Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhsa Mehdili: “İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Müsahibə, Güney Azərbaycan-Təbriz > Məhsa Mehdili: “İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”

Məhsa Mehdili: “İranın ziyalısı, muxalifəti və dövləti güneylilərin azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar”


Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin sözçüsü, tanınmış milli-mədəni fəal Məhsa Mehdili Güney Azərbaycandakı son hadisələrlə bağlı xeber365.com saytına geniş müsahibə verib. Davam.az həmin müsahibəni təqdim edir:

“Ötən həftələrdə İran Televiziyasında azərbaycanlıları təhqir edən videosüjetdən sonra Güney Azərbaycan sakinləri növbəti dəfə ayağa qalxdı. İstər-istəməz biz Quzey Azərbaycanda yaşayanlar üçün İrandakı azərbaycanlıların durumu, İran dövlətinin apardığı milli-ayrıseçkilik siyasəti, onun məqsədi və əsasları çox maraqlıdır. Bu haqda Güney Azərbaycan Milli Oyanış Hərəkatının öncüllərindən biri, bir müddət İranda siyasi məhbus taleyi yaşamış Məhsa xanım Mehdili ilə söhbətləşdik.

- Məhsa xanım, lütfən, bir az özünüz haqqında məlumat verin. Indiyə kimi Güney Azərbaycan Milli Oyanış Hərəkatında hansı fəaliyyətləriniz olub? İndi hansı işlərlə məşğulsunuz?

- Mən Məhsa Mehdili Güney Azərbaycan əyalətinin Salmas şəhərində doğulmuşam. 2002-ci ildə Urmiyə universitəsində yayınlanan “Oyanış” dərgisinin başyazarı olmuşam. Lisey illərimdən başlayan fəaliyyətlərim universitədə davam etdi. Üniversitə illərimdə Urmiyədə “Bilim yolu” adlı özəl bir qurumda könüllü olaraq Azərbaycan türkcəsi dərsi vermişəm. 2006-cı ildə Güney Azərbaycan ayaqlanmasında universitəmizdə təşkil etdiyimiz mitinqdən dolayı üniversitə yetkililəri tərəfindən bir neçə dostumuzla birlikdə universitəyə girişimiz bir aylığına yasaqlandı və bu orda olduğumuz illərdə, 2006-cı il olaylarının ildönümündə davam etdi. Bunu da deməliyəm ki, dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən sorğuya tutulmuşam. 2011-ci ildə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs olundum və bir il şərti cəzaya məhkum edildim. 2012-ci ildən bəri həyat yoldaşımla birlikdə Türkiyədə qaçqın kimi yaşayıram. İndi isə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin təmsilçisiyəm. Bu illərdə yayınlanan yazılar və Günaz Tv də hazırladığım verilişlər, ayrıca Güney Azərbaycanı təmsil edərək danışmacı kimi qatıldığım qurultaylar var. Özəlliklə son illərdə Afyon Kocatepe universitəsində Xocalı soyqırımı haqqında və Türk dünyası qurultaylarında danışmacı olaraq çıxışlarım olub.

- Bildiyim qədəriylə 2012-ci ildə İranda siyasi səbəblər üzündən həbs olunmusunuz. Bizə bir qədər həbsinizdən və başınıza gələnlərdən danışın. Sizi nədə ittiham edirdilər? Ümumiyyətlə, İran dövləti qadın fəalları tez-tezmi həbs edir?

- 2012-ci ildən öncə də dəfələrlə həm sorğulanmışam, həm də bəlli qüvvələr tərəfindən təhdid olunmuşam. Örnək üçün 2005-ci ildə Urmiya Univerisitetində qurduğumuz “Şəhriyar” şeir və ədəbiyat gecəsində Qarabağ və Azərbaycan, habelə Atatürk haqqında oxunan şeirlərdən dolayı gecə saat 1-də təhlükəsizlik qüvvələrinin dörd əməkdaşı gəlib tələbə yataqxanasından məni bayıra atdılar. Bu cür hadisələr o qədər olub ki, sayı yadımdan çıxıb, amma hafizəmdə saniyə-saniyə iz buraxıb. İranda və ümumən Güney Azərbaycanda ictimai fəal qadınları əxlaqi məsələlərlə təhdid etmək, az qala, dövlət strategiyasına çevrilib. Onlar bizim vətənimizə olan sevdamız, mübarizə enerjimiz ilə bacara bilmədikləri üçün çirkin yollara əl atırlar. Atam və qardaşlarım mənim yanımda çox təhdid olunublar və bu çox qeyri-insani, çirkin bir üsuldur. Bəxtim onda gətirib ki, mənə mübarizəmdə hər zaman dəstək verən ailəm və həyat yoldaşım olub.

