Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xalqımızın türkdilli ilk mətbuat nümunələri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, Türkün şanlı tarixi, DAVAMın yazıları > Xalqımızın türkdilli ilk mətbuat nümunələri

Xalqımızın türkdilli ilk mətbuat nümunələri


22 iyul 1875-ci ildə (hicri qəməri tarixi ilə 1292-ci il rəcəbülmürəccəb ayının 8-də) Bakıda Badkubə Gimnaziyasının Moskva Universitetini bitirmiş müəllimi Həsən Məlikzadə Zərdabinin rəhbərliyi ilə Azərbaycan dilində "Əkinçi "adlı iki həftəlik qəzet (ayda 2 nömrəsi çıxaq şərtilə) nəşrə edilir.
Azərbaycan milli mətbuatının tarixi məhz bu vaxtdan başlayır.

"Əkinçi" qəzeti

57 nömrəsi hazırlansa da,onlardan yalnız 56-sı oxucularına çatıb. 57-ci nömrənin çapını elə cap prosesində müəyyən şərtlərlə
dayandırıblar. Azərbaycan dilini yaxşı bilən sası dinli mürəttib nömrədə dövlət siyasətinə zidd materialın getdiyini xəbər verdiyi üçün məsələni araşdırmağa başlayıblar.Həsən Məlikov Zərdabi (o,özünə "bəy" demirdi. Şamaxı məktəbində oxuyanda da, Bakı Gimnaziyasında və sonralar Bakı Real Məktəbində işləyəndə də sənədlərdə Həsən Məlikov kimi tanınırdı."Əkinçi"də özünü Həsən Məlikzadə kimi tanıdırdı).
Sovet dönəmində Mətbuat Günü mayın 5-də keşirilirdi.Bu gün 1912-ci ildə "Pravda" qəzetinin ilk nömrəsinin çıxdığı gün idi. Pravda -həqiqət deməkdir. Doğrudur rus "Pravda"sından əvvəl Azərbaycanın özünün "Həqiqət"i var idi. Üzeyir Hacıbəyovun 1909-cu il dekabrın 25-də Bakıda nəşrinə başladığı qəzetin də adı "Həqiqət" idi. 4 səhifəlik bu qəzetin ilk 6 nömrəsini Ü.Hacıbəyov, 1910-cu ildə çıxan 150 nömrəsini isə Ə.Kamal redaktə etmişdir.
Sən demə,bayram etmək üçün bizə "HƏQİQƏT" yox, " PRAVDA " lazım imiş.
Nə isə...
Həsən Məlikov adi müüəllimlərdən deyildi.O, elə bir məktəbdə işləyirdi ki,şəriət müəllimindən başqa , bütün müəllimlər Avropanın nüfuzlu ali təhsil ocaqlarını bitirmişdilər. Bu məktəbin müəllimləri haqqında Həsən Məlikovun lənkəranlı rus şagirdlərindən biri,sonralar metallurgiya üzrə akademik olan Sosialist Əməyi Qəhrəmanı M.A.Pavlovun "Воспоминания металлурга" (Metallurqun xatirələri) kitabında( Moskva,1946) maraqlı qeydləri var. Ən maraqlısı budur ki, burada Həsən Məlikov hamıdan yaxşı müəllim kimi hörmətlə anılıb.
Həsən Məlikov qəzetçilik fəaliyyətinə başlayanda maddi bazası yox idi.Amma Bakı qubernatoru D.S.Staroselski ona kömək etdi.Quberniya mətbəəsində "Əkinçi"yə yer ayırdılar,bir neçə dəfə qəzetə pul yardımı verildi.Bu qayğı hər şeydən əvvəl H.Məlikovun cəmiyyətdə tutduğu mövqe ilə ilgili idi.Həsən Məlikov seçilirdi,sayılırdı,ona inanırdılar.1877-ci il oktyabrın 7-də-bizə məlum olan sonuncu nömrəsinin çapından 7 gün sonra "Əkinçi"nin fəaliyyəti dayandırılanda D.S.Staroselski artıq Bakıda deyildı;onun vəzifəsi böyüdülmüş,onu Tiflisdə daha məsul vəzifəyə təyin etmişdilər.
Maraqlı bir faktı da qeyd edək ki,1877-ci ildə nəşri dayandırılan "Əkinçi" 2 il dövlət sənədlərində fəaliyyətdə olan qəzet kimi tanıdılırdı.Deyilən şərtlərlə razılaşacağı təqdirdə, "Əkinçi" öz nəşrini davam etdirə bilərdi.

