Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda abortlarla bağlı son statistika
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Azərbaycanda abortlarla bağlı son statistika

Azərbaycanda abortlarla bağlı son statistika


Ötən il Azərbaycanda qeyri-leqal abortlar da daxil olmaqla 27220 abort qeydə alınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 1023-ü və ya 3,8 faizi ilk dəfə hamilə olmuş qadınlar tərəfindən həyata keçirilib.

2014-cü ildə hər 1 000 fertil, yəni 15-49 yaşda olan qadına 10,1 abort düşüb.

Abortlar daha çox 25-34 yaşlı qadınlar tərəfindən edilib. Ümumilikdə, ötən il 15-17 yaşlı qadınlar tərəfindən 88, 18-19 yaşlı qadınlar tərəfindən 1073, 20-24 yaşlı qadınlar tərəfindən 5738, 25-29 yaşlı qadınlar tərəfindən 8365, 30-34 yaşlı qadınlar tərəfindən 7756, 35 yaşdan yuxarı qadınlar tərəfindən isə 4200 abort olunub.

Ötən il ölkədə 5,5 min vaxtından əvvəl uşaq doğulub. Bu cür uşaqların anadan olması, əsasən anaların əvvəllər tez-tez abort etməsi ilə əlaqədardır.

Azərbaycan Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan Trend-ə verilən məlumata görə, bu rəqəmlər ölkədəki bütün abortların sayını əks etdirmir: "Çünki qadınlar reseptsiz satılan bəzi dərman preparatlarını qəbul etməklə də ev şəraitində abort edirlər. Belə abortlar bəzi hallarda problemsiz bitsə də, bir çox hallarda güclü qanaxma ilə nəticələnir. Belə hallarda qadınlar tibb müəssisələrinə müraciət etdiyi zaman həkimlər bu abortlardan xəbər tuturlar".

Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tədqiqatlarına görə, Azərbaycanda abortlar əsas etibarilə ailəli qadınlar tərəfindən ikinci doğuşdan sonra nəsilverməni tənzimləmək məqsədilə istifadə olunur. Tədqiqatın nəticələrinə görə, ailəli qadınların yarıdan çoxu (56%) ən azı bir abort əməliyyatı keçirib. Ən aşağı təhsilli və ən yuxarı təhsilli qadınlar başqa qadınlara nisbətən daha az abort əməliyyatı keçirirlər.

Qeyd edək ki, Azərbaycanda dölün 12 həftəsinədək abort etdirmək ananın müstəsna hüququdur.

Milli Məclisdə dəfələrlə müzakirəyə çıxarılan və hələ də qəbul olunmayan "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsi selektiv abortların aparılmasını qadağan edir. Layihəyə əsasən, dölün 12 həftəliyindən 22-ci həftəliyinə qədər olan dövrdə sosial göstərişlərə görə abort edilməsi həkim konsiliumunun qərarı ilə həyata keçirilə bilər.

Bu qanun layihəsinin müzakirəsinin təxirə salınması səbəbi isə onun milli mentalitetə uyğun gəlməməsi ilə izah edilir.

Geri dön