Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasi partiyalar, DAVAMın yazıları > Milli Dirçəliş Hərəkatı Partiyasından deputatlığa namizəd Fəlsəfə elmləri doktoru, professor Füzuli Qurbanov : Akademik Ramiz Mehdiyevin məqaləsinin strateji təhlili.
Milli Dirçəliş Hərəkatı Partiyasından deputatlığa namizəd Fəlsəfə elmləri doktoru, professor Füzuli Qurbanov : Akademik Ramiz Mehdiyevin məqaləsinin strateji təhlili. |
Strateji təhlilin gözəl nümunəsi Akademik Ramiz Mehdiyevin yeni geosiyasi tezisləri və qarşıya qoyulan vəzifələr Hazırda qlobal miqyasda çox ziddiyyətli, bəşəriyyəti narahat edən və çoxlu sayda ixtilaflarla müşaiyət olunan geosiyasi proseslər gedir. Onların proqnostik təhlili və çıxış yollarının axtarılması təxirəsalınmaz işə çevrilib. Azərbaycan Respublikası Prezidenti Aparatının rəhbəri, akademik Ramiz Mehdiyevin dərc olunan “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” adlı məqaləsi bu səbəblərdən olduqca aktualdır. Filosof müasir qlobal geosiyasətin dərin və çox maraqlı təhlilini verməklə yanaşı, yeni tezislər də irəli sürür. Onları geosiyasi nəzəriyyələr üçün qiymətli müddəalar hesab etmək olar. Əhəmiyyətlidir ki, akademik həmin təhlillərə strateji proqnostik mövqedən məzmun verib və ölkəmiz üçün vacib olan bir sıra mühüm məqamlara aydınlıq gətirib. Müasir geosiyasətə real baxış: dünya nizamı və idarəedilən xaos Dünya geosiyasətinin böhran mərhələsində olduğu artıq sirr deyil. Məşhur strateqlər, tanınmış analitiklər və bir çox mütəxəssislərin təhlilləri göstərir ki, bu prosesi inkar etmək deyil, dərindən öyrənib, bəşəriyyətin mövcudluğu naminə ədalətli nəticələr çıxarmaq zamanıdır. Akademik Ramiz Megdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” adlı məqaləsi bu kontekstdə strateji əhəmiyyət daşıyan və son dərəcə vacib bir analiz təsiri bağışlayır. Yazıda müəllif müasir dünyada müşahidə edilən mürəkkəb geosiyasi proseslərin dolğun və obyektiv mənzərəsini yaratmaqla yanaşı, dünya səviyyəsində təhlil verir, proqnostik xarakterli geosiyasi müddəalar irəli sürür. Bunu müasir geosiyasi nəzəriyyələrə çox qiymətli töhfə, azərbaycanlı filosofun gətirdiyi yenilik kimi qiymətləndirmək olar. Biz düşüncələrimizi həmin tezisin sübutu aspektində quracağıq. Məqalədə keçən əsrin ikinci yarısından başlayaraq qlobal miqyasda özünü göstərən geosiyasi tendensiyaların təhlilinə geniş yer verilir. O dövrdə bir neçə geosiyasi-nəzəri modellər meydana gəldi. SSRİ-nin dağılması ilə dünya siyasətinin hansı məzmun və istiqamətdə inkişaf etdirilməsi kimi vacib bir problemin həllinə fərqli yanaşmalar özünü göstərdi. Qərbdə belə hesab etməyə başladılar ki, artıq yeganə düzgün ideologiya olan liberal demokratiyadan çıxış edərək qlobal miqyasda yeni geosiyasi nizam yaratmaq olar. Akademik R.Mehdiyev bu bağlılıqda F.Fukuyamanın məlum və məşhur fikrini misal kimi göstərməklə məsələnin mahiyyətini lakonik ifadə edib. Doğurdan da, müharibələr və çəkişmələr tarixinin sona yetdiyini iddia edən qərbli alimin fikrinin arxasında reallıqda başqa məqamlar dururmuş. Başda ABŞ olmaqla Qərb dövlətləri sadəcə müharibənin formasını dəyişməyi nəzərdə tutublarmış. Onlar bir neçə gəlişi gözəl, humanizm və ədalətə işarə edən terminlərin arxasında “gizlənərək” imperiya məqsədlərini reallaşdırmağa çalışıblar. Etiraf edək ki, bunu bir müddət ustalıq və bacarıqla həyata