Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Həbib Ələkbərsoy: -Xalq parlamentin gəncləşməsində olduqca maraqlıdır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə, Siyasi partiyalar > Həbib Ələkbərsoy: -Xalq parlamentin gəncləşməsində olduqca maraqlıdır

Həbib Ələkbərsoy: -Xalq parlamentin gəncləşməsində olduqca maraqlıdır


Həbib Ələkbərsoy: “Əslində mən mojaritar seçkiyə qarşıyam və tam proporsional, həm də ərazilər üzrə deyil, ümumi Respublika üzrə partiyaların mübarizəsindən formalaşmış Parlament görmək istəyirəm.”


Seçki günü yaxınlaşır. İctimai sferada maraqla izlənilən vacib nüanslardan biri də Milli Məclisin tərkibində hansı yeniləşmənin baş verəcəyi, noyabr seçkisinin Məclisə hansı intellekti və dinamizmi gətirəcəyi, paralel olaraq nə dərəcədə gəncləşə biləcəyi ətrafında cərəyan edir. Bildiyimiz kimi, builki seçkilərdə kifayət qədər parlament təcrübəsi olan deputatlarla yanaşı, seçkilərə ilk dəfə qatılan intellektli gənclər də iştirak edir. Müsahiblərimizdən biri 9 saylı Binəqədi rayon ikinci seçki dairəsindən deputatlığa namizədliyini vermiş Milli Dirçəliş Hərəkatı Partiyasının sədr müavini, Türk Hərəkatı İctimai Birliyinin sədri Həbib Ələkbərsoydur (Ələkbərov Həbib Müzəffər oğlu).

“Siyasətçi daşıyıcısı olduğu ideologiyanı hakimiyyətə gətirmək uğrunda mübarizə aparır.”


- Həbib bəy, bilirik ki, Milli Məclisə keçirilən seçkilərə ilk dəfə qatılırsınız. Maraqlıdır, bir gənc siyasətçinin bu seçkidə mübarizə aparmaq niyyəti hansı məqsəd və ideyalardan yarandı, gözləntiləriniz nədir?

- Tahirə xanım, peşəkarlığınızdan dolayı bir cümlə ilə üç sual verirsiniz...
Madam ki, siyasətçı deyə müraciət edirsiniz, siyasətçi daşıyıçısı olduğu ideologiyanı hakimiyyətə gətirmək uğrunda mübarizə aparır. Bildiyiniz kimi, siyasi mübarizənin ən demokrat və sivil yolu da seçkilərdən keçir. Ona görə də, mənsub olduğum Milli Dirçəliş Hərəkatı Partiyası ölkədə keçirilən bütün seçkilərə mübarizə aparır. Mənim namizədliyim də şəxsi təşəbbüsümlə deyil, MDHP tərəfindən irəli sürülüb. Seçki kompaniyasını da fərdi deyil, partiya olaraq yürüdürük. Partiyanın kifayət qədər seçki təcrübəsi olması və əhali arasında hörmətlə qarşılanmağımız səbəbindən hər şey qaydasında gedir. Ona görə də gözləntilərimiz qələbədi. Çünki, əhali ilə ünsiyyət zamanı da bizim təklif etdiyimiz dəyişikliklər və düşüncənin rəğbətlə qarşılanmasını müşahidə edirik. Eyni zamanda xalq parlamentin gəncləşməsində olduqca maraqlıdır.
Düşünürəm ki, sualınıza ətraflı cavab verə bildim...

“Seçki prosesinə psixoloji hazırlıqlıyam.”


- Bəli, çox sağolun. Bəs, deputatlığa namizəd olaraq seçki prosesində nələri müşahidə etdiniz, diqqətinizi çəkən məqamlar nə ilə bağlıdır. Necə qarşılandınız? Ümumiyyətlə, seçki ilə bağlı təəssüratlarıniz nədir və bundan çıxış edərək yeni qurulan Milli Məclisi necə görmək istəyərdiniz?