Mənim məhkəmə hökmümdə siyasi məhkumlar haqda yalan işgəncə hesabatı hazırlama, İran dövlətinin əleyhinə çalışma və təhlükəsizliyi pozma ittihamları var. İran fəallarımızı tutuqlarkən qadınları başqa çirkin hərbələrlə də təhdid edir ki, ailələrin gözü qorxsun.

- Son hadisələrə qədər biz quzey azərbaycanlılarda İranda irqçiliyin belə yüksək səviyyədə olması haqda ətraflı təsəvvür yox idi. Ümumiyyətlə, azərbaycanlılar üçün irqçilik xeyli yad bir şeydir. Lütfən bizə bir qədər izah edin: irqçilik fars xalqına, yoxsa İran dövlətinə xas bir cəhətdir, bu hardan necə doğub İranda?

- Bu gün İran adlanan ölkədə min illik bir hakimiyyətimiz, dövlətçilik təcrübəmiz var. Son Türk dövləti Qacarların süqutu ilə bölgədə güclənən türk dövlətçiliyinə qarşı İranda Azərbaycan-Türk düşməni bir rejim yarandı və beləliklə Pəhləvilər hakimiyyətə gəldilər. Pəhləvilərin hakimiyyətə gəlməsiylə Azərbaycan-Türk kimliyinə qarşı düşmənçilik, fars millətçiliyi hökumət tərəfindən sistematik inkişaf etdirildi. Bu artıq İranda hökümətin dəstəklədiyi bir mədəniyyət və əlbəttə ki, yerini bərkitmiş bir siyasət halına gəlibdir. İran dünyada özünü islamçı bir dövlət kimi təqdim etsə də, əslində farsçı və anti Azərbaycan rejimdir. 80 ildir sistematik olaraq aparılan iqrçi-millətçi siyasət insanların beyninə o qədər yeridilib ki, molla rejiminin qatı düşməni İran muxalifəti ilə İran dövlətinin fikirlərinin üst-üstə düşdüyü yeganə məsələ Azərbaycan düşmənliyidir. Onları sadəcə türklərə nifrət birləşdirir.

- Bəs İran ziyalıları və ictimaiyyəti irqçiliyin Ikinci Dünya Müharibəsi zamanı faşizm dəhşətinə və onun qanlı nəticələrinə gətirib çıxardığından xəbərdardırmı? Bu sarıdan narahatlıq varmı insanlarda?

- İranın bütünüklə ziyalısı, muxalifəti və dövləti Güney Azərbaycan azadlıq hərəkatını nüvə müharibəsi qədər təhlükəli sayırlar. İndi onlar artıq “Güney Azərbaycan” məsələsi üzərindən susqunluqla keçməyə, belə bir problemin varlığını yerli-dibli inkar etməyə çalışırlar. Əslində zorakılıqdan, gücdən çəkinib, bu məsələni azərbaycanlılarla dialoqa girərək həll etməyə çalışsalar, gərginlik bundan qat-qat az olardı. Lakin onlar çıxış yolunu zorbalıqda görürlər və əvvəl-axır tarixdə hər şeyin zorbalıqla həll olunmadığını anlayacaqlar. Doğrudur, etiraf etməliyik ki, indi İranda azərbaycanlılara qarşı ayrıseçkiliyin təhlükəli boyutlara keçdiyini anlayan, buna etiraz edən nadir ziyalılar var, amma onların sayı bir əlin barmaqlarının sayını keçməz.

