Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Qərbi Azərbaycan-İrəvan, DAVAMın yazıları > Göyçəli Aşıq Məhəmməd Əsgər oğlu
Göyçəli Aşıq Məhəmməd Əsgər oğlu |
Aşıq Məhəmməd Həsənov 1931-ci ildə Göyçə mahalı Kəvər bölgəsinin Ağzıbir kəndində doğulub. Babası Aşıq Novruz dövrünün ustad sənətkarlarından olmaqla, əsasən İrəvan şəhərində, Dərəçiçək və Talin bölgələrində toylar yola salmış, məclislərdə dövran etmişdir.
Aşıq Məhəmmədin atası Əsgər Nikolay qaçağı kimi tanınmaqla, işğalçı çar məmurlarına boyun əyməmişdir. Hər-hansı vergi vermək, və ya dövlət qanunlarına tabe olmağın əleyhinə getmişdir... 1920-ci ildə -Sovet hakimiyyəti illərində üzə çıxaraq Ağzıbir kəndində yeni hökumətin qanunlarına tabe olmuşdur və kolxoz işlərində əmək fəaliyyətilə ailəsini dolandırmışdır... Fəqət 1945-ci ildə Stalin-Mikoyan planında Ermənistan ərazisindən türklərin köçürülməsi üzrə Əsgər kişinin ailəsi də əvvəl Borçalı mahalına köçmüş, sonradan Tiflis şəhərində məskunlaşmışdır. Bu zamanlar Məhəmməd yeniyetmə yaşlarında idi, onun saza-sözə böyük marağı böyüdükcə aşıq sənətinə tez yiyələnməyinə səbəb olmuşdur. Cavanlıq dövründən başlayaraq, el-el, oba-oba gəzib məclislərdə dastanlar söyləmiş, toylarda saz-söz nümayiş etdirmişdir. Aşıq Məhəmməd zil səsə malik, meydanda “Misri” havası üstündə Koroğlu nərəsi çəkən sənətkarlardan olmuşdur... İndi 84 yaşlı Aşıq Məhəmməd Abşeron rayonunun Məhəmmədli qəsəbəsində yaşayır və ömür günlərini el-oba içində keçirən el aşığı ixtiyar çağlarında da evdə qərar tuta bilmir; əsasən “Qara Qarayev” metro stansiyasının həndavərlərində- bağlarda, parklarda sazını səsləndirib “çörək pulu” qazanmaqla Tanrı yazan ömür karvanının son mənzilini gözləyir... Aşıq Məhəmmədi xanımı ilə birlikdə bir çay süfrəsinə dəvət etdim və sazını-sözünü dinləyib onunla bağlı bu qısa yazını xatirə üçün sizə təqdim etmək qərarına gəldim... Aşıq Məhəmmədin xanımı bu yazı haqqında məlumat biləndə mənə çox dualar etdi, elə bildi ki, bu yazı və çəkiliş televiziya üçündür. Lakin ona izahat verdim ki, bu yazı və şəkil internetdə sosial şəbəkədə yerləşdiriləcək... Aşıq və xanımı mənə bir daha dualar edib təşəkkürlərini bildirdilər. Aşıq Məhəmmədin özünün dediyinə görə “bir kitablıq”, haradasa əlyazmasında 200-dən çox şeirləri var... Onun bir cığalı təcnisini oxuculara təqdim edirəm. AY AĞA Başsızlar deməknən ayaq olmaram, Yaradan salmasın ayağa məni. Əzizinəm ay Ağa, Bulud qalxar ayağa. Mərdə nökər olaram, Namərdə yox, ay Ağa! Ömür verən- tale yazan Tanrıdır, Həm endirər, həm qaldırır ayağa. Sənətimdə mən də oyaq olaram, Oyaqlardan lap da oyaq olaram. Aşıq, oyaq olaram, Ovdan oyaq olaram. Bəxtim yatan olmasa, Mən də oyaq olaram. Əgər xəstə üçün oyaq ola ram, Həbib dərman versə, qalxar ayağa. İbadətin, səxavətin hesabdı, Dinsizsənsə, qəflətdəsən, yat ası. Aşıq, eşqə yatası, Pirim haqqa yatası. Hərə bir qazanc eylər, Camı dolar, ya tası. Hikmət denən havacata yatası, Ay Məhəmməd, sözün yetir ayağa. İxtiyar çağında olan Aşıq Məhəmmədə uzun ömür, can sağlığı arzulayıram!.. Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin mədəniyyət işləri üzrə müşaviri Niftalı Göyçəli Geri dön |