keçiriblər. Bu fikrin sübutu hazırda dünya geosiyasətinin faktiki olaraq idarəolunan xaos vəziyyətində olmasıdır. Məhz həmin cənabların “peşəkar təxribatçı” fəaliyyətlərinin nəticəsidir ki, dünyanın sakit regionu demək olar ki, yoxdur. Hər gün bir vaxtlar ən sakit sayılan bölgələrdən belə, ixtilaf, toqquşma, qarşıdurma, dini ayrı-seçkilik, separatizm və sair arzuolunmaz proseslər haqqında informasiyalar alınır. Məqalədə problemin bu aspekti gözəl nəzəri təhlil edilir, onun üzərində geniş dayanmaq da olar. Lakin məsələnin Azərbaycanla əlaqəli praktiki aspektini o qədər vacib hesab edirik ki, diqqəti ona yönəltməyi lazım bilirik. Məsələ ondan ibarətdir ki, Qərbin illərdir həyata keçirdiyi psevdodemokratik geosiyasət müxtəlif regionlarda kifayət qədər mürəkkəb problemlər yaradıb. Onların həlli zamanın tələbidir, lakin yenə həmin qüvvələr yeni-yeni maneələr yaratmağa çalışırlar. Əslində, burada bir sıra nəzəri izah vermədən keçinməm mümkün deyil. Geosiyasi aspektdə “qlobal miqyasda idarəolunan xaos vəziyyəti” ifadəsi elmi idrakdan törəmə ifadədir. Bu anlayış müasir sintetik elm sahələrində, məsələn sinergetikada daha çox işlənir. O, hər hansı mürəkkəb sistemdə mövcud qanunlarla izah oluna bilməyən, dayanıqlı və nizamlı strukturun müşahidə edilmədiyi durum başa düşülür. Bu zaman həmin prosesin “sifarişçisi”nin mövcudluğu sətiraltı qəbul edilir. Sinergetiklər həmin faktoru “idarəetmə parametri” adlandırırlar. Bu elmi müddəaları geosiyasi müstəviyə reduksiya etsək (bəlkə, “proyeksiya” daha düzgün ifadədir?! – müəllif), onda hazırda qlobal xaotik geosiyasi durumun gizli sifarişçilərinin, “idarəetmə parametrləri”nin mövcudluğunu da nəzərə almalı oluruq. Məhz bu məqamın akademik R.Mehdiyevin məqaləsinin nəzəri-metodoloji karkasının ana xəttini təşkil etməsi, sevindirici elmi faktdır. Müəllif tam əsaslı şəkildə həm “xaos və müharibələrin sifarişçilərinin ünvanını göstərir, həm də bu vəziyyətin törədə biləcəyi fəsadların siyasi-nəzəri təhlilini verir. “Xaos yaradıcıları”: gizli siyasətin açıq tərəfləri Məqalədə vurğulanır ki, dünya birqütblü sistemə keçəndən sonra qlobal geosiyasətin məzmununda prinsipial dəyişikliklər özünü göstərməyə başladı. O sırada müharibələri dialoqun, “yumşaq güc”ün (“kiçik” J.Nay), əməkdaşlığın əvəz edilməsi haqqında Qərbdə tez-tez danışılması diqqəti çəkir. İndi məlum olur ki, həmin ibarələr Qərbin yeridəcəyi real siyasəti pərdələmək üçün imiş. Bunun konkret səbəbi olaraq, akademik “müharibə paradoksu”nun yaranmasını göstərir (bax: Мехтиев Р. Об истоках деградации европейских структур, или Политика двойных стандартов в отношении Азербайджана / Бакинский рабочий, 23.10.2015 //http://br.az/politics/20151023010444686.html#page999). Məqalədə bu məqam mühüm tezis kimi elmi olaraq irəli sürülür. Onun təsdiqi olaraq ümumilikdə müharibə etmənin üsulunun dəyişməsi göstərilir. Buradan ikinci vacib geosiyasi tezis formalaşır – “güc faktoru dolayı tətbiq forması aldı” (yenə orada). Deməli, “yumşaq güc” kimi ifadələr əslində dolayı yolla tətbiq ediləcək hərbi gücü “gizlətmək”, “onu başqa cür adlandırmaq” üçün ortaya atılıbmış. Bu kontekstdə Z.Bzejinski, S.Hantinqton, H.Kİssincer, J.Nay, C.Fridman, F.Fukuyama və digər analitiklərin yaradıcılığına yeni tarixi-sosial, siyasi, geosiyasi rakursda yanaşmaq üzərində düşünmək ehtiyacı hiss edilir. Şərti olaraq realistlər (realpolitiklər) və idealistlərə (neokonservatorlar) düşərgəsinə bölünən bu strateji təfəkkür sahibləri sadəcə ABŞ-ın (daha geniş aspektdə bütövlükdə Qərbin) dünya hegemonluğunu hansı model üzrə həyata keçirməli olduğunda mövqe fərqlərinə malikdirlər. Bu artıq ayrıca tədqiqat mövzusudur, burada aşağıdakıları qeyd edək. Proseslərin gedişi də sübut edir ki, müharibənin yeni formasında (buna “qeyri-konvensional müharibə” deyirlər) “sifarişçilər” kölgədə qalır, hədəf seçilən məkanlarda müxtəlif qrupların qarşıdurması təşkil edilir. Onların ixtilafları kənarda olanların maraqlarını təmin etmək məcrasına yönəldilir və bu prosesdə külli miqdarda silah satılır. Dünyanın müxtəlif regionlarında sınaqdan keçirilən bu üsulla bir sıra dövlətlərin sərhədində, bəzilərinin isə daxilində sonu görünməyən qarşıdurmalar özünü göstərir. Onu vurğulamaq gərəkdir ki, həmin “sifarişçilər” süni radikal qruplar yaradırlar, onları maliyyələşdirib, doğulduqları Vətənin xarabalığa çevrilməsi işinə sövq edirlər. Yaxın Şərqdə baş verənlər bunu əyani sübut edir. Nəzəri və metodoloji olaraq qeyri-konvensional müharibə (birbaşa iştirak olmadan, ənənəvi müharibə modelindən fərqlənən yeni savaş üsulu) üzərində düşünülməli bir məqamı üzə çıxardır. Söhbət müharibəni törədən qüvvələrin özlərini bu üsulla “xaosdan məsafədə saxlamaq” taktikasından gedir. R.Mehdiyevin məqaləsində həmin özəlliyə fəlsəfi-nəzəri olaraq vurğu vardır. “Xaosdan məsafədə saxlamaq” bir neçə məqsədə çatmağa imkan yaradır. Birincisi, ixtilafların əsl mənbəyi gizli qalır. İkinci, hədəf seçilən ölkədə baş verənlərin daxili faktorlardan qaynaqlandığı görüntüsü yaradılır. Üçüncüsü, kənarda duranlar canlı qüvvə itkisi vermir. Dördüncü, dünyanın müxtəlif regionlarında yeni münaqişələr üçün zəmin hazırlanır ki, onları idarə etməklə strateji niyyətləri reallaşdırmaq şansı yaranır. Beşinci, region dövlətləri və xalqları arasına sonu görünməyən nifaq salınır. Burada bir haşiyə çıxmağa ehtiyac vardır. Sinergetikada yuxarıda qeyd edilən faktorların istənilən mürəkkəb sistemi kənardan idarə etmək imkanı yaratdığı elmi olaraq sübut olunub. Yəni klassik mənada idarə etmədən idarə etmək mümkün olur. Bunun üçün sadəcə idarəedici parametrlərin göstəricilərini və təsir vektorlarını dəyişmək lazımdır. Problemin bu aspektinin Azərbaycanda tədqiq edilməsinə ciddi ehtiyac görürük. Eyni zamanda, onu vurğulayaq ki, Qərbin siyasətində güc faktorunun bu aspektdə təhlili geosiyasət üçün çox vacib məqamdır. Müharibənin formasının dəyişməsi fonunda dünya nizamının hansı mənada yeni nizamlı səviyyəyə keçə biləcəyi hələ öyrənilməli məsələdir. Çünki fəaliyyətin məzmunu yeniləşmirsə, sadəcə sözdə “dialoq”, “şəbəkə diplomatiyası”, “paradiplomatiya”, “sivilizasiyaların əməkdaşlığı” kimi ifadələr işlədilirsə, bunların real olaraq beynəlxalq münasibətlər sisteminin sağlamlaşmasına təsiri olmayacaq. Bu halda da məqalədə vurğulanan kimi Vestfal sazişinin təməl prinsiplərinin krizisi davam edəcək. Hesab edirik ki, bu, məqalədə yer almış üçün əhəmiyyətli geosiyasi tezisdir. Nəhayət, bütün bunların əsasında müstəqillik və suverenlik üçün strateji əhəmiyyət kəsb edən dördüncü tezis formalaşdırılır – müstəqil dövlətlər xarici siyasətlərini həmin məqamları nəzərə almaqla formalaşdırmağa məcburdurlar! Akademik R.Mehdiyev prezident İlham Əliyevin bununla bağlı konkret və