Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli Qəhrəman, şəhid Rafiq Alıcanovun 50 illik yubileyi qeyd edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Bildiriş, Özəl xəbər > Milli Qəhrəman, şəhid Rafiq Alıcanovun 50 illik yubileyi qeyd edilib

Milli Qəhrəman, şəhid Rafiq Alıcanovun 50 illik yubileyi qeyd edilib


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Ağstafa rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı, şəhid, kapitan Rafiq Cəfər oğlu Alıcanovun 50 illik yubileyi təntənə ilə qeyd edilib.

Nazirliyin saytı məlumat verir ki, rayon ictimaiyyətinin, hərbi qulluqçuların, respublikamızın müxtəlif guşələrindən gəlmiş qonaqların iştirakı ilə Səməd Vurğun adına Ağstafa şəhər parkında keçirilən yubiley mərasiminin bir qrup iştirakçısı tədbirdən qabaq Heydər Əliyev parkına gedərək Ulu Öndərin xatirəsini ehtiramla yad edərək abidəsi önünə çiçəklər qoyublar. Sonra Milli Qəhrəman Rafiq Alıcanovun büstü önünə də gül dəstələri düzülüb.

Yubiley mərasimini Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini polkovnik Abdulla Qurbani açaraq qeyd edib ki, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, Vətən torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdikləri şəxsi igidliyə, şücaətə və xidməti borclarının yerinə yetirilməsində göstərdikləri misilsiz xidmətlərə görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Vətən övladları heç vaxt unudulmur, xatirələri xalqımız və dövlətimiz tərəfindən daima əziz tutulur. Həyat və döyüş yolları gənclərimiz, eləcə də Vətən əsgərləri üçün nümunə olan Milli Qəhrəmanlarımızın xatirə günlərinin, anım mərasimlərinin və yubileylərinin təşkili artıq ənənə şəklini alıb. Müdafiə Nazirliyinin rəhbərliyi gənclərin vətənpərvərlik tərbiyəsində, eləcə də Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə alaraq bu kimi tədbirlərə xüsusi önəm verir.

Şəhidlərin xatirəsi “Rekviyem”in sədaları altında bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Milli Qəhrəmanın ömür yolundan bəhs edilərək qeyd olunub ki, Rafiq Alıcanov 1965-ci ildə Qazax rayonunun Kəmərli kəndində anadan olub. Bir neçə ildən sonra valideynlərinin işi ilə əlaqədar Ağstafa rayonunun Köçvəlli kəndinə köçüblər. Kənd orta məktəbini bitirdikdən sonra müvəffəqiyyətlə imtahan verərək Kalininqrad Ali Hərbi Mühəndislik Məktəbinə daxil olub. Sovet İttifaqı Silahlı Qüvvələrində xidmət edərkən kapitan rütbəsinədək yüksəlib.

Ermənistanın torpaq iddiaları ilə Azərbaycana qarşı təcavüzünün başladığı ilk günlərdən doğma yurda qayıtmaq üçün mücadilələr etsə də, yalnız 1992-ci ilin avqustunda Vətənə qayıda bilib. İlk günlərdən mühəndis-istehkam qoşunlarının yaranması və formalaşmasında xüsusi səylər göstərib. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Kəlbəcər, Goranboy, Ağdərə, Tərtər, Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Zəngilan və Naxçıvan kapitan Alıcanovun döyüşdüyü, qorunmasında iştirak etdiyi, iz qoyduğu bölgələrdir. Bütün cəbhə boyu son dərəcə təhlükəli tapşırıqlara rəhbərlik edən istehkamçı peşəkar zabit yüzlərlə döyüşçünü ölümün pəncəsindən xilas edib, düşmənə texnika və canlı qüvvə sarıdan xeyli itki verib.

