Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ŞEİR NƏZMİYYƏ HİCRANın könül duyğularını nəzmə çəkən, ŞAİR qəlbinin göylərindən nur seli tək süzülən qaynar nəfəs imiş..
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > ŞEİR NƏZMİYYƏ HİCRANın könül duyğularını nəzmə çəkən, ŞAİR qəlbinin göylərindən nur seli tək süzülən qaynar nəfəs imiş..

ŞEİR NƏZMİYYƏ HİCRANın könül duyğularını nəzmə çəkən, ŞAİR qəlbinin göylərindən nur seli tək süzülən qaynar nəfəs imiş..


Ulu ustad fikirlərinə söykənib bir söz adamının, daha doğrusu, şairənin qəlbindən qaynayıb-daşan poetik duyğularından çələng hörmək istədim. Onu bəlkə də hamıdan gec tanıdığımdan utandım. Şairlər yurdunun söz sərrafları arasında öz dəst-xətti ilə tanınmaq, baş çıxarmaq əsl qəhrəmanlıqdır! Bu mənada onu əsl türk xatunu, Azərbaycan gözəli, sözün həm anası, həm də balası kimi gördüm və duymağa çalışdım. Vallah, elə məşhurlar var ki, yalnız beş-on kəlməsinə güvənə bilər. Elələri də var ki, ədəbi aləmdə cərəyan edən hadisələrin qaynarlığından mövzu axtarır, yazıb-pozur, istəyir ki, sözün qüdrətindən doğan işığı insanların qəlbinə axıtsın, onları dardan xilas etsin.
Nədəndirsə, klassiklər müasirlərinin gözünə sıravilərdən biri kimi dəyir, ona görə də tarix boyu heç bir qələm sahibi öz dəyərinə vaxtında layiq görülməyib. Məhz buna görə mərhum sevgi və gözəllik şairimiz Cabir Novruz yazırdı ki, sağlığında qiymət verin insanlara. Zaman keçdikdən sonra onların ziya nuru qəlblərə daha çox süzülür. Bu, bəlkə belə daha yaxşıdır, lakin etiraf edək ki, kimin qəlbində sevmək-sevilmək, anılmaq, başa düşülmək, dərk edilmək hissi, arzusu yoxdur ki?! Nə yazıqlar ki, bizdən əvvəlki nəsillər də belə yazıblar: gileyli-gileyli. Demək, heç kimə layiqi olduğu dəyər vaxtında verilməyib. Mən anamın timsalında bunu daha ağrılı formada hiss etdim. Qəlbi poeziya ümmanı olan anamı bir evin içərisində vaxtında, ömrünün gənclik çağlarında duymadıq, sinəsinin söz yatarını – xəzinəsini qələmə alıb gələcək nəsillərə ərmağan etmədik ki, vətəni necə sevərlər.
Azərbaycanı şairlər yurdu, azərbaycanlıları isə şair xalq adlandıranlar səhv etməyiblər. Bəzən qınaq yerinə də çevrilirik bu ali hisslə doğulduğumuza görə. Qəlbiqurular, sazdan-sözdən ilham ala bilməyənlər azmı dodaq büzüblər şeir yazanlara, qafiyəli danışanlara?! Hətta, son vaxtlar bir pis tendensiya da formalaşmağa başlayır deyəsən. Dağlıq Qarabağ probleminin həllinin uzanmasını xalqımızın humanistliyi ilə əlaqələndirməyə, şairləri, söz adamlarını tənqid eləməyə çalışırlar. Amma belələri dərk eləmir ki, şairlik peşə deyil, o, elə təbii “xəstəlikdir” ki, hər kəs də ona mübtəla ola bilməz. Nə isə..