"Əkinçi" nədən yazırdı və necə yazırdı? Qəzetin 1875-ci ildə çıxan ilk mömrəsi bütövlükdə Həsən Məlikovun öz əsəri idi. Döğrudur, o,qəzetin çapından xeyli əvvəl tanıdığı və qələminə,dərrakəsinə inandığı dost-tanışlarına elannamıələr göndərmiş, onları əməkdaşlığa dəvət etmişdi.Lakin birinci nömrədə heç bir müxbir yazısı yox idi ."Əkinçi"nin ilk nömrəsi bir rusdilli jurnalistin ana dilində yüksək səviyyəli çıxışı idi.Bu, ana dilimizin yazılı təntənəsi idi. Yazı dili barədə müəllimi M.F.Axundovun tənqidi qeydlərindən nəticə çıxaran H.Məlikov çevik sintaksisi, üslubi gözəlliyi olan dil ilə mətbuat səhnəsinə atılmışdı.H.Məlikov Zərdabi alınma sözləri məharətlə oxuculara başa salırdı. O,hamı tərəfindən fərqinə varmadan işlədilən sözləri mənalandıra bilirdi.
Çox təəssüf ki,H.Zərdabinin publisistik dili haqqında hörmətli müəllimimiz Ə.Orucovun 1947-ci ildəki tədqiqatından sonra hələ də lazımınca incələnməyib,tədqiq edilməyib."Əkinçi"nin leksikası,tezlik lüğəti hazırlanıb,xalqın istifadəsinə verilməlidir. "Əkinçi"nin morfologiya və sintaksisində öyrəniləsi nəsnələtr çoxdur.
Biz bu gün SOS siqnalını bərkdən və ucadan səsləndirməliyik.İndiki şagird və müəllimlərimizin çoxu Azərbaycan dilində pis danışır.Adi məişət sözləri unudulub,frazeoloji birləşmələri loru söz hesab edənlərin sayı çıxalıb, şagirdlər ələklə xəlbiri fərqləndirə bilmirlər,alçaya gavalı,gavalıya alça deyirlər.Bunları və bu kimi materialları bilən,oyrədən və öyrətməyə qadir olan müəllimləri isə FƏXRİ TƏQAÜDƏ göndərirlər.

İndi bizim qəzetlərdə "Əkinçi" qəzetinə Nəcəf bəy Vəzirovun Moskvadan göndərdiyi ("Əkinçi",N 21; 06.11.1876-cı il ) məktublar kimi məktub yoxdur.(Mən bu məktub haqqında ayrıca bir yazı çap etdirmişəm-N.N.). N.Vəzirov Moskvadan Bakıya göndərdiyi məktubunda haray çəkirdi,qışqırırdı,kar qulaqları açmaq istəyirdi:" ...kitab və müəllimlərdən bir neçə kəlmə danışaq.Biz(im) məktəbxanada oxunan Leyli-Məcnun, Hafiz və qeyrə uşaq kitabı deyil.Onları ki böyük oxuyanda cuşa gəlir,uşaq başına nə kül töksün onları oxuyub eşqbaz,cürəkeş və bir də bizi oxudanda məhz oxuyub yazmağı öyrədirlər və dəxi səy edən yoxdur ki, bir xeyri olan şey də öyrətsin.Məsələn , Məcnun elədiyi qələti oxudunca elmi-coğrafiya kitabı oxusaq, həm yazıb oxumağı öyrənnik,həm dünya üzündə olan vilayətlərdən xəbərdar olarıq".
Əkinçidə rus və Avropa qəzet və jurnallarından elə materiallar seçilib,tərcümə olunurdu ki, bunların dil öyrənməkdə çox böyük əhəmiyyəti diqqəti cəlb edirdi.
"Əkinçi" dilimizin ensiklopediyasıdır. "Əkinçi" hər ailənıin stolüstü kitabı olmalıdır. Məndə "Əkinçi"nin nömrələr toplusundan ikisi var.Təəssüflənirəm ki,onlardan birini şagirdlərimdən biri özü oxumauıb, mənə bağışlayıb. Gəlin uşaqlarımızı elə tərbiyə edək ki,onlar "Əkinçi"ni ana dili kitabı kimi dəyərləndirsinlər.