1993-cü ilin payızında Füzuli rayonu uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqlar göstərib, yaralı vəziyyətdə əsir düşsə də, düşmənlərin ağır işgəncələrinə məruz qalsa da, öz şərəfli ölümü ilə Azərbaycan zabitinin yenilməzliyinin simvoluna çevrilib. O, Ulu Öndər Heydər Əliyevin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Ağstafa şəhərində və ailəsinin yaşadığı paytaxt Bakıda adına küçələr var. Təhsil aldığı kənd orta məktəbi indi onun adını daşıyır.

Ağstafa rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov öz çıxışında bildirib ki, ağstafalılar 1918-20-ci illərdə daşnaklara qarşı mübarizədə, Böyük Vətən müharibəsi illərində, eləcə də müstəqillik uğrunda, Qarabağ uğrunda döyüşlərdə həmişə əsl vətənpərvərlik nümunələri göstəriblər. Həm Sovet İttifaqı Qəhrəmanlarının, həm də Milli Qəhrəmanların sıralarında Ağstafalı oğulların da adları var. Bu bölgə beş Milli Qəhrəman və 130-dan çox şəhidin məskənidir. Hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində yüzlərlə ağstafalılı xidmət edir, xüsusi təyinatlı təhsil müəssisələrində zabitlik peşəsinə yiyələnən gənclərin sayı ildən-ilə artır. Ordu quruculuğundakı son illərin uğurları bütün xalqımız kimi ağstafalıları da sevindirir. Müdafiə Nazirliyinin təşəbbüsü ilə rayonlarda keçirilən kütləvi tədbirlər xalq ilə ordunun birliyini daha da möhkəmləndirir.

Bir həftədir ki, ön səngərlərdə şəxsi heyətlə görüşlər keçirən Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru professor Ədalət Muradov, həmçinin bu ali təhsil ocağının bir qrup professor-müəllim və tələbəsi də Milli Qəhrəmanın yubiley təntənəsinə qatılıb. Professor Ədalət Muradov bu tədbirdə iştiraklarının təsadüfi olmadığını qeyd edərək bildirib ki, qəhrəmanın qızı bu universitetin magistraturasını bitirib, əsgərliyini başa vurmuş oğlu isə hazırda 3-cü kursda təhsil alır. Qəhrəmanın övladları universitet rəhbərliyinin də qayğısı ilə əhatə olunub və bundan sonra da daim diqqətdə saxlanılacaqlar.

Millət vəkili, professor Xanhüseyn Kazımlı, polkovnik Elşad Əbilov, əsgər atası İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Bulud Sadıxov, şəhid qardaşı, baş müəllim İbrahim Quliyev, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri ictimai birliyinin Ağstafa bölməsinin sədri, şəhid atası Yaqub İsmayılov və başqaları Vətən uğrunda həlak olan şəhidlərimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması istiqamətində ölkə və Müdafiə Nazirliyi rəhbərliyinin apardığı məqsədyönlü işin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qəhrəmanın qardaşı, Qarabağ müharibəsi veteranı Ramiz Alıcanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Müdafiə Nazirliyi və rayon rəhbərliyinə şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə ailələri adından minnətdarlıqlarını bildirib.

Atası şəhid olarkən 3 aylığında olan Elvin Alıcanovun çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb: “Mən atamın üzünü görməmişəm. Yalnız onun dəfn mərasimini video lentlərdə seyr etmişəm. Fəxr edirəm ki, mənim atamın cənazəsi Azərbaycan Respublikasının Dövlət Bayrağına bükülüb və mənim zabit atam yaylım atəşləri altında Vətən torpağına-son mənzilə uğurlanıb. Mən də yaşıdlarımdan biri kimi işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın hər bir əmrinə daim hazıram”.

Mərasim başa çatdıqdan sonra bir qrup tədbir iştirakçısı və Milli Qəhrəmanın oğlu düşmənlə təmas xəttində Vətən torpaqlarının keşiyini çəkən əsgərlərə baş çəkmək üçün ön səngərlərə yollanıblar.

Geri dön