Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Ölkəmizin ədalətli mövqeyinin dəstəklənməməsi bizi narahat edir”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Ölkəmizin ədalətli mövqeyinin dəstəklənməməsi bizi narahat edir”

Fərəc Quliyev: “Ölkəmizin ədalətli mövqeyinin dəstəklənməməsi bizi narahat edir”


ABŞ müttəfiqlərini itirir

Fərəc Quliyev: “Ölkəmizin ədalətli mövqeyinin dəstəklənməməsi bizi narahat edir”

Tahir Kərimli: “Birləşmiş Ştatlar Azərbaycanı özünün əlaltısı kimi görə bilmədiyinə görə belə lazımsız yollara əl atır”

“Konqresmen Smitin layihəsi birdən-birə ortaya atılmayıb. ABŞ son illər konkret şəkildə qərəzli münasibəti ilə diqqət çəkir. Orada mütəmadi olaraq Azərbaycanla münasibətlərin korlanmasına cəhdlər edilir, bu istiqamətində işlər görülür. Dünyada gedən son proseslər gözümüzün önündə baş verməsəydi, bəlkə də onlara haqq qazandırmaq mümkün olardı. Ancaq ortada Suriya, Liviya kimi mənfi nümunələr var. Həmçinin də İraq və Əfqanıstan. Bu fonda onların demokratiyaya dəstək olduqları o qədər də inandırıcı görünmür”. Bunu “Kaspi”yə açıqlamasında Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli son illər ABŞ-ın müxtəlif dövlətlərlə, həmçinin etibarlı tərəfdaşlarla münasibətlərini korlaması mövzusunda danışarkən bildirdi. Qeyd etdi ki, amerikalılar bəzi ölkələrdə demokratiyanın olmamasını iddia edir, bu adla həmin ölkələrə soxulur, öz istədiklərini əldə etməyə çalışırlar. Nəticədə isə həmin dövlətlər viran qalır, xarabalığa çevrilirlər: “Həmin dövlətləri hansı cəhənnəmə çevirdikləri göz qabağındadır. Vətəndaşlar arasında məzhəb, din və etnik mövzularda qarşıdurmalar yaradıblar. Belə yollarla bizə təsir edə bilməzlər. Məsələ burasındadır ki, onlar Azərbaycanın müstəqil siyasət yürütməsini qəbul edə bilmirlər. Çünki Azərbaycan müxtəlif dövlətlərlə xoş münasibətlər qurur, əlaqələrini genişləndirir. Tutaq ki, Qərb Rusiyaya sanksiyalar tətbiq edir. Azərbaycan isə belə məsələlərdə onları dəstəkləmir. Məgər məlum deyil ki, Rusiya böyük dövlətdir və Azərbaycanın qonşuluğunda yerləşir? Başa düşülməlidir ki, ölkəmiz həmin sanksiyalara qoşulsaydı, Azərbaycanı təhlükələr gözləyərdi. Azərbaycan qərar verərkən öz milli maraqlarından çıxış edir, bu isə Amerikaya xoş gəlmir. Onlar yalnız ağa olmaq istəyirlər. Bu mənada Azərbaycanın siyasəti onları qane etmir. Onlar istəyərdi ki, Azərbaycan bəzi dövlətlər kimi birmənalı şəkildə onlara tabe olsun. Belə düşünürəm ki, Qərbdə Azərbaycanın müstəqil siyasətinə nifrət, gözügötürməzlik var. Fikirləşirlər ki, necə olur 10 milyonluq xalq belə bir mövqe nümayiş etdirir, tabe olmur. Onların insan haqları ilə bağlı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur və hamısı bəhanədir. Əgər doğrudan da belə humanistsinizsə, hüququ pozulmuş bir milyon qaçqınımızı görmürsünüzmü? Dağlıq Qarabağ azərbaycanlıları vətənindən didərgin düşüb və doğma torpaqlarına həsrət qalıb. O insanların fəryadını eşitmirsinizmi? Birmənalı şəkildə ABŞ Azərbaycanı özünün əlaltısı kimi görə bilmədiyinə görə belə lazımsız yollara əl atır”.

