Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Güney Azərbaycan türkləri etirazlara başladı - təhqirə cavab
Güney Azərbaycan türkləri etirazlara başladı - təhqirə cavab |
İranın dövlət televiziyasında yayımlanan “Fitilə” adlı verilişdə Azəbaycan türklərinin təhqir edilməsi ilə bağlı bu gün Tehranda və Güney Azərbaycanın bir sıra şəhərlərində kütləvi etirazlar keçirilib.
Musavat.com-a daxil olan məlumata görə, xüsusilə Urmiya və Təbriz universitetlətinin tələbələri, iş adamları, milli fəallar, müxtəlif təbəqədən olan azərbaycanlıların iştirak edəcəyi etiraz aksiyasına bu gün günorta saatlarından sonra start verilib. Qeyd edək ki, noyabrın 6-da dövlət telekanalının uşaqlara məxsus “Fitilə” adlı proqramda türklərin təhqir edilməsi ilə bağlı bir neçə siyasətçi, millət vəkilləri təkid edərək, İran televiziyasının türklərdən üzr istəməsini tələb ediblər. Bundan sonra televiziya üzr istəsə belə, etirazları səngitmək mümkün olmayıb. Təbrizdən millət vəkili Məhəmməd İsmayıl Səidi isə məsələ ilə bağlı mətbuata açıqlamasında bildirib ki, İran telekanalında türklərin təhqir edilməsi qəsdən həyata keçirilib. Xatırladaq ki, noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı verilişdə diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçaladığı üçün ağzı qoxuyan bir türk uşağı təsvir edilib. Veriliş fars dilində olsa da, bəzi bölümlərində türkcə dialoqlar da yer alıb. Güneydə baş verən hadisə Bakıda da təsir oyadıb. Bütöv Azərbaycan Ocaqları bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "Bu gün – 9 noyabr tarixində Güney Azərbaycan Milli Hərəkatı Güney Azərbaycanın müxtəlif şəhələrində İran rejiminin şovinist siyasətinə qarşı kütləvi etiraz aksiyalarına start verib. Bu dəfəki aksiyalara səbəb üç gün öncə İranın “Kanal-2” telekanalında növbəti dəfə Azərbaycan türklərinin kobud şəkildə təhqir edilməsi olmuşdur. Biz Bütöv Azərbaycan Ocaqları olaraq şovinist İran rejiminin qeyri-fars xalqlarına qarşı apardığı assimilyasiya siyasətini kəskin şəkildə pisləyir, soydaşlarımızın öz milli haqları uğrunda bu rejimə qarşı apardığı milli mübarizəni alqışlayır, dünya dövlətlərini və beynəlxalq təşkilatları bu mübarizəyə dəstək verməyə çağırırıq". Musavat.com xəbər verir ki, aksiyanın şüarları belədir: " Haray, haray mən türkəm", "Azərbaycan əyilməz, türkün beli bükülməz", "Azərbaycan var olsun, istəməyən kor olsun". İrandakı mənbələr iddia edirlər ki, təkcə Təbrizdə 10 000- ə yaxın insan etirazlara qatılıb. Polis aksiyaçılara qarşı rezin güllə və plastik dəyənəklərdən istifadə edir. Buna baxmayaraq polis etirazçıların böyük müqavimətiylə üz-üzə qalıb. Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Mərənd, Marağa, Xoy, Meşkinşəhrdə hökumət qüvvələri ilə etirazçılar arasında yaşanan qarşıdurmada yüzlərlə fəal tutularaq naməlum istiqamətə aparılıb. Xəsarət alanların olduğu bildirilir. Etirazlarla bağlı olaraq bu gün məşhur Təbriz bazarı da bağlanıb. Qeyd edək ki, bu bazar adətən ən mühüm siyasi hadisələr zamanı etiraz əlaməti olaraq bağlanır. Ərdəbil zindanında həbsdə olan milli fəal Abbas Lesani də etiraz olaraq bu gündən açlıq aksiyasına başlayıb. O, bununla etirazçılarla həmrəy olduğunu bəyan edib. Məlumatlara əsasən, bu gün İranda internet də kəsilib. Hadisələrlə bağlı son xəbərləri almaq mümkün deyil. İran mənbələrinin yaydığı məlumata görə həbs edilənlər arasında milli fəallardan Rəhim Qulami, Əli Vasiqi, Murtuza Pərvin, Əli Xeyrcu, Meysəm Colani, Əmin Əmiri, Hüseyn Dərgahi, Səid Sadiqi var. Xalidə Gəray, Musavat.com Geri dön |