Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şəhid ailələri, qazilər və Qarabağ siyasətiylə bağlı Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü təkliflər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Şəhid ailələri, qazilər və Qarabağ siyasətiylə bağlı Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü təkliflər

Şəhid ailələri, qazilər və Qarabağ siyasətiylə bağlı Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü təkliflər


1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.
Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdırırıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat veririk.
Fərəc Quliyevin Şəhid ailələri, qazilər və Qarabağ siyasətiylə bağlı səsləndirdiyi təkliflərdən 11-ni seçib təqdim edirik:



Qarabağla bağlı verilmiş təkliflər:

Qarabağla bağlı Milli Məclisin komisiyasının yaradılması təklifi
- Payız sesiyasında mütləq Dağlıq Qarabağla bağlı dinləmələr keçirməliyik. Bu məsələni mən keçən payız sesiyasında da qaldırdım. Həm də Qarabağla bağlı Milli Məclisin komisiyasının yaradılmasını da təklif etdim. Bu məsələlər mütləq bu sesiyada müzakirə mövzusu olmalıdır.
(Hələlik həyata keçirilməyib)

***

Qarabağ Büdcəsinin yaradılması təklifi
- Biz öz iradəmizdən asılı olmayaraq müharibə vəziyyətindəyik. Bu ilki büdcəmiz (2014-cü il) Qarabağ Büdcəsi, bu il Qarabağ ili elan olunsaydı bu daha məntiqli olardı. Bütün sahələrdən vəsaitlərin kəsilib Qarabağ məqsədli təyinata verilməsini bütün xalq sevə-sevə qarşılardı. Bir il hər kəs bütün məhdudiyyətləri qəbul edər, qələbədən sonra azad edilmiş 20% torpaqların yeraltı və yerüstü sərvətləri ilə xalqdan kəsilmiş vəsait artıqlaması ilə xalqa qaytarılar və bundan sonrakı bütün illərdə, artıq büdcəmiz indikindən 20% artıq formalaşdırılar, həm də bu qeyri neft sektoru hesabına olardı. Nəhayət işğala son deyilməlidir.
(Hələlik həyata keçirilməyib)

***

Müharibə büdcəsinin formalaşması ilə bağlı növbəti təklif
- Dövlətin siyasətinin reallaşması büdcə siyasətində əksini tapmalıdır. İşğal altında olan ərazilərimizin azad olunması istiqamətində büdcə siyasətini formalaşdırmaq hökumətin fəaliyyət prioriteti olmalıdır. Biz problemi həll etmək üçün problemin üzərinə getməliyik, onu daha sonraya saxlamaqla heç nəyə nail olmaq mümkün deyil.
(Hələlik həyata keçirilməyib)

***

Parlamentdə Qarabağ dinləmələri təklifi
- Biz-Azərbaycan Parlamentinin üzvləri 17-yə qədər Avropa ölkəsində Qarabağ dinləmələri keçirtdik, amma çox təəssüfki Azərbaycan Parlamentinin özündə bu istiqamətdə dinləmələr yoxdur. Mən düşünürəm ki, bunu sadəcə olaraq təkcə hesabat almaq kimi yox, sadəcə olaraq Qarabağ problemi ilə bağlı məsələlər koordinasiya olunsun kimi qəbul etməliyik. Və bunun vacibliyi var ortada. Çünki, Avropa Şurasında, başqa Avropa təsisatlatında bizim nümayəndə heyətinin üzvləri iştirak etdiyində çox vaxt özlərinin bədahətən ağıllarına gələn bir fikir ilə çıxış etmək məcburiyyətində qalırlar.
(Hələlik həyata keçirilməyib)

***

Qarabağ dinləmələrinin prioritetləri ilə bağlı təklif
- Biz Azərbaycanda müxalifətdə və iqtidarda olmasından asılı olmayaraq, müxalifətyönlü və iqtidaryönlü olmasından asılı olmayaraq kimin yaxud da hansı KİV olursa olsun, Qarabağla bağlı vahid mövqedən çıxış etməsini təmin etmək üçün mütləq bu dinləmələri keçirməliyik ki, həm Xarici İşlər Nazirliyinin apardığı danışıqlar, həm Avropa təsisatlarında bizi təmsil edən millət vəkillərinin mövqeləri, həm güc strukturlarımızın bugün qoyduğu prioritetlər aydın olsun, məlum olsun.
(Hələlik həyata keçirilməyib)

