Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Hərb > “Daşaltı” əməliyyatının 20 ili tamam oldu
“Daşaltı” əməliyyatının 20 ili tamam oldu |
Bu gün Azərbaycan ordusunun ilk uğursuz (müvəqqəti) əməliyyatı olan “Daşaltı əməliyyatı”ndan 20 il ötür.
1992-ci il yanvarın 26-da keçirilən hərbi əməliyyat zamanı Azərbaycan Ordusunun itkiləri çox olsa da, əsgərlərimiz son ana qədər vuruşublar. Təkcə ilk könüllülərdən ibarət tabor 77 şəhid verib. “Daşaltı əməliyyat”ı uğursuzluqla nəticələnib. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib. “Mənim əməliyyatın hazırlanmasından xəbərim olsaydı, “Daşaltı əməliyyatı”nın keçirilməsinə imkan verməzdim”. Bunu açıqlamasında sabiq müdafiə naziri, 20 il əvvəl isə Azərbaycan Ordusunda özünümüdafiə dəstələrinin komandanı vəzifəsini tutan Dadaş Rzayev deyib. Onun sözlərinə görə, “Daşaltı əməliyyatı” keçiriləndə - 1992-ci il yanvarın 26-da Lənkəranda ezamiyyətdə olub: “Mən Bakıda deyildim. O vaxt rus qoşunlarının Azərbaycandan çıxmağa başladığı dövr idi. Mən Lənkəranda nəzarət edirdim ki, onlar hərbi texnikanı da özləri ilə aparmasınlar”. Dadaş Rzayev hesab edir ki, “Daşaltı əməliyyat”ına ehtiyac olmayıb. Çünki Daşaltı kəndinin azad edilməsi və ya onun ətrafında hər hansı hərbi əməliyyatın aparılmasının Şuşa üçün əhəmiyyəti olmayıb. Sabiq komandanın sözlərinə görə, digər əməliyyatlarda olduğu kimi, “Daşaltı əməliyyat”ında da təxribatlar olub: “Təxribat bütün əməliyyatlarda olur. Amma əməliyyatı elə aparmaq lazımdır ki, təxribat baş tutmasın. 1992-ci ilin avqustunda, mən korpus komandiri olarkən Gədəbəy rayonunun Başkənd qəsəbəsində əməliyyat keçirildi. O vaxt da təxribatlar olmuşdu. Lakin uğurlu əməliyyat nəticəsində həmin təxribatların qarşısı alındı”. "Daşaltı" əməliyyatının iştirakçısı Niyazi Quliyev deyir ki, "Daşaltı" əməliyyatında ölən əsgərlərimizin qanı yerdə qalıb. "O döyüşdə şəhid olmuş insanların bu gün də qanı yerdədir. Biz and içmişdik ki, o qanı yerdə qoymayacağıq. Erməni sülhlə torpağı bizə verməyəcək", deyə N.Quliyev bildirib. Onun sözlərinə görə, həmin döyüşdə Azərbaycan tərəfi daha çox itki versə də, ermənilərdən də 80 nəfər öldürülüb. "O vaxt "Vesti" kanalı bunu göstərmişdi, Şuşa camaatı da izləmişdi. Bizim itki verməyimizin səbəbi əvvəlcədən ermənilərin bu planı bilməsi idi", deyə keçmiş döyüşçü qeyd edib. Geri dön |