Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Ziyalını necə alçaldırlar?
Ziyalını necə alçaldırlar? |
Azərbaycan Tibb Universitetinin dosenti Rəşid Mahmudovun ANS-də efirə gedən "Günəbaxan" verilişində etdiyi çıxış hələ də müzakirə predmetidir. Tanınmış alimin açıqlamalarına münasibət bildirən tamaşaçılar sosial şəbəkələrdə tez-tez bu fikiri təkrarlayırlar: "Rəşid müəllim, biz sizinlə fəxr edirik!".
Mən, Rəşid Mahmudovla bir il əvvəl tanış olmuşam. Əvvəlcə ATV-də efirə gedən "Sən tək deyilsən", sonra isə "Səni axtarıram" verilişinin çəkilişlərində iştirak etmişik. Biz verilişdən əvvəl də, sonra da ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı fikir mübadiləsi aparırdıq. İndi sosial şəbəkələrdə yer alan xoş sözləri mən hələ bir il əvvəl Rəşid müəllimin özünə demişəm. "Günəbaxan"da bir çox həqiqətləri gün işığına çıxaran məşhur çıxışından əvvəl də mən Rəşid Mahmudov kimi ləyaqətli ziyalılarımızla fəxr edirdim. Rəşid Mahmudovun ANS-dəki çıxışında ən çox diqqətimi cəlb edən məqam onun verilişin aparıcısı İlqar Mikayıloğluna tutduğu irad oldu. Tanınmış alim aparıcıya təxminən bu məzmunda bir sual ünvanladı: cinsi azlıqların nümayəndələri ilə yanaşı oturmağı mənə necə rəva gördünüz? Bu verilişdən sonra bir sual mənə rahatlıq vermir: Azərbaycan ziyalısını niyə bu cür alçaltmaq istəyirlər? Əslində, bu sualın cavabı mənə aydındır. İlqar Mikayıloğlu da daxil olmaqla orta nəsli təmsil edən biz jurnalistlər neçə illərdi ki, tanınmış ziyalıların böyük əksəriyyətinin mədhiyyə dediyinin şahidi oluruq. Ölkə başçısından unitaz istəyən xalq şairi Azərbaycan ziyalısının ümumiləşdirilmiş obrazıdır. Amma istisnalar həmişə olub. Rəşid Mahmudov da həmin istisnalardan biridir. İlqar Mikayıloğlu bunu nəzərə almadığı üçün canlı efirdə çətin vəziyyətə düşdü. Təəssüf ki, ziyalılarımızın bəzi hərəkətləri onlarla kobud davranmağa rəvac verir. Mən, Paşa Qəlbinuru "Atena"nın reklamında görəndə, əməlli-başlı məyus oldum. Şöhrəti Azərbaycanın hüdudlarından kənara yayılmış bu gözəl alimi keyfiyyətsiz süd-qatıq məhsullarını reklam etməyə vadar edən nədir? Əcəba, Paşa müəllimin həmin reklamdan gələn 5-10 manata ehtiyacı varmı? Tanınmış bir ziyalı xalqın gözünün içinə baxa-baxa yalan danışdığı üçün başqa bir tanınmış ziyalıya cinsi azlıqların nümayəndələrinin yanında yer ayırırlar. Əkrəm Əylislinin 26 yaşı olanda Rəsul Rza onun əsərlərinə ön söz yazıb. Rəsul müəllimin yeganə məqsədi Azərbaycan ədəbiyyatına töhfə vermək olub. Amma Azərbaycanın ədəbi gəncliyi tanınmış şair və yazıçılardan eyni qayğını görə bilmirlər. Ölkənin beş-üç tanınmış alimindən biri olan Nizaməddin Şəmsizadə bütün istedadını Hüseynbala Mirələmovun heç bir ədəbi çəkisi olmayan əsərlərinin təbliğinə sərf edir. Əmin olun ki, sözü bu qədər urvatsız edən adamın özünü də bir gün Samir Bağırovun yanında oturdub, urvatsız edəcəklər. Pula görə Rəqsanəyə mahnı yazan tanınmış bəstəkarı da, qonorar üçün Elməddinlə eyni səhnəni bölüşən xalq artistini də bu aqibət gözləyir. Buna heç kimi şübhəsi olmasın! P.S. Efirdə kimin yanında oturmasından asılı olmayaraq, Rəşid Mahmudovun yeri həmişə ləyaqətli insanların arasındadır. Odur ki, insan gərək heç vaxt ləyaqətini itirməsin. Seymur Verdizadə Geri dön |