzdi ki, Ağdam alınacaq, biz geri çəkiləcəyik. Tərnöyütdə bizim su maşınımız qalmışdı. Uşaqlarımız su maşınını geri götürmək istəyirdilər. Həmin vaxt Hafizi itirdik. Nemətlə Namiq su maşınını kənardan qumbaraatanla vurdular ki, ermənilər istifadə edə bilməsinlər. Çünki ermənilər Ağdərə tərəfdən gəlmişdilər və Şahbulaq istiqamətində yuxarı mövqeyi tutmuşdular. Tərnöyüt də bir az aşağıdadır. “Qar uçqunu olmasaydı, Kəlbəcəri geri qaytaracaqdıq” Mən tərxis olunmadım. Korpusda bir az inciklik oldu. Mənə deyirdilər ki, bölükdən çıx, korpusda qal. Korpusun qərargahı isə cəbhə xətindən kənarda idi. Bizim bölükdəki 93 uşağın çoxu həlak olmuşdu, az qalmışdı. Mən o uşaqlardan ayrılmaq istəmirdim, o uşaqlar komandirlə mənə çox bağlanmışdılar. Mən 1993-cü ilin sonlarında küskün şəkildə Ağdamı tərk etdim və Bakıya gəldim. Əmrim verilsə də, heç əmrimi, hərbi biletmi də götürmədim. Bakıda Şəhidlər Xiyabanına getdim. Bu yerdə bir məqama da toxunmaq istəyirəm. 1992-ci il mayın 8-da Şuşa işğal olunanda mən Ağdamda, 3-cü taborda idim. Mayın 9-da indi Şəhidlər Xiyabanında uyuyan Aydını Ağdamda itirdik. Aydıngil kəşfiyyata gedəndə vurulmuşdular. O ərəfədə Ağdamda hospitalında işləyən Muxtar həkim də həlak olmuşdu. Muxtar həkim təcili yardım maşını ilə yaralıları çıxarmağa gedəndə vurulmuşdu. Şəhidlər Xiyabanına onları, Şirin Mirzəyevi və digərlərini ziyarət etməyə getmişdim... Mən Şəhidlər Xiyabanında olan vaxt gördüm ki, bizim Əfqanıstanda döyüşmüş oğlanlarımızın bir qrupu Murova getməyə hazırlaşırlar. Söhbət artıq 1994-cü ildən gedir. Mən də formada idim. Uşaqlar yaxınlaşdı ki, hansı döyüş bölgəsindən gəlmisiniz? Dedim ki, Ağdamdan gəlmişəm və qayıtmayacam, incimişəm, uşaqlarla döyüşə getmək istəyirəm, qoymurlar. Dedilər ki, Əfqanıstandan gələnlər tabor yaradıb. Komandirləri də Arif idi. O tabora üzv oldum. Briqada komandirləri Rauf Rəcəbov idi. Biz təlim üçün Şəmkirin Seyfəli poliqonuna getdik. Sonra Murova yolandıq. Murovda biz fevralın 9-dan 14-ə qədər Qaışlıda güclü qar uçqununa düşdük. Uşaqların ayaqlarını artıq don vurmuşdu. Arif, Şirxan yaralandı. Yaralananlar arasında kəlbəcərli uşaqlar da vardı. Yaralılara bacardığım qədər yardım etdim. Onları Gəncədə 3 saylı uşaq xəstəxanasına və hərbi xəstəxanaya, Arifi isə Bakıda Dəmiryol Xəstəxanasına yerləşdirdim. Şirxan da Bakıya gətirildi. O briqada Murov əməliyyatı zamanı tamamilə dağıldı. İtkin düşənimiz də, yaralımız da, ölənlərimiz də oldu. Bəlkə də o qar uçqunu olmasaydı, Kəlbəcəri geri qaytaracaqdıq. O döyüşlər nəticəsində Murovda bir neçə yüksəkliyi də aldıq. Mən fevralın 18-də Bakıya gəldim. Sonra da atəşkəs elan olundu... Onu da deyim ki, hazırda Veteran Qadınlar Təşkilatının üzvü, ikinci qrup əlil, fəxri anayam. 4-cü sinifdə oxuyan qızım var. Bir məqamı da deyim ki, 10 yaşdan sonra əlil olmuşam. Səbəbi də dəcəlliyimdir. O vaxt atam qoz ağacı çırpırdı. Ağaca çıxdım, yerə yıxıldım, ayağımdan xəsarət aldım. ...Mən igidlərimizin qanı axan torpaqlarla Xankəndinə ayaqyalın getmək istəyirəm. Ramiz Mikayıloğlu Geri dön |