Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının oxucuların istifadəsinə verilməsi münasibətilə rəsmi açılış mərasimi keçirilib.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının oxucuların istifadəsinə verilməsi münasibətilə rəsmi açılış mərasimi keçirilib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının oxucuların istifadəsinə verilməsi münasibətilə rəsmi açılış mərasimi keçirilib.


İlk olaraq AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbir iştirakçılarını salamlayıb, elmi ictimaiyyəti və Akademiya əməkdaşlarını açılış münasibətilə təbrik edib.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli kitabxananın yeni binasının inşa tarixindən danışıb. Xatırladıb ki, Mərkəzi Elmi Kitabxananın yeni binası ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 2011-ci il 29 aprel tarixli sərəncamına əsasən kitabxana fondlarının müasir tələblər səviyyəsində qurulması məqsədi ilə inşa edilib. 2014-cü ilin may ayının 5-də isə yeni binanın açılışı olub.

Tam şəkildə müasir informasiya texnologiyaları ilə təchiz olunmuş elektron kitabxananın fəaliyyətindən danışan akademik İsa Həbibbəyli burada internet resurslarına sərbəst çıxışın, daxili informasiya bazasında olan elektron kitabları birbaşa kompyuterdə oxumaq imkanlarının, elektron kataloq sisteminin mövcud olduğunu bildirib.

Akademik Mərkəzi Elmi Kitabxananın respublikamızda milli və dünya əhəmiyyətli elmi nəşrlərə malik olan, regionun ən iri, eləcə də aparıcı elmi kitabxanası olduğunu bildirib, burada kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab tarixi və informasiyalaşdırma sahələrində fəaliyyətin təşkil edildiyini vurğulayıb.

Tədbirdə Fələstinin və Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Nasir Əbdül Kərim və Həsən Hami, Misir Mədəniyyət Mərkəzinin direktoru Əhməd Sami əl-Aydi və digər qonaqlar çıxış ediblər. Müasir infrastrukturla təmin edilmiş, elmi-texniki yeniliklərə əsaslanan texnologiyalar tətbiq olunmuş Mərkəzi Elmi Kitabxananın elmi, mədəni və mənəvi irsi təbliğ etmək, oxucuları ümumbəşəri dəyərlərlə istiqamətləndirmək, onların informasiya tələbatını ədəbiyyatla təmin etmək baxımından fəaliyyətini yüksək qiymətləndirib.

Sonra Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyətindəki son yeniliklərlə bağlı qısa hesabatla çıxış edib.

Bildirib ki, ötən ilin noyabr ayından başlayaraq kitabxana fondları əsas binadan yeni binaya köçürülüb. Köçürülmə prosesindən sonra 3 ay müddətində Mərkəzi Elmi Kitabxana istifadəçilər üçün xidmətə hazırlanıb. Bu ilin sentyabrında isə kitabxana oxucuların istifadəsinə verilib. Həmçinin elmi təşkilatın yeni nizamnaməsi və strukturu təsdiq olunub. Yeni binada kitabxana ilə yanaşı İnformasiya Resursları Mərkəzi də fəaliyyətə başlayıb. Mərkəzin ən iri layihəsi olan “Milli rəqəmsal yaddaş” layihəsi üzrə ilkin işlər, o cümlədən digər sosial yönümlü layihələr həyata keçirilib. Bundan başqa kitabxananın fəaliyyəti ilə bağlı ən son məlumatları, keçirilən görüş, sərgi və mədəni-kütləvi tədbirlərə dair xəbərləri, foto və video materialları təqdim edən yeni konsepsiyalı, operativ veb-saytı və “facebook” səhifəsi yaradılıb. Özündə elmi mənbələri toplayan beynəlxalq elektron resurslar açıq istifadəyə verilib. Kitabxananın könüllülər qrupu Vikipediyada Azərbaycana dair məlumatları zənginləşdirmək istiqamətində 2000-dən artıq əməliyyat aparıb.

L.İmanova çıxışında Azərbaycana dair informasiyaları idarəolunabilən strateji resursa çevirməyi və ölkədə fəaliyyət göstərən kitabxanalar ilə birlikdə dünya kitabxana-informasiya sisteminə bərarbərhüquqlu iştirakçı kimi inteqrasiyanın Mərkəzi Elmi Kitabxananın əsas hədəfi olduğunu qeyd edib.

Daha sonra tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri fortopiano və vokal ifalarını təqdim ediblər.

Tədbirin sonunda kitabxananın oxu zallarına və kitab fondlarına ekskursiya təşkil olunub.



AMEA Rəyasət Heyəti
aparatının İctimaiyyətlə əlaqələr
və elmin populyarlaşdırılması idarəsinin
İctimaiyyətlə əlaqələr şöbəsi

Əlaqə:
(012) 497 53 81
pr.amea.rh@gmail.com
pr@science.az

Geri dön