Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: - Sağlam düşüncəni hakimiyyətə daşımaq lazımdır.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: - Sağlam düşüncəni hakimiyyətə daşımaq lazımdır.

Fərəc Quliyev: - Sağlam düşüncəni hakimiyyətə daşımaq lazımdır.


“Moskvada Cərrahiyyə İnstitutunun akt zalında hansı protokolların qəbul olunmasından belə xəbərimiz var”

Ölkə ictimaiyyəti noyabr ayında keçiriləcək seçkidə qanunverici orqanı - Milli Məclisi beşinci dəfə yeniləmə imkanı qazanacaq. Ölkənin gündəmində duran əsas məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi, həll prosesində özünü büruzə verən daxili və xarici maraqlar, eləcə də mövcud şəraitdə tələb olunan vacib addımlar və bundan yararlanmalı olduğumuz suallar ortaya çıxır.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev İnform.az-a müsahibəsində bu istiqamətdə yaranan bəzi mübahisəli məqamlara toxunub.

“Birmənalı şəkildə ATƏT-in Minsk qrupundan əl çəkmək lazımdır”



- Fərəc müəllim, bu gün Dağlıq Qarabağ münaqişəsinin həllində əsas missiyanı daşıyan ATƏT-in Minsk qrupunun fəaliyyətində hər hansı irəliləmə varmı və siz təmas xəttində ermənilərin mütəmadi olaraq atəşkəsi pozmasını və bununla belə keçirilən monitorinqlərin əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Ümumiyyətlə, ATƏT-in Minsk qrupunun heç bir mənası yoxdur. Çünki, quruma daxil olan dövlətlər - Fransa və Rusiya birmənalı şəkildə Ermənistana dəstək verir. Təsadüfi deyil ki, işğalçı dövlət bu qurumun fəaliyyətindən razı qaldıqlarını ifadə edir. Ermənistan, həmçinin, Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatının üzvüdür. Rusiya bu təşkilat daxilində olan dövlətlərə hər cür dəstək verəcəklərini birmənalı şəkildə bəyan edib. Belə yanaşmalar isə indiki status-kvo üçün “tormoz” rolunu oynayır. Ermənistan da bundan bəhrələnərək, atəşkəsi pozmaqda davam edir. Ona görə də mən ATƏT-in fəaliyyətindən heç nə gözləmirəm. Hesab edirəm ki, bu missiya birmənalı şəkildə ya Avropa Birliyinə verilməldir ki, Rusiya- Gürcüstan müharibəsində olduğu kimi davrana bilsin, ya da BMT-yə verilməlidir ki, BMT –nn nizamnaməsində göstərildiyi kimi ya hərbi sanksiyalar, ya da qeyri-hərbi sanksiyalarla qətnamələrin həyata keçirilmsini təmin etsin.

Hesab edirəm ki, birmənalı şəkildə ATƏT-in Minsk qrupundan əl çəkmək lazımdır. Kompromis variant kimi, burada Fransa və Rusiya Almaniya və Türkiyə ilə əvəz oluna bilər.
İndiki halda keçirilən monitorinqlərin heç bir əhəmiyyəti yoxdur. Ermənistan Müdafiə Nazirliyində atəşkəs rejiminə əməl olunması, monitorinq qruplarının fəaliyyət göstərməsi, hətta təmas xəttində sülhməramlı qüvvələrin olmasını istəmələri də açıq şəkildə göstərir ki, ermənilər hərbi vəziyyətin aktiv fazaya keçməsindən ehtiyatlanırlar. Ona görə də “ağalarını”, yenə də ATƏT-in Minsk qrupunda olan üzvlərini regiona dəvət edib, bufer rolunu oynamalarını təmin etməyə çalışırlar.

“Həm Avropa dövlətləri, həm Rusiya və onun müttəfiqləri Azərbaycanı zəif görmək istəyirlər”



- Avropa və Qərbdən gələn təzyiq və təsirlər daha çox nəyə köklənir. İşğalçı Ermənistandan istifadə edən bu qüvvələr bununla nəyə ümid bəsləyirlər?

