Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Ali Məhkəmənin sədri: Öz fəaliyyətində pozuntulara yol vermiş hakimlər intizam tənbehinə cəlb edilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Ali Məhkəmənin sədri: Öz fəaliyyətində pozuntulara yol vermiş hakimlər intizam tənbehinə cəlb edilib

Ali Məhkəmənin sədri: Öz fəaliyyətində pozuntulara yol vermiş hakimlər intizam tənbehinə cəlb edilib


Məhkəmə sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar insan hüquqlarının müdafiəsini, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılmasını, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılmasını təmin edib.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimində Prezident İlham Əliyevin nitqindən sonra çıxışı zaman bildirib.

R.Rzayev deyib ki, məhkəmə qərarlarının ədalətliliyi, ədalət mühakiməsinə çıxışın mümkünlüyü və məhkəmə fəaliyyətinin səmərəliliyi ictimaiyyətin məhkəmə hakimiyyətinə etimadını yaradan əsas amillərdir:

“Cəmiyyətdə qanunun aliliyinin və demokratik dəyərlərin bərqərar olması, həmçinin ədalət mühakiməsinin təməl prinsipləri olan həmin tələblərə riayət edilməsindən də asılıdır.

Ölkəmizdə həyata keçirilən islahatlar və qanunvericiliyin əsaslı şəkildə dəyişdirilməsi nəticəsində məhkəmələrdə baxılan işlərin sayı xeyli artıb. Yeni məhkəmə sistemimizin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə mülki xarakterli işlərin sayı 12 dəfə artaraq 250 mini keçib. Fikrimcə, bu, həm də insanların məhkəmə hakimiyyətinə olan inamının artması ilə bağlıdır”.

R.Rzayev bildirib ki, insan hüquqlarının təminatı baxımından çox mühüm bir institut olan inzibati məhkəmələr 2011-ci ildə ölkəmizdə fəaliyyətə başlayıb:

“Vətəndaşlarla dövlət orqanları arasındakı münasibətlərdə yeni mərhələ olan inzibati məhkəmələrdə baxılan işlərdə mübahisələrin 85 faizi vətəndaşların xeyrinə həll olunaraq onların hüquqları bərpa edilib.

Ədalət mühakiməsinin səmərəliliyini təmin etmək məqsədilə Ali Məhkəmə tərəfindən mütəmadi olaraq məhkəmələrdə baxılan müxtəlif problemli məsələlər üzrə ümumiləşdirmələr aparılır, vahid məhkəmə təcrübəsi formalaşdırılır, qərarlar qəbul edilir və məhkəmələrə tövsiyələr verilir”.

R.Rzayev əlavə edib ki, son illər ərzində Ali Məhkəmənin Plenumu tərəfindən vətəndaşların azadlıq, mülkiyyət və sair hüquqlarının səmərəli təmin edilməsinə yönəlmiş 20-dək belə qərar qəbul olunub:

“Ali Məhkəmədə hər həftə beynəlxalq məhkəmələrin təcrübəsinin öyrənilməsi ilə əlaqədar İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları müzakirə edilir, o cümlədən apelyasiya və birinci instansiya məhkəmələrində hakimlərin davamlı tədrisi təşkil olunur.

Son illər məhkəmələrdə işlərə baxılmasında da əhəmiyyətli keyfiyyət dəyişiklikləri baş verib. Yuxarı məhkəmələr tərəfindən ləğv olunan qərarların sayı azalaraq ölkə üzrə təqribən 5 faiz təşkil edir. Bu göstərici məhkəmə qərarlarının 95 faizinin sabitliyinin və ümumən hüquqi müəyyənliyin təmin edilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bundan başqa, məhkəmə fəaliyyətində şəffaflığın və aşkarlığın təmin edilməsi üçün məhkəmənin icraatındakı işlər barədə ətraflı məlumatlar və qərarların məhkəmələrin internet səhifələrində yerləşdirilməsi təmin olunur, bununla da istənilən şəxsin həmin məlumatları və qərarları əldə etmək imkanları asanlaşır”.

R.Rzayev vurğulayıb ki, artıq 2009-cu ildən etibarən Ali Məhkəmədə, eləcə də bir sıra birinci və apelyasiya instansiyası məhkəmələrində müasir informasiya texnologiyalarına əsaslanan infrastruktur yaradılıb:

“Ali Məhkəmədə bütün məhkəmələrin istifadə edə biləcəkləri “Elektron kitabxana” layihəsi ilə bağlı işlər də yekunlaşmaq ərəfəsindədir.

Ədalət mühakiməsinin keyfiyyətinin artırılması davamlı proses kimi qarşımızda əsas məqsəd olaraq durur. Biz demokratiya və insan hüquqlarına dair standartların inkişafını nəzərə alaraq mütəmadi olaraq qanunvericiliyin müvafiq sahələrinin təkmilləşdirilməsinə yönəlmiş təkliflərlə çıxış edirik.

Məhkəmədə işlərin idarə olunması sahəsində səmərəli mexanizmlərin yaradılmasına yönəlmiş işlər də davam etdirilir.

Bununla bağlı olaraq, cənab Prezident, Sizin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Sərəncamınız bilavasitə məhkəmələrin fəaliyyətində müasir informasiya texnologiyalarının tətbiqi ilə elektron kargüzarlıq və elektron sənəd dövriyyəsinin təmin edilməsinə, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin səmərəliliyinin artırılmasına xidmət edir.

Möhtərəm cənab Prezident, məhkəmə fəaliyyətində müəyyən nöqsanlar da mövcuddur və biz onların aradan qaldırılması üçün çalışırıq. Məhkəmə fəaliyyətində korrupsiya hüquq pozuntularına şərait yaradan halların qarşısının alınması həmişə qarşımızda əsas məqsəd kimi durur. Bildirmək istəyirəm ki, biz öz fəaliyyətində belə pozuntulara yol vermiş hakimlər barədə Məhkəmə-Hüquq Şurası qarşısında məsələ qaldıraraq onları müvafiq intizam tənbehinə cəlb etmişik.

Möhtərəm Prezident, görəcəyimiz işlər çoxdur. Bu, məhkəmə hakimiyyətinə olan inam və etimadı daha da möhkəmləndirəcək. Əsas məqsədimiz qanunun aliliyinə nail olmaq, ədalət mühakiməsinin Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquq və azadlıqlarının müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir.

Diqqətinizə görə təşəkkür edirəm”.

Geri dön