- Bayaq qeyd etdiyiniz kimi, bəli, mənim ilk seçki təcrübəmdir, lakin mən həm media, həm ictimai, həm də siyası fəaliyyətimlə bağlı həmişə əhali ilə ünsiyyətdə olmuşam və müxtəlif düşüncələrlə, müxtəlif təbəqədən olan inasnlarla davamlı olaraq qarşılaşdığım üçün seçki prosesinə psixoloji hazırlıqlıyam. Ama onu da deyim ki, seçki ilə bağlı əhali daha diqqətli, daha sayğılı və maraqlı davranır.
Əslində mən mojaritar seçkiyə qarşıyam və tam proporsional, həm də ərazilər üzrə deyil, ümumi Respublika üzrə partiyaların mübarizəsindən formalaşmış Parlament görmək istəyirəm.
Lakin hazırkı şərtlər daxilində onu deyə bilərəm ki, Milli Məclisi qurban əti paylamaqla, asfalt salmaqla səs toplayıb mandat alanların məclisi yox, millətə vəkillik edə biləcək namizədlərin qələbəsindən formalaşmış bir Məclis kimi görmək istəyirəm. Həm beynəlxalq aləmdə ölkəmizi layiqli təmsil edə biləcək, həm milli mənafə naminə mübarizə apara biləcək, həm xalqın sosial problemlərini diqqətdə saxlaya biləcək, həm də seçildiyi ərazidə cavabdeh orqanların məsuliyyətli faydalı işləməsi üçün nəzarət mexanizmini düzgün qura biləcək insanlardan ibarət Parlament görmək istəyirəm.

“Bunu tarix dəfələrlə sübut edib!”


- Həbib bəy, siz bu gün “Millətin Dirçəlişi Naminə Biz gələcəyik!” şüarı ilə seçicilərin qarşısına çıxırsınız. Millətin, dövlətin dirçəlişini, inkişafını, bütövlüyünü təmin edə biləcək hansı ideyaların üzərində dayanmağı və onu gerçəkləşdirməyi düşünürsüz? Millətin dirçəlişi nədən başlamalıdır?

- Bəli, millətin dirçəlişi Vətənin bütövlüyündə, millətin yüksəlişində və dövlətin qüdrətlənməsindədir. Bizim düşüncəyə görə isə bu dirçəliş milli gücün ortaya qoyulması və daha çox iqtisadi, siyasi və hərbi sahələri əhatə edən Türk Birliyinin yaranmasından keçir.
Milli gücün ortaya qoyulması mental dəyərlərin qanunlaşdırılmasından başlamış, milli maraqlar naminə bütün güclər qarşısında iradə nümayiş etdirməkdir. Dünyanın bütün inkişaf etmiş ölkələri milli gücün ortaya qoyulması şərtləri daxilində inkişaf ediblər. Dünyanın ən məşhur sosioloqlarından olan Carlton Hayes yazır ki, “milli düşüncə ən modern bir inkişafdır və çağdaş dünyada aparıcı hərəkatdır”. Bəli, bayaq qeyd etdiyim kimi, diqqət etdikdə müşahidə edirik ki, bütün inkişaf etmiş ölkələr və tarixdə iz buraxmış möhtəşəm quruluşlar məhz milli iradə sayəsində mümkün olmuşdur.
Bizə görə, Türk xalqları və dövlətləri də milli iradə nümayiş etdirib birləşə, birləşdikdən sonra da milli güc ortaya qoyub millətin dirçəlişinə nail ola bilər. Bayaq qeyd etdiyim kimi, biz Türk Birliyini daha çox iqtisadi və hərbi-siyasi müstəvidə görmək arzusundayıq.
Partiya sədri, millət vəkili Fərəc Quliyev də bununla bağlı dəfələrlə təkliflə çıxış edib ki, birlik istiqamətində siyasi iradə nümayiş etdirilməli və vahid Turan ordusu qurulmalıdır.
Mənim seçki platformamda da bu barədə düşüncələrimiz qeyd edilib ki, biz Türk ölkələrini ətrafında cəmləyən siyasi qurumların səlahiyyətli olmasında, iqtisadi münasibətlərin maksimum həddə qurulmasına, vahid pulun, vahid ordunun və ortaq dilin formalaşması uğrunda mübarizə aparacağıq.
Onu da qeyd edim ki, bizə görə Türk Birliyi təkcə Türk millətinin deyil, eyni zamanda dünyada məzlumların nicatıdır. Çünki, Türkün güclü olması tarixdə ədalətin zəmanəti deməkdir. Bunu tarix dəfələrlə sübut edib!
“Xalq parlamentin gəncləşməsində olduqca maraqlıdır”
“Partiyalılar bitərəflərdən daha aktivdirlər”


