Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qızdırma salan dərmanlar uşaqlar üçün təhlükəlidir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Qızdırma salan dərmanlar uşaqlar üçün təhlükəlidir

Qızdırma salan dərmanlar uşaqlar üçün təhlükəlidir


Havaların soyuması uşaqlarda immunitetin zəifləyərək tez-tez xəstələnmələrinə və bədən temperaturlarının yüksəlməsinə səbəb olur. Bəzi hallarda analar uşağının bədən temperaturunun yüksəlməsinin mənfi fəsadlar verəcəyindən ehtiyat edərək, qızdırmanı salan dərmanlardan (temperatur əleyhinə) istifadə etməklə hərarəti tez bir zamanda salmağa çalışırlar. Lakin analar nəzərə almırlar ki, həkim nəzarəti olmadan istifadə edilən dərmanlar uşaqların səhhətinin pisləşməsinə və bir çox mənfi fəsadların yaranmasına gətirib çıxarır.

Həkim-konsultant Yazgül Abdiyeva bildirib ki, orqanizmin infeksion-iltihabi prosesə cavab reaksiyası olan qızdırma və ya hipertermiya daha çox immunoqlobulinlər və interferonun yaranması hesabına infeksiya törədicilərin çoxalmasının qarşısını alır, immuniteti isə aktivləşdirir. Buna görə də temperaturu hər zaman endirmək lazım deyil.

Həkim bildirib ki, 37 dərəcəyə qədər olan temperatur qoruyucudur və orqanizmin müqavimət göstərməsinə kömək edir: “Bu, çox yaxşı haldır. Çünki temperaturun qalxmaması immunitetin zəif olması deməkdir, temperaturun qalxması isə onun xəstəliyə cavab reaksiyasıdır. Uşaqlarda temperaturu tez endirməyə çalışmaq lazım deyil. Bu zaman uşagı nəzarət altında saxlamaq, ona coxlu maye içirmək (maye turş və çox isti olmamalıdır), otağın havasını tez-tez dəyişmək (sərin olmalı), uşağın geyimini nazikləşdirmək, əlini, üzünü, bədənini sərin su ilə silmək lazımdır. Yadda saxlamaq lazımdır ki, insan orqanizminə xəstəlik törədən mikroorqanizmlər üzərində qələbə üçün interferon – 38 dərəcədən yüksək olduqda sintez edilən xüsusi müdafiə zülalı lazımdır. Əgər bədən temperaturunun yüksəlməsini tez bir zamanda dəf etsək, interferon sintez edilməyəcək və nəticədə xəstəlik kəskinləşə bilər”.

Həkim qeyd edib ki, çox hallarda temperaturu aşağı salınmayan uşaqlar 2-3 gündən sonra sağalmağa başlayır, amma qayğı ilə “sağaldılan” uşaqların isə xəstələnməsi davam edir. Sağalma prosesini ləngitməmək üçün mütləq qızdırma salan preparatlardan istifadə qaydalarını bilmək lazımdır. Temperaturun endirilməsinə vacib olan göstərişlər temperaturun 38,5 dərəcədən yüksək, sinir sistemi, ürək-damar sistemi xəstəliklərinin, uşağın yaşının 3 aydan kicik olmasıdır. İmmuniteti zəif olan yarımçıq doğulmuş uşaqlarda da temperatur olduqda endirmək lazımdır.

Qızdırmanın 39-40 dərəcəyə qalxmasını təhlükəli sayan Y.Abdiyeva bir sıra hallarda qızdırma salan preparatlardan istifadənin zəruri olduğunu deyib.