- Azərbaycan bu gün asılı dövlətdən daha çox, kimisə özündən asılı vəziyyətə salmağı bacaran bir vəziyyətə gəlib. Ən azından Avropanın enerji təhlükəsizliyi birbaşa Azərbaycanla bağlıdır. Bu, Rusiyaya qarşı sanksiyaların tətbiqi və həmin ölkə ilə əlaqələr minimuma çatdırıldıqdan sonra daha aktualdır. Həm Avropa dövlətləri, həm Rusiya və onun müttəfiqləri çox təəssüf ki, Azərbaycanı zəif görmək istəyirlər. Onlar belə dövlətləri müəyyən təsirlər altında saxlamaqla onu istədikləri çərçivəyə salmağa çalışırlar. Azərbaycanın yalnız onların “orbitində” güclü olması onları qane edir.

“Partiya öz düşüncəsini yalnız hakimiyyətə gəlmək üçün kökləyirsə, bu yanlışdır”



- Fərəc müəllim, qarşıdan Parlament seçkiləri gəlir. Partiyanızın seçkilərə hazırlığı necə gedir?

- Seçkilərə hazırlıq prosesi yalnız seçki dönəmində baş vermir. Hər bir partiya bütün fəaliyyətini seçkiyə gedirmiş kimi həyata keçirməlidir. Əslində partiya fəaliyyətinin özü, fəlsəfəsi seçkidir. Partiya özünü cəmiyyətə düzgün təqdim etməlidir ki, insanlar sonda onlara səs versinlər. Partiya öz düşüncəsini yalnız hakimiyyətə gəlmək üçün kökləyirsə, bu da yanlışdır.
Təbii ki, biz ardıcıl olaraq seçki istiqamətində işlər görürük. Həmişə seçkilərdə öz fikirlərimizi söyləmək, platformamızı təqdim etməkdə maraqlı olmuşuq.
Əlbəttə ki, hazırlıqlarımız var və bu gün namizədlərimizi müəyyən etməklə məşğuluq. Müəyyən məntəqələrdə, nümayəndələrimizin iştirakı ilə bağlı sənədlərimizi yenidən vərəqləyirik, hansı təbliğat üsulunun tətbiq olunacağı ətrafında düşünürük. Ümumiyyətlə, yay olmasına baxmayaraq, hazırlıq işlərimiz pis getmir. Fəaliyyətimiz prosesə start veriləndə daha açıq görünəcək.

“Bizim üçün əsas məsələ fiziki mənada hakimiyyətdə təmsil olunmaq deyil”



- Bu gün ictimai – siyasi sferada, bir çox hallarda müxalifət partiyalarında seçki ilə bağlı hazırlıqlar kafi qiymətləndirilir. Yəni ictimai fikrə “seçki aktivsizliyi”, “seçki sakitliyi” kimi fikirlər sızdırılır. Bu durum və məlum yanaşmalar sizin fəaliyyətinizə nədəsə maneə törətmir ki?

- Əlbəttə ki, arzu olunan və istənilən səviyyədə olmasa da, ən azından real imkanlara, real mühitə uyğun olaraq fəaliyyət göstərməyə çalışmışıq. Bizim partiya əksər partiyalardan ən azı strukturuna görə fərqlənir. Biz probelemlərə qarşı adekvat partiya yaratmışıq. Bizdə Qərbi Azərbaycan Departamenti var. Bu departament qərbi azərbaycanlıların problemi, təzminat məsələləri ilə məşğul olur. Güney Azərbaycanlıları Departamenti var ki, Güney Azərbaycanın taleyi ilə məşğul olur. Bizdə Dərbənd, Borçalı, Qarabağ departamentləri fəaliyyət göstərir. Mübağiləsiz deyə bilərəm ki, bu departamentlər bir çox partiyaların fəaliyyətindən daha çox iş görürlər. Biz cəmiyyətdə nə problemlər varsa, ona adekvat münasibət nümayiş etdirmişik. Bizim üçün əsas məsələ fiziki mənada hakimiyyətdə təmsil olunmaq deyil. Bizim üçün əsas olan mövcud problemlərin həll olunmasıdır. Biz hesab etmirik ki, fəaliyətimiz yalnız meydanlarda boş səs-küy salmaq və effektsiz tədbirlər keçirməkdən ibarət olmalıdır. Biz, Azərbaycan cəmiyyəti ilə həm parlament, həm xarici trubinalar, həm də daxildə sağlam şəkildə işləyirik.