Şairlər məskəni olan Kəlbəcərdə dünyaya gələnlər isə bu sırada xüsusi çəkiyə malik olmaları ilə seçiliblər. Bu varislik çox böyük şərəflə davam edir. Aşıq Bəstidən bu günə kimi Kəlbəcərdə söz əhli kimi tanınmış qız-gəlinlərimiz az olmayıb. Onların çəkdiyi iztirablar barədə dəfələrlə söz açmışıq. Şair-publisist, filologiya üzrə fəlsəfə doktoru Adil Cəmillə birlikdə toplayıb çap etdirdiyimiz “Kəlbəcər dünyası: yüz şairin bir kitabı” antologiyasında bədii yaradıcılığına ayna tutulanların arasında dili bal kəlməli ana-bacılarımız, ağzı yaşmaqlı nənələrimiz az deyil. Kor Bəsti, Güllər Məmmədqızı,Gülgəz Xəlilqızı, Şamama Mahir, Dərzi Süsən, Kifayət İsmayılqızı, Nüşabə Bəkirqızı, Mirvari Elsevər, Xatirə nadirxanlı, Sevda Dəlidağlı, Cəmilə Çiçək, nəhayət, onlardan tamamilə fərqli dəst-xətti ilə diqqəti cəlb edən Nəzmiyyə Hicran (Piriyeva) kimi sinəsi söz xəzinəsi olanlardan da qısa məlumat vermişdik. Doğrusu, Nəzmiyyə Hicranın nə özünü, nə üzünü görmüşdüm, sözündən savayı. Qeyri-adi üslubu, xüsusən də aşıq şeirindən fərqli yazıları göstərirdi ki, Nəcmiyyə xanım istedadına və təbinə güvənən şairdir. Doğrusu, onun Kəlbəcərli qələm adamlarının “ənənəsini” pozması diqqəti daha tez çəkirdi. Sərbəst formada və heç bir şeir qəlibinə salınmayan azad fikirlərinin pərvaz eləməsi onun anadangəlmə şairliyini təsdiqləyirdi, “Doğuluram, boğuluram” şeirində olduğu kimi:
Saf, təmiz, ülvi adamların
Baxışında, gözlərində doğuluram.
Elə xoşbəxt oluram ki,
Qibtə də edirəm hərdən özümə.
İçi qətrandan qara
Məkrli bəndələrin
Səsini eşitdikcə, dinlədikcə,
Iç üzünü gördükcə
Qaralan sifətimlə
Qürub yelləri əsən
Tənha, kimsəsiz ürəyimdə
boğuluram.
Nəzmiyyə Hicran insan dünyasının könül səyyahı kimi danışır. Sanki o, qəlbinə sığışdırdığı Vətən torpaqlarını qarış-qarış gəzir, duyğu bulağının gözündən damcılayan inciləri ovuclayıb təşnələnmiş sinəsinin yanğısını söndürməyə çalışır. O, zahirən sakit və nə qədər təmkinli görünürsə, daxilində tufanlar bir o qədər baş qaldırıb, dağ-daşı lərzəyə gətirə biləcək leysan gözlənir daxili aləminin göylərindən. Daxilən ona görə təlatümlüdür ki, ürəyi özü boyda bir dünyadır – hisslər, duyğular, düşüncələr – şeiriyyət dünyası...
Qismətidirsə, Nəcmiyyə xanımın poetik dünyasına xəyali səyahətə başladığım anlar duyğu köhlənim yorulub yolda qalmayacaq, onsuz da bu gecikən yazını (təki yazımız, yayımız, payızımız... gecikməsin) yaza-yaza mənim də könlüm bir az durulacaq, saflaşacaq, bədii fikri həm vicdan tərəzisində çəkəcək, həm də poetik baxışlarla oxşayacağıq onun poeziyası ilə birlikdə.
Bu, nağıl başlamaq kimi bir şey deyil ki, yuxuya vermək istədiklərini xumarlandırmaq üçün sözlərinin baş-ayağına, bozuna-ağına baxmadan, dönə-dönə “biri vardı, biri yoxdu” ilə baş qatasan və sənin də nədən başlayıb, kimdə, harada qurtarmağının fərqinə varmaya mürgülülər...
Poeziyasında üsyankar olan şairə xanım, sən demə, ürəyinin qulu imiş. O, bunu “Ürəyimin quluyam” adlı şeirində də etiraf edir:
Ürəyimin quluyam,-
O, məni çəkir dara.