Həkimin sözlərinə görə, uşaqda bədən temperaturu 38.5-39 dərəcəni keçmirsə, uşaq yüksək temperaturu normal keçirirsə (əgər uşaqda febril qıcolmalar epizodları olubsa, onda temperaturun belə yüksək qalxmasını qəbul etmək olmaz), 3 ayından aşağı uşaqda temperatur 38 dərəcəni keçirsə, uşaqda “ağ qızdırma” müşahidə edilirsə, yəni yüksək temperatur zamanı dəri örtüyü solğun, göyərmiş və soyuq olursa, ürək və ya tənəffüs yollarının xronik xəstəlikləri olursa, bədən temperaturunun cüzi yüksəlməsi zamanı uşağın vəziyyəti pisləşirsə, onda qızdırma salan dərmanlardan istifadə etmək lazımdır.

Y.Abdiyeva qeyd edib ki, qızdırma salan preparatların dozasına və qəbul qaydasına diqqət etmək lazımdır. 12 yaşa qədər uşaqlarda kombinə olunmuş qızdırma salan preparatlardan istifadə etmək məsləhət deyil. Bu yaşda olan uşaqların qızdırmasının salınması üçün yalnız parasetamol və ibuprofen tərkibli preparatlar istifadə edilməlidir. Uşaqlar üçün aspirin (asetil salisil turşusu) preparatı ehtiyatla istifadə edilməlidir: “Preparatın qızdırmasalıcı, iltihabəleyhinə və ağrıkəsici təsirləri ilə yanaşı, bir sıra əlavə təsirləri də olduğundan onların uşaqlar üçün istifadəsi məsləhət deyil. Mədə-bağırsaq selikli qişasına qıcıqlandırıcı, zədələyici təsirinə görə uzun müddətli və acqarına istifadəsi zamanı dispeptik pozgunluqlar, mədə xorası yaranması halları rast gəlinə bilər. Bunun üçün preparatı yeməkdən sonra bol su və ya süd ilə qəbul etmək məsləhətdir. Preparatın digər bir fəsadı antiaqreqat təsirli hesabına mədə-bağırsaq qanaxmalarının olmasıdır”.

Həkim qeyd edib ki, aspirinin uzunmüddətli və yuksək dozada istifadəsi allergik reaksiyaya - “aspirin astması” deyilən halın yaranmasına səbəb ola bilər. Bu preparatın istifadəsinin ən agır fəsadı isə Reye sindromudur (hepatogen ensefalopatiya): “Suçiçəyi, qrip kimi virus infeksiyaları zamanı aspirin verilməsi bu sindromun yaranmasına səbəb ola bilər. Belə hallara əsasən 3-12 yaş arasında olan uşaqlarda rast gəlinir. Bu qaraciyər və baş beyinin zədələnməsi kimi ağır fəsadlara səbəb olur. Bu üzdən bu yaşlı uşaqlara virus infeksiyaları zamanı aspirin verilməsi məsləhət deyil”.

Y.Abdiyeva qeyd edib ki, qızdırmasalıcı, ağrıkəsici təsirləri olan analgin (metamizol natri) preparatının 3 aya qədər olan uşaqlara vermək məsləhət deyil: "Bu preparat 6 aydan 1 yaşa qədər olan uşaqlarda şam formada istifadə edilə bilər. 12 aydan 3 yaşa qədər olan uşaqlarda isə bu dərmanı 200 mq-dan artıq dozada istifadə etmək olmaz. Analgin preparatı yalniz bir dəfə qəbul oluna bilər. Onu kursla qəbul etmək tövsiyə olunmur. Uzun müddətli istifadəsi zamanı aqranulositoz, daxili qanaxma, anafikaktik şok kimi agır fəsadlar verə bilər”.

Qeyri-steroid iltihab əleyhinə preparatlar qrupuna aid olub iltihabəleyhinə, qızdırmasalıcı və ağrıkəsici effektə malik olan “İbuprofen” tərkibli preparat (QSİP) qeyri-selektiv oldugu üçün onun əlavə təsirləri (mədə-bağırsaq sistemi tərəfdən qıçqırma, ürəkbulanma, qastropatiya, mədə-bağırsaq qanaxmaları) çoxdur. Buna görə də bu preparat azyaşlılar üçün ehtiyatla istifadə olunmalıdır. Bu preparatın 3 yaşa qədər uşaqlar üçün istifadəsi məsləhət deyil. Rektal şam formasında istifadəsi sirop formasına nisbətən daha təhlükəsizdir.

