Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rayon maşınları ilə bağlı- Deputatlardan fərqli reaksiya
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Rayon maşınları ilə bağlı- Deputatlardan fərqli reaksiya

Rayon maşınları ilə bağlı- Deputatlardan fərqli reaksiya


Xəbər verdiyimiz kimi, hazırda Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasında rayon qeydiyyatında olan maşınların Bakıya buraxılmaması ilə bağlı müzakirələr aparılır.

Bəs millət vəkilləri bu barədə nə düşünür?

“Qafqazinfo” bir neçə millət vəkilinin məsələ ilə bağlı mövqeyini öyrənib.

İqbal Ağazadə hesab edir ki, xüsusi hallardan başqa, Azərbaycanda heç bir avtomobilin hərəkətinə qadağa qoyula bilməz: “Avropa Oyunları xüsusi hal olduğuna görə, bunu başa düşdük. Amma gündəlikdə bunu qanun şəklinə salmaq doğru deyil. Bu vətəndaşların hüquqlarını məhdudlaşdırmaqdır. Nazirlər Kabinetində bu istiqamətdə aparılan müzakirələr qanunsuzdur. Belə qərar qəbul edilərsə, vətəndaşlar öz hüquqlarından istifadə edərək məhkəməyə müraciət etməlidir. Azərbaycan Konstitusiyasının tələblərində belə məhdudiyyətlər nəzərdə tutulmayıb”.

Fərəc Quliyev bildirib ki, rayon qeydiyyatında olan avtomobilin Bakıya buraxılmaması ilə bağlı qərar verilə bilməz: “Çünki bunun heç bir əsası olmaz. Azərbaycan avtomobilidir və ölkə daxilində hər yerdə vətəndaş öz avtomobilindən istifadə edə bilər”.

Musa Qasımlının fikrincə, Bakıda həddindən artıq sıxlığı nəzərə alaraq məhdudiyyətlər tətbiq etmək olar: “Bütövlükdə isə maşınların buraxılmayacağı ilə bağlı dəqiq məlumatım yoxdur. Ola bilər ki, bir gün bir nömrələr, başqa gün digər nömrəli maşınlar paytaxta buraxılsın. Əgər buraxılmayacaqlarsa, Bakının girəcəyində bunun üçün böyük dayanacaqlar yaradılmalıdır ki, insanlar avtomobilini orada saxlayaraq ictimai nəqliyyatdan istifadə edib işlərini görsünlər. Hər halda rayon yerində olan insanların da rahatlığı nəzərə alınmalıdır. Bundan əlavə, çox yaxşı olardı ki, sürüşkən qrafikli iş rejimi yenə də davam edərdi. Hətta mən təklif edərdim ki, universitetlərdə dərslər müxtəlif vaxtlarda başlayardı ki, şəhərdə sıxlığın qarşısı alınsın. Dünyanın başqa ölkələrində bu praktika var”.

Çingiz Qənizadə bildirib ki, Bakıda son illər tıxacla bağlı ciddi problemlər var: “Bununla bağlı hökumət nəsə düşünməlidir. Azərbaycan əhalisinin təxminən yarısı Bakıda cəmləşib. Bakıdakı bu sıxlıq insanların səhhətində böyük problemlər yaradır. Yəqin, qəbul ediləcək qərar Bakıda yaşayan insanların rifahı üçün olacaq. Amma bu o demək deyil ki, Bakıya buraxılmayan maşınların sərnişinləri paytaxta çox çətinliklə, problemlərlə daxil olacaq. Bunun üçün müvafiq marşrutlu rahat avtobuslar təşkil olunmalıdır. Burada kənd rayonlarında yaşayan insanların hüquqlarının məhdudlaşdırılmasından söhbət getmir. Bu, ümumi əhalinin rifahı üçündür. İndi biz küçəyə sürət həddini göstərən nişanı qoymayaq ki, vətəndaş öz istədiyi sürətlə getmək istəyir? Sadəcə məsələlər elə hesablanmalıdır ki, insanlar bundan əziyyət çəkməsinlər”.

Günel Türksoy

Geri dön