“Hakimiyyət kimin əlində olursa-olsun dövlət müqəddəsdir”



- Necə hesab edirsiniz, partiyaların fəaliyyətində boş səs-küy yaratmalar, effektsiz tədbirlərin həyata keçirilməsi mərhələsi geridə qalmadımı? Cəmiyyət hansı yeni mühitin yaranmasını tələb edir?

- İnsan orqanizminin özündə belə, dəyişikliklər baş verir. Dəyişilməyən yalnız ölülərdir. Mühitin, ölkənin vəziyyətinə uyğun olaraq cəmiyyət dəyişikliklər tələb edir. Monoton şəkildə fəaliyyət göstərmək, yalnız kiməsə böhtan demək, şərləmək, hər şeyin üstündən xətt çəkməklə fəaliyyət göstərmək mümkün deyil. Bu təbii ki, günün birində imtinaya aparmalı idi. Bundan başqa yol yoxdur. Mən hesab edirəm ki, düşüncə mübarizəsi aparmaq, ən yaxşı təkliflərlə çıxış eləmək, mövcud olan problemləri tənqid edib, alternativ təkliflərlə çıxış etmək və sağlam düşüncəni hakimiyyətə daşımaq lazımdır. Mən həmişə dediyim fikri bir daha təkrar etmək istəyirəm: “Quran” həmişə müqəddəs olur və o, kimin əlində olursa-olsun yenə də müqəddəsdir. Dövlət də belədir. Hakimiyyət də kimin əlində olursa-olsun dövlət müqəddəsdir, biz onu qorumalıyıq və hər bir partiya özünün fəaliyyətini onun inkişafı üzərində qurmalıdı. Hakimiyyətə gəlmək, yaxud gəlməmək ötəridir.

“Hər bir insan, hər bir qurum da öz xoşbəxtliyini dövlətin xoşbəxtliyinin içərisində axtarmalıdır”



- Parlamentdə olmayan və getdikcə də özünün aktivliyini itirən bir çox müxalifət partiyalarının indiki vəziyyətinə baxsaq bunu hansı proseslərin nəticəsi kimi səciyələndirmək olar?

- Parlamentdə olan partiyalar konstruktiv təkliflərlə çıxış etmək imkanları qazanırlar. Parlament ikinci tribunadır və hər kəs təklif vermək imkanı qazanır. Məsələn, istər hərbi, istər sosial, istərsə də xarici səfərlərlə bağlı olsun, parlamentdə verdiyim təkliflərin doxsan doqquz faizi nəzərə alınıb. Hətta, bəzi məsələlərin tətbiqi ilə bağlı bizə meydan da verilib . Təşəbbüskar olmaq üçün bu tribuna çox vacibdir. Parlamentə olmayan partiyalar da bu cür təşəbbüslərlə çıxış edə bilərlər. Dövlətin yanında olmaqla, başqa dövlətlərin maraqlarını təmin eləmədən işlər görmək lazımdır. Hər bir partiyanın tərkibində olan insanların fərdi, qrup maraqaları var. Amma bu maraqlar dövlət maraqlarının yanında ikinci dərəcəlidirlər. Hər bir insan, hər bir qurum da öz xoşbəxtliyini dövlətin xoşbəxtliyinin içərisində axtarmalıdır. Əgər kimsə, başqa dövlətin burdakı siyasətini gerçəkləşdirməkdə bir “maşaya” çevrilirsə, o Azərbaycan dövlətinə yad ünsür kimi qəbul olunacaq. Ona görə də parlamentdən kənarda olan partiyalara da tövsiyyəm budur ki, yalnız Azərbaycan dövlətinin möhkəmlənməsi ilə bağlı fəaliyyət göstərsinlər.

“Cəmiyyət durulduqca bu partiyaların mövqeləri də aydın oldu”



- Vaxt var idi ki, parlamentdə olan müxalifət partiyalarını müxalifət hesab etməyənlər, deyəsən o “səhifələri” qapadılar. Sizcə hansı yeni yanaşmalar var?

