Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Fiziki məhdudiyyəti olan şəxslərin potensialından istifadə olunmalıdır”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə, Siyasi partiyalar > “Fiziki məhdudiyyəti olan şəxslərin potensialından istifadə olunmalıdır”

“Fiziki məhdudiyyəti olan şəxslərin potensialından istifadə olunmalıdır”


İnform.az-ın qonağı, Milli Dirçəliş Hərəkatı Partiyası sədrinin humanitar məsələlər üzrə müşaviri, yazıçı-publisist Rasim Gənzəlidir.
Rasim Gənzəli parlament seçkilərində iştirak etmək üçün namizədliyi partiya tərəfindən Bakı şəhəri, Nizami rayonu, 25 saylı II seçki dairəsindən irəli sürüb. Rasim bəylə, söhbətimiz də bu mövzuda oldu.


- Rasim bəy, necə oldu ki, seçkilərdə iştirak etmək qərarına gəldiniz?

- Suala ətraflı cavab vermək üçün bir az ötən illərə qayıtmaq istərdim.

- Buyurun...

- Hamı kimi mən də Xalq hərəkatında iştirak edirdim. Düzdür, fiziki məhdudiyyətimlə bağlı mitinqlərə getmirdim, əlimə silah alıb cəbhədə ermənilərlə vuruşmurdum. Ancaq hərəkata öz qüvvəm daxilində kömək edirdim, mətbuatda yazılarım dərc olunurdu. Yaxşı yadımdadır, 1990-cı ildə 20 Yanvar qırğınından sonra Sovet hökuməti Azərbaycana dəmir yolu ilə bağlı blokada tətbiq etmişdi. Belə olan halda Mirzə Xəzərlə əlaqə yaratdım, “Azadlıq” radiosu ilə çıxış edərək bəyanat verdim. Dedim ki, “Mixail Qorbaçov cinayətkardır, Azərbaycanda qırğınlar törədib. Dəmir yol naziri Konerev Qorbaçovla birlikdə beynəlxalq məhkəməyə verilməlidir” və sairə bu kimi çıxışlarımla Hərəkata kömək edirdim. Həmin vaxtlar fəal hərəkatçılardan Fərəc Quliyevlə tanış oldum.

- Fərəc Quliyevlə o zamanlar tanış oldunuz?

- Bəli, Fərəc bəylə hərəkat yoldaşı olmuşuq. Bu tanışlıq dostluğa çevrildi. Görüşüb söhbətləşərdik. Sonradan iş elə gətirdi ki, Fərəc bəyin fəaliyyətində məhdudiyyətlər oldu, bir qədər siyasətdən ayrıldı, sonra yenə siyasətə gəldi və Milli Dirçəliş Hərəkatı Partiyasını qurdu. Yenə də münasibətlərimiz davam edir. Bir müddət bundan öncə Fərəc bəy telefon açıb təklif elədi ki, onun partiyada humanitar məsələlər üzrə müşaviri olum.

“Yaxşı olardı ki, ölkəmizdə də fiziki məhdudiyyəti olan şəxslərə qarşı münasibət dəyişsin”


- Təklifi qəbul etdiniz...

- Bəli, öncə partiyanın üzvlüyünə qəbul olundum, sonra da sədrin humanitar məsələlər üzrə müşaviri vəzifəsinə təyin edildim. Bir də xəbər verdilər ki, parlament seçkilərində iştirak etmək üçün namizədliyimi partiyadan irəli sürüblər. Açığı, bu xəbər mənim üçün gözlənilməz oldu. Gözlənilməz deyəndə, yəni, cəmiyyətimizdə fiziki məhdudiyyəti olan insanlara qarşı olduqca ögey münasibət var. Hətta yazılarımda da qeyd etmişəm; deyirlər, orta əsrlərdə ərəb dövlətlərində fiziki məhdudiyyəti olan insanları kütləvi şəkildə məhv etmək istəyiblər. Deyəsən, onu tam olaraq həyata keçirə bilməmişdilər. Bunları deməkdə məqsədim odur ki, cəmiyyət fiziki məhdudiyyəti olan insanlara qarşı gərək münasibətini dəyişə. Və Fərəc Quliyevin bu təklifi mənə bu dəyişikliyin əlaməti kimi göründü. Fərəc bəy dedi ki, dünyada bu təcrübədən geniş istifadə olunur, dünya parlamentlərində fiziki məhdudiyyətli şəxlər təmsil olunur, təkliflər verir, qanunların qəbul olunmasında iştirak edirlər...
Yaxşı olardı ki, ölkəmizdə də fiziki məhdudiyyəti olan şəxslərə qarşı münasibət dəyişsin. Onlar da parlamentdə təmsil olunsun, dövlətdə müəyyən vəzifələrin idarə edilməsində onların da gücündən, potensialından istifadə olunsun.