Yapışıb əllərindən
Bilmirəm gedim hara.
Qoşa ömür naminə
Ürəyimi bölürəm.
Sən “ölürəm” deyəndə,
Səndən qabaq ölürəm.
Nəcmiyyə Hicran təsadüfən gəlməyəb ədəbi aləmə. Bunu daha dəqiq ifadə etmək üçün onun 2011-ci ildə “Elm və təhsil” nəşriyyatında çapdan buraxılan “Haraylayır Ana torpaq” adlı kitabını, sadəcə, vərəqləmək, şeirlərinin sərlövhəsinə diqqət yetirmək kifayət edər. Kitabın ön söz yerində filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat” qəzetinin şöbə müdiri şair-publisist Adil Cəmil “Həyati müşahidələrin poetik ovqatı” yazısında qeyd edir: “Zaman-zaman söz sənətinə müxtəlif elmi yanaşmalar olub, ədəbiyyata müxtəlif təriflər verilib. Son qənaət belə olub ki, ədəbiyyat ruhun ifadəsidir”.
Ədəbiyyata təsadüfən gəlməyən Nəzmiyyə Hicranın poeziya nümunələrinə münasibət bildirən qələm dostumuz yazır: “Müəllifin poetik misraları bizləri həyəcanlandırır, mürgüləyən dərdlərimiz ayılır, bir anlıq da olsa, gözümüzün qabağına cahanşümul qələbələrlə süslənmiş tarixi keçmişimiz, qəhrəman sərkərdələrimiz, igid oğullarımız gəlir... Nəzmiyyə Hicranın şeirlərində folklordan, xalq ədəbiyyatından gələn incə bir lirizm, şirəli bir dil var. Bu da maraqlıdır ki, müəllif ulu, qədim qaynaqlardan qidalanmaqla bərabər çağdaş poeziyanın tələblərinə və şərtlərinə də ciddi əməl edir. Əslində, onun poetik dünyasında ənənəvi şeirlə modern şeir, heca şeiri ilə sərbəst şeir eyni ampulada özünə yer ala bilir”.
Şairənin ustad yolunu müqəddəs bilməsi onun (Dədə Şəmşirin ölməz xatirəsinə həsr etdiyi) bir gəraylısında özünü daha qabarıq formada göstərir:
Bu həyatda olduq naşı,-
Səhv elədik addımbaşı.
Sözlərindən yaxşı-yaxşı
Bəhrələnmədik, ay Dədə.
Ziyarətə qəbrin uzaq,
Sinəmizdə qalıb bu dağ.
Kəsilərək budaq-budaq,
Dəhrələnmədik, ay Dədə.
Zülmə düşən haqdan ayrı,
Başımız papaqdan ayrı,
Kökümüz torpaqdan ayrı,
Pöhrələnmədik, ay Dədə.
Doğrudan da düz deyiblər bizdən öncə ki, yazıla bilinənləri yazmağa nə var ki. Hünərin var, yazıla bilməyənləri yaz! Onları yazmaq isə yalnız qələm və söz əhlinə, xüsusən də şairlərə nəsib olur. Şairlər də ki, hamı kimi doğulub, hamı kimi ölənlər ola bilməz. Sözünə söykənib yaşayanlar hamı kimi ölə bilməzlər. Sözünə söykənib yaşayan və sözü ilə (təkcə balaları ilə deyil) öyünən, onların nazını çəkib, sözanlamazlardan qoruyanları sözündən o yanda bir kimsə görməz. Budur söz adamının ilahi vergili olması. Şairlərin sevgisinin qədərini ölçmək asan deyil. Onu bir könüldə deyil, minlərlə, milyonlarla ürəkdə tapmaq olar. Nəzmiyyə xanımın yaradıcılıq baxımından sevgi payı ümmandı. Di gəl ki, onu qazana biləsən. Tanrı belə insanlara sevgini ona görə bol verir ki, onlar Vətəni, Ananı, torpağı, ailəni, övladı sevməyə gücləri çatsın. Axı, doğulan hər misraya onlar “can verir, nəfəs verir”, əzizləyir, pərvazlandırır ürəklərə, könüllərə. Buna tabmı qalar, dözməkmi olar?! Məhz buna görə şairləri Allaha daha yaxın bəndələr adlandırırlar, peyğəmbərimizdən sonra, təbii ki. Nəzmiyyə Hicranın da təbirincə, şairlərə ürək verilib ki, insanları poetik ovqata kökləyib yaşatsınlar.