- Mən bu adamların ictimaiyyətə hansı fikri ötürmək istəmələrinin fərqində idim. Amma əhəmiyyət vermirdim. Mən hesab eləmirəm ki, ictimai rəyin quluna çevrilmək lazımdır. Bunlar ictimai rəyi fərqli formalaşdırmaq istəyirdilər. Amma cəmiyyət durulduqca bu partiyaların mövqeləri də aydın oldu. Özlərini milli demokrat kimi təqdim edənlərin Milli Şura adı altında başlarının Rusiyanın “qoltuğu altından” çıxdığını görəndən sonra cəmiyyət onların kim olduğunu bildi. Bundan sonra təbii ki, bu gün onlar bizim mövqelərimizin doğru olduğunu etiraf etməyə məcbur idilər. Təbii ki, əgər islah olunacaqlarsa və normal şəkildə Azərbaycana xidmət edəcəklərsə, çalışarıq ki, heç kəs “itməsin”, dövlətimizdə qalsın və ona xidmət eləsinlər. Əgər səhvlərini başa düşüb doğru yola qayıdıblarsa, bunu normal qarşılamaq olar.

“Qarşılarında Azərbaycan cəmiyyətini, ən azından bizim kimi milli qüvvələri görəcəklər”



- Milli Şura sentyabrda aksiyaya hazırlaşır, gözləntiniz nədir?

- Bu günə qədər Milli Şura çox aksiya keçirdi. Amma bir “ovuc adam” ora getmədi. Əslində, 4 milyonluq Bakı şəhərində iki yüz nəfərin toplaşa bilməməsi onlara verilən qiymət idi. Artıq onlar da başa düşməlidirlər ki, dəstək verənləri yoxdur. Onsuz da maraqlı dövlətlər Azərbaycanda özlərinin pozucu işlərini görürlər. Hər kəs bilir ki, Milli Şuranı Rusiya yaratmışdı. Moskvada Cərrahiyyə İnstitutunun akt zalında hansı protokolların qəbul olunmasından belə xəbərimiz var. Əgər yenə də Milli Şura adı altında nə isə etmək istəyirlərsə, qarşılarında Azərbaycan cəmiyyətini, ən azından bizim kimi milli qüvvələri görəcəklər. Onlar Azərbaycan dövlətini yanlış istiqamətlərə aparmağa, müstəqilliyinin üstündən xətt çəkməyə çalışcaqlarsa, təbii ki, bunların qarşısı alınacaq.

“Mən camaatı aldadan “plakatlarla” işləmək fikrində deyiləm”



- Seçki ilə bağlı hansı problemlərin aradan qaldırılmasını vacib hesab edirsiniz?

- Seçki zamanı yaxşı yalanlar danışan insanlar ortaya çıxır və camaatı aldatmağa çalışırlar. Tutaq ki, asfalt salmaq, qaz çəkmək kimi işləri görəcəkləri barədə vədlər verirlər. Amma deputatın öz funksiyası var. Deputat qanunverici orqanda çalışır və o, yeni qanunlar yaratmalı, onun icrasına çalışmalıdır. Müəyyən yerlərdə problemlərin qaydasına salınmasına çalışmaq da olar ki, bu, başqa məsələdir. Amma ümumilikdə, seçicilərin ayrı-ayrı problemlərini yerinə yetirməkdənsə, bütövlükdə cəmiyyətin problemləri həll olunmalıdır. Biz həm seçicilərlə işləyirik, həm Azərbaycan daxilində qanunvericilik məsələləri ilə məşğul oluruq. Ölkəni kənarda imkanımız qədər çıxış edərək təmsil edirik. Mən camaatı aldadan “plakatlarla” işləmək fikrində deyiləm. Platformamız elan olunacaq, real olan, deputata aid olan məsələlərlə bağlı cəmiyyətə açıq fikirlərimizi deyəcəyik. Biz heç kimi aldadan deyilik. Hesab edirik ki, cəmiyyətlə əlaqələrdə doğru-dürüst olmaq lazımdır. Əgər deputat olmağa namizəd olan adamın deputatlıqla bağlı təsəvvürü yoxdursa, gərək “yarışlara” girməsin. Deputatlığa bir neçə adamın problemini həll etmək, bir-iki işçinin arzusunu yetirən iş yeri kimi baxmaq yanlışdır. Biz cəmiyyətin total hüquqlarının qorunmasında, cəmiyyətin problemlərinin həllində qanunvericilik orqanının əlindən gələni etməsi üçün öz imkanlarımızı ortaya qoyuruq.
Seçkilərdə müəyyən təşəbbüslərlə çıxış edəcəyik, insanlarımıza, Azərbaycanın inkişaf doktrinasına sahib çıxacağıq. Bizim ana xəttimiz budur.

Tahirə QAFARLI / İnform.az

Geri dön