Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Türkiyə-Azərbaycan birliyini pozmaq istəyən qüvvələr fəallaşıb”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > “Türkiyə-Azərbaycan birliyini pozmaq istəyən qüvvələr fəallaşıb”

“Türkiyə-Azərbaycan birliyini pozmaq istəyən qüvvələr fəallaşıb”


Türk Dünyası Araşdırmalar Mərkzinin sədri Elman Cəfərli: “Mənə elə gəlir ki, türk mediasında yazılanlar iki qardaş ölkənin arasını vurmaq istəyənlərin sifarişidir"

İki türk dövlətinin – Türkiyə ilə Azərbaycanın birliyindən narahat olan qüvvələr son vaxtlar daha da fəallaşıblar. Fransa Senatının qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirələrindən sonra qardaş ölkədə ermənilərin xeyrinə çalışan, amma özlərini Türkiyənin təəssübkeşləri kimi göstərən qüvvələr Azərbaycana qarşı təxribat tipli yazıları ilə ictimaiyyətin fikrini yayındırmağa çalışırlar. Lakin rəsmi Ankara Azərbaycanın göstərdiyi reaksiyadan və dəstəkdən məmnun olduğunu bildirib. Rəsmi Bakı da Fransanın qəbul etmək istədiyi qanunu qəti şəkildə pisləyib. Eyni zamanda, Azərbaycan ictimaiyyətində Fransa Senatının məlum təklifinə qarşı məntiqli etirazlar davam edir. Türkiyənin bəzi kütləvi informasiya vasitələri isə sanki ermənipərəst mövqe göstərərək Azərbaycana qarşı çıxışları ilə hər iki ölkədə ciddi narahatçılıq yaradırlar.Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Elman Cəfərli hesab edir ki, Türkiyənin bəzi kütləvi informasiya vasitələrinin bu kompaniyası anlaşılmaz və məntiqsizdir: “Azərbaycan Fransaya qarşı fikrini müxtəlif yollarla bildirib. Azərbaycan həm dövlət, həm də qeyri-hökumət təşkilatları bu məsələyə kifayət qədər mövqe bildiriblər. Azərbaycanın tanınmış ziyalısı Rüstəm İbrahimbəyov Fransanın verdiyi mükafatdan imtina edib. Xarici İşlər Nazirliyi etiraz bəyanatı yayıb. Millət vəkili Qənirə Paşayeva Avropa Şurasında bu qərarı pisləyib”. Mərkəz rəhbərinə görə, Azərbaycan bu məsələdə az qala Türkiyə qədər sərt mövqe bildirib. Hrant Dinklə bağlı aksiyalara diqqət çəkən E.Cəfərli Türkiyə ictimaiyyətinin mövqeyinin bizə nisbətən daha arxayın və laqeyd olduğunu qeyd edib: “Maraqlıdır ki, Türkiyənin özündə bəndam qanuna etiraz aksiyaları keçirilmir. Hrant Dinkin öldürülməsi ilə bağlı keçirilən aksiyaların yanında bu çox cılız görsənir. Türkiyə Fransaya qarşı hələ heç bir ciddi siyasi-iqtisadi sanksiya tətbiq etməyib. Bu məsələdə sərt bəyanatlardan uzağa gedilməyib. Ölkələr arasında diplomatik əlaqələr və iqtisadi əməkdaşlıq əvvəlki səviyyədə qalır. Türkiyə mediasında çalışan həmkarlarımız heç buna diqqət ediblərmi? Türkiyə Azərbaycandan qat-qat güclü dövlətdir. Əgər Türkiyə özü gözləmə mövqeyindədirsə, Fransa Ali Məhkəməsinin qərarına ümidlidirsə, Azərbaycandan sərt addım gözləmək mənasızdır”. Fransanın ATƏT-in Minsk qrupundakı vasitəçiliyinə fikir bildirən E.Cəfərli vasitəçilərin dəyişdirilməsini real hesab etmir: “Çünki bu qurum bizim iradəmizdən asılı olmayaraq yaradılıb. Biz müharibədə məğlub tərəfik. Ona qalsa BMT-ni də ikinci dünya müharibəsində qalib dövlətlər yaradıb. Niyə Almaniya, Yaponiya kimi dövlətlər BMT Təhlükəsizlik Şurasının üzvləri deyillər? Çünki məğlub dövlətlər kimi o prosesdə iştirak etmirdilər. Türkiyə nədən məsələ qaldırmır ki, bizi də BMT Təhlükəsizlik Şurasına üzv edin?”E.Cəfərli Azərbaycanın xarici siyasətində güzəştlərə getməyin riskli olduğunu deyib: “Türkiyə ilə Azərbaycan bir millət iki dövlət olsa da, hər dövlətin öz marağı var. Ərdoğan hökuməti “yeni osmanlı” siyasəti həyata keçirir, keçmiş imperiya ərazilərində möhkəmlənmək istəyir. Buna görə də İsraillə münasibətləri korlayıb. Bir millətik deyə, İsraillə düşmənmi olaq? Biz bu siyasəti dəstəkləyə bilmərik. Millət olaraq Türkiyənin güclənməsini istəyirik, amma dövlət olaraq İsraillə münasibətləri korlamaq olmaz. Dünyada iki böyük lobbidən biri ilə –erməni lobbisi ilə onsuz da düşmənik. İkinci düşmənmi qazanaq?”Fransaya münasibətdə Azərbaycanın münasibətlərini tündləşdirməməsini, ehtiyatlı siyasət yürütməsini məqbul hesab edən E.Cəfərli türk mediasında solçuların, kosmopolit qüvvələrin üstünlük təşkil etdiyini bildirib. “Yüzminlər meydana çıxıb “Hepimiz erməniyiz, hepimiz Hrantız” deyəndə Azərbaycanı Fransaya görə tənqid edən yazarlar yazdılarmı ki, ortada Xocalı qətliamı var, Azərbaycan türklərindən ayıbdır? Yazmadılar”.Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri bu qüvvələrin iki ölkənin münasibətlərinə xələl gətirmək istəklərini vurğulayıb. “Mənə elə gəlir ki, türk mediasında yazılanlar iki qardaş ölkənin arasını vurmaq istəyənlərin sifarişidir. Vəziyyəti bilərəkdən tündləşdirirlər. Sanki Türkiyə bütün ölkələri Fransaya qarşı qoydu, tək qalan Azərbaycandır. Hesab edirəm ki, Azərbaycan lazımi addımları atıb”. E.Cəfərli Azərbaycan diasporunun fəallığının artırılmasının labüdlüyünü vurğulayıb. “Bildiyim qədər Parisdə keçirilən aksiyalarda azərbaycanlılar türklərin yanında olub, fəallıq göstəriblər. Bu istiqamətdə fəaliyyət artırılmalıdır. Türkiyə siyasi dairələri və KİV-i Azərbaycanı suçlamaqdansa, çıxış yolları aramalıdırlar ki, birlikdə hansı addımı ataq ki, Fransanın ədalətsiz qərarı başqa dövlətlər üçün də presedentə çevrilməsin? Diplomatik rıçaqlarla yanaşı, bütün diqqət lobbi fəaliyyətinə yönəldilməlidir”.Politoloq Natiq Miri isə iki qardaş ölkənin bir-birindən gözləntisinin və dəstəyin böyük olduğunu əsas gətirərək bu yazıları hər hansı kompaniya kimi qələmə verməyin əleyhinədir. “Həqiqət olub-olmamasından asılı olmayaraq bunu bir çevrənin, yaxud müəyyən ictimai-siyasi kəsimin fikri kimi qəbul etmək lazımdır. Fransanın ermənipərəst addımını ciddi addımlarla almaq lazımdır ki, bu bir yoluxucu virus olaraq bütün Avropa məkanına yayılmasın”. Politoloq Türkiyə və Azərbaycan kimi yaxın tərəfdaş olan iki ölkənin mətbuatının bir-biri ilə soyuq savaşa girməsini doğru addım kimi qiymətləndirmir. “Mətbuatda Türkiyənin xarici siyasətini yanlış saymaq doğru addım deyil. Qosqoca Türkiyə dövlətinin xarici siyasəti təsadüflərlə müəyyənləşmir. Ona görə də bu cür ittihamedici fikirlərdən uzaq olmaq lazımdır. Çünki ortada qardaş ölkələrin arasını açmaq istəyən çoxlu qüvvələr var. Düşmənlər də bizdən elə bu məqamı gözləyir. Yəni Fransanın qərarının bir gizli nədəni məhz iki qardaşı biri-birindən ayırmaq da ola bilər. Fransa heç vaxt türk dünyasının dostu olmayıb”.Hər iki ölkə mətbuatında bu münasibətlərin korlanmasını istəyən qüvvələrin olduğunu deyən Natiq Miri Hrant Dinklə bağlı məsələyə də münasibət bildirib: “Hepimiz erməniyiz” şüarı ilə keçirilən aksiyalar Türkiyə cəmiyyətinin ziddiyətli və mürəkkəb olduğunu göstərir. Fransada çıxarılan ermənipərəst qərarın məhz bu cür erməniyönlü aksiyalarda axtarmağın tərəfdarıyam. Ortada getdikcə güclənən bir Türkiyə olduqca bu təxribatların sayı da çox olacaq”. Politoloq belə aksiyalara cavab verilməli olduğunu vurğulayıb. “Ermənipərəst qüvvələrin keçirdiyi etiraz aksiyasının 10 misli qədər “Hepimiz Türküz” aksiyasına cavab vermək lazımdır”.Problemin həllini Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurasının toplantısında görən politoloq şuranın toplanmasına mane olan qüvvələrin olduğunu bildirib. “Şuranın təcili toplantısı keçirilməli, birgə atılacaq addımlar müəyyənləşdirməli və bir çox strateji məsələlərdə ortaq təsəvvür formalaşdırılmalıdır. Bütün suallara cavab məhz buradadır. Bütün problemi danışaraq çözmək mümkünsə, nədən qardaş dövlətlər qarşılıqlı ittihamlarla bir-birilə mətbuatla danışırlar?” Politoloq hər iki ölkə mətbuatının bir-biri ilə anlaşmalı olduğunu bildirib.
Pərviz SADIQOV

Geri dön