Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Azərbaycan şəhərlərinin yaranması ilə bağlı yeni faktlar üzə çıxıb
Azərbaycan şəhərlərinin yaranması ilə bağlı yeni faktlar üzə çıxıb |
Azərbaycan şəhərlərinin yaranması və inkişafı problemlərinin tədqiqi üçün çox əhəmiyyətli sayılan yeni faktlar üzə çıxıb.
Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutundan verilən məlumata görə, aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru Bəhlul İbrahimlinin rəhbəri olduğu “Xaraba-Gilan” arxeoloji ekspedisiyası Xaraba-Gilan antik və orta əsr şəhər yerində sovet dövründə dayandırılmış arxeoloji tədqiqatları davam etdirib: "İndiyədək şəhər yerində aparılan arxeoloji qazıntılar yalnız dini və ictimai tikililəri əhatə edib, şəhərin əsas məhəllələri və narınqalası demək olar ki, tədqiq olunmayıb. Bu ilki arxeoloji tədqiqatlar şəhərin nisbətən salamat qalmış I məhəlləsində aparılıb. Bu məhəllə şəhərin əsas məhəlləsi olmaqla, Narınqalanın giriş qapısına yaxındır. Məhəllədə əhənkövrədən istifadə etməklə tikilmiş fundamental binalar var. Qazıntı da belə binalardan birinin yanında aparılıb. Araşdırma zamanı məhəllənin müdafiə divarının bir hissəsi və üç otaq aşkar edilib. Müdafiə divarı iki metr enində olub, çəkisi tona qədər, bəzilərinin çəkisi isə bir neçə ton olan daşlarla inşa edilib. Otaqlarda monqol işğalından sonra tələm-tələsik aparılmış bərpa izləri aydın nəzərə çarpır. Müdafiə divarının uçulmuş daşları da yerinə qoyulmayıb". Qeyd olunur ki, əldə edilən şirli və şirsiz gil qablar, hətta qazan və tavalar da mis və dəmir məftillərlə, təsərrüfat küpləri isə əhənglə təmir olunub: "Tapılan mis sikkələrin əksəriyyəti Hulakular dövrünə, yalnız birinci otaqdan, döşəmənin altından tapılmış bir ədəd mis sikkə isə Səlcuqlar dövrünə aiddir. Bütün bunlar onu göstərir ki, monqolların hücümü ilə dağıdılmış şəhər bərpa olunmasa da, dulusçuluq istehsalı dayansa da burada yaşayış XIII əsrin sonlarına qədər davam edib. Xaraba-Gilan şəhər yerinin müdafiə divarı ilə əhatə olunmuş əsas məhəlləsinin qazıntıları, buranın bütünlüklə açılması şəhərin yaranması və inkişaf mərhələlərini dəqiqləşdirməyə, bir-birini əvəz edən antik (Parfiya), ilk orta əsrlər (Sasani) və orta əsrlər (Səlcuq) memarlığını, həmçinin, ərəb və monqol işğallarının miqyasını öyrənməyə imkan verəcək. Bu, Naxçıvan, bütövlükdə isə, Azərbaycan şəhərlərinin yaranması və inkişafı problemlərinin tədqiqi üçün çox əhəmiyyətlidir”. Geri dön |