***



Əqidə və məslək dostlarının üçü haqqında düşüncələr...




Azərbaycan mətbuatı tarixində adları yadda qalan ziyalılarından bir qrupu-türkdilli publisistik yaradıcılığını 1879--cu ilin yanvarında Tiflisdə nəşrə başlayan "Ziya" qəzetindəki bir məqalə ilə türkdilli oxuculara ünvanlayan Krım tatarı İsmayıl bəy Qaspıralı, türk jurnalistlərinin ağır təbiətli,təmkinli,qayğıkeş və istiqanlı müəllimi Həsən bəy Zərdabi və onun kürəkəni, göyü,damadı Əlimərdan bəy Topçubaşov.

Çox təəssüf ki, hələ də "Əkinçi"dən sonra fəaliyyətə başlayan "Ziya" ("Ziyayi-Qafqasiyyə") (1879-1884),
"Kəşkül "(1883-1891) kimi mətbuat orqanlarının yaradıcıları Ünsizadə qardaşlarının-Səid Əfəndi Ünsizadənin (1825-1905) və onun kiçik qardaşı Cəlaləddin Əfəndi Ünsizadənin foto şəkillərini hələ də tapılıb üzə çıxarılmayıb.Onların Tiflisdən İstanbula köçdükləri, burada Şirvanlılar məhəlləsində yaşadıqları güman edilsə də, bu istiqamətdə iş aparmaq lazımlı görünür. Ünsizadələr nəslinin İstanbuldakı qohum-əqrəbaları ilə əlaqə saxlamaq ictimai - fikir tariximizin öyrənilməsində bir çox nəsnələri meydana çıxara bilər.
Azərbaycanda da Ünsizadələrin bəzi qohum-əqrəbaları var.Yenə də, çox təəssüf ki,onlarda hələ də sovet qorxusu olduğundan elm üçün, mətbuat tariximiz üçün gərəkli çağırışlara cavab vermirlər.Güman edirlər ki, birdən bu axtarışların düşər-düşməzi olar.
Ünsizadələr nəslindən Rəşid müəllim ( bəlkə də onun oğlu-N.N.) 1970-ci illərdə Göyçayda icra hakimiyyətində işləyib.Ünsizadələrdən biri -Cingiz hərbi həkim idi. Biri Kasparda təchizat şöbəsində işləyirdi.Ünsizadələrin bir qohumu-Elmira xanım Mustafayeva(Ağsunun Növcü kəndində doğulmuşdur) Respublika Mərkəzi Xəstəxanasının köhnə univermağın yanındakı poliklinikasında müalicə həkimi işləyirdi.Ünsizadələrdən biri Bakının abtomobil təsərrüfatlarının birində dəmirçi işləyirdi.Mən onun adını ƏMƏK BETERANI döş nişanı alanların siyahısında görmüşdüm. Təəssüf ki,əlaqə saxlaya bilmədim.
Əvvəllər Rabitə Nazirliyi,səhv etmirəmsə, hər il Bakı şəhərində yaşayan telefon abonentçilərinin soraq kitabçalarını çqp edirdi.Sonralar bu nəşr, deyəsən, kiməsə sərf eləmədi, nəşrin çapı dayandırıldı. Amma,təbii ki,Rabitə və İnformasiya Nazirliyində telefon abonentçilərinin siyahısı var. Həmin siyahıdan Ünsizadələrin izinə düşmək olar.Mən onlardan birini tapmışdım.Amma telefona həmişə yaşlı bir qadın cavab verirdi,o da mənim tədqiqatçılıq məramımı başa düşmürdü.
Ünsizadələri tapıb,onların ailə arxivlərində mətbuat tariximizə aid materialları öyrənmək lazımdır.Bu il Səid Ünsizadənin (1825-1905)yubiley ilidir.Onun 190 yaşı tamam olur.Bu tarix dövlət səviyyəsində qeyd edilməlidir.