***

Parlamentdə daimi Qarabağ Komitəsinin yaradılması və Qarabağ dinləmələrinin keçirilməsiylə bağlı növbəti konseptual təklif
- Parlamentdə bir daimi Qarabağ Komitəsinin formalaşdırılmasına ehtiyac vardır. Bu komitənin tərkibinə parlamentdə təmsil olunan partiyaların nümayəndələri istisnasız olaraq daxil olmaqla və əlavə deputatlar daxil olmaqla yaradılması, mütəmadi olaraq müzakirələr aparılması çox vacibdir. Bir neçə səbəbdən bu məsələ də çox əhəmiyyət kəsb edər ki, həm əhalinin müəyyən təbəqələrini təmsil edən hakimiyyətdə olmayan partiyaların köməkliyi ilə yerlərdən xalqın iradəsini özündə ifadə edən Qarabağla bağlı müzakirələri komitələrdə çıxarıb müzakirə edə bilərik, həm də gələcəkdə bunu bir daimi dinləmələr və yaxudda ki, hər hansı bir formada bir dəfə olan dinləmədə o mükəmməl, ortaq fikiri də burda müzakirəyə çıxarmaq mümkündür.
(Hələlik həyata keçirilməyib)

***

Dağlıq Qarabağın subyekt kimi ifadə olunmaması təklifi
- Bəzi ifadələrdə - daha çox rəsmi qəzetlərdə, saytlarda, dövlət rəsmilərinin ifadələrində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi sözünü işlədirlər. Güman edirəm ki, bununla hər kəs razılaşar ki, bunun özü də doğru ifadə deyil. Çünki, Azərbaycan konstitusiyasında göstərilir ki, Azərbaycan vahid unitar dövlətdir və Azərbaycan ifadəsi işləndikdə təbii ki, onun tərkibində Naxçıvan da, Şəki də, Dağlıq Qarabağ da, Qarabağın başqa hissələri də ifadə olunduğuna görə, Ermənistan-Azərbaycan müharibəsinin adını olduğu kimi elə Ermənistan-Azərbaycan müharibəsi kimi səsləndirmək lazımdır.

***

Neft gəlirlərinin Qarabağa yönəldilməsiylə bağlı növbəti təklif
- Neft gəlirləri yalnız qarşıdakı dövrdə ya işğal olunmuş torpaqlarımızın azad olunması üçün savaşa, ya da dinc yolla torpaqlarımızın azad olunmasına nail olunarsa, dağıdılmış ərazilərimizin bərpası üçün saxlanılmalıdır.
(Hələlik həyata keçirilməyib)

***
Təhlükəsizlik Şurasında BMT-nin qəbul etdiyi qətnamələrinin icrasını gündəmə gətirmək təklifi
-Azərbaycan Respublikası, BMT TŞ-nın qeyri-daimi üzvü hüququndan istifadə edərək, bu qurumun Ermənistan-Azərbaycan münaqişəsi haqqında qəbul etdiyi qətnamələrin qeyd-şərtsiz yerinə yetirilməsini Ermənistan respublikasından tələb etməsini gündəmə gətirməlidir.

***


Şəhid ailələri və qazilərlə bağlı təkliflər:


Dövlət Şəhid Ailələri və Veteranlar Komitəsi yaradılması təklifi
- Bəzən Azərbaycanda Qarabağ qazilərindən yaxud da şəhid ailələrindən məqsədli şəkildə sui istifadə etmək halları olur. Bunun qarşısını almaq üçün hesab edirəm ki, çoxlu sayda müharibə veteranları təşkilatları, şəhid ailələri təşkilatları mövcuddur ki, Bir Dövlət Şəhid ailələri və Veteranlar komitəsi yaradılmalıdır. Bu məncə aktual məsələdir, hər halda bu mənim fikrimdir. Bütün bu mərkəzləşləşdirilmiş şəkildə veteranların, şəhid ailələrinin məsələləri, sosial məsələləri onların problemlərini müzakirə etmək, həll etmək mümkündür və başqalarının kənar qüvvələrinin də bundan sui istifadə etməsinin qarşısını almaq mümkündür.
(Hələlik həyata keçirilməyib)

***

Şəhid ailələri ilə bağlı təklif
- Şəhid ailələrində tək övlad olanların hərbi xidmətdən azad olunmasını və Şəhid ailələrinin hərbi xidmətdə olan övladlarının təqaüdlərini ailələrinə verilməsinin müzakirə olunmasını təklif edirəm. 18 yaşına çatan Şəhid ailəsinin övladı bu yaşa qədər təqaüd alır. Bu yaşdan sonra Ali məktəbə daxil olan Şəhid övladları müavinət alsa da, hərbi xidmətdə olan Şəhid övladları müavinət almır. Hərbi xidmətdə olan Şəhid övladlarına hərbi xidmət müddətində təqaüdün verilməsini məqbul sayıram.
(Hələlik həyata keçirilməyib)

Geri dön