Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MTN olayına aid münasibətim
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, DAVAMın yazıları > MTN olayına aid münasibətim

MTN olayına aid münasibətim


Milli Təhlükəsizlik Nazirliyindəki çetenin deşifrə edilməsi, Prezident İlham Əliyevin bu yöndə atdığı qətiyyətli addım heç şübhəsiz ki, günümüzün ən diqqətçəkən xəbəridir. Hətta o qədər diqqətçəkən ki, bu xəbər seçki xəbərlərini belə üstələdi.

Acı bir gerçək ortaya çıxdı və ölkədə şok effekti yaratdı. Amma göründüyü kimi insanlar öz sakit yaşamlarına davam edir, onlarda bir arxayınlıq da var.

Səbəbsiz deyil. Çünki hər kəs anlayır ki, özünün qətiyyəti və təcrübəsilə Prezident İlham Əliyev duruma tam nəzarət edir. Həm də bu işdə xalqın tam dəstəyinə arxalanaraq.

Söz yox ki, MTN çetesi ciddi bir problemdən xəbər verir. Bu qurum dövlətin təhlükəsizliyini qorumalıykən rəsmən çeteyə çevrilib, dövlətin təməllərini laxlatmaqla məşğulmuş. Özü də ən yüksək səviyyədə!

İndi təsəvvür edin ki, hansısa səbəbdən Ermənistanla müharibə aktiv fazaya keçmiş olsaydı bu şantajçı xainlər şəbəkəsi Azərbaycana necə təhlükə təşkil edə bilərdi. Düşünmək belə adamı dəhşətə gətirir!

Çetenin Prezident tərəfindən deşifrə edilməsi həm də bir gerçəyi təkrar təsdiqlədi. Biz media adamı olduğumuz üçün tez-tez qulağımıza sözlər çatırdı ki, filan reket qəzetin, saytın arxasında MTN var. Açığı, inanmırdıq, inanmaq istəmirdik. Amma bugünlərdə yayılan xəbərlər, üstəlik öz müşahidələrimiz də bunun bir gerçək olduğunu təsdiqləyəcək yöndədir.

Eldar Mahmudov nazir vəzifəsindən azad ediləndən dərhal sonra mediada bu yöndə şərhlər yer almağa başladı. Ən maraqlısı o idi ki, hansısa media qurumları ciddi cəhdlə bunun Rusiyayla bağlı olduğunu iddia etməyə başladı.

Guya Prezident İlham Əliyev Qazaxıstanda – MDB zirvə görüşü zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşüb, sonuncu da ondan Eldar Mahmudovu bitirməsini istəyib. Səbəb kimi də guya nazirin Qərbyönümlü olması göstərilirdi.

Bunun ardınca isə onun hətta İsrail kəşfiyyatıyla yaxınlığı iddia edilərək Azərbaycan-İsrail münasibətlərinin pozulacağı fikri atıldı ortalığa.

Bütün bunları səbirlə izləyərək işin mahiyyətinin nə olduğunu gözləməyə üstünlük verdik ki, əsl həqiqət ortaya çıxsın.

Çıxdı da.

Ortada nə Putin, nə Qərb, nə də İsrail faktoru var! Sadəcə millətin təhlükəsizliyinə cavabdeh olan bir nazirlik, artıq rəsmən elan edilmiş iddiaya görə, vəzifədən sui-istifadə, iş adamlarına qarşı çete qurmaqda ittiham edilir! Bunun adı isə xəyanətdən başqa bir şey deyil! Məhz xəyanət! Dövlətə, millətə xəyanətdir bu!

Bu həm də cənab Prezidentin şəxsən özünə xəyanətdir!

Bir ölkənin Prezidenti sənə etimad göstərəcək, ən vacib vəzifəni həvalə edəcək, sən də ondan sui-istifadə edib millətin anasını ağladacaqsan! Xəyanət deyil də, nədir bunun adı?!

Və ümumiyyətlə, hələ də anlaya bilmirəm, çiynində poqon daşıyan, general rütbəsinə qədər yüksələn insan necə olur ki, bu qədər şərəfsiz bir yola düşə bilir?

Bunlarda Vətən, Dövlət mənafeyinin Namus məsələsi olduğu haqda heçmi təsəvvür yoxdur?!

Prezident, Dövlət sənə etimad göstərsin, sən də bundan sui-istifadə edib çete qur! Olacaq şeymidir bu?!

Olacaqmış! Bunlar bunu sübut etdilər!

Bu şantajçı çetenin sadəcə iş adamlarını şərləməklə yetinmədiyini də araşdırmaq lazımdır məncə. Bunlar rahat-rahat Azərbaycan dövlətinin sirlərini Ermənistana və başqa bədxahlarımıza satmışlardır mütləq! Araşdırılmalıdır bu!

Bu arada təkrar bəyan etmək istərdim ki, cənab Prezidentin atacağı hər bir addımı şəxsən bir ictimai fəal, jurnalist olaraq dəstəkləməyə, özü də qətiyyətli bir şəkildə dəstəkləməyə davam edəcəyəm!

Şübhə etmirəm ki, ölkə ictimaiyyəti də birmənalı şəkildə mənim kimi düşünür və hərəkət edir! Biz Prezidentin arxasında olduğumuzu bütün mümkün vasitələrlə sübut etməyə bir daha hazırıq! Təki bu dövlətin içinə sızmış çetelər təmizlənsin!

Geri dön