Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazirlər bilməlidirlər ki, toxunulmaz heç bir şəxs yoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Nazirlər bilməlidirlər ki, toxunulmaz heç bir şəxs yoxdur

Nazirlər bilməlidirlər ki, toxunulmaz heç bir şəxs yoxdur


Deputat Yevda Abramovun Milli Məclisdə büdcə müzakirələri zamanı səsləndirdiyi fikirlər cəmiyyətdə kifayət qədər həm təəccüblə, həm də maraqla qarşılandı. O, həmin çıxışında bəzi nazirlərin tənqidə dözümsüz olduğunu deyirdi:

“Mən fikir verirəm ki, bu iki gündə bəzi nazirlər heç salam da almırlar. Amma biz sözümüzü kimə deməliyik? Biz canımızı partiya, prezident üçün verməyə hazırıq.
Amma bu insanlar bizdən inciyirlər.
Azərbaycanda yaşamaq minimumu yaşamaq üçün imkan vermir. Danışmırıq, deyirlər ki, laldırlar. Amma neynəmək olar ki, həyat belədir. Bu gün dünya hansı oyunlardan keçir, bunu hər bir deputat bilir. Burada söhbət bəzi insanların yerində olmamasından gedir. Kim bu gün cənab prezidentin yanında deyilsə, Azərbaycanın çörəyi, suyu ona haram olmalıdır. Bir sıra məsələlər var ki, burada müxalifətçilik, iqtidar olmamalıdır”.

Ümumiyyətlə, bu gün nazirlər və deputatlar arasındakı işgüzar münasibətlər nə yerdədir?

Modern.az saytı Yevda Abramovun fikirlərinin fonunda bir neçə deputatdan məsələyə münasibət öyrənib.

Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa bildirib ki, nazirlərin hansısa deputatın salamını almaması çox anormal vəziyyətdir:

“Çünki heç bir qurumun rəhbəri özünü müəyyən dərəcədə tənqid olunmaz hiss etməməlidir. Deputatın onu nə dərəcədə əsassız tənqid etdiyini müzakirələr əsasında araşdıra bilər. Amma bütövlükdə münasibəti kəsmək, tənqiddən narazı qalmaq kimi tendensiyalar var .

Biz də bəzən bunu hiss edirik. Amma normal düşünən insanlarda belə bir ənənə olmamalıdır. İstənilən nazir bilməlidir ki, deputatın borcu nöqsanları, problemləri dilə gətirməkdir .

Ona görə də bu, kiminsə küsməyinə və deputat salam verməməyə əsas vermir. Bu baxımdan da mən belə bir tendensiyanı xoş qarşılamıram. Yevda müəllimin dediyində həqiqət var. Əgər belə ənənə, belə fakt varsa, buna ciddi reaksiya verilməlidir. Ən azı nazirlər də bilməlidirlər ki, toxunulmaz heç bir şəxs yoxdur. Hər kəs özünə görə bir funksiyanı yerinə yetirir. Buna da sayğı göstərmək vacibdir.

Konkret olaraq mənə qarşı belə bir hərəkət olmayıb. Nə vaxtsa tənqid edəndə, mənə qarşı belə bir hörmətsizlik olmayıb. Səbəb odur ki, deputatların müəyyən dərəcədə rolundan çox şey asılıdır.

Bəzi deputatlar da buna daha çox rəvac verirlər. Sanki bəzi deputatlar hökumətin və nazirlərin əvəzindən daha çox hökumətlik edirlər. Bəzi deputatlar isə hərəsi bir naziri müdafiə etməklə məşğuldur. Bu, yanlış davranışdır. Ümumiyyətlə, gərək deputatlar özləri özlərinə hörmət edələr ki, başqaları da onlara hörmətlə yanaşsın. Bu baxımdan burada nöqsan həm də deputatların özü ilə bağlıdır. Deputatdan da çox şey asılıdır. Özünə hörmət edən deputat öz təmsil olunduğu qurumun nüfuzunun qorunması ilə bağlı addım atmasına özünü borclu hesab etməlidir”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyevin isə cavabı belə olub:

“Mən cənab Abramovla nazirlərin münasibəti haqqında bir fikir deyə bilməyəcəyəm. Bu artıq onun öz işidir. İstənilən deputat istənilən fikri söyləyə bilər və buna şərh vermək, münasibət bildirmək doğru deyil.

Üstəlik, Yevda Abramov həmkarımdır və ona hörmətlə yanaşıram. Mən özüm haqqımda deyə bilərəm ki, müxalifət partiyasının lideriyəm və mütəmadi olaraq parlamentdə çox tənqidi çıxışlar eləmişəm. Son iclasda da ən sərt çıxışı mən etmişəm. Yeganə deputatam ki, büdcə layihəsini qəbul etməməyə çağırmışam.

Amma buna baxmayaraq, heç bir hökumət üzvü, heç bir nazirlə münasibətimə kölgə düşməyib.

Onlar da tənqidə normal yanaşırlar. Başa düşürlər ki, bizim tənqidlərimizin və tənqidlərlə yanaşı, verdiyimiz təkliflərin əsas səbəbi, əsas məqsədi odur ki, biz kəsrləri aradan qaldıraq və dövlətimiz güclü olsun. Azərbaycanda hansısa komitənin, hansısa nazirliyin tənqidləri qərəzlilik kimi qəbul etməsinə inanmıram.

Hətta prezident özü də çıxışlarında bildirib ki, biz bütün fəaliyyətimizdə ictimai rəyi, ictimai nəzarəti əsas götürməliyik, tənqidlərə ciddi fikir verməliyik.

Bu olmasa, ölkədə inkişaf mümkün deyil. Bəzi deputatlar telefon zənglərinə bəzi hökumət üzvlərinin cavab vermədiyindən gileylənir. Amma 5 illik fəaliyyətimdə elə bir hal olmayıb ki, hansısa nazirə, hansısa dövlət adamına zəng edim və mənə cavab verməsin. Obyektiv səbəbdən yerimdə olmamışamsa, sonradan məni axtarıblar. Bu mənada qərəzlilik və gərginlik müşahidə etməmişəm”.


Ədalət Partiyasının sədri İlyas İsmayılovun fikrincə, nazirlərlə deputatlar arasındakı münasibətlər işgüzar olmalıdır: “Bu münasibət siyasi xarakter daşımamalıdır. Mən şəxsən belə hörmətsizliyə rast gəlməmişəm”.

Geri dön