Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ZƏRƏRI YOXDUR, XEYRI ÇOXDUR
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > ZƏRƏRI YOXDUR, XEYRI ÇOXDUR

ZƏRƏRI YOXDUR, XEYRI ÇOXDUR


Müxalifətdən olan deputatın vitse-spiker təyin olunması təklifi dəstək qazandı


Milli Məclisdə yer alan müxalifət partiyalarının sədrləri parlamentdə müəyyən vəzifələrdə təmsil olunmaq təklifini irəli sürüblər. Bu təşəbbüslə BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev çıxış edib. Hüquq siyasəti və dövlət quruculuğu üzrə komitənin toplantısında çıxış edən deputat bildirib ki, müxalifət nümayəndəsinin vitse-spiker vəzifəsinə seçilməsi ölkənin qanunverici orqanının çoxpartiyalılığı və demokratiyanın növbəti nümayişi olacaq:

"Biz əməldə Milli Məclisin çoxpartiyalılıq prinsipi ilə fəaliyyət göstərdiyini görmürük. Bu gün Milli Məclisdə rəhbər vəzifələrdə, komitə sədrləri və onların müavinləri postlarında ancaq hakim partiyadan seçilən millət vəkilləri var. Azlıq təşkil edən partiyaların nümayəndələri rəhbər vəzifələrdə təmsil olunmurlar. Hesablama Palatasının üzvləri də komitə sədrlərindən seçilir və məlumdur ki, onlar hakim partiyanın nümayəndələridir. Heç olmasa, Hesablama Palatasının auditorları parlamentdə azlıqda təmsil olunan partiyalardan seçilsinlər”. Q.Həsənquliyev deyib ki, parlamentin çoxpartiyalılıq sistemi ilə fəaliyyət göstərməsinin əməldə görünməməsi Milli Məclisin nüfuzuna mənfi təsir göstərir. BAXCP sədrinin təklifi ilə Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da razılaşıb. Onun sözlərinə əsasən, zərurət yaranacağı halda müxalifət üzvlərindən seçiləcək daha bir vitse-spiker vəzifəsi təsis etmək olar: "Düşünürəm ki, Milli Məclisə seçilən müxalifət partiyalarının nümayəndələri komitələrə rəhbərlik etməyə, o cümlədən vitse-spiker səlahiyyətlərini yerinə yetirməyə layiq adamlardır”.

Deputatların istəklərinə cavab olaraq, YAP-ın üzvü, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin rəhbəri Əli Hüseynli bəyan edib ki, təkliflər düzəlişlərin təşəbbüskarlarının da dəvət olunacağı işçi qrupu çərçivəsində müzakirə edilə bilər.

Komitədə səslənən təkliflə bağlı "Şərq”in suallarını cavablandıran Milli Dirçəliş Partiyasının sədri, deputat Fərəc Quliyev deyib ki, çoxpartiyalı sistemdə partiya sədrlərinin və ya təşkilat nümayəndələrinin parlamentin yuxarı orqanlarında təmsil olunması təqdirəlayiq haldır: "Parlamentdə təmsil olunan müxalif deputatların spikerin müavini, komitə sədrləri və onların müavinləri statusunda, yaxud dostluq qruplarına rəhbərlikdə yer alması normaldır. Biz Avropa parlamentariləri ilə görüşdə bunun nə dərəcədə əhəmiyyətli olduğunu görmüşük. Çünki müxalifətdə olan bir partiya sədrinin daha ciddi səlahiyyətlərlə Azərbaycan gerçəkliklərini dünya ictimaiyyətinin diqqətinə çatdırması olduqca mühüm amildir. Uzun müddət "Avronest”də fəaliyyət göstərmişəm və bu məsələnin zəruriliyini hiss etmişəm. Hər halda bu məsələnin reallaşması ilə parlamentdə tolerant yanaşma da olar. Burada söhbət təkcə hüquqların bölüşdürülməsindən yox, həm də məsuliyyətin bölüşdürülməsindən gedir. Hesab edirəm ki, parlamentdə müxalifət partiya sədrlərinin müəyyən vəzifələrdə təmsil olunması bizə zərər yox, xeyir verər”.

İsmayıl

Geri dön