- Bizə bir qədər məlumat verin: İran azərbaycanlıları on illərdir sürən milli mübarizələrində nələr əldə edə bilib? Sizcə, daha böyük nəticələr üçün nələr lazımdır? Məsələn, tez-tez eşidirik ki, İranda ermənilər və kürdlər milli haqlarının müəyyən qismini əldə edə bilib, bəs niyə azərbaycanlılarla bağlı hələlik belə nəticələr görünmür?

- İranda azərbaycanlılar azlıq olmadıqları halda azlıq haqlarından belə məhrum buraxılıblar. Azərbaycanlıları İranda kürd, ərəb və ermənilərlə qarşılaşdırmağı çox da doğru görmürəm. Bunların hərəsinin ayrı keçmişi və eyni dərəcədə İran yönətiminin bunlara qarşı fərqli və hətta bəzən zidd davranışları var. Örnək üçün İran Ermənistanla bu bölgədə strateji olaraq iş birliyi aparır, İrandakı 50 min civarında ermənini Quzey Azərbaycanımız və Türkiyəyə qarşı gücləndirməyə çalışır, kürdlərin silahlı terror quruplarını zorla Güney Azərbaycanın qərb şəhərləri Maku, Xoy, Səlmas, Urmu, Sulduz, Tikantəpə və Sayinqalaya çəkməyə çalışır. Bu gün PKK- nın İran qolu olan Pjakın strateji terror bölgəsi Güney Azərbaycanın qərbi, bizim tarixi topraqlarımızdır ... Bu, çox incə və ayrıca bir mövzudur, amma demək istədiyim İranda bu gün fars şovinizminin bir tək düşmən gördüyü Azərbaycan milli azadlıq hərəkatıdır. Bu hərəkatın əldə etdiyi ən böyük uğur, vaxtilə mərkəzi Tehranda yerləşən, fars xalqının mənfəətinin üstün tutulmasıyla sonuclanan hərakatın müstəqilləşməsi, mərkəzi Təbrizə keçirməsi, Güney Azərbaycanın tarixi topraqlarında fəaliyyət göstərən, xalqı ayağa qaldıran və əlbəttə ki, İranda yaşayan digər türklərin də mənfəətini nəzərə alan bir hərəkatın ortaya çıxmasıdır.

- Bilirsiniz ki, yüz il öncə güneydəki azərbaycanlılarla eyni xalq olsaq da, işğal, parçalanma aramızda xeyli mədəni dəyişikliklər yaratdı. Bəs siz indi quzeydəki Azərbaycan dövlətindən və ictimaiyyətindən gözlədiyiniz dəstəyi ala bilirsinizmi?

- Quzey Azərbaycan müstəqil cumhuriyyəti və xalqımız böyük müşküllərlə bu gün ayaqda durubdur və bu duruş dimdik, sonsuzadək təmin olubdur. Quzey Azərbaycan müstəqil cumhuriyyətimiz bizim haqqımız və əsarətdə yaşayan xalqımızın yüksək ləyaqətinin sənədi və varlığıdır. Bizim dilək və təmənnamız dövlətçiliyimizin günü-gündən güclənməsi, topraqlarımızın cani Ermənistan rejimi və idioloqlarından qurtarılmasıdır. Quzey Azərbaycanda milli dövlətçiliyin güclənməsi bizim güclənməmizdir, bizim gözlədiyimiz dəstək də budur. Qarabağ məsələsi Güney Azərbaycan Milli Azadlıq Hərəkatının məsələsi olduğu kimi əminəm ki, Güney məsələsi də hər Azərbaycan sevdalısının, özəlliklə ziyalılar və milli siyasətçilərimizin məsələsidir. Bundan heç şübhəmiz yoxdur, bizi bir-birimizə bağlayan, bir edən çox güclü bağlar var. Azərbaycan müstəqil dövlətçiliyinin və ictimaiyyətinin hər cəhətdən iqtisadiyyatda , beynəlxalq sahədə, ictimai və özəl yaşam normlarında daha da güclənməsi və daha da gəlişməsi bizim ən böyük gücümüz olacaqdır. Üçrəngli bayrağımız hər daim yüksəklərdə şərəflə dalğalandıqca bizi kimsə yenə bilməz.

Geri dön