Y.Abdiyeva qeyd edib ki, İbuprofen tərkibli preparatlar broxospazm verdiyi üçün allergik və bronxial astmalı uşaqlarda ehtiyatla istifadə olunmalıdır. Bu preparat mədə-bağırsaq sistemi tərəfdən selikli qişanın zədələnməsi, eroziya, xora, qanaxma hallarının yaranmasına, aseptik meningit, baş ağrısı baş gicəllənmə, görmə pozğunluqlarının, dəridə allergik reaksiyaların yaranmasına səbəb ola bilər. Preparatın yüksək dozalarda qəbulu zamanı epidermal toksik nekroliz (Layella sindromu) da yarana bilər.

Həkim-konsultant hesab edir ki, uşaqlar üçün ən təhlükəsiz qızdırma salan preparat parasetamol hesab olunur. Siklooksigenazanın selektiv ingibitoru olduğu üçün bu preparatın əlavə təsirləri ibuprofenə nisbətən azdır: “Qızdırma salan və ağrıkəsici effektləri olan bu tərkibli preparatların südəmər uşaqlarda və qusması olan uşaqlarda şam formasında istifadə etmək məsləhətdir. Parasetamol tərkibli preparatların qəbulu arasındakı interval 4 saatdan az olmamalıdır. Dozası uşaqlarda hər kq çəkiyə 10-15 mq-la təyin olunur. Əgər bu interval 4 saatdan tez və doza yüksək olarsa, parasetamol intoksikasiyası yarana bilər. Ağır hallarda 5 gündən artıq, qızdırma salıcı kimi 3 gündən artıq istifadə etmək olmaz. Yüksək dozalarda və uzun müddətli istifadə parasetamolla zəhərlənməyə səbəb ola bilər. 1 yaşadək üşaqlarda, qaraciyər və böyrək catmamazlığı və allergiyası olan uşaqlarda parasetamol tərkibli preparatlar ehtiyatla istifadə olunmalıdır”.

Müasir farmasevtik istehsalatda qızdırmasalıcı preparatların müxtəlif buraxılış formasında istehsal edildiyini deyən Y.Abdiyeva qeyd edib ki, qızdırma salan preparatların inyeksiya formasında istifadəsi məsləhət deyil: “Uşaq dərmanı daxilə qəbul edə bilirsə və ya şam şəklində istifadə etmək mümkündürsə, preparatlardan bu formada istifadə etmək məsləhətdir. Siropun seçimi zamanı yadda saxlamaq lazımdır ki, onun tərkibinə rəngləyicilər və aromatizatorlar əlavə edilir. Bu da uşaqlarda allergik reaksiya yarada bilər. Buna görə ilk qəbuldan sonra uşağın reaksiyasına nəzarət etmək lazımdır. Üstünlük daha çox rektal şamlara verilir”.

Y.Abdiyeva qızdırma vəziyyətində edilməməsi lazım olan hərəkətləri də açıqlayıb.

O bildirib ki, üşüyən və titrəyən qızdırmalı uşağın üstü örtülmür, onlara qalın paltarlar geyindirilmir, əsla soyuq suyla duş qəbul edilmir, spirt və sirkəli suyla kompres tətbiq olunmur, tez-tez qızdırmasalıcı dərmanlardan istifadə edilmir: “Bir çox valideynlər tərəfindən edilən bu tədbirlər qızdırmanın daha da yüksəlməsinə, dərman və spirt zəhərlənməsi kimi nəticələrə səbəb ola bilər. Hərarətin tam normaya salınmasına cəhd edilməməlidir. Temperaturun 1-1,5 dərəcə düşməsi xəstənin vəziyyətini xeyli yüngülləşdirir”.

Geri dön