Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Avropa İttifaqının yeni qonşuluq prinsipləri müsbət qarşılanır
Avropa İttifaqının yeni qonşuluq prinsipləri müsbət qarşılanır |
Siyasətçilər hesab edirlər ki, bu, zamanında Azərbaycanın ortaya qoyduğu ədalətli mövqeyə qayıdışdır
Avropa Komissiyası (AK) və Avropa İttifaqı (Aİ) Avropa Qonşuluq Siyasətinin (AQS) icmalının əsas istiqamətlərini açıqlayaraq ittifaqın şərq və cənubdakı qonşularına münasibətdə yanaşmasını dəqiq izah ediblər. Aİ-nin vitse-prezidenti, xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Mogerini bu barədə bildirib ki, Aİ-nin sərhədləri hüdudlarında və onlardan kənarda çətinliklərlə üzləşdiyi bir dövrdə qonşularla tərəfdaşlığın daha da güclənməsi ittifaq üçün vacib məsələdir. Onun sözlərinə görə, birlikdə daha təhlükəsiz mühit qurulmalı, ümumi regionda bir çox böhranlar həll edilməli, ən kasıb ərazilərin inkişaf və rifahı dəstəklənməli, miqrasiyanın kökündə duran səbəblər aradan qaldırılmalıdır. AQS və genişlənmə üzrə komissar Yohannes Han isə qeyd edib ki, Aİ üçün ən təxirəsalınmaz çağırış qonşuluğunda sabitliyin olmasıdır. Komissarın sözlərinə görə, münaqişələr, terrorizm və radikallaşma hamını təhdid edir, yoxsulluq, korrupsiya və zəif idarəçilik təhlükə mənbəyinə çevrilir. Qeyd olunub ki, təhlükəsizlik sektorunda, xüsusilə münaqişənin qarşısının alınması, terrorizmlə mübarizə və anti-radikallaşma siyasəti sahəsində tərəfdaş ölkələrlə işin fəallaşması yeni fokus məsələ olacaq. Tərəfdaşlarla enerji təhlükəsizliyi və iqlim sahəsində birgə fəaliyyətə daha çox diqqət veriləcək. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi, Aİ artıq qonşuluq siyasətini dəyişir və özü üçün prioritetləri indidən elan edir. Birmənalı şəkildə vurğulanır ki, hər bir ölkə ilə onun təklif etdiyi prinsiplər əsasında münasibətlər qurulacaq. Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bu barədə “Kaspi”yə açıqlamasında bildirib ki, yeni prinsiplər AQS-nin yarandığı ilk günlərdən tətbiq edilməli idi. O, təəssüflə xatırladıb ki, Aİ bu günə qədər bütün dövlətlərə qarşı onun inkişaf səviyyəsini, problemlərini, Avropa ilə münasibətlərinin dərinliyini nəzərə almadan eyni siyasət yürüdüb. YAP funksioneri deyib ki, bu cür siyasət sonda çoxsaylı problemlərin yaranmasına səbəb olub: “Qonşusunun torpağını işğal edən Ermənistanla işğala məruz qalan Azərbaycana eyni münasibət sərgiləmək, yaxud Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlı hərbi blokun üzvü olan Ermənistanla Qoşulmama Hərəkatının üzvü olan Azərbaycana eyni cür yanaşmaq, hər iki dövlətə münasibətdə eyni cür taktika yürütmək doğru sayıla bilməzdi. Belə yanaşma iqtisadiyyata, diplomatik münasibətlərə, dövlətlərin inkişaf səviyyəsinə də müəyyən problemlər yaradır. Ona görə də Avropa İttifaqının qonşuluq siyasətindəki yeni prinsipləri müsbət qarşılayıram. Hesab edirəm ki, bu, düzgündür. Hər bir ölkə ilə məhz onun xüsusiyyətləri, inteqrasiya və münasibətlər siyasəti nəzərə alınaraq əlaqələr qurmaq, inkişaf etdirmək lazımdır. Hər halda Avropa indi belə bir taktika yeridir. Bunun nə dərəcədə effektli olacağını isə gələcək göstərəcək. Azərbaycan Avropa İttifaqı ilə münasibətlərində hər zaman səmimi olub, qarşılıqlı əlaqələrin daha da inkişafına daim öz töhfəsini verib. Baxmayaraq ki, Avropa tərəfdən vaxtaşırı Azərbaycanın problemlərinə sayğısızlıq nümayiş etdirilib, ölkəmizə siyasi və diplomatik təzyiq göstərmək cəhdləri olunub. Avropa Parlamentində vaxtaşırı Azərbaycanla bağlı qeyri-obyektiv qərarların qəbul edilməsi bu qəbildən olan məsələlərdir. Görünür, Avropanın yeni qonşuluq siyasəti yeridərkən qazandığı təcrübə, həmçinin bəzi ölkələrin, o cümlədən Azərbaycanın özünün milli suverenliyini qorumaq üçün atdığı prinsipial addımlar sonda Avropa İttifaqının mövqeyini dəyişməsinə səbəb olub”. Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa da AQS-nin yeni prinsiplərini müsbət qarşılayıb. Deyib ki, hər bir halda bu, müstəqil dövlət kimi bizim xeyrimizə olan məsələdir: “Uzun zamandır Azərbaycan da bəyan edirdi ki, hər bir ölkə ilə onun spesifikasına görə münasibət qurulmalıdır. Avropa İttifaqının buna qədər olan konsepsiyasına qarşı çıxmasaq da, bu siyasətin özünü doğrultmayacağını qeyd edirdik. Bütövlükdə bu konsepsiyanın dəyişməsi bundan sonra reallığa uyğun siyasətin həyata keçirilməsi ilə müşayiət olunacaq. Bu isə öz növbəsində Avropa İttifaqının digər dövlətlərlə daha sağlam münasibətlər qurması ilə nəticələnəcək”. Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Aİ-nin yeni qonşuluq prinsiplərinin vaxtilə Azərbaycan tərəfindən dəfələrlə gündəmə gətirildiyini xatırladıb. Onun sözlərinə görə, ikitərəfli münasibətlər qurmaq baxımından rəsmi Bakı Aİ-yə müraciət etmişdi ki, təklif olunan standartlarla deyil, Azərbaycan və Avropa arasında qarşılıqlı maraqlara söykənən münasibətlər qurulsun: “Xüsusən də “Şərq tərəfdaşlığı” layihəsi çərçivəsində Assosiasiya Sazişinin imzalanması zamanı Azərbaycan bu barədə konkret təkliflərini irəli sürmüşdü. Bundan əvvəl isə dəfələrlə rəsmi Bakı qeyd etmişdi ki, torpaqlarımızı işğal edən, BMT-nin bu işğalı pisləyən qətnamələrinə əhəmiyyət verməyən, beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozan Ermənistanla, işğala məruz qalan Azərbaycana eyni münasibət göstərilməsi ədalətli deyil. Bu olduqca pis ənənə idi. Ölkələrə xarici siyasətinə görə fərq qoyulmalıdır. Belə bir şəraitdə Avropa İttifaqı ilə Azərbaycanın səmərəli əməkdaşlıq etməsi heç cürə mümkün deyildi. Digər tərəfdən, işğalçı ilə işğala məruz qalan ölkələrə fərq qoyulmaması gələcək üçün təhlükəli vəziyyət formalaşdırırdı. İşğalçı ölkələr cəzasızlıq mühitindən istifadə edərək gələcəkdə beynəlxalq standartları, hüquq və prinsipləri daha kobud formada pozmağa meyllənəcəkdilər. Əmin olacaqdılar ki, beynəlxalq qanunları hansı formada pozmalarına baxmayaraq, digər dövlətlərlə müqayisədə onlara fərq qoyulmur. Belə pis ənənə gələcəkdə işğalçılıq siyasətinin, terrorizmin artmasına gətirib çıxaracaqdı. Avropanın mərkəzi şəhərlərindən sayılan Parisdə törədilən terrordan sonra Azərbaycanın zamanla sərgilədiyi haqlı mövqe öz təsdiqini tapdı. Vaxtilə Avropa ölkələri Dağlıq Qarabağ probleminə, işğal faktına, erməni terroruna seyrçi qaldıqlarına görə, bu münaqişədə günahkar tərəflə münasibətləri digər dövlətlərlə eyni səviyyədə davam etdirdiklərinə görə müasir dövrdə terrorizm kimi bir bəla artıq Avropanın özünə də gedib çıxmaqdadır. Ona görə də bu gün Avropada terrorçularla, işğalçılarla fərqli dildə danışmağın zəruriliyini vurğulayırlar. Hesab edirəm ki, bu, tamamilə düzgün siyasətdir və zamanında Azərbaycanın ortaya qoyduğu ədalətli mövqeyə qayıdışdır”. Rufik İSMAYILOV Geri dön |