- Bəs bu seçkidə digər siyasi partiyaların fəaliyyətini və rolunu necə dəyərləndirərdiniz? Rəqibləriniz sizə qarşı nə dərəcədə aktivdirlər?

- Seçkidə demək olar ki, Azərbaycanın müstəqilliyi tarixində olmadığı qədər çox partiya mübarizə aparır. Bütün partiyalarda da hansısa bir həddə qələbə inamı tamdır. Bu da yaranmış inamlı seçki mühitindən doğur. Ona görə də seçkilərə qatılmış partiyalılar bitərəflərdən daha aktivdirlər.
Bizim dairədə isə demək olar ki, əsas namizədlər sivil və mədəni siyasi kursda olan insanlardırlar. Ona görə də, hər bir namizəd qanun çərçivəsində öz təbliğatını qurur. Aktivlik bu istiqamətdədir.

“Sadəcə bu gücü dəyərləndirmək lazımdı”


- 10 gündən sonra Azərbaycan siyasi mühitində nələrin şahidi ola biləcəyik. Bu istər daxili, istərsə də beynəlxalq müşahidəçilərə nə verəcək?

- Bu asılıdı seçici aktivliyindən. Mən öz mənsub olduğum milli demoqratik düşərgəylə bağlı yenə partiya sədrimizdən bir misal çəkmək istəyirəm. Ötən prezident seçkilərində Fərəc Quliyev deyirdi ki, “ətrafınıza baxsanız görərsiniz ki, biz hamıdan çoxuq, sadəcə birləşmək və aktiv olmaq lazımdı”. Bəli, bizim düşüncənin daşıyıcıları daha çoxdu, sadəcə bu gücü dəyərləndirmək lazımdı. “Xalq parlamentin gəncləşməsində olduqca maraqlıdır”
Bir dəfə aparılan sorğuların birində Türk Dünyası qarşısında heç bir xidməti olmayan bir siyasətçi səs çoxluğu ilə qalib elan edilib, “Türk Dünyasına Dəstək” ödülünə layiq görüldü. Mən həmin təqdimatda bildirdim ki, burada təəccüblənəcək heç nə yoxdu, sadəcə onun tərəfdarları hər yerdə aktiv olduqları üçün burada da öz səsləri ilə liderlərini qalib ediblər. Adları sorğuda olan və həyatlarını Türk Dünyasına həsr etmiş şəxsiyyətlər isə milli kəsimin passivliyi nəticəsində kənarda qalıb.
Seçkilər də bu cürdü. Sadəcə layiq olana dəstək verməkdə laqeyd olmaq lazım deyil.
Yəni, özümüzü necə aparsaq, müşahidəçilər də onu müşahidə edəcəklər.

“Düşüncə mübarizəsinin kiçik bir addımıdır”

- Qələbənizə inanırsınızmı?

- Bayaq qeyd etdiyim kimi, bu təkcə mənim yox, namizədliyimi irəli sürən MDHP-nin düşüncə mübarizəsinin kiçik bir addımıdır. Mən və bütün partiyadaşlarım ideologiyamızın mütləq qələbəsinə tam əminik!

Tahirə QAFARLI

Geri dön