Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar > Gənclərdən Həbib Ələkbərsoya müsbət reaksiya gəldi
Gənclərdən Həbib Ələkbərsoya müsbət reaksiya gəldi |
Həbib Ələkbərsoy: “Platformada öz əksini tapan bir çox məsələlər var ki, gənclərin diqqətini çəkir”
Seçkiyə üç gün qaldı. Namizədlərin təbliğat-təşviqat kampaniyası isə sabah bitir. Maraqlıdır, Milli Məclisə keçiriləcək seçkilərdə iştirak edən gənc namizədlər onlara verilən vaxtdan nə dərəcədə səmərəli istifadə edə bildilər? 9 saylı Binəqədi ikinci seçki dairəsindən Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Həbib Ələkbərsoy (Ələkbərov Həbib Müzəffər oğlu) hesab edir ki, təbliğat kampaniyası gənclərlə sıx təmaslar qurmaq, eləcə də maarifləndirmə işinin aparılması baxımından səmərəli keçib. “Təbliğat kampaniyası bizə gənclərin sosial, təhsil, hərb və digər sahələrdə görmək istədikləri məsələləri təqdim etmək imkanı yaratdı. Mən təqdim etdiyim platformamı sosial müzakirəyə çıxardıqdan sonra elan etdim. Sosial müzakirələr zamanı gənclərin müzakirəsi də olduqca əhəmiyyətli oldu. Ancaq yekun platforma təbii ki, partiyanın qərarından sonra açıqlanıb”. H.Ələkbərsoy xüsusilə gənclərin parlamentdə qəbul olunmasını istədikləri məsələlərin üzərində dayanaraq, daha çox dəstəklənən bəndləri qeyd etdi. O, təqdim etdiyi platformanın sosial şəbəkələrdə müzakirə olunan bəndləri sırasında ilk yerdə dayanan məsələnin maarifləndirmə ilə bağlı olduğunu dedi. Belə ki, deputatlığa gənc namizədin platformasında öz əksini tapmış maarifləndirməylə bağlı xüsusi dövlət proqramının hazırlanması, mətbuatda kitab təbliğatının aparılması, maarifləndirici verilişlərin hazırlanması, bütün elmi istiqamətlər üzrə oxu zallarının təşkil edilməsi və dayanacaqlarda kitab rəflərinin qurulmasıyla bağlı prinsiplər ən çox müzakirə edilən məsələlər olub. Daha sonra maraqla qarşılanan prinsiplər elm-təhsil sahəsindəki problemlərin həlliylə bağlı məslələr olub. “Bizim platformada təhsil haqqının aşağı salınması əsas yerdə durur. Hansı ki, apardığımız araşdırmalar və dövlət tərəfindən verilən açıqlamalar onu göstərir ki, buna imkan var. Eyni zamanda tələbə yataqxanalarının yaradılması vacib şərtdir. Çünki övladları başqa şəhərdə təhsil alan valideynlər çox əziyyət çəkirlər. Paytaxtda gəlib yaşayan tələbənin ödədiyi kirayə haqqı rayonda işləyən valideyn üçün çox böyük maddi çətinlik yaradır. Biz də platformamızda onu təklif edirik ki, tələbə şəhərciklərinin yaradılması ilə bağlı gecikmədən bir proqram həyata keçirilməlidir”. H.Ələkbərsoy önə çəkilən bu məsələlərin gənclər arasında çox müsbət qarşılandığını dedi. Onun sözlərinə görə, gənclərə güzəştli ipotekaların , gənclərə torpaq sahələrinin faizsiz güzəştli ipoteka şərtləri daxilində verilməsi kimi məsələlər maraqla qarşılanıb. Sosial-iqtisadi təkliflər arasında isə ən diqqət çəkən məqam kreditlərin 20-30 faizdən, 2-3 faizə salmağın mümkünlüyü ilə bağlı verilən konseptual təklif olub. H.Ələkbərsoy platformada öz əksini tapan bir çox məsələlər var ki, gənclərin diqqətini çəkdiyini bildirdi. Onun sözlərinə görə, platforma partiyanın prinsip və ideologiyasıyla bağlı hazırlanıb və bu günə qədər irəli sürdüyü prinsiplərin ən vacib məqamlarını özündə əks etdirir. Namizəd onu da əlavə etdi ki, ümumiyyətlə partiya tərəfindən namizədliyi irəli sürülmüş şəxs öz düşüncələrinin deyil, mənsub olduğu partiyanın prinsip və ideologiyasını hakimiyyətə daşımaq uğrunda mübarizə aparan biridir. Gənclər arasında H.Ələkbərsoyun təqdim etdiyi platformaya olan müsbət reaksiyaları namizədin özü gəncələrin və cəmiyyətin MDHP-nin ideoloji xətdinə olan münasibəti və dəstəyi kimi dəyərləndirdi. Tahirə QAFARLI / İnform.az Geri dön |