dolğun fikirlərini nümunə kimi göstərir. Vurğulanır ki, ölkə başçısı Nazirlər Kabinetinin 12 oktyabr tarixli iclasında çıxışı zamanı dünyada qütbləşmənin getdiyini ayrıca qeyd edib. Bu, bizə də müəyyən problemlər yaradır. Çünki böyük güclər öz təsir dairələrini genişləndirməyə can atırlar. Təbii ki, öz mövqeyi olan, müstəqil siyasət yeridən və heç kəsdən çəkinməyən dövlətin mövcudluğu onları qıcıqlandırır. Dövlət başçısı xüsusi vurğulayır ki, “...mənim üçün əsas olanı bizim ölkənin təhlükəsizliyi, inkişafı və stabilliyidir. Ona görə də Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək. Müstəqillik, müstəqil siyasət, milli maraqlar – bizim üçün başlıca məsələ, əsas vəzifə bundan ibarətdir” (bax: əvvəlki mənbəyə). Bu xüsusda Qərbin siyasi institutlarının, yüksək dairələrinin fəaliyyətinin analizinin ayrıca vurğulanması olduqca aktual məqama işarədir. R.Mehdiyev haqlı olaraq vurğulayır ki, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyəti geniş və dərindən təhlil edilməlidir. Bu artıq həm Azərbaycanın humanitar və ictimai elm sahələrində çalışan tədqiqatçılara bir çağırış, onlar qarşısında qoyulan son dərəcə vacib bir vəzifədir. Çünki müasir tarixi mərhələdə dərin və geniş analiz olmadan, proseslər tədqiq edilmədən strateji xarakterli perspektivli siyasi konseptlər, mövqelər, prioritetlər yaratmaq imkansızdır. Nəzərə almaq lazımdır ki, bu, dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən biridir. Ölkə prezidenti dəfələrlə çıxışlarında hansı struktura necə inteqrasiya olunmağın dəqiq müəyyənləşdirilməsini strateji məqam kimi vurğulayıb. Düşünürük ki, bu işdə hər bir elm adamı “əlini daşın altına qoymalıdır”. Bunu dövlətçilik, suverenlik və müstəqillik qarşısında mühüm bir vəzifə kimi qəbul etmək gərəkdir. Həmin aspektdə Milli Məclisin də üzərinə çox məsuliyyətli vəzifə düşür. Bu ali orqana seçilənlər prezidentin qarşıya qoyduğu bu kimi vəzifələri həm qanunvericilik müstəvisində həyata keçirməli, həm də seçicilərin onları dərk etməsində fəal mövqe tutmalıdırlar. Azərbaycan hakimiyyətinin həyata keçirdiyi və bütün sahələri əhatə edən islahatların əsl məzmununun insanlara izah edilməsi dövlətçiliyə mühüm xidmət olardı. Akademik R.Mehdiyevin məqaləsini hər bir deputat dərindən öyrənməli, onun məğzinə varmalıdır. Bütövlükdə dövlətçilik ətrafında cəmiyyət olaraq yumruq kimi birləşməliyik! Bütün bunlara görə, məqalədə Azərbaycanın həyata keçirdiyi siyasətin peşəkar təhlilinin yer alması tamamilə məntiqidir. O cümlədən, ölkə rəhbərliyinin suverenlik və müstəqilliyin təmin edilməsini əsas məqsəd kimi həyata keçirməsi yeganə düzgün yoldur. Akademik R.Mehdiyev bunu Aİ, AŞ, AP, ATƏT, Avropanın insan hüquqlarından dəm vuran qurumlarının təhlili əsasında inandırıcı surətdə sübut edir. Güclü Azərbaycan uğrunda: mübarizə davam edir Məqalədə təsvir olunan şərtlər daxilində müstəqilliyi saxlamaq və dövlətçiliyi inkişaf etdirmək yeni məzmun kəsb edir. Təcrübə göstərdi ki, postsovet məkanında heç də bütün respublikalar optimal inkişaf kursu müəyyənləşdirə bilmədilər. Azərbaycan isə bu yolda uğurlu addımlarını atmaqdadır. İndi bütün cəmiyyətin yeni məqsədlər uğrunda birləşməsi son dərəcə vacibdir. Burada hakimiyyət – cəmiyyət birliyi prinsipial əhəmiyyət daşıyır. Bəzən yanlış olaraq vətəndaşın üzərində düşən məsuliyyəti vurğulamırlar. Əsas məqamları hakimiyyətlə