T.Kərimli hesab edir ki, ABŞ-dakı ayıq başlar Azərbaycanla münasibətləri korlamaq istəməzlər: “Azərbaycanla əməkdaşlıq onlar üçün çox mühümdür. Bilirsiniz ki, Əfqanıstana daşınan yüklərin böyük əksəriyyəti Azərbaycan ərazisindən daşınır. Terrorizmə qarşı mübarizədə də Azərbaycan beynəlxalq qüvvələrin tərkibində iştirak edir. Ümumiyyətlə, bu iki dövlətin bir çox mövzularda yaxşı əməkdaşlığı var. Bilirsiniz ki, Amerika Avropanın qəyyumudur. Avropanın enerji tələbatının ödənilməsində, neft-qaz asılılığının aradan qaldırılmasında Azərbaycanın böyük rolu var. Vaxtilə senator Makkeyn Azərbaycan səfər edəndə və ABŞ səfirliyində bizimlə görüş təşkil olunanda dedi ki, Azərbaycan çox cürətli hərəkət edib və başqa bir ölkə bunu edə bilməzdi. Söhbət ondan gedir ki, Azərbaycan Rusiya və İranın arasında yerləşir, amma cəsarətli addımlar atır. Belə halları görməzlikdən gəlmək siyasi korluqdan başqa bir şey deyil. Təəssüf ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar Azərbaycana da təsirsiz ötüşmür. Çünki neftin qiyməti aşağı düşüb. Qərbdə bəzi qüvvələr Azərbaycanın da iqtisadiyyatının zəifləməsini istəyir. Onların bir çoxunun ermənilərin təsiri altında olduğu məlumdur. ABŞ rəhbərliyinin bunları nəzərə alacağını düşünürəm”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev isə fərqli düşündüyünü bildirdi və heç bir vəchlə Qərblə, konkret olaraq ABŞ-la münasibətlərin korlanmamalı olduğunu dedi: “Hesab edirəm ki, Azərbaycanın ABŞ-la yaxşı münasibətləri var və bu münasibətləri elə belə də saxlamaq lazımdır, hətta vacibdir. Bəzi dövlətlər, xüsusən də düşmən ölkələr Azərbaycanın dostlarının azalmasında maraqlıdır. Amerika ilə Azərbaycan arasında həm enerji məsələləri ilə bağlı olan əməkdaşlıq, həm də terrorçuluğa qarşı mübarizədə çox ciddi əməkdaşlıq var. Azərbaycan əməkdaşlıq və tərəfdaşlıqda etibarlı dövlət olduğunu sübut edib. Bu gün Smitin timsalında bir amerikalının Azərbaycana qarşı qətnamə hazırlaması iki dövlətin münasibətlərinə kölgə salmamalıdır, Amerikanın Azərbaycana münasibətini dəyişməməlidir. Bunun Amerikada fəaliyyət göstərən erməni lobbisinin işi olduğunu bilirik. Bizim də Amerika Konqresində dostlarımız var. Həm onlar, həm də Azərbaycan tərəfi münasibətlərin korlanmasına imkan verməməlidir”.

Partiya sədri onu da dedi ki, indiki məqamda heç bir böyük dövlətlə əlaqələri pisləşdirmək olmaz: “Xüsusən də Amerika ilə münasibətlərin korlanmasının tamamilə əleyhinəyəm. Söhbət ondan gedir ki, hazırda dövlətlər arasında çox ciddi qarşıdurmalar gedir. Belə bir vəziyyətdə Azərbaycanı dostlardan məhrum etmək məqsədəuyğun deyil. Böyük dövlətləri Azərbaycana qarşı qoymaq nəyə lazımdır? Təbii ki, ölkəmizin ədalətli mövqeyinin dəstəklənməməsi bizi narahat edir. Faktiki olaraq, hələ də münaqişə həllini tapmayıb. Biz böyük dövlətləri həqiqəti dəstəkləməyə çağırırıq və bunun üçün müəyyən işlər görməliyik. Əlbəttə, bizi çox incidir ki, Ukraynaya göstərilən münasibət Azərbaycana göstərilmir. Ermənistanın Azərbaycanın torpağından qeyd-şərtsiz çıxması üçün işğalçıya sanksiyalar tətbiq olunmur. Azərbaycanın haqqı olan torpaqlar hələ də qaytarılmır. Amma nəzərə alaq ki, bizim Ermənistanla münaqişəmiz bitməyib. Belə bir vəziyyətdə heç bir tərəfdaş ölkəni itirmək olmaz”.


Şəfa Tapdıq

Geri dön