Nəzmiyyə Hicranda insanlığa məhəbbət doğma ocaqdan, ata-anadan, kənddən-kəsəkdən, el-obadan, yurd-yuvadan, dağ-daşdan, bir sözlə, əzəldən-başdan başlayıb. Lirikasında əzizləmə ilə yanaşı, o, tarix də yazır, özünü və əzizlərini təqdim edir, “Salman” şeirindəki kimi:
Qardaşımın ciyərparası,
Bacılarımın “atası”,
Qızımın “ana” babası,-
Salman.
Evimizin yaraşığı,
Gözlərimizin işığı,
Nihadın, Nicatın
Qarmaqarışığı,-
Salman.
Həsənimin, Fəridimin
Əzizi, sevimlisi,
Anam gəlsə bu dünyaya
Kimdi onun deyiklisi?-
-Salman.
Şairə xanım bu kiçik lövhədə hiss elədinizmi atasını necə təqdim etdi? Məharət, sözdən qala yapmaq, sözün ovxarında və ovqatında fikir cilalamaq budur. Yurd ağrısı Nəcmiyyə Hicranın yaradıcılığında özünü çox ağrılı hiss etdirir. Tənəsinə gəldiyimiz “qaçqınlar, köçkünlər” sözündən yaralandığını görün necə verir ustalıqla:
Zəmanə üz çevirdi,
Bu yollarda yanıldım.
Köçkün olduğum üçün
Qohumluqdan danıldım.
Yurd-yuvama ələndi
Gözümdən yağan yağış.
Kədərin tişəsiylə
Ürəyim naxış-naxış.
Bu ağrılar içində
Sındı ipək qanadım.
Amma sındırılmadı
Mənim polad qanadım.
Nəzmiyyə xanım şərəflə daşıdığı adı və ona qoşub yaşatdığı Hicranın haradan gəldiyini əmisi Kamranın əziz xatirəsinə həsr etdiyi “Həsrətin son mənzili” şeirində belə nəzmə çəkir:
Nənəm mənə
Üç ad verdi,-
Hicran,
Həsrət,
İntizar...
Hicranı mənə,
Həsrəti sənə,
İntizarı Kəlbəcərə
Düşdü, Əmi!
Asıldın qəribliyin
dar ağacından,
Ayrı düşdün
qardaş-bacından,
Vətəndə Vətənsiz
Öldün, Əmi!
Alın yazısı kimi
Yozdun
Taleyin qarğışını.
Son nəfəsdə Vətən seçdin
Torpağın ağuşunu.
Qovuşmasan da
Dağ-daşına,
Qovuşdun haqq dünyasında
cavan qardaşına.
Çatanda son mənzilə
Göz yaşını sildin, Əmi.
Düşünüb qardaş qızını
Həsrətə,
Hicrana,
İntizara
güldün, Əmi...
Nəhayətdə, şairə ötəri yerə deməz ki:
Bir gün gələcəkdir,- o günü istə,
Sənin hər kəlmənə “hə” deyəcəyəm.
Qəlbini incidən sözlərim üstdə
Bilmirəm özümə nə deyəcəyəm.
Elə bu ovqatla da şairənin poetik dünyasına sizləri də dəvət edirəm, əziz oxucular. Hicran yanğısında qovrulan qəlbin atəşinə qalanmaq istəyirsənsə, buyur, Nəcmiyyə Hicran deyir ki, “Haraylayır Ana torpaq”.
Məhəmməd NƏRİMANOĞLU

Geri dön