Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: -Ayaz Mütəllibov böyük cinayətlərdə əli olmuş adamdır.
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Ayaz Mütəllibov böyük cinayətlərdə əli olmuş adamdır.

Fərəc Quliyev: -Ayaz Mütəllibov böyük cinayətlərdə əli olmuş adamdır.


Keçmiş prezident Ayaz Mütəllibovun Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyi “primitiv millətçi” adlandırması cəmiyyətdə narazılıq yaradıb. Cebhe.info xəbər verir ki, Elçibəyin keçmiş silahdaşı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev “Cümhuriyət” qəzetinə müsahibəsində Ayaz Mütəllibovu qeyri-ciddi şəxs kimi xarakterizə etdi.

- Fərəc bəy, keçmiş prezident Ayaz Mütəllibov Azərbaycan Xalq Cəbhəsinin lideri, həmkarı Əbülfəz Elçibəyi “primitiv siyasətçi” adlandırıb. Buna münasibətiniz necədir?

- Ayaz Mütəllibovun mediaya verdiyi müsahibələri oxumuram. Bu adam siyasi meyitdir. O, Azərbaycan xalqına qarşı olan, ölkəmizə ciddi şəkildə zərbələr vuran, “KQÇP” vaxtında Moskvadakı xuntanı dəstəkləyən bir neçə nəfərdən biri kimi yaddaşımda qalıb, belə də qəbul edirəm. Ümumiyyətlə, onun müsahibələrinə maraq göstərmirəm, fikirlərinə münasibət bildirməyi də artıq iş hesab edirəm. Elçibəyin adı çəkildiyi üçün ənənəni pozdum.

Əslində, bu, iki dünyagörüş arasında gedən savaşdır. Biri (Əbülfəz Elçibəy) Milli İstiqlalı Azərbaycana qazandıran hərəkatın lideridir, digəri (Ayaz Mütəllibov) Milli Azadlıq Hərəkatına müqavimət göstərmiş və hərəkatın qarşısında geri çəkilmək məcburiyyətində qalan, imperiyanın yerli quludur. Hesab edirəm ki, Ayaz Mütəllibovun Əblüfəz Elçibəyə “primitiv siyasətçi” deməsi hər kəs tərəfindən ironiya ilə qarşılanır. Hər bir dövlətin həyatında müstəqillik qazanmaq müstəsna bir haldır, bu bir dəfə olur. Hesab edirəm ki, qazandığımız müstəqilliyimiz daimidir və heç vaxt itirməyəcəyik. Ölkəyə çoxlu prezidentlər, hökumətlər gələcək, gedəcək. Amma Milli Azadlıq Hərəkatı da, onun lideri də bir dəfə olur. Primitiv adam milləti azadlığa qovuşdura bilməz, millətin önündə gedib milli savaşlardan keçirib millətini, dövlətini ayaqüstdə tuta bilməz. Bir adamın, xüsusilə Ayaz Mütəllibovun verdiyi qiymət nəyisə dəyişmək gücündə deyil. Hər halda Ayaz Müttəlibovun fikirlərinə yer verən media qurumları nəzərə almalıdırlar ki, o kimdir. Ayaz Mütəllibov imperiyanın yanında duran, onun buradakı rıçaqı, maşası idi, amma Əbülfəz Elçibəy xalqının yanında duran və imperiyanın üzərinə gedən adamdır. Onlar fərqli cəbhədə duran şəxslərdir. Əgər Mütəllibov belə bir adamı “primitiv” adlandırırsa, o böyüklükdə nəhəng imperiya və Ayaz Mütəllibov da daxil olmaqla, onun marionetkaları görün ondan da nə qədər zəif idilər ki, o siyasətçiyə uduzdular. Əlbəttə, Ayaz Mütəllibovun Əbülfəz Elçibəyə verdiyi qiymət doğru deyil, bu qərəzdən doğan bir məsələdir.

İndi Rusiyanın uşaqları bəzi məqamlarda canlanırlar. Türkiyə-Rusiya münasibətlərində açıq şəkildə Moskvanın mövqeyində çıxış etdikləri bir zamanda, Xalq Hərəkatını gözdən salmaq üçün belə adamları üzə çıxarılırlar. Şəxsiyyət baxımından Ayaz Mütəllibovla bir problemim yoxdur, onun şəxsiyyətini dəyərləndirmək istəmirəm. Söhbət dünyagörüş və hərəkətlərdən gedir. O zaman da Ayaz Mütəllibovun tutduğu mövqe imperiyanın idi. İmperiyanın da mövqeyi - Qarabağı satmaq, 366-cı Motoatıcı Alayının köməyilə Xocalı soyqırımını törətmək, Azərbaycan torpaqlarını işğal edib ermənilərə vermək idi.

