Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Amerika Türk Koalisiyasının prezidenti: ““Erməni soyqrımı” iddialarını araşdıracaq müştərək tarixi komissiyanın yaradılması üçün Ermənistana təzyiq göstərilməlidir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Amerika Türk Koalisiyasının prezidenti: ““Erməni soyqrımı” iddialarını araşdıracaq müştərək tarixi komissiyanın yaradılması üçün Ermənistana təzyiq göstərilməlidir”

Amerika Türk Koalisiyasının prezidenti: ““Erməni soyqrımı” iddialarını araşdıracaq müştərək tarixi komissiyanın yaradılması üçün Ermənistana təzyiq göstərilməlidir”


Amerika Türk Koalisiyasının prezidenti: ““Erməni soyqrımı” iddialarını araşdıracaq müştərək tarixi komissiyanın yaradılması üçün Ermənistana təzyiq göstərilməlidir” - MÜSAHİBƏ

“Təəssüf ki, bir tarixi faciədən ciddi narahatlıq keçirənlərin erməni təcavüzü nəticəsində qaçqın düşmüş yüz minlərlə azərbaycanlıya ürəyi yanmır”


Vaşinqton. İzabel Levin-APA. Amerika Türk Koalisiyasının prezidenti Linkoln Makkördinin (G. Lincoln McCurdy) APA-ya müsahibəsi

- Fransa Senatı qanunla tanınmış soyqırımların inkarına görə cəza nəzərdə tutan qanun layihəsini təsdiqlədi. Ermənistanın beynəlxalq birlik üzərində neqativ təsiri barədə nə düşünürsünüz?

- Bu qanun layihəsinin hüquqi və qanuni səlahiyyəti yoxdur, buna baxmayaraq, o, təkcə Osmanlı erməni faciəsinin birtərəfli izahını dəstəkləməklə kifayətlənmir, tarix haqqında Fransa parlamentindən fərqli düşünənlərin bütün fikirləri üzərində senzura tətbiq edir. Bu qanun akademik azadlıqlara, fikir və söz azadlığına əsil hücumdur, həqiqətin ədalətlə, obyektiv şəkildə axtarılmasına ziddir.

Hazırda tarixin bu dövrü intensiv surətdə araşdırılır və Osmanlı İmperiyasının sonlarında baş vermiş faciəli hadisələrin daha düzgün izahı üçün yollar axtarılır. Bu yaxınlarda “Middle East Critique” jurnalı Osmanlı erməni faciəsinin qarışıq və mübahisəli mahiyyətinə aydınlıq gətirib. Fransa qanununa görə, bu məqalədə əməyi olan hər bir alim mühakimə edilməli idi. Təbii ki onlar tədqiqatlarını Fransa ərazisində aparsaydılar.

Bu məsələnin mərkəzində fikir və söz azadlığı durur. Biz nifrət və zorakılığa təhrik edən çıxışlardan danışmırıq. Biz hətta təhqiramiz çıxışlara da toxunmuruq. Kimsə, tarixi ermənilərin izah etdiyi kimi qəbul edə bilər, amma beynəlxalq hüquqla təsdiq olunmadığı üçün “soyqırım” adlandıra bilməz.

Amerika Türk Koalisiyası bu fikirdədir ki, prezident Sarkozi təkcə söz və fikir azadlığı naminə deyil, həm də Türkiyə ilə Ermənistan arasında yeni, möhkəm əlaqələrin yaranması naminə bu qanunu imzalamaqdan vaz keçməlidir.

- Erməni lobbisi qondarma “soyqırım” iddialarının dünya parlamentlərində, o cümlədən ABŞ Konqresində qəbulu üçün başladığı qlobal kampaniyadan əl çəkmir. Bu vəziyyətdə Ermənistan-Türkiyə barışığının perspektivlərini necə görürsünüz?