- Beləliklə, partiyadan namizədliyiniz irəli sürüldü...

- Bəli, Bakı şəhəri, Nizami rayonu, 25 saylı II seçki dairəsindən namizədliyim irəli sürülüb və artıq prosesə start verilibdir.

- Rasim bəy, ölkədə tam olaraq fiziki məhdudiyyətli insanlar üçün lazımi şərait varmı?

- Deyim ki, bunu o qədər nəzərə almırlar. Hətta əlillər üçün infrastruktur da yaradılmır. Elə mənim özümü götürək. Bir ədəbiyyat adamı kimi Akademik Milli Dram Teatrına gedib hansısa tamaşaya baxmaq istəyirəm. Ancaq gedə bilmirəm. Çünki mənim orada yuxarıya qalxıb tamaşaya baxmağım üçün heç bir şərait yoxdur. Elə metro və ya digər nəqliyyat vasitələri də onun kimi. Bunun da nəticəsində əlil insanlar demək olar ki, ev dustağına çeviliblər. Çünki bayıra çıxaran kimi insanlar yaxınlaşıb pul uzadırlar. Ona görə ki, cəmiyyət onlara dilənçi kimi baxır. Səbəbi də cəmiyyətin bu insanları doğru-düzgün tanımamasıdır. Efirləri şou əhli başına götürüb, ancaq heç bir verilişdə fiziki məhdudiyyətli insanları dəvət edib, onlarla bağlı verilişlər hazırlamırlar.

“Fiziki qüsur xəstəlik əlaməti sayılmamalıdır, xəstəlik insanın beynində, qəlbində, ruhunda olur”


- Sizi hansısa verilişə ekspert kimi dəvət ediblərmi?

- Müəyyən verilişlərə dəvət edib fikrimi öyrəniblər. Deyim ki, hansısa verilişə ekspert kimi dəvət ediblər, bu olmayıb. Ara-sıra verilişə dəvət etmək heç nəyi dəyişdirmir. İldə, ya iki ildən bir Rasim Gənzəlini, yaxud başqa fiziki məhdudiyyəti olan insanı ekrana çıxartmaqla işin mahiyyəti dəyişməyəcək. Bunun üçün kütləvi surətdə işlər görülməlidir. Bayaq dediyim kimi, infrastruktur yaradılmalıdır, onlar üçün gözəl şəraitlər olmalıdır ki, onlar da sağlam cəmiyyətə inteqrasiya olunsunlar. Sağlam cəmiyyət deyəndə, əslində sağlam kimdir, xəstə kimdir, bunu bilmək olmaz. Yəni ki, fiziki qüsur xəstəlik əlaməti sayılmamalıdır. Mən bunu qəbul etmirəm. Bu, fiziki qüsurdur, fiziki məhdudiyyətdir. Xəstəlik isə insanın beynində, qəlbində, ruhunda olur. Ona görə də düşünürəm ki, həm cəmiyyət, həm hakimiyyət, həm dövlət birləşərək, savadı, qabiliyyəti, bacarığı olan fiziki məhdudiyyətli bütün insanlara yer verməlidir. Onlar hökümətdə də, parlamentdə də təmsil olunmalıdır. Cəmiyyət də görməlidir ki, əlil arabasında oturan da insandır, o da nəsə iş görə bilər, dövlətə qulluq edə bilər.

- Seçkilərə hazırlaşırsınız...

- Seçkilərdə insanlar mənə etimad göstərərlərsə, bu etimadı tam yerinə yetirəcəyimə əminəm. Mənim əlil arabasında parlamentdə oturmağım, qanunların, qərarların qəbul edilməsində iştirak etməyim parlamentə aşağılıq yox, əksinə, ucalıq gətirər. Baxmayaraq ki, anadangəlmə əliləm, əlil arabasında oturmuşam, 54 yaşım var. Ancaq seçicilərimlə görüşlər keçirər, onların dərdini dinləyər, bir sözlə, fəal bir müllət vəkili olaram.

- İnşallah, seçkilərdən qalib çıxaraq, parlamentdə təmsil olunarsınızsa, Azərbaycanda bu bir ilk olar.

- Açığı, Şərq dövlətlərinin çoxunda fiziki məhdudiyyətli insanların parlamentdə iştirak etməsi hallarına rast gəlməmişəm. Heç, MDB dövlətlərində də parlamentdə əlil arabasında oturan millət vəkili görməmişəm. Ancaq Qərbdə artıq bu ənənə var və möhkəmlənib. Hətta eşitdiyimə görə, İsveçrə parlamentində bir neçə əlil eyni vaxtda təmsil olunur. Azərbaycan bu məsələdə bir çox dövlətlərə nümunə olacaq. Və tarixən çox ilklər Azərbaycanda olub. O ilklərdən biri də bu olar, inşallah.

Geri dön