Səid Ünsizadə ümummilli liderimiz Heydər Əliyevin çox yüksək qiymətləndirdiyi maarifçi ziyalılardan biridir. "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin18 iyun 2001-ci il tarixli 506 nömrəli Fərmanı"nda Səid Ünsizadənin adı Mirzə Kazım bəy, M.Ş.Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov,Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Nəriman Nərimanov, Üzeyir bəy Hacıbəyov, Abdulla Şaiq kimi ziyalıların cərgəsində çəkilmişdir.
Burada bir balaca haşiyəyə çıxmaq istəyirəm. İnsanlara vaxtında qiymət vermək,onlarla maraqlanmaq lazımdır.
...Bakı Dəmir Yolu Texnikumunda çox ziyalı görkəmi olan rusdilli bir müəllim işləyirdi.Təbriz küçəsində - texnikumun yanında ikimərtəbəli binalardan birinin birinci mərtəbəsində tək-tənha yaşayırdı. Ünsiyyətdən qaçmağa çalışırdı. Bu, Bakı və Şamaxı ədəbi mühitinin dərin bilicilərindən, XX əsr mətbuat tariximizin yaradıcılarından biri olan, bir çox dərsliklərin tərtibçisi Qafur Rəşad Mirzəzadənin oğlu Şərif kişi idi. Mən onu bibim oğlunun qonşusu kimi tanıyırdım. Məhəllə uşaqlarının Şərif baba kimi tanıdıqları və sevdikləri Şərif kişi öləndə onun illərlə qoruyub saxladığı ərəb əlifbalı dərslik və jurnallarını,eləcə də bədii kitablarını zibilliyə atmışdılar.Təkcə onun rus və alman dilində olan kitabları kiminsə xoşuna gəlmişdi.

Xalqımızın türkdilli ilk mətbuat nümunələri

Xalqımızın türkdilli ilk mətbuat nümunələri

Xalqımızın türkdilli ilk mətbuat nümunələri


***

Bu da bir qab-hind qozunun qabı- " KƏŞKÜL "


"Kəşkül" klassik və dünya ədəbiyyatındakı divan,cüng,almanax, təzkirə kimi lirik şeirlər toplusudur. Ünsizadə qardaşlarının birgə layihəsi olan "Kəşkül" də topludur,dərgidir, jurnaldır, bir növ Şərq ensшklopediyasıdır. Mənası hind qozu qabığından hazırlanmış torba,qab anlamındadır.Şərq səyyahlarının,dərvişlərinin torbasında-kəşkülündə hər nəsnə olurdu.Ünsizadə qardaşları da öz kəşküllərinə bədii və ictimai mənalı sözün hər birinə aid materiallarlı yığmağa hazır idilər.Təki yaxşı söz deyən olsun.




"Kəşkül" jurnalının ilk nömrəsinin ( Senzura idarəsinin jurnalın çap edilməsinə verilən icazə tarixi - 31 yanvar 1883-cü il ) sonuncu səhifəsi

Qeyd.

Həmişə haray çəkirdilər ki,bəs "Kəşkül"ün ilk nömrəsi hələ tapılmayıb.
İlk nömrə haqqında danışanda "Ziyayi-Qafqasiyyə "qəzetində verilən məlumatlara əsaslanırdılar. Sovetlər dağıldı, "Kəşkül" jurnalının ilk 3 nəmrəsi tapıldı. Bu cümlədən nə fikirləşirsinizsə, fikirləşin.Öz işinizdir.Amma,mənə elə gəlir ki,bu nömrələrin üzə çıxarılması kiməsə sərf etmirmiş. "Kəşkül"ün bu nömrələrinin foto surətlərini tələm-tələsik M.F.Axundov adına Azərbaycan Mərkəzi Dövlət Kitabxanasına vermişdilər (indi nədənsə, bu kitabxananın oxucu biletlərinin üstündə M.F.Axundovun adı və soyadı yoxdur-N.N.).Fotolar yaxşı çap olunmadığından, onlar toto toplusuna tərsinə tikildiyindən bu materialları oxumaq çətinlik törədirdi.Nömrərərin orijinalını onu kitabxanaya təhvil verəndən alıb,oxumaq istədim Neçə adamı minnətçi salsam da,... müəllimin mənzilinin təmiri qurtarmadı ki,qurtarmadı( əlbəttə ki, təmir olunan mənzilin vəziyyətini başa düşmək çətin deyil).

