Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Cavad Heyətin qəbirüstü abidəsinin açılışı olub
Cavad Heyətin qəbirüstü abidəsinin açılışı olub |
Bakıda görkəmli türkoloq alim və ictimai xadim, dünya şöhrətli cərrah, professor Cavad Heyətin qəbirüstü abidəsinin açılışı və xatirəsini anma mərasimi keçirilib.
Avqustun 14-də ikinci Fəxri xiyabanda keçirilən mərasimdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar elmlər bölməsinin akademik-katibi, akademik Teymur Kərimli, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, mərhumum ailə üzvləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər. AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov bildirib ki, Cavad Heyət görkəmli həkim, tanınmış publisist və ədəbiyyatşünas, Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü olub. Bu böyük şəxsiyyətin ümumilikdə Azərbaycan üçün gördüyü işlərdən söhbət açan Rafael Hüseynov diqqətə çatdırıb ki, bir çox cərrahi əməliyyatlar məhz onun adı ilə bağlıdır. 1925-ci il mayın 24-də Təbriz şəhərində anadan olan Cavad Heyət ilk orta təhsilini doğulduğu ölkədə alıb. 1946-cı ildə Türkiyə İstanbul Universitetinin tibb fakültəsini bitirib. Həmin universitetdə 3 il çalışdıqdan sonra təhsilini 4 il müddətində Paris Universitetində davam etdirib. Yüksək dərəcəli cərrah ixtisasına yiyələnərək 1952-ci ildə Tehrana qayıdıb və orada öz klinikasını açıb. Cavad Heyət Tehran Azad İslam Universitetinin cərrahiyə üzrə professorudur. Əlli ildən çoxdur ki, cərrahlıqla məşğuldur. Öz xüsusi klinikası olmaqla yanaşı, Tehran-Pars xəstəxanasında da çalışırb. Doktor Cavad Heyət 1954-cü ildə qapalı ürək əməliyyatı, 1962-ci ildə isə İranda ilk dəfə açıq ürək cərrahiyyəsini müvəffəqiyyətlə həyata keçirib. Bundan sonra o, İranda ilk dəfə ürək qapaqlarını dəyişdirmə, heyvanlarda ürək dəyişdirmə, Tehranda ilk dəfə insanda böyrək dəyişdirmə əməliyyatını uğurla həyata keçirdiyinə görə “Birinci Dərəcəli Əmək Ordeni” ilə təltif olunub. 1983-cü ildə isə cərrahiyyənin inkişafına verdiyi elmi-nəzəri və əməli uğurlarına görə Paris Beynəlxalq Cərrahlıq Akademiyasının üzvü seçilib. Bundan sonra 8 ildən artıq Tehranda Azad İslam Universitetinin cərrahiyyə kafedrasına (cərrahi qrupuna) rəhbərlik edib. Fars dilində cərrahlıqla bağlı üç cildlik dərs kitabının, eyni zamanda ikisi fars və beşi də türk dilində olan yeddi cildlik türkoloji kitabın müəllifidir. Cavad Heyət cərrahiyyə ilə bağlı Azərbaycan, Amerika, Fransa, Türkiyə və bir çox Avropa universitetlərində tez-tez mühazirələr oxumaq üçün dəvətlər alırdı. Cavad Heyət həmçinin “Varlıq” dərgisinin təsisçisidir. O, 36 ildən artıqdır ki, türk və fars dillərində yayılan bu ədəbi-mədəni dərgini nəşr etdirirdi. Cavad Heyət filologiya və türkologiya sahəsində “Azərbaycan ədəbiyyat tarixinə bir baxış”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Türk dili və ləhcələrinin tarixi”, “İki dilin müqayisəsi” kitablarının müəllifidir. O, Bakı Dövlət Universitetinin, Azərbaycan Tibb Universitetinin, Xəzər Universitetinin fəxri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının, N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin fəxri professoru, Azərbaycan Cərrahları Elmi Cəmiyyətinin fəxri üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin M.F.Axundov adına mükafatına və “Dədə Qorqud” Assosiasiyasının təsis etdiyi “Məmməd Araz” mükafatına layiq görülüb. Azərbaycanın müxtəlif universitetlərinin fəxri doktoru və professoru, Türk Dil Qurumunun fəxri sədri, eləcə də İstanbul Universitetinin fəxri doktoru idi. Mərhum C.Heyət türk dünyası, xüsusi ilə Güney və Quzey Azərbaycan və Türkiyədə çox tanınmış alimlər sırasındadır. Onun vəfatı Azərbaycan tibb elmi, türkologiya sahəsi və ümumiyyətlə millətimizin milli hərəkatında olduqca böyük itki kimi qəbul olunur. Geri dön |