Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, DAVAMın yazıları > Qərbdən daha konkret addımlar gözləyirik
Qərbdən daha konkret addımlar gözləyirik |
Noyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair" hazırladığı hesabat əsasında bu komitədə qətnamə layihəsi qəbul edildi.
Qətnamə layihəsinin qəbul edilməsi o demək idi ki, AŞ PA Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan çıxarılmasına, həmçinin həmin ərazilər üzərində Azərbaycanın tam suverenliyini tanımağa çağırır. Çağırışların arasında etimad tədbirlərinin möhkəmləndirilməsi, Naxçıvana çıxış üçün dəhlizin yaradılması da var. Bundan başqa, Dağlıq Qarabağda və digər işğal edilmiş ərazilərdə təhlükəsizliyin dəstəklənməsi, yerini dəyişmiş insanların təhlükəsiz qayıdışını və köçürülməsini təmin etmək üçün ATƏT-in beynəlxalq sülhməramlı qüvvələrinin yaradılmasına, eləcə də atəşkəs rejiminin pozulmasının araşdırılması və dayandırılması mexanizmlərinin yaradılmasına çağırışlar edilib. AŞ PA kimi nüfuzlu təşkilatın komitəsində belə bir sənədin qəbulu, sadalanan haqlı çağırışlar əslində Azərbaycanın xarici siyasətinin, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi üzrə haqq işinin qələbəsidir. Bu, hər bir azərbaycanlıda nəhayət ki, beynəlxalq təşkilatların bu problemin həllində konkret addım atacağına, münaqişənin bizim xeyrimizə nizamlanacağına ümidlər yaradır. Təbii ki, belə mühüm, Azərbaycanın haqlı mövqeyinin əks olunduğu sənədlərin qəbulu bizim qələbəmizdir. Lakin BMT-nin məlum qətnamələrindən sonra bizi artıq belə kağız parçaları ilə aldatmaq mümkün deyil... Artıq Azərbaycan Qərbdən konkret addımlar, konkret mövqe gözləyir. Azərbaycan Qərbdən Ermənistana təzyiq gözləyir. Azərbaycan Qərbdən Ermənistana qarşı sanksiyalar gözləyir. Məhz bu təzyiq və sanksiyalar Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması ilə nəticələnə bilər. Məhz bu təzyiq və sanksiyalar öz doğma yurd-yuvasında yaşamaq kimi ali haqqından məhrum olmuş bir milyondan çox azərbaycanlının hüquqlarını bərpa edə bilər. Məhz bu təzyiq və sanksiyalar bölgəyə davamlı sülh və sabitlik gətirə bilər. Məhz bu təzyiq və sanksiyalar elə ermənilərin özünü də - iqtisadiyyatı gündən-günə zəifləyən ölkədə yaşayış şəraiti hər gün daha da çətinləşən, təmas xəttinə məcburi cəlb olunmaqla, demək olar, hər həftə yaxınlarını itirən, yoxsulluq həddində ömür sürən ermənilər - ağ günə çıxarda bilər... Artıq bu mühüm sənədləri alqışlamaqla kifayətlənmək olmaz. Azərbaycandan ölkənin üzərinə götürdüyü öhdəliklərdən də artıq fəaliyyət, hərəkətlər uman, hətta tələb edən Avropanın özündən bu dəfə qəbul etdiyi sənədləri icra etməyi tələb etmək lazımdır. Azərbaycanı artıq arxivdə toz basacaq "qətnamə" adlandırılan kağızlarla aldatmaq mümkün deyil. Bəlkə də bu, AŞ PA-nın son vaxtlar bir sıra Avropa təşkilatları, QHT-ləri və rəsmilərinin ölkəmizə qarşı qərəzli, birtərəfli bəyanatlar verməsi ilə nisbətən gərginləşən Azərbaycanla münasibətləri, necə deyərlər, sahmana salmaq cəhdidir. Hər halda AŞ PA kimi nüfuzlu təşkilat bütün bunları müşahidə etməmiş deyil. Və indiki halda belə bir sənədin qəbulunu münasibətlərin yoluna qoyulması istiqamətində atılan mühüm addım kimi də qəbul etmək olar. Deməli, Avropa öz səhvlərindən nəticə çıxarır... İstənilən halda, Azərbaycanın haqlı mövqeyini əks etdirən sənədlərin qaraya ağ, ağa qara deyən beynəlxalq təşkilatlar səviyyəsində qəbulu ümumilikdə ədalətin qələbəsidir. Lakin bu, tam qələbə deyil; tam qələbə bu sənədlərin, çağırışların həyata keçəcəyi gün olacaq. Ümid edək ki, o gün elə də uzaqda deyil... Bəxtiyar Hacıyev - Trend: Geri dön |