- Ayaz Mütəllibov bu fikirləri niyə Əbülfəz Elçibəy sağ olarkən səsləndirmirdi?

- Nə deyə bilərdi ki?! Bu adam öz ölkəsinə gələ bilirdi ki, hələ kiməsə söz də desin? Sonradan onu ölkəyə buraxdılar və gəldi. Hesab edirəm ki, o, böyük cinayətlərdə - 20 Yanvar qırğınından tutmuş bütün böyük cinayətlərdə əli olmuş və buradan getmiş siyasi adam idi. Onun ölkəyə fərqli şəkildə gəlməsi lazım idi. Amma Azərbaycan rəhbərliyi güzəşt etdi və milli barışıq naminə “Azərbaycana gəlsin və fayda versin” deyə onu ölkəyə buraxdı. Əlbəttə, o, Elçibəy haqqında sağlığında söz deyə bilməzdi, əslində, heç indi də deyə bilməz. Elçibəy kimi liderlər ölmürlər. Fiziki cəhətdən o dünyasını dəyişib, amma Elçibəyin on minlərlə müridi, müdafiə edənləri, o dünyagörüşü daşıyan insanlar, tərəfdarları var. Onlar Ayaz Mütəllibovun cavabını verərlər və verirlər. O zaman Ayaz Mütəllibov bu fikirləri səsləndirsəydi, mən susardım, çünki Elçibəyin özü ona cavab verəcəkdi. Amma hesab etmirəm ki, Elçibəy özünü Mütəllibovun səviyyəsinə endirərdi. Zaman göstərdi ki, hansısa səbəbdən sözünü deyə bilməyib. İndi xatirələri ilə yaşamağa çalışır, görünür çox yaşlanıb, əlindən də bir iş gəlmir. Belə adamlar ancaq xatirələrlə yaşayırlar. Amma bir az məsələlərə doğru yanaşmalıdır. Ağsaqqal yaşında dövlətə hörmət etmək daha uğurlu yoldur, nəinki böhtan atmaq.

- Ayaz Mütəllibovun Əbülfəz Elçibəyə qarşı ittihamları müzakirə mövzusuna çevrildikdən sonra sosial şəbəkələr və müxtəlif internet saytlarında, Mütəllibovun Azərbaycanın bəzi rayonlarının işğalında və Xocalı Soyqırımının baş verməsində günahkar olması barədə müəyyən fikirlər səsləndirildi.

- Nə qədər kəskin şəkildə Ayaz Mütəllibovu tənqid etsəm də, hesab etməmişəm ki, kimin hakimiyyəti dönəmində olursa-olsun, torpaqların itirilməsini istəsin. Hər kəs qəbul etməlidir ki, bizim torpaqlarımızı Rusiyanın yardımı ilə Ermənistan zəbt edib. Bu birbaşa Rusiyanın işğalıdır, ölkə də müqavimət göstərib və düşmənlərin qarşısını kəsə bilməyib. Bu başqa məsələdir ki, biz ordunun yaradılmasında həmin vaxt kifayət qədər Ayaz Mütəllibovun müqaviməti ilə rastlaşmışıq. Ordu quruculuğuna müqavimət göstərirdi, bir qvardiya ilə kifayətlənməyə çalışırdı. Yerlərdə ov tüfənglərinə qədər yığıdırmışdı. İndi gəlib fərqli mövqe nümayiş etdirir. Vaxtilə Heydər Əliyevin Azərbaycana gəlməsinin qarşısını almaq üçün əlindən gələni etməyə çalışırdı. Ayaz Mütəllibovun hakimiyyəti dönəmində Azərbaycanda imperiyanın saxlanılması üçün referendum keçirilirdi. Onun Ali Sovetdə hansı oyunları çıxardıqlarının hamısı göz qabağındadır. Bunların hamısını görmüşük. Ölkənin silahlanmasına, səfərbər olmasına mane olmağa səy göstərirdi.

Mənsur Rəğbətoğlu

Geri dön