Yeri gəlmişkən bir məsələni yenə də yada salmaq istəyirəm.Orta məktəbin tarix kitabında (Azərbaycan taruxi,X sinif ) "Kəşkül"ün ilk nömrəsinin 1880-ci ildə çap olunduğu göstərilir.Yaxşı ki, ali məktəbə tarix fənni üzrə qəbul imtahanları proqramında hələ ki mətbuatla bağlı sual yoxdur.
"Kəşkül"ün 11 nömrəsi jurnal formasında ayda bir dəfə çap olunub. Jurnalın üz qabığında onun proqramı oxuculara bəyan edilir: "Ədəbiyyat və siyasiyyatdan bəhs edən TÜRKİ və FARSİ və ƏRƏBİ məqalatı (mövzuları-N.N. ) dərc edir".
Jurnalın ilk nömrəsinin ( 31 yanvar 1883-cü il, N 1) sonuncu - 28-ci səhifəsində rusca verilmiş tanınma səhifəsində də bu fikir təsdiq olunur: " КЕШКУЛЪ - ЕЖЕМЕСЯЧНЫЙ ЛИТЕРАТУРНЫЙ и ПОЛИТИЧЕСКИЙ ЖУРНАЛЪ НА ТАТАРСКОМЪ и ПЕРСИДСКОМЪ и АРАБСКОМ ЯЗЫКАХЪ".
"Kəşkül" sonralar -1884-cü ilin martından ayda iki dəfə -15 gündən bir qəzet kimi nəşr olunmuşdur. Onun sonuncu nömrəsi 1891-ci ilin oktyabrında çıxmışdır.

Mənfəətdən xali olmadığı üçün Kəşkülün birinci nömrəsində çap olunmuş yazıların adlarını sadalayırıq:

1.Mənzum dua
2."Kəşkül"ün müqəddiməsi
3.Mətbu sözün mahiyyəti
4.A.Bakıxanovun "Nəsihətlər"i
5.1877-ci ildə Dağıstanda baş vermiş iğtişaşlar
6.Ordan-burdan (Cмесъ-qarışıq,hər nəsnədən bir az-N.N. )
7.Əlifba məsələsi (Ərəb əlifbası haqqında)
8. Bir xan haqqında
9.S.Atamalıbəyovun hekayəsi (məktubu)
10.Rusiya və İngiltərə Orta Asiyada
11.Tehranın "İttila" ("Xəbər"-N.N.)qəzetəsi
12.Elanlar


***

Babamın kitabı - "MOLLA NƏSRƏDDİN" (1906-1918, Tiflis)

(1921, Təbriz)
(1922-1931, Bakı).

Babam Rəsul İsmayılovun (1877-1959) atası Nəsrəddin İsmayılovun (? - ? ) qəbri qonşusu və yaxın dostu, "Molla Nəsrəddin"in attestatlı molla müxbirlərindən biri olan Mirzə Ələkbər Sabirin qəbrinin həndəvərindədir. Mən Molla Nəsrəddin və "Molla Nəsrəddin" jurnalı haqqında az yazmışam.Tezliklə vaxt tapıb,səhvlərimi düzəldəcəyəm.Təki sağlıq,salamatlıq olsun.



Hər nömrəsinin satış qiyməti qəpik-quruş - cəmi 12 qəpik olan, amma dövrünün ən qiymətli nəşrlərindən biri kimi dəyərləndirilən "Molla Nəsrəddin" jurnalının saylarından birinin üz qabığı.Karikaturanın müəllifi Oskar Şmerlinqdir.

"Molla Nəsrəddin"in istənilən karikaturası jurnalın yaradıcı heyətinin məqsəd və məramı haqqında zəngin məlumatlarla doludur.




Nazim Nəsrəddinov,

Azərvaycan Respublikasının əməkdar müəllimi,
Avropa Azərbaycan Məktəbinin (EAS) Azərbaycan dili və ədəbiyyatı müəllimi,
Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,
Respublika Prezidentinin Sərəıncamı ilə keçirilən ƏN YAXŞI MÜƏLLİM MÜSABİQƏSİNİN QALİBİ,
Respublika Prezidentinin aylıq təqaüdçüsü.

Bakı,22 iyul 2015-ci il.

Geri dön