başlamağa çalışırlar. Bu, indiki tarixi mərhələdə tam doğru yanaşma deyil. Müasir elm sübut edir ki, kollektiv reallıq daha çox əhəmiyyət daşıyır. Bu, qətiyyən fərdin hüquqlarının, onun həyatının qiymətinin və azadlığının arxa plana atılması anlamına gəlmir. Sadəcə, dərk etmək gərəkdir ki, müasir dünya həm fərdlərin, həm də cəmiyyətlərin qarşısına elə problemlər çıxarır ki, onların həlli yalnız kollektiv fəaliyyətlə mümkündür. Əgər bəşəriyyətin təkamül tarixinə holistik və sinergetik yanaşsaq, onda deməliyik ki, indi dünyanın birləşməsi mərhələsidir. Qloballaşmadan qaçmaq mümkün deyil. Bu səbəbdən həmin prosesdə ayrı-ayrı ölkələrin tolum olaraq, kollektiv reallıq qismində fəaliyyəti önəm kəsb edir. Bunlar onu göstərir ki, akademik R.Mehdiyevin məqaləsinin çox güclü ruhu vardır – o, azərbaycanlıları dövlətçilik, rifah və inkişaf uğrunda fəaliyyəti gücləndirməyə dəvət edir. Hər bir vətəndaş çalışdığı sahədə müstəqil və demokratik Azərbaycana layiq olmalıdır. Bu artıq fərdi və ya subyektiv istək deyil, zamanın tələbidir. Müxtəlif istiqamətlərdən ölkəni və cəmiyyəti parçalamağa, doğru yoldan çaşdırmağa yönəlmiş təsirlər olduqca, vətəndaş da, məmur da qayıq olmalıdır. Yaxın Şərqdə baş verənlərə bu fikirlər prizmasında nəzər salsaq, mənzərə daha konkret cizgilər kəsb edər. Belə ki, əsas təsir hədəfi kimi gənclərin seçildiyi aydın görünür. Onları müxtəlif süni və absurd vədlərlə radikal əhval-ruhiyyəyə gətirirlər və sonra öz dövlətinə qarşı üsyana qaldırırlar. Ən təhlükəlisi odur ki, bunun üçün sözdə demokratik və humanist adlandırılan üsullardan istifadə edirlər. Guya gənclər söz, vicdan azadlığı, təbii haqlar, siyasi plüralizm və s. kimi dəyərlər uğrunda mübarizəyə qoşulurlar. Əslində isə real məqsəd cəmiyyətdə ixtilaf yaratmaq, insanları bir-birinə qarşı qoymaqdır. Digər tərəfdən, ölkələr arasında ayrı-seçkiliyin qoyulması danılmaz faktdır. Məsələn, akademik R.Mehdiyev vurğulayır ki, Avropa Şurası Azərbaycanla bağlı çoxlu sayda qərarlar qəbul etdiyi halda Ermənistanla əlaqədar çox az sənəd qəbul olunub. Halbuki məhz Ermənistan qonşu dövlətin torpaqlarının 20%-ni işğal altında saxlayır, minlərlə əsiri ağır şəraitdə istismar edir (məsələn, Zod mədənlərində), regionda sülhün bərqərar olmasını müxtəlif bəhanələrlə əngəlləyir. Belə bir şəraitdə Avropanın siyasi strukturlarının, insan haqlarından danışan təşkilatlarının ədalətliliyinə və səmimiyyətinə necə inanmaq olar? Belə çıxır ki, R.Mehdiyev haqlı olaraq Avropa siyasi strukturlarının ciddi islahata ehtiyacı olması haqqında yazdığı fikirlərdə tam haqlıdır. Dolayısı ilə söhbət həm də Avropa İttifaqının gələcək taleyindən gedir. Onun dünya siyasətində konstruktiv rol oynayan gücə çevrilməsi üçün real transformasiyalara ehtiyacı vardır. Təsadüfi deyil ki, bir sıra Avropa analitikləri hətta bu təşkilatın dağıla bilməsi ssenarisini istisna etmirlər. Görəsən, Avropa siyasətçiləri bu məsələlər üzərində ciddi düşünürlərmi? Azərbaycan kimi müsəlman ölkələrinin inkişafına və güclənməsinə qısqanclıqla yanaşmanın perspektivsizliyini anlayırlarmı? Bütövlükdə bu, onların problemidir. Bizə gəldikdə isə...Təbii ki, hər bir vəziyyətdən çıxış yolu vardır. Azərbaycan da müstəqil və milli maraqlara uyğun olan siyasət yeritməyə üstünlük verir. Bu yoldan onun dönməsi mümkün deyildir. Onun perspektivinə qətiyyən şübhə yoxdur. Geri dön |