Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əflatun Amaşov: Jurnalist hüququndan sui-istifadəyə görə daha yüksək cərimələr tətbiq oluna bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Əflatun Amaşov: Jurnalist hüququndan sui-istifadəyə görə daha yüksək cərimələr tətbiq oluna bilər

Əflatun Amaşov: Jurnalist hüququndan sui-istifadəyə görə daha yüksək cərimələr tətbiq oluna bilər


Azərbaycanda gələcəkdə jurnalist hüququndan sui-istifadəyə görə daha yüksək cərimələrin tətbiqi məsələsi gündəmə gətirilə bilər. Bunu Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov "Feysbuk"dakı səhifəsində yazıb.

O, qeyd edib: "Məlum olduğu kimi, yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 8-də keçirilmiş iclasında müzakirə olunub. Burada diqqət çəkən, media ictimaiyyətini düşündürən məqam kütləvi informasiya vasitəsindən sui-istifadə ilə bağlı nəzərdə tutulmuş cərimələrdir. Yeni Məcəllənin 387-ci maddəsində kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslər 500 manatdan 700 manata qədər, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə olunacaq".

Ə.Amaşov yazıb ki, Azərbaycan Mətbuat Şurası ötən müddətdə medianın saflaşması istiqamətində ardıcıl fəaliyyət göstərib: "Mövcud xüsusda jurnalist adından sui-istifadə hallarına qarşı mübarizə ön planda olub. Bu istiqamətdə nəzərəçarpacaq uğurlar var. Ancaq həmişə hesab etmişəm ki, əsaslı hüquqi mexanizmlərin işə salınmasına ehtiyac böyükdür. Nəzərə alaq ki, sözügedən maddənin hazırda qüvvədə olan variantında kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-istifadəyə görə fiziki şəxslər 15 manatdan 25 manatadək, vəzifəli şəxslər 35 manatdan 50 manatadək miqdarda cərimə oluna bilərlər".

Millət vəkili Məcəllədəki yeniliyi cərimə məbləğinin adekvatlığı baxımından yüksək qiymətləndirib: "Hesab edirəm ki, gələcəkdə daha yüksək cərimələrin tətbiqi məsələsini gündəmə gətirmək mümkündür. Çünki jurnalistika spesifik sahədir. Mövcud mühitdə hər hansı spekulyasiya həm cəmiyyətin, həm də dövlətin maraqlarını zədələmək potensialına daha çox malikdir. Təcrübədə dəfələrlə belə halların şahidi olmuşuq. Hətta bəzi maraqlı qrupların lokal vəzifə mənafe və istəklərini gerçəkləşdirmək naminə müxtəlif media orqanlarını himayə etmələrinə, manipulyasiyalara əl atmalarına dair misallar da yetərincədir. Buna görə jurnalistikaya həssas yanaşma tam mənada təmin edilməlidir. Mövcud siyasətin davamlı olması mütləqdir.

Əlbəttə, həqiqi jurnalistlər işlərində məsuliyyətlidirlər, peşələrinə sadiqdirlər və təsəvvürə gələ bilməz ki, onların hansısa fəaliyyəti sui-istifadə predmetinə çevrilə bilər. Cəmiyyət məhz jurnalist adına ləkə gətirənlərin hərəkətlərindən zərər görür. Hər il Mətbuat Şurasına ünvanlanan 500-dən artıq şikayətin böyük əksəriyyətinin motivini peşədən sui-istifadə müstəvisində yaranan narazılıqlar təşkil edir. Düşünürəm ki, İnzibati Xətalar Məcəlləsinin yeni variantında əks olunan müddəalar bu sahədə müsbət irəliləyişlərin əldə olunmasına təkan verəcək. Ümumən niyyət saflığına, mütərəqqiliyə söykənmiş hər bir yenilik xeyrimizədir".

Geri dön