- Erməni lobbisinin başladığı qlobal kampaniya Osmanlı türklərinin və ermənilərinin ortaq tarixi üstündən xətt çəkir və iki xalqın barışması üçün göstərilən səylərə mane olur. Tarixin bu cür izahı Osmanlı türkləri ilə erməniləri arasında mövcud olan tarixi dostluğu bir kənara qoyur, parçalanma və düşmənçilik yaradır. Tarixin bu qarışıq səhifəsində həqiqəti axtarmaq türk-erməni dostluğu və iki ölkə arasında yaxşı əlaqələrin yaranması üçün vacibdir.

- Bu halda ABŞ nə etməlidir – prosesdən kənarda qalmalı, yoxsa iştirakını davam etdirməlidir?

- Türkiyə və Ermənistan arasında barışıq mühitinə şərait yaratmaq üçün ABŞ-ın atacağı istənilən addım yüksək qiymətləndiriləcək. Bununla bağlı iki xalqın ortaq Osmanlı keçmişinin araşdırılması məqsədilə tarixçilərdən ibarət komissiyanın yaradılmasına ABŞ-ın dəstək verməsi böyük əhəmiyyət kəsb edir. Ümidverici haldır ki, ATƏT Parlament Assambleyası, AŞPA və İsveçrənin xarici işlər naziri Mişelin Kalmi-Rey tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması təklifini dəstəkləyib.

Qeyd etmək lazımdır ki, tarixçilərdən ibarət ortaq komissiyanın yaradılmasını ilk dəfə 2005-ci ildə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Ermənistanın sabiq prezidenti Robert Koçaryana təklif edib. O vaxtdan, təklif müxtəlif səviyyələrdə təkrarlanıb. Təəssüf ki, Ermənistan hələ də bu təklifə müsbət cavab verməyib və bu məsələ ilə əlaqədar arxivlərini elmi tədqiqatlar üçün bağlı saxlamağa davam edir. Bu təklifin həyata keçirilməsi üçün, Ermənistanın bu məsələlərlə bağlı mövqeyini dəyişməsi üçün bu dövlətə təzyiq göstərilməlidir.

- Fransa Senatının qəbul etdiyi qanun Türkiyə-Qərb münasibətlərinə necə təsir göstərəcək? Sizcə, Fransa parlamentinin qərarı Türkiyənin NATO-nun üzvü kimi fəaliyyətinə, onun regionda yerinə və əhəmiyyətinə təsir edəcək?

- Təkcə türklərin yox, həm də bu mübahisəli tarixi məsələ ilə bağlı kəskin mövqe tutan hər kəsə birbaşa təsir edən qanuna qarşı ən münasib addımların atılması məsuliyyəti Türkiyə hökuməti və cəmiyyətinin üzərinə düşür. Hələlik hər şey onu göstərir ki, Fransanın qəbul etdiyi qanun layihəsi türkləri dərindən yaralayıb və Türkiyə hökuməti bu məsələni ciddi qəbul edir.

- Qeyd olunan qanun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə necə təsir edəcək?

- Fransa Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həlli yolunu axtaran ATƏT-in Minsk Qrupunun həmsədridir. Fransa Senatının bu qanun layihəsini qəbul etməsi bu ölkənin obyektiv vasitəçiliyi və Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə konstruktiv töhfə verəcəyi ilə bağlı ciddi suallar doğurur.

- Hazırkı vəziyyətdə Türkiyə və Azərbaycan hansı birgə addımları ata bilər?

- Təəssüf ki, bir tarixi faciədən ciddi narahatlıq keçirənlərin erməni təcavüzü nəticəsində qaçqın düşmüş yüz minlərlə azərbaycanlıya ürəyi yanmır. Biz bunu başa düşə bilmirik. Amerika Türk Koalisiyası həmişə qeyd edib ki, Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaq üçün birgə səyləri də ehtiva etməlidir. Türkiyə, Ermənistan və Azərbaycanın tarixi və gələcəyi bir-biri ilə sıx əlaqəlidir, biz bütün tərəfləri regionda gələcək nəsillər üçün davamlı sülh və inkişafın bərqərar olmasına çalışmağa çağırırıq.

Geri dön